Səhifə 1 / 6

Payız idi, yaşıl yarpaqların rəngi ölümə gülən və son dəqiqələrini keçirən bir xəstənin yanaqları kimi saralırdı. Qızıl güllərin tac qoyub bahar taxtına əyləşdiyi yaşıl budaqlarda acı tikanlardan başqa bir şey görünmürdü.

Daima gül budaqlarının kölgəsində nazlanan yuvasız bülbüllər xəzan yağışlarının acısını hiss edir və laqeydanə həyatın zəhərlərini içməyə və tənhalıqdan inləməyə başlamışdı. Şaxəsindən qopan yarpaqlar öz müqəddəratını xəzan küləklərinə tapşırıb heçliyə doğru uçub gedirdi. Çiçəklərin zərif yarpaqları, heyvanların dırnaqları altında çeynənirdi. Çinardan fırlanıb ayaq altına düşən yarpaqlar bir dilənçinin əli kimi beş barmağını açıb yalvarırdı.

Xəzan fəslinin bu kədərli günlərində Atabəy Məhəmmədin böyük ordusu Araz çayından keçib Şimali Azərbaycana doğru irəliləyirdi.

“Cahan Pəhləvan” ləqəbini daşıyan bu hökmdarın dəhşətli bir ordu ilə Təbrizdən hərəkət edib çayı keçməsi, Şimali Azərbaycana ciddi bir təsir bağışlamışdı.

Aranlılar Atabəy Məhəmmədi Kür çayının kənarında qarşılayıb bir meydan müharibəsi verməyi qərara almışdılar.

Atabəy qədəm qoyacağı hər qarış yeri öyrənə-öyrənə və tam bir ehtiyatla hərəkət edirdi. Payızın şiddətli yağışları Atabəy ordusunun sürətlə hərəkətinə imkan vermirdi.

Ordu Qarabağdan hərəkət edərək on iki fərsəng məsafədə olan Canpolad kəndinin ətrafında qərargah qurmuşdu. Yağışların şiddəti Atabəyin çadırda yaşamasına imkan vermirdi. Buna görə də Atabəy üçün Canpolad kəndində gözəl və iki mərtəbəli bir binada mənzil hazırlamışdılar.

Atabəy Canpolad kəndinə gəldiyi zaman təəccüb edirdi, çünki Qarabağdan Arana gedən yolun şərq tərəfində düşən bu kənd Atabəyin hökm sürdüyü məmləkətlərdə yeganə bir kənd idi. Kəndin diqqəti cəlb edəcək cəhətlərindən birisi də bütün binaların iki mərtəbəli olması və bir quruluşda tikilməsi idi. Küçələr olduqca təmiz, daş döşəməli, iki tərəfdən axan suların üstü örtülü idi. Küçələrdəki iki cərgə söyüd ağacları bir biçim və bir ölçüdə idi. Atabəy kəndə girdiyi zaman onu çiçək və reyhan qoxuları qarşıladı. Hətta onun qarşısına çıxan kəndlilər də başqa kəndlərdə təsadüf etdiyi kəndlilərə bənzəmirdi. Xüsusən qadınların kişilərdən qaçmaması və onların tamamilə bir-birinə bənzər libasda olması da Atabəyin diqqətini cəlb edirdi.

Ordunun böyük bir hissəsi Canpolad kəndindən keçib Bazarcuq və Bərdə tərəflərinə qədər irəlilədiyinə baxmayaraq, Atabəyin bhü Canpolad kəndində istirahətə məşğul olub, Gəncəyə hərəkət etmək üçün yağışların dayanmasını gözləyirdi.

İyirmi gündü ki, Atabəy Canpoladın evində idi. O, hər gün öz xidmətində təzə adamlar görürdü. Hər gün süfrəni başqa qızlar və başqa gəlinlər hazırlayırdı. Eyni zamanda bunların hamısı da, gözəl, təmiz və mədəni idi, bir biçim, bir keyfiyyətli libas geyirdilər.

Atabəyin fikrincə, onun süfrəsinin yeməyini hər gün bir evdən gətirirdilər. Hətta Atabəy elə düşünürdü ki, yekrəng və yeknəsəq libaslar da Atabəyə xidmət edən qadınlar üçün xüsusi olaraq tikdirilmişdir.

Atabəy naharda və şamda cürbəcür adamlar gördüyü üçün iyirmi gündən bəri kimin evində yaşadığını bilmirdi.

Kənddə Atabəyin diqqət nəzərini cəlb edən bu mədəniyyət, kəndin talandan xilas edilməsinə səbəb olmuşdu. Atabəyin əmrinə görə qoşunun kəndə girməsi qadağan edilmişdi.

Atabəy xəbərdar olmasa belə, yaşadığı evin sahibi Canpolad adında yaşlı bir kişidən, bir qız, bir də qadından ibarət idi.

Ailə Atabəy yaşadığı evin qarşısındakı bağçanın axırındakı bir mərtəbəli üç otaqda yaşayırdı. Bu da göstərirdi ki, bu müəmmalı kəndin əsas adətlərindən birisi də ailə başına bir otağın mövcud olmasıdır.

Atabəy tez-tez yaşadığı evin qarşısındakı bağçaya çıxıb gəzirdi. Həyətin xiyabanlarında cərgə ilə bitən ağacların hamısı payızda yetişən meyvələrdən ibarət idi.

Həyətdəki payızı armud, heyva və cürbəcür meyvələr Atabəyin heyrətinə səbəb olurdu. Hər gün nahar süfrəsinə verilən üzümlər otaqların qabağındakı meynələrin torbaya tikilmiş üzümlərindən idi.

Atabəyin yaşadığı binada insanın ehtiyacı üçün hər nə lazımsa var idi, onlar zəngin olmasa belə təmiz və mədəni idi.

Atabəy kimin evində və nə şəraitdə yaşadığını öyrənməyə çalışırdı, çünki iyirmi gündən bəri onun özü və adamları burada yeyib içirdi. Buna görə də kimi mükafatlandırmaq lazım gəldiyini bilmək lazım idi.

...Gecə idi. Ev sahibinin qızı daş döşəməli xiyabanla gəlib odun anbarından odun götürmək istəyirdi. Hamı yatmışdı, cınqırını çəkən yox idi. Bağçada bir səs varsa, o da xəzan yağışlarının yarpaqlara düşüb səslənməsindən və kədərli bir musiqi tərənnümü təşkil etməsindən ibarət idi. Arabir su ilə dolmuş yarpaqlar qopub qızın başına düşür və qızın açıq saçlarını isladırdı.

Bağçada, hətta Atabəyin yatdığı binanın həyətində bir kimsə görünmürdü. Atabəyin keşikçiləri də yağışdan qorunmaq üçün öz otaqlarına girib uyumuşdular.

Ev sahibinin qızı Atabəyin yatdığı binanı keşikçisiz görüncə mat qaldı, öz-özünə: – nə qədər böyük ehtiyatsızlıq! – dedi.

Əcəba, böyük bir ordu ilə böyük xalqın müharibəsinə gedən hökmdarı keşikçisiz buraxmaq yararmı? Bu vəziyyət qızı düşündürürdü. O, tut ağacının altında durub həyətə baxırdı. Qız əvvəlcə Atabəyin köçüb getdiyini zənn etdi və qayıdıb atasına xəbər vermək istədi. Bir ayaq səsi eşidib dərhal tut ağacının arxasında gizləndi. Keşikçilərin otağından bir nəfər əlində qılınc dışarı çıxıb bir neçə baş o tərəf bu tərəfə gedib boylandı və kimsəni görmədiyindən yenə də qayıdıb keşikçilərin otağına getmək istədi. O, odun anbarının yanından keçdiyi zaman, anbardan üç nəfər çıxıb daldan keşikçinin başına palaz atıb anbara çəkdilər.

Onlar keşikçini anbara çəkdikdən sonra birisi dışarı çıxıb keşikçilər yatan otağın qapısını dışarıdan bağlayıb yenə də anbara qayıtdı. Qız bu hadisəni görüncə başında tükləri qabardı, vücudunun damarları çəkişməyə başladı. O yaxın dəqiqələrdə bir təhlükə baş verəcəyini təyin edərək bir an düşündü, özünü heç də şaşırmadı. Öz-özünə: nədən qorxursan? – deyərək əlində iti balta olduğu halda tələsik gəlib odun anbarının qapısını daldan bağladı və Atabəyin yatdığı otağın qapısına gəlib dəli adamlar kimi qapını döyməyə başladı.

Atabəyin otağında işıqlar yandı. Lakin Atabəy qapıya gəlməkdən çəkindi, çünki qapını adi bir surətdə döymürdülər. Atabəy dayanıb düşünürdü, orduya şəbxun vurulduğunu xəyalına gətirmirdi, çünki Xudafərin körpüsündən Bərdəyə qədər onun qoşunlarının əlində idi.

Qapı bir daha dəhşətlə vuruldu. Atabəy qılıncını siyirib qapının dalısına gəldi və soruşdu:

– Qapını döyən kimdir?

– Hökmdar, qapını açın.

– Sən kimsən?

– Ev sahibinin qızıyam.

– Nə üçün gəldin?

– Hökmdar, sizi bir təhlükə gözləməkdədir. Qorxmayın, qapını açın.

– Nə kimi təhlükə?

– Təfsilat verməyə vaxt yoxdur. Nədən qorxursunuz? Mən bir nəfər qızam. Aç qapını. Vaxt keçir, təhlükə burnunun ucundadır.

Atabəy siyirmə qılınc qapını həyəcanla açdı. Qapıda uzunboylu bir qızı əlində balta görərkən təkan yedi, qızın onu öldürmək üçün gəldiyini zənn edərək qılıncını qaldırıb vurmaq istədikdə qız baltanı qılıncın qarşısına tutub vüqarla dedi:

– Tələsmə hökmdar, yaxşılığa qarşı yamanlıq böyük adamlar üçün nöqsandır. Mən səni öldürmək üçün yox, ölümdən qurtarmaq üçün gəlmişəm.

Atabəy əlini saxlayıb təəccüblə soruşdu:

– Məni ölümdən qurtarmaq?!

– Bəli, ölümdən qurtarmaq. Uzun danışmağa vaxt yoxdur. Keşikçinin başına palaz atıb odun anbarına apardılar. Qapını dışarıdan bağlamışam, canilər anbardadır. Keşikçilər yatan otağın qapısını eşikdən bağlayıblar.

Atabəy yenə də eşiyə çıxmağa tərəddüd edirdi.

Nəhayət, qız acıqlanaraq:

– Nə üçün dalımca gəlmirsiniz?! Siz elə zənn etməyin ki, ev sahibi öz qonağına xəyanət etmək istəyir.

Atabəy dışarı çıxmaq istəmirdi, onun fikrincə, qız onu aldadıb həyətə çıxaracaq, onu həyətdəkilər tutub istədikləri tərəfə aparacaqlar. Atabəy bu hadisənin aranlılar tərəfindən düzəldilmiş bir sui-qəsd olduğunu zənn edirdi. Atabəy keşikçilərin həyətdə görünməməsini və öz otaqlarına qapanıb yatmalarını müəyyən bir tapşırıqla əlaqədar hesab edirdi. Atabəy bu fikirlə də içəri qayıdıb qapını daldan bağlamaq üçün hazırlanırdı.

Qızın səbri tükəndi və bir daha:

– Nə üçün öz həyatınızın təhlükədən qurtarmasına çalışmırsınız? İndi onlar anbarı yarıb həyətə çıxar və sizi burada məhv edərlər, – dedikdə Atabəy:

– Sən get keşikçilərə xəbər ver, – dedi. Qız da onun üzünə tərs-tərs baxıb istehza ilə söylədi:

– "Cahan Pəhləvan!.." Bilmirəm hansı bir cəsarətiniz üçün Cahan Pəhləvan adını daşıyırsınız.

Qız bu sözləri deyib qayıtmaq istərkən Atabəy də qızın sözlərindən utanıb onunla bərabər dışarı çıxdı. Onlar əvvəlcə keşikçilərin otağının qapısını açıb ayağa qaldırdılar, keşikçilər Atabəyi görərkən özlərini şaşırdılar. Atabəy isə:

– Tez olun odun anbarını mühasirəyə alın, orada hər kəs varsa, həbsə alıb mənə xəbər verin, – deyib otağına qayıtdı.

Atabəy yenə bu hadisədə qızın iştirak etdiyini və bu hadisəni törətməklə onu evdən köçürməyə çalışdıqlarını zənn edirdi. Buna görə də keşikçibaşıya belə bir əmr verdi:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Sərdar Rəşid Təbrizi satdı

Sərdar Rəşid Tehrana qaçmazdan iki saat əvvəl polkovnik Berezovskiyə belə bir məktub yazmışdı:Cənab polkovnik! Mən sizə göndərdiyim birinci məktubumda Təbrizdə çar hökuməti əleyhinə çalışan bir nəfər gizli təşkilat üzvü barəsində yazmışdım. Siz onu həbs etmiş olsaydınız, onun vasitəsilə gizli komitəni tamamilə həbs edə biləcəkdiniz. Nədənsə siz gizli komitə rəhbərlərinin birisi olan Əbülhəsənbəyə qarşı güzəştə getdiniz. Lakin mən güzəştə getməyəcəyəm. Əbülhəsənbəy haqqında Tehranda rus səfarətinə gedib şəxsən danışacağam. Əbülhəsənbəy Səttar xan vaxtından bəri Təbrizdə inqilab işində çalışır. İmperator hökuməti əleyhinə başlanan bütün nümayişləri o düzəldir. Rəfizadəni, Rzabalanı və bunlar kimi bir çoxlarını edam etdirən Əbülhəsənbəydir. Bütün konsulxanalarda onun adamı vardı. O, tacir deyil, onun əsas işi gizli cəmiyyətdə çalışmaqdır. Şeyx Əbdüləzəlin nümayəndəsi Rəhnümanın vəsiqələrini oğurlatdıran, şeyxin özünü ifşa etdirən, məqbərə və məscidləri bərbad qoyan və lazımi adamları oğurlatdıran həmin bu adamdır. Neçə ildən bəridir ki, mənim arvadım İftixarissoltanı oğurlatdırmışdır. İndiyə qədər biçarə qadının harada olduğu məlum deyil.

9 dəq
Alış-veriş

Vəliəhd və onun köməkçisi Nizamülmülk Təbrizə gəldikləri gündən alış-verişə başlamışdılar. Onlar yavaş-yavaş Azərbaycan şəhərlərinin hökumətlərini müəyyən paraya satırdılar. Lakin bu alışverişə çar konsulu imkan vermirdi. Mahal hakimləri tamamilə çarın sadiq nökərləri olduğu üçün onları dəyişdirmək və yerlərinə başqa adamlar təyin etmək mümkün deyildi.Bu məsələ Təbrizə gələn təzə hökumət təşkilatı ilə çar konsulu arasında ixtilafın mərkəzini təşkil edirdi. Bu barədə heç bir tərəf birbirinə güzəştə gedə bilmirdi. Çar hökuməti öz nökərlərini itirmək istəmir, vəliəhd hökuməti isə öz qazancını buraxa bilmirdi, çünki mahallara qubernatorlar göndərmək təzə hökumətin gəlir mənbəyi hesab olunurdu. Onlar mahalların varlı və böyük olmasına görə, ora göndəriləcək qubernatorlardan da qabaqcadan böyük pullar alırdılar. Bu adət məşrutədən əvvəl olduğu kimi, indi də davam edirdi...

19 dəq
Qorxu

Təbrizdə işləyən çar agentləri və casusları qorxuya düşmüşdü. Onlardan bir çoxu, hətta konsulun özü də elə bilirdi ki, Təbrizdə işləyən gizli təşkilatın işləri intibahnamə buraxmaq, məscid və ziyarətgahlardakı xalqın arasında təbliğat aparmaq və sairədən ibarətdir. Çar konsulu Rzabala və Rəfizadə kimilərin edam olunduqları zaman o qədər də düşünməmişdi, onlar bu edamlarin bir təşkilat tərəfindən yox, tək-tək şəxsiyyətlər tərəfindən düzəldiyinə inanırdılar. Lakin sərdar Rəşidin ölmü, çar konsulunun Təbrizdə çalışan gizli təşkilat haqqındakı fikrini tamamilə dəyişdirdi. Doğrudan da, o, bu əsrarəngiz şəhərdə «qorxulu və nadinc? adamların yaşadığını yəqin etdi.Sərdar Rəşidin ölümündən iki gün sonra konsul bütün konsulxana işçilərinə, tanınmış çar təbəələrinə və öz sadiq agentlərinə silah paylamış və onlara ehtiyatla dolanmağı tapşırmışdı.

4 dəq
Mahrunun toyu

O, sözlü adama bənzəyirdi, göz qapaqlarını qaldırıb üzümə baxır, yenə də nəzərlərini dizlərinə çevirib sakit dururdu.Onun qəlbini öz sözünü deməkdən də qabaq bilirdim. Mahru xanım sərdar Rəşid öldürüldükdən sonra artıq onun evində və onun adı altında yaşamaq istəmirdi, çünki sərdar Rəşidin vərəsələri Təbrizə gəldikdən və ev şeylərini öz aralarında təqsim etdikdən sonra orada Mahru üçün heç bir şey qalmırdı. Varislər evdə qiymətli şeylər, daş-qaş və nəqd pul tapmadıqlarından Mahruya acıqlanaraq ona öz əyin paltarlarını belə vermək istəmirdilər. İndiyə qədər bütün Təbrizdə sərdar Rəşidin bacısı kimi şöhrət tapan Mahrunun varislik məsələsi aralığa gəlirkən, sərdar Rəşidin atası aldığı ikinci arvadının yanınca gətirdiyi yetim bir qız olduğunu hər kəs eşitdi.

13 dəq

Başqa şairlərin şeirləri