Səhifə 2 / 6 · 17%

– Qızı da, ata-anasını da həbsə alarsınız, sabah anbardakılarla bir yerdə hüzura gətirərsiniz, – dedikdə qızı həbsə aldılar. Lakin onu həbsə apararkən Atabəyə tərəf dönüb acı bir tərzdə dedi:

– Ürəyimi bir padşah ürəyi kimi ölçəcəyinizi bilsəydim, sizi bu ölümdən qurtarmazdım, – deyərək keşikçinin qarşısına düşüb getdi.

Atabəy gənc qızda gördüyü bu cəsarətdən heyrətə düşmüşdü. Bir nəfər kəndli qızının hökmdara "Bilmirəm hansı bir cəsarətiniz üçün Cahan Pəhləvan adını daşıyırsınız"... – deməsi hökmdarın ömründə birinci kərə eşitdiyi sözlərdən idi. Hökmdarı sonra da qızın "Ürəyimi bir padşah ürəyi kimi ölçəcəyinizi bilsəydim, sizi bu ölümdən qurtarmazdım" – deməsi düşündürürdü. Hökmdar o qızın adi bir qız deyil, qəhrəman bir qız olduğunu öz-özünə söylədi. Lakin Atabəy onu qaranlıqda görmüşdü. Qızın yalnız səsini və boy-buxununu xatırlaya bildi. O, qəlbində: bu qız qəhrəmanlığı qədər gözəlliyə malik olsaydı, bir kəndli qızı olduğuna baxmayaraq mən buna evlənərdim – deyirdi. Yarım saatdan sonra, keşikçibaşı gəlib Atabəyə hadisə barəsində məlumat verib dedi:

– Anbardakılar səkkiz nəfər idi. Keşikçini anbara gətirən kimi öldürmüşlər. Əvvəlcə bizə təslim olmadılar, qaranlıqda qanlı vuruşma başlandı. Nəhayət, onlardan beş nəfər öldü, bizdən isə yeddi nəfər ölüb, beş nəfər yaralandı. Onlardan diri qalan üç nəfər həbsə alınmışdır.

– Gedib yanıma gətirin!

Beş dəqiqədən sonra üç nəfəri gətirdilər. Onların birisi əlindən, ikincisi boynundan, üçüncüsü başından yaralı idi. Atabəy onları bu şəkildə görüncə keşikçibaşıya əmr etdi:

– Bunların yaralarını bağlamaq lazımdır. Aparıb yaralarını bağlayın, libaslarını dəyişdirin, sonra da istintaq üçün hüzuruma gətirin.

Yaralıları apardılar. Atabəy fikrini dəyişdi və bu sui-qəsdi öz-özlüyündə təhlil edərək: "Bu sui-qəsdi ancaq azərbaycanlılar düzəldə bilər. Hərgah Arana girə bilərsəm, ölkənin daşını daş üstündə qoymayacağam" – deyirdi. Caniləri gətirdilər. Atabəy onlara sual verdi:

– Hara adamısınız?

Onların ikisi danışa bilmirdi, çünki yaraları olduqca ağır idi. Bunun üçün də Atabəy onların yerə oturmalarına əmr verdi. Yalnız əlindən yaralanmış olan Atabəyin sualına cavab verdi:

– Bizim üçümüz də Nəhavənd mahalından Bidustan şəhərinin Ağqələ kəndindənik.

– Hansı bölükdənsiniz?

– Nəhavənd focundan.

– Atlısınız, ya piyada?

– Xeyr, üçümüz də atlıyıq.

– Beş nəfər ölən yoldaşınızı da tanıyırsınızmı?

– Beş nəfər ölənin üçü yenə də Nəhavənd focundandır, lakin iki nəfərin haradan olduğunu bilmirik.

– Nə üçün bura gəlmişdiniz?

– Focumuzun rəisi bizi həmin ölən yoldaşlardan birisinin sərəncamına vermişdi.

– Rəis sizə nə kimi vəzifə tapşırmışdı?

– O bizə demişdi ki, bu adam hər nə əmr edərsə yerinə yetirməlisiniz.

– Siz ondan heç bir şey eşitmədinizmi?

– Eşitdik. Dedi ki, Atabəyin düşmənlərini öldürməyə gedirik.

– Atabəy kimdir?!

– Qızıl Arslan.

– Sizin hər birinizə nə qədər pul verdilər?

– Heç bir şey vermədilər, dedilər ki, Qızıl Arslan hər birinizə bir kənd verəcəkdir.

Atabəy dərhal atlı göndərib Nəhavənd focunun rəisini yanına çağırmaq əmrini verdi. Lakin Nəhavənd focunun harada olduğu məlum deyildi. Atabəy dərhal Hüsaməddini hüzuruna çağırıb focun harada durduğunu soruşdu. Hüsaməddin focun Qarabağdan üç fərsəng məsafədə olan Mir kəndində yerləşdiyini xəbər verdi. Atlılar sürətlə yola düşüb Mir kəndinə getdilər.

Atabəy müqəssirləri danışdırdıqdan sonra qızın və ailəsinin bu hadisədə təsirli olmadığını təyin edib onları həbs etdirdiyindən utandı və keşikçibaşından soruşdu:

– Qız və onun ailəsi haradadır?

– Öz evlərindədir. Qapıda adam qoyub dışarı buraxılmamalarını tapşırmışam.

– Onları azad buraxın, müqəssirləri saxlayın, yaralıların ölmələrinə imkan verməməyə çalışın, bununla xəyanətin izini itirə də bilərsiniz.

Otaq boşaldı. Atabəy yorğan-döşəyə girdi, lakin o, heç bir zaman o cəsarətli qızı və onun dediklərini unuda bilmirdi. Xüsusən o qaranlıqda qızın çöhrəsini görə bilmədiyi üçün ona cürbəcür şəkil verir, lakin yenə də qəti bir qərara gələ bilmirdi. O gözəldirmi? Çirkindirmi? – deyə düşünürdü. Lakin qızın səsi daima onun qulaqlarında cingildəyir, sanki tez-tez:

"Bilmirəm hansı bir cəsarətiniz üçün Cahan Pəhləvan adını daşıyırsınız" – deyirdi. Atabəy bu düşüncələrdən sonra yenə də öz-özünə: – "Hərgah azərbaycanlıları bu kimi qəhrəman analar doğmuşdursa, mən onlara qalib gələ bilməyəcəyəm" – deyirdi.

Gecə yarıdan səhərə qədər Atabəy bu fikirlərlə yatağın içində o tərəf bu tərəfə dönür və tez-tez pəncərəyə baxaraq səhərin nə vaxt açılmasını gözləyirdi. O qızı bir daha görmək üçün tələsirdi. Lakin buna ümid yox idi. Çünki qızın yaxşılığına qarşı yamanlıq etmişdi.

Gündəki vaxtında yatağından durdu, yıxanıb qurtaran kimi qapı açıldı. Atabəy üçün səhər yeməyi gətirildi. Qız yenə də adət üzrə Atabəyə xidmət etməyə başladı. Atabəy gözünün guşəsi ilə qızı diqqətlə süzürdü. Atabəy qızın acıqlı olmadığına güvənərək ona sual verdi:

– Sənin adını soruşmaq mümkündürmü?

Qız başını yuxarı qaldırıb Atabəyin üzünə baxıb cavab verdi:

– Hərgah hökmdar, məmləkətində yaşayan bütün qızların adını öyrənməyə başlarsa, başqa işlərə vaxtı çatmaz.

– Səni başqaları ilə müqayisə etmək yaramaz. Əvvəla, mən burada iyirmi gündən bəri yaşayıram, sizdən hesaba gəlməz məhəbbətlər görmüşəm, ikincisi də budur ki, sən məni ölümdən xilas edibsən.

– Adımla özümün arasında böyük bir fərq vardır. Özüm adıma oxşamadığım üçün adımı deməkdən utanıram.

– Yəqin ki, adın çirkindir. Çünki özün olduqca gözəlsən.

Qız başını divara tərəf çevirib utana-utana dedi:

– Adım Gözəldir.

Atabəy qıza bir daha diqqətlə baxaraq yavaşdan:

– Doğrudan da gözəlsən, – dedi.

Gözəl səhər yeməklərini süfrəyə düzərək Atabəyin xidmətində durmuşdu. Atabəy əlini yeməkdən çəkərək:

– Sən o kürsünün üstündə oturmasan, mən yemək yeməyəcəyəm, – dedikdə, Gözəl birinci təklifdə kənarda qoyulan kürsünün üstündə oturdu.

Atabəy bacardıqca yeməyin uzun çəkməsinə çalışırdı, çünki yemək qurtaran kimi qız süfrəni yığıb gedəcəkdi, o bir də qızı ancaq nahar yeməyi vaxtında görəcəkdi. Səhər yeməyindən sonra Atabəy qoşun sərkərdələrini qəbul edəcəkdi, buna görə də qızı öz yanında çox saxlamağa çalışırdı. Qızın özü də bunu anlamışdı, çünki Atabəyin gözü qızda olduğu üçün nə yeyib, nə içdiyini şaşırmışdı. O, şirin və dadlı xörəkdən götürmək istərkən əlini duz qabına, istiota uzadırdı. Gözəl isə Atabəyin bu vəziyyətini gördüyü zaman qəlbən gülürdü. Atabəy bütün qüvvətini gözlərinə yığıb qızı ölçüb-biçirdi. Gah qızın uca boyuna, nazik və eyni zamanda mütənasib əndamına, gah da nar gülünün yarpağından incə və qırmızı dodaqlarına, dar ağzına, yumru gözlərinə, ağlı-qırmızı və ətli yanaqlarına, ənbər və şəvədən qara saçlarına, kiçik və ətli əllərinə baxaraq varlığını uduzmağa başlayırdı.

Atabəy ona sual verdi:

– Sən gecə o qorxulu zamanda bu həyətə nə üçün gəlmişdin?

– Anbardan odun aparmaq üçün gəlmişdim. Atam xəstə idi, evi qızdırmaq lazım idi.

– İndi necədir? Atanın səhhəti yerindədirmi?

– Atabəyin dövlətindən, həbsə alındığı saatdan bəri səhhəti düzəlmişdir.

– Hadisə insanlar üçündür. Lakin səndən çox razıyam. Məni ölüm təhlükəsindən xilas etdin.

– Bu barədə heç bir razılıq lazım deyil. Çünki bu mənim borcum idi. Bu borc padşahla əlaqədar deyildir. Burası elin adətləri ilə əlaqədardır. Çünki adətimizə görə qonağın müdafiəsi ev sahibinin vəzifəsidir. Hərgah başqa evdə olsaydınız, bəlkə də sizi müdafiə etməzdim.

– Nə üçün, siz hökmdarı sevməyirsinizmi?

– Çünki hökmdar da bizim xalqımızı sevmir.

– Bunu sənə kim söylədi?

– Bunu mənə dağılan kəndlər, yandırılan evlər, tüstüləyən xanımanlar, talan olan şəhərlər, ayaqlanan tarlalar anlatdı. Bunların hamısı hökmdarın azərbaycanlıları sevmədiyini göstərir. Mən sizi ölümdən qurtardığım üçün özüm və ata-anam həbsə alındı.

Atabəy qızın qəlbini ələ gətirmək üçün dedi:

– İncimək lazım deyil. Hökmdar hər kəsə inana bilməz. Bir qızın vasitəsilə məni həyətə çağırıb öldürə də bilərdilər. Həyat məsələlərində diqqətli olmaq lazımdır. Lakin bunu sənə də məsləhət görürəm. Bir yaxşılığa qarşı göstərdiyim nəzakətsizliyi unut. Sənin atanı da, ananı da çağırıb üzr istəyəcəyəm. Evinizdən aldığım gözəl xatirələr mənim həyat tariximdə unudulmayacaqdır. Xüsusən, mən gözəl qızı heç də unuda bilməyəcəyəm. Bu qədər gözəl qızdan və bu mədəni mənzərədən ayrılmaq mənim üçün bir taxt-tacdan ayrılmaq qədər çətin olacaqdır.

Qız heç də danışmırdı. Hökmdar sanki sözlərini divar və divardakı pərdələrə deyirdi. Buna görə də padşah qıza sual verdi:

– Əcəba, mənim sənə vədə verdiyim böyük bir mükafat səni razı salarmı? Sən dünyanın məşhur bir xanımı olmağı istərsənmi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Sərdar Rəşid Təbrizi satdı

Sərdar Rəşid Tehrana qaçmazdan iki saat əvvəl polkovnik Berezovskiyə belə bir məktub yazmışdı:Cənab polkovnik! Mən sizə göndərdiyim birinci məktubumda Təbrizdə çar hökuməti əleyhinə çalışan bir nəfər gizli təşkilat üzvü barəsində yazmışdım. Siz onu həbs etmiş olsaydınız, onun vasitəsilə gizli komitəni tamamilə həbs edə biləcəkdiniz. Nədənsə siz gizli komitə rəhbərlərinin birisi olan Əbülhəsənbəyə qarşı güzəştə getdiniz. Lakin mən güzəştə getməyəcəyəm. Əbülhəsənbəy haqqında Tehranda rus səfarətinə gedib şəxsən danışacağam. Əbülhəsənbəy Səttar xan vaxtından bəri Təbrizdə inqilab işində çalışır. İmperator hökuməti əleyhinə başlanan bütün nümayişləri o düzəldir. Rəfizadəni, Rzabalanı və bunlar kimi bir çoxlarını edam etdirən Əbülhəsənbəydir. Bütün konsulxanalarda onun adamı vardı. O, tacir deyil, onun əsas işi gizli cəmiyyətdə çalışmaqdır. Şeyx Əbdüləzəlin nümayəndəsi Rəhnümanın vəsiqələrini oğurlatdıran, şeyxin özünü ifşa etdirən, məqbərə və məscidləri bərbad qoyan və lazımi adamları oğurlatdıran həmin bu adamdır. Neçə ildən bəridir ki, mənim arvadım İftixarissoltanı oğurlatdırmışdır. İndiyə qədər biçarə qadının harada olduğu məlum deyil.

9 dəq
Alış-veriş

Vəliəhd və onun köməkçisi Nizamülmülk Təbrizə gəldikləri gündən alış-verişə başlamışdılar. Onlar yavaş-yavaş Azərbaycan şəhərlərinin hökumətlərini müəyyən paraya satırdılar. Lakin bu alışverişə çar konsulu imkan vermirdi. Mahal hakimləri tamamilə çarın sadiq nökərləri olduğu üçün onları dəyişdirmək və yerlərinə başqa adamlar təyin etmək mümkün deyildi.Bu məsələ Təbrizə gələn təzə hökumət təşkilatı ilə çar konsulu arasında ixtilafın mərkəzini təşkil edirdi. Bu barədə heç bir tərəf birbirinə güzəştə gedə bilmirdi. Çar hökuməti öz nökərlərini itirmək istəmir, vəliəhd hökuməti isə öz qazancını buraxa bilmirdi, çünki mahallara qubernatorlar göndərmək təzə hökumətin gəlir mənbəyi hesab olunurdu. Onlar mahalların varlı və böyük olmasına görə, ora göndəriləcək qubernatorlardan da qabaqcadan böyük pullar alırdılar. Bu adət məşrutədən əvvəl olduğu kimi, indi də davam edirdi...

19 dəq
Qorxu

Təbrizdə işləyən çar agentləri və casusları qorxuya düşmüşdü. Onlardan bir çoxu, hətta konsulun özü də elə bilirdi ki, Təbrizdə işləyən gizli təşkilatın işləri intibahnamə buraxmaq, məscid və ziyarətgahlardakı xalqın arasında təbliğat aparmaq və sairədən ibarətdir. Çar konsulu Rzabala və Rəfizadə kimilərin edam olunduqları zaman o qədər də düşünməmişdi, onlar bu edamlarin bir təşkilat tərəfindən yox, tək-tək şəxsiyyətlər tərəfindən düzəldiyinə inanırdılar. Lakin sərdar Rəşidin ölmü, çar konsulunun Təbrizdə çalışan gizli təşkilat haqqındakı fikrini tamamilə dəyişdirdi. Doğrudan da, o, bu əsrarəngiz şəhərdə «qorxulu və nadinc? adamların yaşadığını yəqin etdi.Sərdar Rəşidin ölümündən iki gün sonra konsul bütün konsulxana işçilərinə, tanınmış çar təbəələrinə və öz sadiq agentlərinə silah paylamış və onlara ehtiyatla dolanmağı tapşırmışdı.

4 dəq
Mahrunun toyu

O, sözlü adama bənzəyirdi, göz qapaqlarını qaldırıb üzümə baxır, yenə də nəzərlərini dizlərinə çevirib sakit dururdu.Onun qəlbini öz sözünü deməkdən də qabaq bilirdim. Mahru xanım sərdar Rəşid öldürüldükdən sonra artıq onun evində və onun adı altında yaşamaq istəmirdi, çünki sərdar Rəşidin vərəsələri Təbrizə gəldikdən və ev şeylərini öz aralarında təqsim etdikdən sonra orada Mahru üçün heç bir şey qalmırdı. Varislər evdə qiymətli şeylər, daş-qaş və nəqd pul tapmadıqlarından Mahruya acıqlanaraq ona öz əyin paltarlarını belə vermək istəmirdilər. İndiyə qədər bütün Təbrizdə sərdar Rəşidin bacısı kimi şöhrət tapan Mahrunun varislik məsələsi aralığa gəlirkən, sərdar Rəşidin atası aldığı ikinci arvadının yanınca gətirdiyi yetim bir qız olduğunu hər kəs eşitdi.

13 dəq

Başqa şairlərin şeirləri