Səhifə 3 / 4 · 50%

Bakıda yerli hökumət olduqca acizdir. Polisin zəifliyi səbəbinə də qırmızıların təbliğatı genişlənir, avam fəhlələr də hərəkata qoşulur. Mən öz raportumda göstərdiyim kimi, indi də cənab qubernatora cürətlə deyirəm ki, Bakıda iqtişaş başçılarının rəhbərliyi altında güclü və gizli komitə əmələ gəlib, onun bütün tələbləri icra olunur; rəsmi hökumətin əmrinə qulaq asan çox azdır.

Gizli komitənin adından iki-üç nəfərin və ya bir dəstə adamın məcburiyyəti nəticəsində qırx minə qədər fəhlə tətil edir. Tətil vaxtları Bakı qəzetlərini gizli komitənin gündəlik vərəqələri əvəz edir; komitənin sözünə qulaq asmayanları ölümlə qorxudurlar. Tabe olanlara gündə altmış qəpik məvacib verilir. Bunun nəticəsində tətillər söz birliyi və həmrəylik cəhətindən möhkəm keçir. Tətil günləri, tətilçilər bütün şəhərin və dairəsinin ağası olur. İşlər tamamilə tətil komitəsinin vasitəsilə yerinə yetirilir.

Dairələr çox böyükdür. Keçən tətillərdə az olan qoşun hissələri bütün dairəni gəzib qara məxluğu dağıtmağı və izdiham yaranmasına mane olmağı bacarmadı. Qoşun və polis dəstələri gecə-gündüz gəzib yorulurlar. Buna görə əhalinin o biri hissəsi – fəhlələr sevinir və bayram edir, sənaye sahibləri isə gündə yarım milyon manata qədər zərər çəkir. Ağaları təbrik edə bilərəm: mənim göndərdiyim raport nəticəsiz qalmamışdır. Hökumət Bakıya diqqəti artırmağa başlamışdır. Hökumət Bakıdakı tətillərin yatırılmasına, bolşeviklərin məhv edilməsinə böyük əhəmiyyət verməkdədir. Hazırda altıncı nişançı alayı, on altıncı Minqrel alayının bir rotası və yüz nəfər kazak Bakıya gətirilmişdir. Məncə, bu yenə də azdır. Bakı son vaxtlarda siyasi təbliğat cəhətcə şübhəli bir şəhər olmuşdur.

Nakaşidze likördən azca içdi, dodaqlarını şappıldadaraq:

– Da, – dedi, – mən cənab generalın buyurduqlarını olduğu kimi daxiliyyə nazirliyinə bildirmişəm. 3-cü ilin iyul tətillərində Bakıda olan və tətil hərəkatı ilə yaxından tanış olan daxiliyyə nazirinin köməkçisi Fon-Val cənabları da mənim yazdıqlarımı və nazirdən olan xahişlərimi təsdiq etmiş və bu barədə xüsusi bir məktub göndərmişdir. Bunu da deməliyəm ki, məktubda Hacı cənablarını da xatırlamış və xüsusi salam göndərmişdir.

Bəli, hər halda mən yenə deyirəm ki, bizim asayişimizi bərpa etmək və ağaların mənfəətini müdafiə etmək üçün ağaların özü də bu işdə iştirak etməlidirlər.

General-qubernator çox danışdı, sonra sözü Musa Nağıyevə verdilər. O, özünü yoxsul və məzlum bir vəziyyətə salaraq danışdı:

– Mən cənab qubernatoru və cənab generalı əmin edirəm ki, bizdə itə atmaq üçün bir daş da qalmamışdır, – dedikdə tərcümə edən Əlimərdan bəy dayanıb bu sözü necə tərcümə edəcəyi barədə düşündü. Əlixanov isə bunu hiss edərək dedi:

– Ağanın nə dediyi məlumdur. Bu söz bizim Dağıstanda da vardır. Kəndlilər şikayətə gəldikləri vaxt ağlayıb, uyezd naçalnikinə deyərlər: «Ağa, vallah dağılmışam, itə atmaq üçün bir daşım da qalmamışdır», yəni yoxsul olmuşam. Ağa Musa da yəqin ki, belə demək istəyir.

Ağa Musa:

– Bəli, – dedi, – belə deməyə xəyalım vardır. Doğrudan da bizim daşımız daş üstündə qalmamışdır. Əvvəldən də mənim bir zadım yox idi. Mən Əli börkünü Vəli başına, Vəli börkünü Əli başına qoya-qoya dolanıram. Cənab qubernator gərək bu işə diqqət versin; yoxsa ki, biz gədə-güdənin istədiyini versək, ayağımızda tumanımız da qalmaz.

Cənab qubernator adımızı milyonçu eşidib bəs deyir ki, içimizdə bir şey vardır. Amma bilmir ki, içimiz özümüzü yandırır, bayırımız özgəni; biz şapalaqla üz qızardırıq. Bir qarın ac, bir qarın tox dolanırıq. Ölülər elə bilir ki, dirilər həmişə halva yeyir.

Əvvəlcə deyirdik ki, Bakıda qoşun yoxdur. Bolşevikin ağzından vurmaq olmur. Bəs indi nə buyurursunuz? Göydə allahın, yerdə də imperatorun dövlətindən Bakıda qoşun da var, polis də var, allah bərəkət versin, daha artıq eləsin! Lazımınca qorodovoy da vardır! Dalımızda dağ kimi cənab qubernator və cənab general durmuşlar. Bəs nə üçün mənə kömək verməsinlər? Burada oturan ağaların hamısı bilir ki, mənim mədənlərimin hamısı zərərlidir. Mən heç vaxt iş saatlarının azalmasına və maaşların artmasına razı ola bilmərəm.

Mən Nobel qardaşlarının nümayəndələrinin gözünün içinə deyirəm: mən onların fəhlələr ilə razılaşmasını özüm üçün qanun bilməyəcəyəm! Heç utanmağa da gəlməz; mən sözü adamın üzünə deyərəm. Nobel qardaşlarının müvəkkilləri fəhlələri bizim üstümüzə qaldırmaq istəyirlər... Buna görə də mən onlara etiraz edirəm.

Nobel qardaşlarının nümayəndəsi əlindəki piyaləni içib qurtarmamış yerə qoydu və rəngi qızarmış bir halda:

– Ağa Musanın bu etirazı yersizdir, – dedi. – Biz heç vaxt onun göstərdiyi ittihamlarla məşğul olmamışıq.

Ağa Musa yarı acıqlı:

– Bəli, olmusunuz! – dedi. – Siz bayram günlərinin siyahısını asmağı öhdənizə götürməmişsinizmi? Maaşın iş vaxtında verilməsinə razı olmamısınızmı? Mən bunu boynuma götürə bilmərəm. Bununla mən ayda iki saat iş vaxtı itirməliyəm? Necə yəni maaşı iş vaxtında vermək? Bu hansı qanunda var?

Cənab qubernator yaxşı diqqət versin! Yəni necə «ezamiyyə» pulu? Bu nə deməkdir? Bu söz işçini qudurtmaq və iş sahibinin boynuna mindirmək deyildirmi?

Cənab qubernator! Mən əcnəbi neft sahiblərinin bu siyasətini çox gözəl bilirəm. Onlar bu cür işlərlə, yerli neft sahiblərini bankrot çıxarıb bütün Bakı neftini öz əllərinə almaq istəyirlər.

Şəmsi Əsədullayev Musa Nağıyevin sözünü kəsərək dedi:

– Mən Ağa Musanın bütün dediklərinə şərik oluram. Onun əcnəbi neft sahibləri haqqında fikrinə də şərikəm. Təzə binalar tikməyə, paltar şkafları düzəltməyə, mədənlərdə əlüzyuyan qoymağa bir qəpik də pulumuz yoxdur! Belə olsa, biz mədənləri bağlamağa məcbur olacağıq. Onsuz da gəlirimiz çıxarımızı ödəmir.

Musa Nağıyev sözünə davam etdi:

– Belədir ha! Yəni necə şagirdləri usta yerinə keçirmək? Yəni necə fəhlə şikəst olan zaman ona mükafat vermək? Məgər allah tərəfindən gələn bəlalara və qəza-qədərə də biz cavab verməliyik? – Bu sözə general Əlixanov güldü; Əlimərdan bəy isə bu sözləri qubernatora tərcümə etmədi. Musa Nağıyev buna əhəmiyyət vermədi.

– Necə yəni fayton? Məgər fəhlənin dədə-babası naxoş olanda həkimə faytonla getmişdir? Mən özüm bir yerə gedəndə köhnə faytona minirəm ki, iki qəpik manat ucuz olsun; bunlar da başlayıb ki, fəhlə naxoş olanda fayton vermək, özü də yaxşı fayton! Mən dinimi dəyişib, babı oldum ki, lüt müsəlmanlara ehsan verməkdən qurtarım.

Yeri gəlmişkən, cənab qubernatordan bircə xahişimiz vardır: hərgah sığorta qanunu çıxarmaq doğru isə hökumət gərək bu qərarı bizim xatirimiz üçün dalı götürsün.

Necə yəni səyyar mamalar? Necə yəni doktorlar? Mənim pulumla doktor? Biz fəhlənin arvadına borcluyuq? Qoy arvad doğmasın, cəhənnəmə, doğmasın! Onun özü nədir ki, balası nə olsun?! Biz xahiş edirik ki, hökumət bu bəlanı bizim başımızdan rədd eləsin.

Mən öz barəmdə danışmıram, vallah, billah, tallah mən, Şamaxı zəlzələdən batdığı kimi batmışam. Hamı bilir ki, bircə torba salıb dilənməyim qalıb. Var-yoxum bir salavat olub göyə çəkilib. Mən on manat ayırıb başımdakı börkümün yanlarını qayıtdıra bilmirəm. Görün indi Bakı varlısı nə hala düşmüşdür?.. Gərək dünya bizim halımıza ağlasın.

Mantaşevin nümayəndəsi söz alıb danışdı:

– Musa cənabları bir çox sözləri yerində deyir. Biz müstəqil adamıq. Nobel və Rotşild nümayəndələrinin sözləri bizim üçün qanun deyildir. Hökumətin özü də yerli neft sənayesi ilə xarici şirkətlərin maliyyə vəziyyəti arasındakı fərqləri gözəlcə bilir. Fəhlələrin verdikləri tələbləri həyata keçirmək, məncə, yerli nefti xariciləşdirmək və bizi aralıqdan çıxarmaq deməkdir. Sözün açığını demək lazımdır. Əcnəbi şirkətləri bizim əleyhimizə bununla bir müharibə açmaq istəyirlər. Onların sərmayəsi tükənməz sərmayədir. Bilirlər ki, biz onlarla mübarizə apara bilməyəcəyik. Buna görə də işçiləri bizim üstümüzə qaldırırlar.

Sözü Nobel qardaşlarının nümayəndəsi aldı:

– Əvvələn, mən öz kollekiyamın tərəfindən Hacı cənablarına izhari-təşəkkür etməliyəm. Cənab Hacı bu ziyafətin vasitəsilə bizim cənab qubernator və cənab general ilə görüşməyimizə səbəb oldu.

Hacının ümumi işlərdə səmimi iştirak etməsini və yerli camaatla hökumət arasında möhkəm bir körpü vəziyyətini aldığını qeyd etmək lazımdır. Xüsusilə əcnəbi şirkətlərin yerli şəraitdə təsadüf etdikləri çətinliklərin Hacının vasitəsi ilə təsviyyə edilməsini, onun maliyyə yardımına ehtiyac hiss edildiyi vaxt öz bankını əcnəbi şirkətləri üzünə açmasını qeyd etməliyəm.

İndi bir az da cənab Şəmsi və Ağa Musanın buradakı çıxışlarından danışmalıyam. Hərgah Hacı və möhtərəm qubernator və general cənabları icazə versəydilər, mən onların cavablarını qısa olaraq verərdim.

İcazə verildi. Nobel qardaşlarının nümayəndəsi sözünə davam etdi:

– Əvvələn, mən Ağa Musa və Şəmsinin öz maliyyə vəziyyətləri haqqındakı sözlərinə cavab verməyəcəyəm. Bu bizim vəzifəmiz deyildir. İkincisi, mənim çıxışım yerli neft sənaye sahiblərini tənqid üçün deyildir, çünki onların iş şəraiti başqa, bizim iş şəraitimiz isə başqadır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri