Jenyanın iştirak etdiyi siyasi dərnəyin rəhbəri dəyişilmişdi. Sibirdən təzəcə qayıtmış, gizli mətbəədə çalışan Katya dərnəyə rəhbər təyin olunmuşdu.

Katya dərnəyə təyin olunandan bəri Jenya hər məşğələ zamanı ona cürbəcür suallar verirdi ki, bunların da dərnək məşğələləri ilə əsla əlaqəsi yox idi.

Bu günkü məşğələnin mövzusu Rusiyada xalqçıların xətt-hərəkəti idi. Jenyanın verdiyi suallar isə sosializm cəmiyyətində ailə vəziyyəti və ailə quruluşu haqqında idi. Məsələn, Katya Lenin ilə Martov arasında gedən mübahisələrdən danışarkən Jenya ona belə bir sual verdi:

– Yoldaşının ailə həyatında pozğunluq törədən bir partiya üzvü haqqında nə demək olar?

Katya bu sualları cavabsız buraxa bilməzdi, çünki dərnəkdə Jenyadan əlavə başqa qadınlar da var idi. Buna görə də Katya birinci olaraq Jenyanın əvvəlinci sualına cavab verdi:

– Sosializm cəmiyyətində ailə vəziyyəti və ailə quruluşu haqqında uzun-uzadı danışmaq lazım gəlir. Jenya yoldaşın sualına cavab olaraq, deməliyəm ki, ailədə bərabərsizliyin ləğvi sosializm cəmiyyəti ailəsinin birinci şərtlərindəndir. İkinci sual haqqında isə bunu deyə bilərəm: Partiya, yoldaşının ailə həyatında pozğunluq törədən bir partiya üzvünü, şiddətlə məzəmmət edər. Lakin hələlik sosializm tərbiyəsi almamış olan bir çox yoldaşlar vardır ki, onlardan sosializm cəmiyyətindəki rəftar və intizamı tələb etmək olmaz, çünki onlar hələlik sosializmin əsas məsələlərini keçməmiş və həmin cəmiyyətə aid tərbiyəvi məsələni çox az eşitmişlər.

Katya sözünü bitirməmiş, Jenya ona daha bir sual verdi:

– Gündə birisini sevən bir qadın haqqında nə deyə bilərsiniz?

Katya cavab verdi:

– Hərgah sevgisi sağlam yoldaşlıq sevgisidirsə, onu təbrik etmək lazımdır.

Jenya bir sual da verdi:

– Hərgah bir zamanda bir neçəsini sevərsə və bir neçəsini aldatmış olarsa, elə bir inqilabçıya nə demək olar?

– Əlbəttə ki, elələri inqilabçı yox, fırıldaqçılardır.

Bu günkü dərnəyin iclasında Vasya, Əsgər, Ayrapet və sairləri də var idi. Onlar Jenyanın bu kimi yersiz suallarla dərnək rəhbəri Katyanın vaxtını aldığını hiss edərək sualların kəsilməsini təklif etdilər.

Məşğələ bitdi. Jenya ilə Katya dərnəkdən birlikdə çıxdılar. Xeyli yol getdilər. Jenya Katyanı dindirmədi. O, daim öz fikrində kitab arasından götürdüyü kağızı oxuyurdu: «Jenyadan əl çəkib, Katya ilə olmaq lazımdır». Bu cümlə onun qəlbində və gözlərində gəzirdi. Katyanın üzünə tərs-tərs baxaraq, bəzən də onu özü ilə müqayisə edirdi.

Katya sükutu pozub Jenyanı danışdırdı:

– Dediyiniz suallar mühüm suallardır. Lakin hazırkı mühitdə bu kimi məsələlərin həyata keçirilməsi heç də mümkün deyildir. Bizim bütün vaxtımız hələlik başqa sahələrdə sərf edilməlidir. Biz hələlik böyük bir düşmənlə mübarizə aparırıq. Hələ hökumət proletariatın əlində deyil, hökmranlıq çarın və burjuaziyanın əlindədir. Hökumət bizim əlimizə keçdikdən sonra biz hər bir məsələyə ciddi yanaşdığımız kimi, ailə məsələsinə də marksizm əsasları üzərində yanaşacağıq. Biz sosializm quruluşunun hər bir sahəsində çalışdığımız kimi, ailə quruluşu üzərində də işləyəcəyik.

Jenya gülərək dedi:

– Biz indidən gələcək cəmiyyətin əsasını və təməl daşını qoymaqdayıq. Biz bu təməli çürük və dəyərsiz əsaslar üzərində qoymamalıyıq. Biz sıramızı sağlam fikirli və sağlam əqidəli yoldaşlarla möhkəm etməliyik. Məncə, hər kəsin üzünə gülən, hər kişinin gülüşünə sevgi deyərək qucağına atılan qadınlardan gələcək ailənin anası ola bilməz. Biz heç vaxt əxlaqsızlığa və həyasızlığa sevgi adı verib təbrik etməməliyik.

Katya:

– Sözünüz doğrudur! – dedi. – Biz yeri gəldikdə bu kimilərlə mübarizə aparar və islah edərik. İslaha qabil olmayanları isə öz sıramızdan bayıra atarıq. Yoldaş Jenya, indi biz bu məsələni dərindən qoymuş olarsaq, bəlkə də onunla sıramızda pozğunluq törədə bilərik.

Jenya:

– Hər kəs özgəyə deyil, özünə, öz əxlaqına göz gəzdirməlidir, – dedi. – Bəlkə də biz o nöqsanlardan bir çoxunu özümüzdə də görə bilərik.

Onlar ayrılacaqdılar. Katya heç bir söz demədən onun üzünə diqqətlə baxdı və:

– Salamat qal, yoldaş! – deyə əlini Jenyaya uzatdı.

Jenya:

– Yoldaşlar imkan verərsə, salamat qalmaq mümkündür, – dedi və Katyanın əlini sıxmadan yoluna davam etdi.

O, gözdən qayıb oluncaya qədər Katya təəccüblə onun dalınca baxır və bu kinayəli sözün səbəbini bilmək istəyirdi.


Bu günkü dərnək məşğələsində partiya daxilində olan cərəyanlar məsələsi dururdu. Məsələlər «İskra» və «Yujnı raboçi» ətrafında gedirdi.

Dərnək rəhbəri Katya, Vladimir İliçin bu sahədəki tarixi məktubuna keçərək dedi:

– Bizdə belə bir şüar vardır: («Jenyadan uzaqlaşmaq,) Katyanı saxlamaq».

Katya bu cümləni izah etmək üçün sözünə davam etdi:

«Jenya» – «Yujnı raboçi», «Katya» isə «İskra» qəzetinin gizli adıdır, – deyərkən Jenyanın bədəni titrədi, tükləri qabardı, sanki yuxudan ayıldı. Təxminən bu cümləni o, Pavluşanın kitabının arasından götürdüyü kağızda oxumuşdu və bunun üçün Pavluşadan ayrılmışdı. Bu cümlə üstündə dərnək rəhbəri Katyanı da bir neçə kərə təhqir etmişdi. Jenya bütün bunları xəyalına gətirərək xəcalət çəkdi, özünü itirdi və nə edəcəyini bilmədi. Redikülündən kağızı çıxartdı. İki il idi ki, onu hər gün gözdən keçirir, bununla Pavluşaya olan nifrətini artırırdı.

Jenya dərnəkdən necə çıxdığını və evlərinə necə qayıtdığını özü də hiss etmədi. Evdə də oturub, buraxdığı səhvin barəsində düşünürkən Pavluşa, Vasya, Əsgər və sair yoldaşlar onların evində idilər.

Pavluşa tez getməyə tələsirdi, çünki Jenyanın danışmaması ailədə uyğunsuzluq törədirdi. Hətta Pavluşa olan stolda Jenya nə çay içir, nə də yemək yeyirdi.

Pavluşa qalxıb:

– Əfv ediniz, mən sizi həddindən artıq rahatsız etdim, getmək lazımdır, – dedi.

Jenya başını əlləri arasından qaldırıb:

– Otur, Pavluşa! – dedi. – Səninlə lazımlı söhbətim vardır.

Evdəkilər Jenyanın Pavluşanı dindirməsinə təəccüb etdilər. Onda birdən-birə əmələ gələn bu dəyişikliyin səbəbini öyrənmək üçün maraqlandılar. Lakin Pavluşa təəccüb etmirdi, ancaq qorxulu və həyəcanlı anlar keçirir və yenə də Jenyanın bir ixtilaf çıxaracağından ehtiyat edirdi.

Pavluşa oturdu.

Jenya əl-üzünü yudu, saçlarını düzəltmək üçün küzgünün qabağına keçdi, bununla da Pavluşaya keçən illərin nəşəli tarixini xatırlatdı.

Jenya iki il bundan əvvəl olduğu kimi, gəlib Pavluşanın yanında oturdu. Gülürdü, lakin gülüşləri xəcalətli gülüşlərdi. Çay süzdü, yenə birinci stəkanı Pavluşanın qabağına qoydu.

– Aralıqda heç bir ixtilaf yoxdur, – dedi. – Təşkilatımız yaxşı çalışmışdır. Gələcəyin qələbəsi indidən təmin edilmişdir.

Bu sözlər orada oturanları təəccübləndirirdi. Onlar Jenyada olan bu ani dəyişikliyə heç bir məna verə bilmirdilər.

Məmməd xırda və yaxından görən gözlərini stolun üstündəki çaylara çevirib Jenyadan soruşdu:

– Bəs bizim çayımız hanı?

Pavluşa öz stəkanını Məmmədin qabağına qoyub dedi:

– Mənim çayımı içə bilərsən. Görünür, stəkan çatmır.

– Mənə stəkan-zad lazım deyil, mən nəlbəkidə içəcəyəm, – Çaylar içildi, Məmməd yoldaşlarına dedi: – İndi durub gedək. Bir yerdə oturmağımız qorxuludur.

Hamı ayağa qalxdı.

Jenya:

– Mən də Katyanın yanına gedəcəyəm, – dedi, – ondan bəzi sözlər öyrənəcəyəm.

Əsgər qəhqəhə ilə güldü:

– Jenyanı heç anlaya bilmədim. İndiyə qədər Katyanı hər yerdə görürsə, təhqir edirdi, indi isə «bəzi məsələlər öyrənmək üçün» onun yanına gedir.

Jenya çox sakit bir surətdə dedi:

– İnsan həmişə bir vəziyyətdə qalmaz ki! İndi nə Katya əvvəlki Katya, nə də Pavluşa əvvəlki Pavluşadır.

Vasya Jenyadan soruşdu:

– Sən özün necə, dəyişdinmi?

– Dəyişdim. Bunu özüm də hiss edirəm. İndi özümdə bəzi uyğunsuz hərəkətlər olduğunu anlayıram. Bir çox qadınlar hisslərinin əsiri olduğu kimi, mən də hissimin əsiriyəm. Qadınlar həqiqəti kişilərdən daha artıq sevirlər, lakin bəzi səbəblər nəticəsində onu axtarıb tapmağa acizdirlər. Mən də belə. Vəzifə yoldaşlığını nə qədər düzgün və doğru apara bilirəmsə də, şəxsi həyatımın düzgün aparılması işində acizəm. Nə etməli? Taleyimi bir daha sınayaram.

Jenya bu sözləri deyərək, ata-anası ilə vidalaşıb çıxdı, çünki o, evlərində yaşaya bilmirdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri