İki mart nümayişi
Səhifə 2 / 3 · 33%
Kazaklar atlarını qızıl bayraq daşıyanların üstünə məhmizlədilər, lakin fəhlələrin əlindəki dəyənəklərin qabağında bir iş görə bilməyib geri qayıtdılar.
Əsgər və Məmməd Mariniski küçənin tinində, yarım saat əvvəl onlara «rədd olun buradan üst-başları cırıq çobanlar!» – deyən qorodovoya təsadüf etdilər. Qorodovoy onları dərhal tanıdı: «Afərin uşaqlar!» – deyə yaltaqlandı və yaxasını qurtarmaq istədi, lakin buna müvəffəq ola bilmədi. Əsgərlə Məmməd onu əllərindəki nar çubuğuna tutdular. Nar çubuqları sınmaq və yorulmaq bilmədi. Qorodovoyun boynunda çubuq yerləri zol-zol durdu.
Qorodovoy köpək kimi arxası üstünə düşüb yalvarırdı.
Kazakların və jandarmların mane olmalarına baxmayaraq, dəstələr Naberejnı küçəyə tərəf hərəkət etdilər. Kütlə sel kimi axırdı. Bu hərəkət Bakı polisini düşündürməyə və daha da rahatsız etməyə başladı. Onlar yeni qüvvə almaq üçün yuxarı polis orqanlarına müraciət etdilər. Qubernator Naberejnı küçədə yaşadığı üçün nümayişçiləri bu küçəyə buraxmamaq lazım gəlirdi.
Qamçılar işə düşdü. «Vurun, tutun, dağıdın!» səsləri ucaldı. Lakin qızıl bayraq öz hərəkətini dayandırmamışdı. O, arxasınca sel kimi axan dəstələrə rəhbərlik edirdi. Əllərində ağac tutmuş fəhlələr bayrağın müdafiəsi üçün gedirdilər. Daş, ağac Bakı polisinin üstünə yağırdı.
Bu gün, Bakı polisinin görmədiyi tarixi bir hadisə meydana gəldi: o da Bakı proletariatının silah işlətməsi idi; fəhlə sıralarından da güllə səsi eşidilməyə başlamışdı.
«Vurun bu qara köpəkləri, yoldaşlar!» səsini minlərlə fəhlənin ağzından eşitmək olardı. Bolşeviklər partiyasının silahlı mübarizəyə keçmək şüarları Bakı fəhləsini çar polisilə vuruşmaq üçün qabaq sıralara sövq edirdi.
Qubernatorun müavini meydana çıxdı. Bu zaman Ayrapet, Məmməd və Pavluşa üç nəfər qorodovoyla vuruşurdular. Qorodovoylar qubernator müavinini görüncə qudurğan köpək kimi fəhlələrin üstünə atıldılar. Ayrapetin, Məmmədin və Pavluşanın əl-qolunu bağlamağa çalışdılar. Pavluşa və yoldaşları qubernator müavininin gəlməsindən xəbərdar deyildilər. Müavin, fəhlələrin qorodovoyla çarpışdıqlarını və onu döydüklərini görüb, yanındakı kazakla bərabər onlara yanaşmağa başladı.
Jenya bunu görürdü. O, Pavluşa ilə onun yoldaşlarını heç gözdən qoymurdu. O, əlini uzadıb döşəmədən bir daş götürdü. Bu daş bir çoxlarını polis əlindən qurtardı.
Jenyanın atdığı bu daş qubernator müavininin başını yarmışdı. Polis və jandarmların başı bu hadisəyə qarışdı. Fəhlələr də kütlələr arasında gözdən itdilər.
Üç saat davam edən bu nümayiş Bakının daş qalalarında yerləşən burjuaziyaya qandırdı ki, bu qalalar çox da möhkəm deyildir. Bir gün Bakı fəhlələri bu qalaları öz proletar partiyasının rəhbərliyi altında fəth edə biləcəkdir. Ağac, daş, balta və xəncərlərin polis silahına üstün gəldiyini görən Bakı milyonçuları artıq Bakı fəhlələrinin qorxulu bir qüvvə olduğunu yəqin etdilər.
«Yaşasın sosializm!» səsləri üç-dörd mərtəbəli evlərdə yaşayan «nəcib» ailələrə vəlvələ saldı. Bütün pəncərələr örtüldü, pərdələri salındı.
«Rədd olsun burjuaziya!» səsləri salondakı pianoların səslərinə də qorxulu bir ahəng verdi. Pianoların üzərində nazlanan barmaqlar titrəməyə, həssaslığını itirməyə başladı. Nota kağızları üstündəki işarələr ilan və əqrəb şəklində göründü. Əyləncəyə, keyfə baxmağa öyrənmiş dövlətlilər küçədə qopan qiyamətə dəhşətlə baxırdılar. Hər kəs və hər şey olduğu yerində: vannada çimənlər – vannada, ağ qətifələrə bürünənlər – qətifələrdə, bəzənənlər – tualet otaqlarında donub qalmışdılar. Çaylar, qəhvələr stol üstündə soyumuşdu.
Bakı küçələrindən qalxan səslər, burjuaziya və aristokrat ailələrinin yuxudan qalxdığı və «səhər məşğuliyyətinə» başladığı anlarda eşidildiyi üçün daha təsirli idi.
Palıd ağacından qayrılmış qapılar qapanır, arxasına dəmir lomlar salınırdı. Burjuaziya qapıçılara və gözətçilərə silah paylayır, telefonla polis idarəsindən mühafizə üçün adam tələb edirdi.
Hamı çəkilib getmişdi. Küçələrdə ələ düşən fəhlələr polis tərəfindən tutulub, polis idarəsinə göndərilmişdi. On iki nəfər fəhlə, iki nəfər realnı məktəb tələbəsi, bir nəfər gimnaziya tələbəsi tutulmuşdu. Küçələrdə gözə görünən ancaq qorodovoy, jandarm və kazaklar idilər. Onlar bütün dalanları, tinləri, qapı dallarını gəzir, nümayişçi axtarırdılar.
Yalnız Qubernator bağında bir ev qulluqçusu qucağındakı körpə uşağa layla çala-çala gəzişirdi.
Nümayiş zamanı bir sırada gedən Pavluşa, Əsgər, Vasya, Ayrapet və sairələri Vasyanın 8-ci Zavağzal küçəsindəki mənzilində toplandılar. Vasya yoldaşlarından soruşdu:
– Jenyadan xəbəriniz oldumu?
Heç kəsdən səs çıxmadı. Sonra da Əsgər Pavluşanı məzəmmətə başladı:
– Bütün təqsirlər səndədir! Sənin səbəbinə Jenya bizə qoşulmaq istəmir. Çünki sən nə onun yaxasını buraxırsan, nə də adam kimi yoldaşlıq edirsən. Səni sevən Jenya kimi bir yoldaşla həftənin bu başında da, o başında da küsülü olursan, buna görə də yazıq qız bu gün bizim cərgəmizə qoşulmadı. Sən olmasaydın o bizimlə gedərdi, indi də bizimlə bərabər qayıdardı. İndi kim bilir qızın başına nə iş gəldi, hansı polisin toruna düşdü? İndi buyurub, Sergey Vasiliçə xəbər apar! Onsuz da yazıq qoca bu gün-sabah öləcəkdir.
Pavluşa Əsgərin sözlərindən incidi.
– Sən həmişə beləsən! – dedi. – Bildin, bilmədin ağzına nə gəlsə danışarsan; iclaslarda da xasiyyətin budur, hər kəs söz alıb danışmasa da, sən gərək danışasan, necə olsa gərək bir söz tapıb deyəsən. Sən Jenyanı tanıyırsan, onun dinc həyat keçirməyə qabil olmadığını bilirsən, bununla belə yenə məni məzəmmət edirsən.
Mən onun küsməsinin səbəbini bilmirəm. O, iki dəfə məndən küsüb, barışmışdır. Amma nə qədər soruşmuşamsa, səbəbini söyləməmişdir. Mən onun nədən incidiyini bilsəydim, iki şeydən birisini edərdim: ya gedib ondan üzr istəyərdim, ya da birkərəlik onu danışdırmazdım, əlaqəmi kəsərdim; bu da mümkün olmasaydı, birdəfəlik Bakıdan çıxıb gedərdim. Nə edim ki, sirrini tapa bilmirəm. Onun məcaz və marağını bilmək üçün qadın olmaq lazımdır. İndi elə bir vəziyyətdə qalmışam ki, onun yanında adi bir sözü belə danışmağa cəsarət etmirəm. Jenya ilə tanış olduğum gündən bu vaxta qədər ona dediyim sözlərin hamısı yadımdadır. O sözlərin içərisində, onu incidəcək bir kəlmə də yoxdur. Onun cini vardır, tutanda daha üzünü görmə! Elə bu gün məni çağırıb Bibiheybət fəhlələri ilə tanış elədi...
Əsgər danışmırdı. Məmməd yenə də adəti üzrə əllərini dizləri üstünə qoyub başını Pavluşaya tərəf uzatdı. Kiçik gözlərini onun gözlərinə dikib soruşdu:
– Sən vurmadın, mən yıxılmadım, bəs necə oldu? Qadası, de görüm axı bu nə əhvalatdır?
Pavluşa:
– Sən qısqanmaq nədir bilirsənmi?
– Niyə bilmirəm, əlbəttə ki, bilirəm! Əvvəlcə buyur sən özün de, görüm qısqanmaq nədir? – Otaqda olanlar gülüşməyə başladılar. Məmməd sözünə davam etdi. – Niyə gülürsünüz? Qoy Pavluşa özü desin görək qısqanmaq nədir?
Pavluşa da acıqlı olduğuna baxmayaraq gülürdü. Axırda Məmmədi sakit etmək üçün dedi:
– Məmməd yoldaş, Jenya qadındır.
– Xeyr, qadın deyil, qızdır.
– Bəli, Jenya qızdır. Özü də qısqanır.
– Vot tibə raz! Yenə deyir ki, qısqanır. Biz bilirik ki, qısqanır. Səndən soruşuram, yəni necə qısqanır, nə olsun ki, sən deyəcəksən qısqanır, özün də bilməyəcəksən ki, qısqanmaq nədir.
– Mən bir qıza qoşulanda, bir qadın ilə danışanda o deyir ki, guya mən həmin qadınları və qızları sevirəm. Bunun üçün də mənə acıqlanır, bunlar da olmayanda fikirlərdən, düşüncələrdən acıqlanır, tez-tez küsür. Onu öyrənmək çox çətindir. Yaxşı yoldaşdır. Amma bu xasiyyəti bir qəpiyə dəyməz.
Ayrapet çox öskürdüyündən danışa bilmirdi. Öskürək bir az ara verdikdə dedi:
– Pavluşa, sən həmişə qadın məsələsində çürük fikirli filosofların fikrini aralığa atıb, qadın ruhunun qeyri-adi bir ruh olduğunu deyirsən. Mən sənin üzünə deyirəm: sənin bu fikrin sağlam bir fikir deyildir.
Məmməd bu sözlərdən şadlandı:
– Bax, mənim də dediyim budur!
Əsgər özünü saxlaya bilməyib pıqqıltı ilə güldü.
Ayrapet sözünə davam etdi:
– Yoldaş Pavluşa, – dedi, – qadınlar nə qədər incə, nə qədər nazik olurlarsa-olsunlar, ağırlığa təhəmmül etməyi, çətinliklər qarşısında soyuqqanlı hərəkət eləməyi və əsəbilik göstərməməyi bacarırlar. Onlar özlərinin tutduqları çəbhədən tez çəkilməzlər. Qadınlarda şərəf və izzəti-nəfs daha yüksəkdir. Bu günkü nümayişdə Jenya və onunla bərabər gedən qadınlar bu dediklərimin hamısını işdə göstərdilər. Bu gün xüsusən Jenya mənim sözlərimin hamısını isbat elədi.
Pavluşa təəccüblə Ayrapetdən soruşdu:
– Harada?
– Səni ölümdən qurtardığı yerdə.
– Məni?!
– Bəli, səni! Sən qorodovoyla yumruqlaşırdın. Qubernatorun müavini kazaklarla sənin üstünə hücum edirdi. Sən sağ-salamat qurtarmayacaqdın, lakin igid Jenya daş ilə qubernatorun müavininin başını yardı. Bu hadisə baş verməsəydi, səninlə bərabər bir çoxları tutulacaqdı.
Pavluşa bir ah çəkərək dedi:
– Məni də düşündürən bu məsələdir. Elə bir yoldaşın məndən ayrılmağının səbəbini bilmək istəyirəm.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-iki-mart-numayisi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hacı Səməd xan konsula məktub yazdırmaq üçün məni öz yanına dəvət eləmişdi. Gecə saat 12-də oradan çıxdım, faytonçumuz Balaqurban məni orada gözləyirdi.Evə gəldim. Məşədi Kazım ağa məni şam yeməyinə gözlədiyini söylədi. Həsənağa da burada oturub məni gözləyirmiş.
Ninanın ad günüNinanın ad gününü təbrikə gedənlər saat üçdə mənim mənzilimdə olmalı idi. Məşədi Kazım, onun gəlinləri Töhfə, Sənubər, Tütünçüoğlu və Həsənağa getməyə hazırlaşmışdı. Faytonlar qapıda bizi gözləyirdi.Həyətə düşmək üzrə idik. Qapıda başqa bir fayton dayandı, faytonçumuz Balaqurban yüyürərək gəldi:
İntibahnamələrƏmir timçəsindən keçdiyim zaman Həsənağaya rast gəldim. O mənə yanaşaraq:– Anam, sizi təcili surətdə çağırır, – dedi.
İraida oğurlandıBugünkü iclasda xalça fabriklərində iş aparmaq məsələsi müzakirə edilirdi. Mən bütün küstar sənaye müəssisələrinin təşkili məsələsini də gündəlik müzakirə sırasına keçirdim.Bu vaxta qədər bizim xalça fabriklərindən başqa heç bir müəssisə ilə əlaqəmiz yox idi.
Başqa şairlərin şeirləri
Könül düşdün bir gözlünün odınaÇək cəza kədər həşrədək yan indi
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Natamam olduKam almadı Hitler, nə yaman təlxkam oldu.Minlərcə fırıldaq elədi, natamam oldu.
Heç xəbərin yoxdu səninAləm bilir bu həsrəti,Sinəmdəki məhəbbəti,