Ziyarətgahlar və siğəxanlar
Səhifə 1 / 3
Hacı Səməd xan konsula məktub yazdırmaq üçün məni öz yanına dəvət eləmişdi. Gecə saat 12-də oradan çıxdım, faytonçumuz Balaqurban məni orada gözləyirdi.
Evə gəldim. Məşədi Kazım ağa məni şam yeməyinə gözlədiyini söylədi. Həsənağa da burada oturub məni gözləyirmiş.
Hələ süfrə döşənməmiş, Tütünçüoğlu qapını açıb içəri girdi. Mən ona müraciətlə:
– De görüm, nə iş gördün? – dedim. – Amerikalı qızın ətrafındakıları lazımı qədər təqib edə bildinmi?
Tütünçüoğlu:
– Səhər azanından indiyə qədər dilimə heç bir şey dəyməmişdir, qarnımı düzəltməmiş danışa bilməyəcəyəm! – dedi. – Axşama qədər qaraçı fahişələrinin dalınca gəzmişəm.
O, plov nimçəsinə hücum etdi, bərk acdığından nə cürə yeyəcəyini də unutmuşdu. Xörəyi ikiəlli yeyirdi. Plovun xuruşunu, höyücunu bir-birinə qatmışdı. Onun plova vurduğu şapalaqlar o qədər tamaşalı idi ki, biz hamımız əlimizi xörəkdən çəkib ona baxırdıq; o isə vecinə almır, hərdən bir:
– Bu saat qurtarıram, – deyir, sonra yenə də başını məcməyinin üstünə əyirdi. Beləliklə, duzdan başqa məcməyidəkilərin hamısını təmizlədi, özünü düzəldib belini boşaltdı, bir nəfəs aldı və reyhan toxumu ilə qayrılmış şərbətdən də bir-iki stəkan içdi, bir neçə yol gəyirib rahatlandıqdan sonra nazik bığlarını sığallayıb başladı:
– Yaxşı qulaq asın. Sizə yaxşı qəmədiyə nağıl edəcəyəm. Görün bu gün mənim başıma nə gətiriblər. Səhər azanına bir az qalmış yuxudan ayıldım. Yadıma düşdü ki, qardaşın tapşırığına görə, qaraçı qızlarını təqib etməliyəm. Tez qalxdım, üzümü yudum, küçəyə çıxdım. Küçədə yalnız mürgüləməkdə olan qarovulları, bir də qüsl üçün hamama yüyürən möminləri görürdüm. Mən qaraçılar dərbəndinə girərkən kibrit çəkib saatıma baxdım, sübh azanına az qalırdı. Qaraçı qızının qapısını kəsdim. İçəridəki kef məclisi təzəcə qurtarırdı. Qulaməli və Məcid mütrib hamıdan əvvəl çıxıb getdi. Bundan sonra Məcidin aşığı Hacı Ələkbər kampaniyası dışarı çıxdı. Bu zaman həzrət Sahib məscidinin minarəsindəki azançı: «Lailahə illəllah» – deyib qışqırmaqda idi. Hacı Ələkbər əlini saqqalına çəkərək:
– Lailahə illəllah, həqqən həqqa, – deyə salavat çevirdi və dua oxuya-oxuya qaraçı qapısından uzaqlaşdı.
Ən sonra Mahmud xan çıxdı. O, sərxoş idi, bir neçə qadın da bir-bir çıxıb hərəsi bir tərəfə qaçdı. Hamısının üzündə rübənd var idi.
Gündüz saat 11 tamama qədər qapının ətrafında gəzib dolaşdım. Saat 11-də qaraçı qızı, yanında da Yasın xan dışarı çıxdı. Dallarınca düşdüm. Onlar getdikcə mən də getdim. Ağa, nə başınızı ağrıdım, onları Ermənistana qədər gətirdim. Yasın xan «Sona bacı»nın meyxanasına girdi, qaraçı qızı isə həyətə daxil olub oradan dal qapının vasitəsilə meyxananın içəri otağına daxil oldu. Mən bir saata qədər orada gəzdim. Bir gözüm meyxana qapısında, o biri gözüm isə həyət qapısında idi.
Saat birdə onlar yenə də ayrı-ayrı qapılardan çıxdılar. Yasın xan fırlana-fırlana bir tərəfə, qaraçı qızı da başqa tərəfə hərəkət etdi.
Mən qaraçı qızının dalınca düşüb düz doğru «Seyid İbrahim» məqamına girdim. Qadın orada durdu, mən də dayandım. Bu qadın nə üçün içəri girmir? – deyərək fikrə getmişdim. Dedim ki, yəqin bu bir adama vədə vermiş və burada durub onu gözləyir. Bir də gördüm ki, «Seyid İbrahim» məqamının mücaviri (xidmətçisi) molla Sadıq ziyarətgahın qapısından çıxdı və qaraçı qızına işarə olmaq üzrə əlini saqqalına çəkdi. Qaraçı qızı onu hesaba almayıb ziyarətgaha girmədi, molla Sadıq ikinci dəfə çıxıb əlini saqqalına çəkdi, bu dəfə hələ bir göz də basdı, başına hərəkət verdi. Müxtəsər, cürbəcür oyunlar çıxardı, amma zalımın qızı yerindən tərpənmədi ki, tərpənmədi. Bir saatdan sonra, qaraçı qızına rübəndli bir arvad yaxınlaşdı. Hər ikisi birlikdə ziyarətgaha doğru irəlilədilər. Onlar bir-biri ilə danışmırdılar.
Məqbərəyə girdilər, dallarınca mən də içəri soxuldum. Onlar ziyarət məhəllinə girməyib, birbaş molla Sadığın otağına tərəf getdilər. Mən kənarda durub gözümü otağın qapısına zilləmişdim. Məndən başqa yenə də duranlar var idi, gözləyən, görüşən qadınlar, kişilər, həddindən artıq idi. Məni bağışlayın, bu müqəddəs fahişəxanada böyük bir alış-veriş gedirdi. Yarım saatdan sonra «Seyid İbrahim» qəbiristanında Quran oxuyan molla Ələsgər də həyətə girdi. O tərəf-bu tərəfi gözdən keçirdi və molla Sadığın otağına soxuldu.
Mən yenə də durub qapıya baxırdım. Məndən bir az o tərəfdə, ölüyuyan Hacı Əhməd də durub arvadlar girən qapıya tərs-tərs baxırdı. Amma o öz halında deyildi: tez-tez çubuğunu doldurur və boşaldırdı.
Hacı Əhməd də, mən də durmaqdan təngə gəlmişdik. Bir çox fasilədən sonra qaraçı qızı ilə bərabər Əsgər Davatgəroğlu molla Sadığın otağından çıxdı. Mən görünməmək üçün özümü tələsik gizlətdim. Amma onların hamısını görürdüm. Hacı Əhməd çubuğunu qaldırıb qaraçı qızı Şümşad xanımın üstünə hücum etdi:
– Qaraçı qəhbəsi, sənin saçlarını kəsdirəcəyəm. Mənim arvadımı yoldan çıxardıb bu cür lotulara satırsan?! – dedikdə Davatgəroğlu:
– Kəs səsini tiftək çakəş! – dedi. – Bu saat bığlarını kəsərəm.
Bu halda molla Sadıq və molla Əsgər də Hacı Əhmədin arvadı ilə bərabər otaqdan çıxdılar. Həyətdə qiyamət qopmuşdu, Hacı Əhməd irəli atılıb molla Sadığa bir şillə vurdu və:
– Köpəkoğlu, həzrətin məqamın lotuxana qayırmısan? – dedi. – Bu saat gedəcəyəm Hacı Şücaüddövlənin yanına.
Bu halda Quran oxuyan Molla Əsgər Hacı Əhmədi yaxaladı və:
– Bu saat mənim on beş tümənimi ver! – dedi. – Mənə sənin müamilən də lazım deyil. Biqeyrət, şahi-şahi Quran oxuyub sənə pul vermişəm. Bu saat əbanı və börkünü götürəcəyəm!
Onlar vuruşurdu, molla Sadıq isə camaata dönərək təəccüblə deyirdi:
– Ay camaat! Mən nə bilim ki, o bunun arvadıdır. Yanınca da bir Allah bəndəsi gətirib Əsgər Davatgəroğluna siğə oldu.
Molla Sadıq Hacı Əhmədi məzəmmət edərək:
– Adamın imanı pak olar. Həzrətin məqamına lotuxana demək müsəlman ağzının sözü deyil. Bu saat şalını boynuna dolayıb Hacı Şücaüddövlənin yanına çəkərəm. İnqilabçı məlun!
Molla Sadıq Hacı Əhmədə inqilabçı adı verib onu qorxutdu, Hacı Əhməd ağladı və geri dönüb getdi, arvadı isə çoxdan əkilmişdi.
Əsgər Davatgəroğlu ilə qaraçı qızını Bağ meşə qapısındakı tiryəkxanaların yanına qədər təqib etdim. Burada Əsgər Davatgəroğlu qaraçı qızına pul verdi, mənçə, o pul qaraçı qızına Hacı Əhmədin arvadını aldadıb gətirməsi üçün zəhməthaqqı kimi verilirdi.
Qaraçı qızı Davatgəroğlundan ayrıldıqda:
– Xəsis haramzada, bir də yaxşısını görməzsən! – dedi. Daha demə haramzadanın qızı bura çatan kimi cibindən rübəndini çıxarıb üzünə salıbdır. Nə isə, birtəhər onu tapdım, başmağının üzündəki qırmızı ipəkdən tikilmiş gül onu uzaqdan mənə nişan verdi.
Qaraçı qızını gəzdirə-gəzdirə həzrəti Sahib meydanına gətirdim. Burada azca qala onu gözümdən itirəcək idim.
Sahibüləmr məscidinin həyəti və içərisi hər günkündən qələbəlik idi. Qaraçı qızı içəri soxulmağa tələsirdi. Mən də özümü birtəhər içəri sala bildim. Həyətdə arvad, kişi bir-birinə qarışıb qiyamət qopmuşdu. Qaraçı qızı da, mən də bununla maraqlanırdıq. İkimiz də irəli soxulduq.
Xalqın arasında bir öküz vardı. Məscidin nəqibi aralıqda durub deyirdi:
– Ey camaat, möcüzədir. Möcüzədir.
Öküzün quyruğunda bircə dənə də olsa tük qalmamışdı; arvadlar tükləri dartıb qoparmışdılar. Bəziləri üz-gözünü öküzün bədəninə sürtürdü. Gülməli burası idi ki, bir hamilə qadın da xəlvətə salıb, qarnını öküzün qarnına sürtürdü; şübhə yoxdu ki, o öküzdən oğlan uşağı istəyirdi. Mən bunlara tamaşa etməklə bərabər yenə də qaraçı qızını gözdən qoymurdum. O da öküzdən bir tük qopardı.
Öküz isə bu işlərə heç də əhəmiyyət vermirdi. Onun qabağına yonca və ot yerinə yeməli göyərtilər tökülürdü, dükanlarda satılan səbzilərin hamısı öküzün qabağında idi.
Öküzün möcüzü belə başlanmış imiş. Öküzü qəssablar kəsməyə aparırmış, həzrət Sahib meydanında dərviş nağılına qulaq asmağa yığılan uşaqlar hay-küy salıb öküzü hürkütmüş, öküz qaçmış, girməyə boş yer tapa bilmədiyindən özünü məscid həyətinə salmış, buna görə də məscidin nəqibi səsləyib deyirdi ki:
– Bu heyvanın əti haramdır. Bunun başına bıçaq çəkmək olmaz.
Qəssablar nə edə bilərdilər? Onlar öküzdən əl çəkib getdilər.
Qaraçı qızı oradan ayrılıb iki qoca arvadla görüşdü. Hər üçü orada durub, kimi isə gözləyirdi. Yarım saatdan sonra, onlara iki nəfər cavan oğlan yaxınlaşdı. Onlardan biri qoca arvadların birinə yanaşıb danışdı və qaraçı qızına işarə elədi, bundan sonra qaraçı qızı rübəndin altından üzünü oğlana ötəri göstərdi. Oğlan bu dəfə razı qaldığını bildirir bir hərəkətlə başını salladı: cibindən çıxardığı pulları qoca arvada verdi. Burada mən bildim ki, qoca arvad qaraçı qızını oğlana siğə etdirəcəyinə görə dəllallıq haqqı aldı.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-ziyaretgahlar-ve-sigexanlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.
HəmdünyanToğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.
NaxçıvanToğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.
Toğrulun qətliSəlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.
Başqa şairlərin şeirləri
Qul Qaranı:*Əlif-bey içində, hərf arasında,
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Ol ki, hər saət gülərdi çeşmi-giryanım görübOl ki, hər saət gülərdi çeşmi-giryanım görüb,Ağlar oldu halıma birəhm cananım görüb.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?