Səlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.

Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.

Qütlüğ İnancın orduları Həmədan altına yığıldığı zaman, Azərbaycan ordusu da padşahın rəhbərliyi altında Qəzvin ətrafında yerləşib durmuşdu. Çünki Xarəzm ordusu III Toğrul ilə hesablaşandan sonra Azərbaycana soxula bilərdi.

Xarəzmşahla bağlanan müqavilədə Xarəzm şahı Qütlüğün Azərbaycan taxt-tacına malik olacağını öhdəsinə götürmüşdü.

Toğrul ilə Azərbaycan arasında olan ixtilafa baxmayaraq, azərbaycanlılar köhnə və milli hüdudu müdafiə etmək üçün Toğrula kömək vermək və əcnəbi hücumunu dayandırmaq məsələsini müzakirə edirdilər. Lakin Toğrul azərbaycanlıların bu təklifini tamamilə düşmən bir fikir hesab etdiyi üçün qəbul etmədi. Bu təklifdən sonra Toğrul düşmənə qarşı qoya biləcəyi qüvvətin mühüm bir hissəsini İraq cəbhəsindən götürüb Azərbaycan sərhədinə gətirdi.

Fəxrəddin məmləkətin qorxu altında qaldığını hiss edərək, Toğrulun əlində olan məmləkətləri müdafiə etmək üçün əlindən gəldiyi qədər çalışırdı. Lakin Toğrul yenə də öz inadında davam edirdi.

Nəhayət, Xarəzm və Rey orduları hüdudu keçdiyi zaman, Fəxrəddin Toğrula belə bir məktub göndərdi:

“Məmləkət qorxu altındadır. Xarəzmdən və Reydən üzərinə yürüyən orduların öhdəsindən gələ bilməyəcəksən. Çünki sənin güvəndiyin orduda bir nəfər də olsa səmimi dostun yoxdur. Düşmənin buna inandığı üçün də sənin üzərinə yürüyür. Sənin əlində olan məmləkətin düşmən əlinə keçməsi bir neçə günün işidir. Bizim əlimizdə olan vəsiqələrə görə, xəlifə Ənnəsiraddinbillah Sultan Təkişin Rey və İraqın üzərində hökmranlığını təsdiq etmişdir. İş-işdən keçmişdir. İnadı burax! Azərbaycan xalqının qanları və qurbanları bahasına alınmış məmləkətlərin düşmən əlinə keçməsinə razı olma. Sən bu selin qarşısında dura bilməyəcəksən. Sən bizə inan, sərhəddi aç, qoy Azərbaycan qoşunu gəlib düşməni məmləkətdən qovsun. Biz hazırda sənin əlində olan torpaqları sənin üçün müdafiə etməyə and içirik”.

Toğrul Fəxrəddinin məktubunu alandan sonra öz vəziri şair Kəmaləddinlə məsləhətləşdi. Kəmaləddin Fəxrəddinin məktubunu oxuyub güldü və:

– Azərbaycanlılar böyük bir məmləkəti quru bir məktubla işğal etmək istəyirlər, – dedi.

Toğrul Fəxrəddinə verdiyi cavabında:

“Mənim üçün şimaldan gələn dostlar, şərqdən və şimal-qərbdən gələn düşmənlərdən daha qorxuludur” – deyə yazdı.

Nəsihətlər fayda vermədi. Müharibə başlanmışdı. Şəhərlər bir-bir düşmən əlinə keçirdi. Lakin Toğrul öz eyş-işrətində davam edir və cəbhələrin müdafiəsi ilə məşğul olmurdu. Düşmən onun, içində olduğu paytaxtın qapılarını döyməyə başladı.

On birinci gün nahar yeməyindən sonra Toğrul həddindən artıq sərxoş idi. Yumşaq balışlara söykənib şərab içir və rəqqasələrin titrək göbəklərinə tamaşa edirdi.

Sərkərdə içəri girib baş endirdi:

– Düşmən Rey darvazasından şəhərə soxuldu, müharibə Atabəy meydanının ətrafında gedir, – dedi.

Musiqi dayandı, içi şərabla dolu piyalələr yerə qoyuldu, rəqqasələr yerlərində buzlayıb durdu, hökmdarın taxtının ayağındakı məxmər döşəklərin üstündə sərilib oturan cariyələrin göz bəbəkləri dondu, hər kəs hökmdarın ağzına baxırdı.

Nəhayət, hökmdar səsləndi:

– Atımı və silahlarımı gətirin! – dedi.

Salon boşaldı, yarım saatdan sonra hökmdarın xasə alayı onu təntənə ilə döyüş meydanına gətirdi.

Qütlüğ İnanc atını sürüb Toğrulun qarşısına gəldi. Toğrul atını məhmizləyərək meydanı dolaşdı. Qütlüğün üzərinə at saldı. Yəhərin üstündən ağır gürzü çıxarıb Qütlüğün başına endirmək istərkən, Qütlüğ atını geri sıçratdı. Gürz Toğrulun öz atının qoluna dəyib sındırdı, Toğrul atı ilə bərabər yerə yıxıldı. Toğrul qoşunundan heç bir kəs irəli gedib onu Qütlüğ İnancın əlindən almaq istəmədi. Qütlüğ atından enib qılıncını çəkdi.

Toğrul vəziyyəti belə görüncə sərxoşluqdan ayıldı və Qütlüğə yalvarıb dedi:

Ey Cahan pəhləvanının oğlu, mən bugünkü günün sultanıyam. Mərhəmət vaxtıdır, mənə aman ver!

Qütlüğ əlində qılınc onun başı üzərində durduğu zaman dedi:

– Ölüm gəldiyi zaman böyüklük tələbində olma! Bu müharibələrin səbəbi sənsən.

Qütlüğ İnanc bunları dedikdən sonra ona bir qılınc endirdi. Bir qılıncla böyük bir səltənətə nəhayət verildi. Qütlüğün əmrinə görə Toğrulun meyitini bir dəvənin üstünə atıb Sultan Təkişin hüzuruna göndərdilər, o isə Toğrulun cəsədini dəvənin üstündə görüncə gözlərinə inanmadı, səcdəyə düşüb şükür etdi. Nəhayət, Toğrulun başını kəsdirib Bağdad xəlifəsi Nəsiraddinbillaha göndərdi, meyitin özünü isə Bazar meydanında dar ağacından asdırdı.

Bu vəziyyəti görən məşhur şair Fazili Toğrulun ölümünə yazdığı bir rübaisində deyirdi:

Imruz, Şəha, zəmaneyi-diltəngist,
Firuzeyi-dəhr, hər zəman barəngist,
Dey ədsəri-tö ta befələk yek kəz bud
Imruz zisəri-ta bədənəş fərsəngist.

Müharibədə Sultan Toğrulun vəziri və nədimi Kəmaləddin şair də əsir götürülmüşdü. Onu Sultan Təkişin vəziri Nizamülmülk Məsudun yanına gətirdikdə Nizamülmülk dedi:

– Sənin mədh etdiyin, əzəmət və qüvvətinə dair böyük kitablar yazdığın qəhrəman Toğrul bu imiş?! O, Sultanın qoşununun qarşısında bir saat da olsa davam edə bilmədi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri