Nüsrətəddin özünü hər cəhətdən təmin olunmuş hesab edirdi. Məmləkətin hüdudlarında tam bir dinclik hökm sürməyə başlamışdı.

Qütlüğ İnanc Xarəzmşahın qüvvəsi ilə Toğrulun vücudunu aradan qaldırdıqdan sonra dörd dəfə Azərbaycana hücum etmişdisə də, dördündə də Qəzvin və Zəncan altında əzilərək, nəhayət, Xarəzmşah məmləkətinə qaçmışdı.

Xarəzm şahı Sultan Təkiş, son zamanlar Qütlüğ İnancla bağladığı müqaviləyə əməl etməyə bilərdi. Çünki Çingiz xanın zühuru xəbəri Orta və Yaxın Şərqi bir-birinə vurmuşdu. Şərq hökumətləri məmləkətlərinin hüdudlarını genişləndirməklə yox, möhkəm etməklə məşğul olurdular. Artıq məmləkətlərin sərhədləri hər ay başında dəyişmirdi.

Buna görə də Azərbaycan və onun qoşunları, məmləkətlərini bərpa etməyə, xarabalıqları düzəltməyə və yığılmış mədəniyyəti yenidən qurmağa başlamışdılar.

Hazırda Nüsrətəddin özünü ən xoşbəxt bir hökmdar hesab edirdi. O xalqı sevir, xalq da onu sevirdi. Bütün Azərbaycan xalqı:

“Hökmdarımız yabançı deyil, öz bacımız oğludur! – deyə fəxr edirdi. Nüsrətəddini ikinci bir xoşbəxtlik də istiqbal edirdi. Onun gənc mələkəsi gözəl Təliə ikicanlı idi, yaxın günlərdə doğacaq idi. Təbriz isti olduğuna görə hökmdar öz ailəsi ilə Ucan yaylasına köçmüşdü.

Axşam idi, hökmdar öz gənc mələkəsi ilə Eldəniz qəsrinin uca balkonunda oturub Səhənd dağından tökülərək yaşıl bağçalıqların qoynuna girən həyəcanlı suların səsini dinləyirdi. Təliə bu zəngin mənzərəni bir neçə dəqiqə gözdən keçirərək:

– Təbiət nə gözəl şeydir! – dedi. – Dünyada xoşbəxt yaşayaraq bu təbiətə bol-bol baxmaqdan da qiymətli bir şey vardırmı?!

Hökmdar gənc qadının cavabında:

– Təbiəti gözəlləşdirən bir çox şeylər vardır. Onların birisi də sənsən, mənim gözəl qadınım! Mənim xoşbəxtliyimin qiymətli dəqiqələri sənin gözlərinə baxdığım dəqiqələrdir. Yaxın günlərdə sən mənim xoşbəxt sarayıma bir dəstə çiçək də əlavə edəcəksən. Eldəniz xanədanının davamı sənin mənə hədiyyə verdiyin o çiçəklə başlanacaqdır.

Hökmdarın bu sözlərindən sonra gənc Təliə dodaqlarını hökmdarın dodaqlarına yaxınlaşdırmaq istərkən diksindi və yıxılmaq istərkən, hökmdar onu tutub qolları arasına aldı.

Gənc Təlienin boğazına sancılan oxu qabaqdan çəkib çıxarmaq mümkün olmadı. Daldan çəkib çıxardılar. O danışa bilmədi, bir kərə gözlərini açıb hökmdarın üzünə baxıb ağladı və gözlərini həmişəlik olaraq yumdu. Hökmdar bir kərə ah çəkərək:

– Görəsən dünyada məndən də bədbəxt bir adam vardırmı?! – dedi.

Hökmdar Ucan yaylasının mühasirəyə alınması və heç bir kəsin kənara buraxılmamasına əmr verdi.

Saray bir-birinə dəymişdi. Hökmdar, Təlienin başını qolları arasına alıb ağlayır və ancaq:

– Təliə, bir daha gözlərini açıb mənə bax! – deyirdi.

Qoşun dəstələri Ucan yaylasının altını üstünə çevirdilər, heç bir kəsi ələ keçirə bilmədilər.

Bir çoxları bu oxun bir düşmən tərəfindən atıldığını zənn edirdi. Onun təsadüfi bir ox olduğunu qeyd edənlər də var idi. Hər nə səbəb olursa olsun, Təlienin bu faciənə ölümünü hökmdar bir an da olsa unuda bilmirdi. O, yalnız cümə axşamları deyil, hər gün Təlieni xatırladığı zaman, Sürxab qəbiristanına gəlib bir neçə saat Təlienin qəbri yanında oturub ağlayır və dərdinin çəkilməz bir dərd olduğunu qəbir daşına danışıb evə qayıdırdı.

Payızın soyuqları başlamışdı, qar yağışla bərabər yağırdı. Hökmdar sarayın pəncərəsində oturub bağçaya baxırdı. Təbrizin üfüqləri hökmdarın qəlbi qədər kədərli idi. Yuxarıdan ağacların üzərinə düşən hər damcı, bir yarpağı qoparıb yerə salırdı. Qanadları islanmış bülbül-lər qardan və yağışdan qorunmaq üçün o budaqdan bu biri budağa qaçırdılar.

Pəncərənin qabağındakı ağacda qalmış heyvalar bir hicran xəstəsinin çöhrəsi kimi baxanları kədərləndirirdi.

Hökmdar daima payız havasından məmnun qalmazdı, o bu kimi havalarda özü üçün bir məşğuliyyət axtarardı. O, birdən-birə heç bir tərəfə dönmədən səsləndi:

– Təliə, dur gətir “Şərəfnamə”dən mənim üçün hind qızının dastanını oxu! – dedi və Təlienin öldüyünü xatırlayaraq hönkür-hönkür ağladı.


Xidmətçilər silahlandılar, hökmdarın yanınca qəbiristana tərəf yola başladılar. Qaranlıq düşürdü. Küçələrdə heç bir kəs yox idi. Onlar söyüd ağaclarının altı ilə keçib Sürxab qəbiristanına girdilər. Qəbiristanın üməra dəfn edilən tərəfinə getdilər. Yenə xidmətçilər adətləri üzrə kənarda durdular, hökmdar isə Təlienin məqbərəsinə daxil olub onu salamladı, hər gündə olduğu kimi onun kefini soruşdu və “mənim körpəm necədir?” – deyərək şiddətlə ağladı. Sonra da Təlienin sevdiyi çinli kənizin dastanını oxumağa başladı.

Hökmdar adət etdiyi nümayişlərin hamısını həyata keçirdi, son adət isə, ağladıqdan, danışdıqdan, Təlienin körpəsinin kefini xəbər aldıqdan sonra yarım saat qədər oturub qəbrə baxmaqdan ibarət idi. Çünki daima Təliə yatdığı zaman hökmdar onun yatağının yanında oturub ona tamaşa etməyi sevərdi.

Hökmdar sakit oturub qəbrə baxırdı, lakin gözlərini yummuşdu, o, xəyalında Təlienin torpaq altında yatdığını görürdü. Onun qulağı bir səs eşitdi. Bu, qarşıdakı məqbərədən eşidilən bir kişi səsi idi, o ağlayır və üzərinə yıxıldığı qəbir ilə danışırdı:

– Sən məni xoşbəxt etmək üçün öz həyatını qurban verdin. Lakin mən hazırda dünyanın ən bədbəxt bir adamıyam. Vaxtilə mən böyük bir məmləkətə sığışmırdım, indi isə gecələmək üçün isti bir bucaq tapa bilmirəm. Mehriban ana, aç qollarını məni qucaqla! Artıq həyat mənim üçün ölümdən acıdır.

Hökmdar başını qaldırıb səs gələn tərəfə baxdı. Səs gələn məqbərənin qapısında aşağıdakı yazıları oxudu:

“Haza qəbri Qətibə bintü Əmir İnanc”.

Hökmdarın dünyası dəyişdi, öz-özünə sual verdi:

“Əcəba, Qətibənin qəbrində bu sözləri kim danışa bilər?! Onun Qütlüğdən başqa bir oğlu vardırmı?”

Hökmdar bunları dedikdən sonra məqbərəyə tərəf irəlilədi, Qətibənin məqbərəsinə girdi, qəbrin üstündə zəif, üstü-başı tökülmüş və baş-gözünü tük basmış çox çirkli bir adam gördü. O həm ağlayır, həm də soyuqdan titrəyirdi. Hökmdar ona çox diqqətlə baxdı, o başını qaldırıb hökmdarı gördüyü zaman həyəcanla yerindən qalxdı və titrək bir səslə soruşdu:

– Məni öldürməyəmi gəldin?! – O, qəti bir vəziyyət alaraq dedi: – Bir zaman mən dirilik üçün bir çoxlarının diriliyini əlindən aldım, indi isə ölüm tələb edirəm: öldür məni!

Hökmdar qardaşını tanıdı, başını aşağı salıb yavaşdan:

– Qardaşımsan, birinci kərə müharibə meydanında, ikinci kərə qəbiristanda görüşdük! – dedi.

Hökmdar bu sözləri deyib məqbərədən çıxdı və xidmətçiləri çağırıb:

– O məqbərədə duran adamı götürüb saraya gətirin – dedi və saraya qayıtdı. Gecə saat on ikidə xidmətçini çağırıb məqbərədən gətirilən adamın hüzuruna gətirməsinə əmr etdi.

Hökmdar düşünürdü. İllərdən bəri hökmdarlıq arzusu ilə bütün məmləkəti rahatsız edən, minlərlə qanların tökülməsinə səbəb olan, hətta onun sevimli Təliəsini məhv edən Qütlüğ İnanc onun əlinə düşmüşdü. Düşünürdü, onunla nə cür rəftar etmək barəsində düşünürdü.

Qütlüğ İnancı gətirdilər. Hökmdar onu başından ayağına qədər diqqətlə gözdən keçirdi və fikirli bir tövr alaraq:

– Otur, otur, pəhləvan, ayaq üstündə durma! – dedi.

Qütlüğ İnanc oturdu, gözlərini hökmdarın ağzına dirəyib nə deyəcəyini gözləyirdi. Nəhayət, hökmdar ona sual verdi:

– Nə üçün Təbrizə gəldin?

– Rica edirəm istintaq uzun çəkməsin, nəticədə mənim cani və təqsirkar olduğum meydana çıxacaqdır. Əmr edin mənim cəzamı versinlər, başıma gələnləri danışmağa taqətim yoxdur, xəstəyəm, həm də...

Hökmdar onun ac olduğunu anladı və sual verdi:

– Acsanmı?

– Acam, neçə gündür ki, sudan başqa dilimə bir şey dəyməmişdir.

– Nə üçün yeməmişsən?

– Özümdə bir şey yoxdu, dilənməyi isə şərəfimə sığışdıra bilmədim. Qoy tarixdə deməsinlər ki, Cahan pəhləvanın oğlu bir qarın çörəkdən ötrü qapı-qapı gəzib dilənirdi.

Hökmdar bu sözdən sonra hönkür-hönkür ağladı və xidmətçiyə əmr verdi:

– Yemək gətirin! Şam yeməyini bir yerdə yemək istəyirm.

Hökmdar Qütlüğü danışdırmırdı. Onun taqətsiz olduğunu hiss edirdi.

Yemək süfrəsini saldılar, cariyələr içəri girib xidmət etməyə başladılar. Hökmdar əvvəlcə özü süfrənin başına gələrək Qütlüğü səslədi:

– Süfrənin başına gəl. Sən hər nə olursan ol, yenə də Eldəniz xanədanının üzvlərindənsən. Bu süfrə sənin üçün yabançı süfrəsi deyil, bu mirasda sənin haqqın vardır, – dedi.

Qütlüğ İnanc süfrənin başına gəlib bir qədər yedi və yenə də çəkilib bir tərəfdə oturdu. Hökmdar süfrədən çəkildi və Qütlüğə müraciətlə:

– İndi danış görüm! – dedi.

Qütlüğ söhbətə başlayaraq başına gələnləri danışdı:

– Xarəzmşah Əlaəddin Təkiş və İraq məmləkətlərinə sahibləndikdən sonra öz müqaviləsinə əməl etmədi. Mən son dəfə Qəzvin altında məğlub olub çəkiləndən sonra acıqlandı və dedi: mənim Azərbaycan sərhədlərində qırdırmaq üçün artıq adamlarım yoxdur!

Mənim sarayda qalıb əlverişli bir zaman gözləməyimi təklif etdi. Yalnız mənə deyil, ümumiyyətlə Sultan Təkiş sarayında yaşayanlara hörmət qoyulmurdu, çünki bizim kimi adamları müəyyən bir zamanda istifadə etmək üçün sarayda yedirib saxlayırdılar. Lakin Çingiz xanın Orta Asiyada görünməsi Sultan Təkişin təzə məmləkətlər əldə etmək

fikirlərini darmadağın etdi. Zənnimcə, buna görə də Sultan Təkiş istifadə üçün sarayda saxladığı bir çox adamları saraydan çıxarıb xüsusi binalarda və karvansaraların hücrələrində yerləşdirdi.

Bu kimi adamların yaşaması üçün buraxılan təxsisat çox az idi. Başqalarına nisbət mənim vəziyyətim olduqca çətin idi. Çünki mənim himayəmdə bir çox adamlar da var idi. Onları da yaşatmaq lazım idi. Son zamanlar sultan tərəfindən bizə buraxılan təxsisatı kəsdilər. Yaşadığımız binaların kirayəsini hökumət öz öhdəsindən atdı. Nəhayət, biz öz şeylərimizi satıb yaşamağa məcbur olduq. Mən bir neçə ayın içərisində tamamilə yoxsullaşdım, himayəmdə olanların da hər biri dağılıb bir tərəfə getdi. Mən özüm də uzun müddət o şəhərdən bu şəhərə köçdüm. Mərvdə, Nişapurda, Cacərm və Bəstamda illər uzunu səfil və sərgərdan dolaşdım.

Nəhayət, bir daha öz iqbalımı sınamaq üçün Azərbaycana qayıtdım. Böyük ordular və minlərcə məncəniqlər gücünə ala bilmədiyim məmləkəti üzərinə tək başıma gəlməyə qərar verdim.

Silah olaraq bir kamanım, tək bircə dənə də oxum qalmışdı. Son ümidim o kamana gəlirdi. Onu satmadım, çünki o kamanı rəhmətlik atam öz əli ilə mənim çiynimə salmışdı. Haman kamanla haman oxu götürüb Təbrizə gəldim. O oxu sənə atmağa and içmişdim. Səni Təbrizdə tapmadım. Ucan yaylasına gəldim. Sənin yaşadığın qəsrin qabağındakı xarabada gecələdim. Sənin hər axşam köşkdə oturub Səhənd dağlarına tamaşa etdiyini öyrəndim. Kamanı düzəldib özümlə bərabər gətirdim, son oxumu sənə atdım, lakin bədbəxtənə öz bədbəxt xalamı məhv etdim.

Hökmdar onun sözünü kəsərək:

– Xalanı məhv etdin, eyni zamanda məni də məhv etdin! – dedikdə, Qütlüğ:

– Sən də məni məhv et. Rica edirəm məni bu səfil həyatın əlindən qurtar. Mən çoxlarını öldürmüşəm, ölümü asan bilirdim, lakin özümü öldürmək üçün cəsarətim çatmır.

Hökmdar bir az düşündükdən sonra:

– Səni iki səbəbə görə öldürməyəcəyəm, – dedi. – Əvvəla, səni hazırkı zamanda öldürmək, sənə yaxşılıq etməkdir. Sən bu yaxşılığa layiq deyilsən. İkincisi də, hökmdarlıq tarixində adımın qardaş qatili yazılmasını istəmirəm. İndi de görüm, səni Təbrizdə, kim evində saxlayırdı?

– Mən heç kəsin evində yaşamırdım, gecələri məqbərədə anamın qəbrində yaşayırdım.

– Kamanı kimə tapşırmısan? Onu satdınmı?

– Xeyr, satmamışam. Məqbərənin bir bucağında basdırmışam.

Hökmdar xidmətçiləri çağırıb əmr verdi:

– Bu sat gedib Qətibə xatunun məqbərəsində bucaqda torpağa basdırılmış kamanı tapıb bura gətirin.

Xidmətçilər getdilər. Hökmdar Qütlüğə tərəf dönüb dedi:

– Səni Ələnciq qalasına göndərəcəyəm. Orası Sultan Təkişlərin sarayında daha şərəflidir. Çünki orası zindan olsa da, öz vətənindir. Vətənin zindanı isə yabançıların sarayından şərəflidir.

Qütlüğ daha danışmadı. Başını aşağı salıb əllərinə baxmağa başladı.

Kamanı gətirdilər, hökmdar alıb onun üstündəki yazını oxudu:

“Cahan pəhləvandan oğlu Qütlüğə yadigar. Ox və kamanın qüvvəti qəlbin qüvvətindən asılıdır. Mehriban oğlum, bu kamanı dostuna yox, düşmənin qarşı işlətməlisən”.

Hökmdar kamanın üzərindəki yazını oxuyandan sonra Qütlüğə sual verdi:

– Sən atanın bu vəsiyyətinə sadiq qaldınmı?

– Xeyr, sadiq qalmadım. Mən hazırda onu gəzdirməyə səlahiyyətdar deyiləm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Fındıqsatan

Kazakların içərisinə intibahnamə paylamaq məsələsi müzakirə ediləcəkdi. Jenyanı axtarmaq və iclasa gətirmək lazım idi. Pavluşa bunun üçün Sabunçuya getmişdi. Jenyanı tapmamışdı.Vasya dedi:

6 dəq
Həqiqət meydana çıxdı

Jenyanın iştirak etdiyi siyasi dərnəyin rəhbəri dəyişilmişdi. Sibirdən təzəcə qayıtmış, gizli mətbəədə çalışan Katya dərnəyə rəhbər təyin olunmuşdu.Katya dərnəyə təyin olunandan bəri Jenya hər məşğələ zamanı ona cürbəcür suallar verirdi ki, bunların da dərnək məşğələləri ilə əsla əlaqəsi yox idi.

6 dəq
Çarşaflı qadın aradan çıxdı

1902-ci il sentyabrın ikisində, Bakı təşkilatının rəhbəri və gizli mətbəənin yekanə təşkilatçısı Lado Ketsxoveli və onunla bərabər bir çox rəhbər fəhlə tutuldu.Çar hökuməti min doqquz yüz ikinci ilin may nümayişindən aldığı təsirlər nəticəsində Bakı təşkilatı ətrafına toplananları ciddi təqib etməyə başladı və polis mühafizə şöbəsi sədri Lavrovun təlaşı sayəsində sosial-demokratların tutulmasına nail oldu.

4 dəq
İki mart nümayişi

1903-cü ilin yazı heç kəsin gözləmədiyi bir ruh yüksəkliyi ilə gəldi. Kütlələrin qəlbi fərəhlənir, hər kəs öz sözünü, öz tələbini mitinglərdə, nümayişlərdə deməyə həvəslənirdi. Bakı proletariatı 1903-cü ilin may nümayişinə mart ayından başlayaraq hazırlanırdı. Bakı proletariatının mart ayının 2-də olacaq nümayişi, may nümayişi üçün aparılan hazırlığın imtahanı demək idi.Mart ayının 2-də olacaq nümayiş üçün bütün fabrik-zavodlarda və müəssisələrdə hazırlıq aparılırdı. Vəzifələr fəhlələr arasında bölünmüşdü.

21 dəq

Başqa şairlərin şeirləri