Naxçıvan
Səhifə 1 / 5
Toğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.
Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.
Xalq bu təbliğatın təsirinə düşməyə bilməzdi. Doğrudan da səlcuqilərin son hökmdarı olan Toğrul öz zəifliyi üzündən tac-taxtı səlcuqilərin kölÉsi olan Eldənizə uduzmuşdu. Çünki Toğrulun atası Arslan şah öldüyü zaman məmləkətin hüdudları cənub və cənub-şərq qoşunları tərəfindən zorlanır və məmləkətin təqsim edilməsi məsələsi Bağdad xəlifəsi Müstərşidbillahın iştirakilə müzakirə edilirdi. O zaman Toğrul uşaq idi. Onun anası Türkan xatun tac-taxtının zavala uğradığını hiss edərək, sərkərdələrindən Eldənizi yanına çağırıb dedi:
“Sən bilirsən ki, mən kişi üçün yox, məmləkət üçün düşünürəm. Mənim ərimin ölümündən bir ildən də az keçir, yalnız Türkan xatun deyil, ən adi bir qadın belə bu az bir zamanda öz ərinin ruhuna qarşı ədalətsizlik göstərib ərə getmək istəməzdi.
Buna görə də mən də sənin təklifinə qarşı öz fikrimi demək istəyirəm. Mən sənin qadının olmağa razılıq verirəm. Sən də tac-taxtını mənim oğlum Toğrul üçün müdafiə etməyə söz verməli, bu barədə yazılı olmaq şərtilə mənə təminat verməlisən”.
Toğrul Gəncədən Təbrizə qayıtdıqdan sonra anası Türkan xatunla Atabəy Eldəniz arasında bağlanmış müqavilənin surətini çıxarıb şəhərlərdəki hakimlərə, ruhanilərə, vaiz və xətiblərə göndərdi.
Həmin müqavilənin bir nüsxəsi Gəncə hakimi və Gəncə xatibinə göndərilmişdi. Toğrul bununla yalnız Cənubi azərbaycanlıları deyil, eyni zamanda Şimali azərbaycanlıları Atabəy Məhəmmədin oğlu Əbubəkrin ətrafından dağıtmağa çalışırdı.
Gəncə küçələrində qışqıran carçılar.
“Hakim əmr edir ki, şəhər əhalisi Sultan SÉncər camesinə yığışsınlar, hey!” – deyə qışqırırdılar.
Küçələrdə car çəkildiyinə baxmayaraq, Gəncə hakimi eyni zamanda şəhərin nüfuzlu və məşhur adamlarına məktub göndərib məscidə dəvət etmişdi.
Cümə günü idi, məscid azğına kimi dolu idi. Xətib cümə namazını camaatla bərabər qılandan sonra minbərə çıxdı. O, xəlifə Nəsirəddinbillahın və Sultan Toğrulun adına xütbə oxuyandan sonra camaata müraciət edib danışdı:
– Xudavəndi-aləm hər əsrdə və hər qərinədə öz bəndələrini adil bir hökmdarın əlinə əmanət tapşırır. Hökmdar Allahın bəndələri ilə mərhəmət və ədalətlə rəftar etmədiyi zaman, xudavəndi-aləm də hökmdarlığı ondan alıb bir başqasına verir. Qərinələrdən bəri məmləkətimiz adil hökmdarların əlində deyildi. Eldəniz xanədanı öz verdiyi əhdi sındırıb, heç də səlahiyyətdar olmadıqları halda, tac-taxtı əlahəzrət Sultan Toğrulun əlindən almışdılar. Halbuki əlahəzrətin anası Türkan xatun Şəmsəddin Eldənizə ərə getdiyi zaman, Eldəniz bu səltənəti Toğrul və onun övladı üçün mühafizə edəcəyinə söz vermişdi.
Xətib bunları deyəndən sonra qoynundan Eldənizin Türkan xatuna verdiyi təminatı çıxarıb oxumağa başladı:
“Mən, Şəmsəddin Eldəniz, hüdudu şimalda Şirvan, cənubda Fars, İraq, qərbdə Musildən ibarət olan hökmdarlığı əlahəzrət Toğrulun özü və övladı üçün mühafizə etməyə və bir Atabəy olaraq səmimi xidmət göstərməyə əhd-peyman verirəm.
Mənim öz övladım əlahəzrət Toğrulun özünə və övladına xidmət etməyə və atabəylik vəzifəsini bitirməyə məcburdur”.
Xətib bunları oxuyandan sonra əlavə olaraq dedi:
– Təminat Şəmsəddin Eldəniz və Türkan xatunun öz əli ilə imzalanmış və xəlifeyi-ruyi-zəmin Müstərşidbillah tərəfindən təsdiq olunmuşdur.
Xudavəndi-aləmə çox şükür olsun ki, Allahın bəndələrinin qəlbində heç bir şəkk və şübhə qalmadı. Bu mühüm vəsiqənin vasitəsilə Eldəniz xanədanının qəsbkar bir xanədan olduğu və tac-taxtı başqalarından oğurladığı müsəlmanlara məlum oldu. Buna görə də islamın xəlişan-şərəfini qaldırmaq üçün Allah tərəfindən kömək edilən və xəlifeyi-ruyi-zəmin və əmirəlmöminin tərəfindən təsdiq edilən bayrağın ətrafına, yəni əlahəzrət Toğrulun və oğlu Məlikşahın ətrafına yığışmaq lazımdır.
Xətib sözünü bitirdi. Camaatın içərisindən:
“Doğrudur! Doğrudur! Yalan deyil ki?! – kimi sözlər çox az eşidilirdi.
Nizami Fəxrəddin və Əlaəddinlə bərabər bir tərəfdə oturub xətibə qulaq asırdı. O, Fəxrəddinə tərəf dönüb yavaşdan:
– Xətibə cavab verməmək onun fikri və razılaşmaq kimidir, – deyərək ayağa qalxdı və danışdı:
– Toğrul bir az əvvəl Aranda olduğu zaman, hazırda xətibin vasitəsi ilə demək istədiyi sözləri demÉkdən qorxdu və yainki utandı. Xətib həzrətlərinin bizə oxuduğu təminat vərəqəsinin quru bir kağız olmaqdan başqa heç bir əhəmiyyəti yoxdur. Eldənizin belə bir təminat verməsi hər kəs üçün aydındır. Eldəniz övladı bu təminatı heç bir zaman pozmamışlar. Onlar heç bir zaman özlərini padşah elan etmədilər. Lakin onlar işdə göstərdilər ki, bir hökmdar olaraq Toğruldan daha adil, daha bacarıqlıdırlar.
Xətib həzrətləri öz sözlərində Eldəniz xanədanını tac-taxt oğrusu adlandırdı. Əlinə baxanda tac-taxtın özü əsasından oğurluq bir şeydir. Çünki onu heç kəs satmamış və heç kəs də pul verib onu almamışdır. Taxt və tac yaradıldığı gündən bəri onu bir hökmdar o biri hökmdarın başından qapmaqdadır.
Xətib həzrətləri onu bilməlidir ki, tacın və taxtın özündə heç bir qiymət yoxdur, qiymət onu daşımaqda olan hökmdarın bacarığındadır. Hazırda Toğrulun daşıdığı tac üçüncü kərədir ki, onun başından fırlanıb yerə düşür, zənn edirəm ki, yenə də düşəcəkdir. Çünki tacın ağırlığını çəkə bilən və tacın tələblərinə cavab verə bilən baş Toğrulda yoxdur və ola da bilməz, çünki biz Toğrulu lazımınca tanıyırıq.
Hökmdarlar ancaq xalqın iradəsini ifadə etdiyi zaman xalq tərəfindən təsdiq edilirlər. Toğrul isə bir neçə kərə taxta çıxıb yenə də düşmüş, lakin bu müddətdə xalqın işinə yaraya biləcək bir hökmdar olduğunu göstərə bilməmişdir.
Xalqımız hökmdarı tac-taxtı ilə yox, işi və ədaləti ilə tanımalıdır.
Nizaminin sözlərindən sonra xalq içərisindən:
“Doğru deyir! Doğru deyir!” – səsləri eşidildi.
Gözəl, vəliəhdin kədərlərini dağıtmaq üçün təsəlli verib deyirdi:
– Atandan və əmindən artıq ola bilməcəyəksən. Onların ikisi də qəhrəman və bacarıqlı hökmdarlardı. Lakin yaxalarını vaxtsız ölümün pəncəsindən qurtara bilmədilər. Onların həyatı müharibələr, qiyamlar, üsyanlar içərisində sürtülüb məhv oldu. Onlar dünyada adi bir kəndli qədər də rahatlıq görmədilər. Sən görürsən ki, özü heç bir şeydən ibarət olan taxt-tac, çox baha qiymətə mal olur. Atan və əmin bunlar üçün öz canlarını verdilər.
Vəliəhd kədərli başını qaldırıb ah çəkdi və anasının üzündən öpərək:
– Bunların hamısı doğrudur, – dedi. – Məni kədərləndirən əsas məsələ atamın və əmimin bu məmləkət uğrunda canlarını verdikləri və nəticədə tac-taxt oğrusu adlandırılmalarıdır.
– Sən Toğruldan maaş alan beş-üç nəfərin dediklərini deyil, böyük bir xalqın və böyük bir şairin dediklərini nəzərə almalısan.
Bu halda Təliə içəri girdi. Gözəl onu kədərləndirməmək üçün söhbəti dəyişdi, lakin onsuz da Təliə kədərli idi. O, xətibin SÉncər camesində dediyi sözləri eşitmişdi. Gözəl, Təliənin dodaqlarından öpərək dedi:
– Gəncə artıq istidir, sizi kəndə köçürmək üçün gəldim, bir-iki ay Çobanqayada yaşayarsınız. Sən bizim elin yaylağını görməmisən. Orada başqa bir həyat vardır. Həm də tarixi bir yerdir. Ora bizim babamızın tapıldığı dağdır.
Gözəl Çobanqaya dağının tarixi haqqında uzun-uzadı təfsilat verdi. Təliə, doğrudan da, yayı Çobanqaya dağında keçirməyi qərara aldı. Lakin vəliəhd heç bir söz danışmırdı, o yalnız düşünür və evi dolaşırdı.
Gözəl, Nizaminin ailəsilə görüşmək üçün başqa otağa keçdi, vəliəhd ilə Təliə isə sakit-sakit bir-birinin üzünə baxırdılar. Nəhayət, vəliəhd Təliəyə yaxınlaşaraq soruşdu:
– Təliə, sən bir kəndli oğlunu sevim onunla yaşaya bilərsənmi?
Təliə qara və heyrətli gözlərini vəliəhdə tərəf çevirib soruşdu:
– O kəndli oğlu kimdir?
– Hazırda mən ən adi bir kəndli oğluyam. Hazırda məndən fəqir və yoxsul bir adam yoxdur. Mən hazırda anamın himayəsində və bir şairin qonaqlığında yaşamaqdayam.
– Sən bir hökmdar olmasaydın, səni daha artıq sevə bilərdim. Hərgah indiyə qədər ananızın himayəsində yaşadıqsa da, bundan sonra öz himayəmizdə yaşaya bilərik. Əcəba, biz işləmirdikmi? Başqaları ilə bərabər Püsəran kəndində vəzifəmizi bitirmirdikmi?! Şükür olsun, ikimiz də gənc, ikimiz də sağlam bədənliyik. Bizə heç bir şey lazım deyil. Mən ancaq səni sevirəm, buna görə də nə yoxsulluq, nə də zəhmətin ağırlığı məni qorxutmayır. Hər bir fikri başından at, qoy bu qeyli-qallı məmləkət Toğrulun özünə və oğluna qalsın.
Həyətdən Nizaminin səsi gəldi, Təliə o biri otağa keçdi. Nizami içəri girdiyi zaman Gözəl də otağa girdi. Nizami ondan kəndin vəziyyətini və qoca Canpoladın səhhətini xəbər aldı.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-naxcivan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yarəb! Sənə min şükr ki, dünyanı yaratdın,Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın.
İnsan yaradıbsanYa rəb, sənə min şükr ki, insan yaradıbsan!İnsanları, rəbba, əcəb əlvan yaradıbsan!
Ramazan münasibəti iləGəlcək ramazan tazələnir köhnə şəriət,Ağzın qapayıb millət alır və’dəyi-cənnət,
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman: