Naxçıvan
Səhifə 2 / 5 · 20%
Gözəl bütün suallara cavab verəndən sonra nə üçün gəldiyini izah edərək dedi:
– Havalar isti keçdiyi üçün uşaqları və sizin ailənizi Çobanqayaya köçürmək üçün gəldim. Mümkün olsaydı, sizin özünüz də bir neçə ay o tərəfdə vaxt keçirərdiniz, oraya hər tərəfdən şairlər və alimlər gəlirlər. Siz də bir az orada qalın.
Nizami bir az fikirləşib:
– İstidir, lakin təəssüf edirəm ki, uşaqlar gedə bilməyəcəkdir. Onların qabaqda böyük və uzunvaxtlı səfərləri vardır, – dedi.
Gözəl də, oğlu vəliəhd də durub baxırdılar, səfərin nə kimi bir səfər olduğu barəsində soruşmağa cürət etmirdilər. Nəhayət, yenə də Nizami sükutu pozaraq dedi:
– Məmləkətimizdə hökumət başına keçə biləcək nüfuzlu və xalqın etimad edə biləcəyi şəxsiyyətlər yoxdur. Süni nüfuz və süni etimad vasitəsi ilə hökumət başına keçirilən adamlar idarə edəcəyi xalqın etimad və məhəbbətini qazana bilməzlər. Təzə bir xanədan yaratmaq fikrinə tərəfdar deyiləm. Azərbaycanın qonşu hüdudlarında olan siyasi vəziyyətin bu fikrə imkan verməyəcəyini bilirəm. Daxili iğtişaşlar və Toğrulun sərxoşluğu nəticəsində yaradılan vəziyyət, Azərbaycan atabəyliyini Şərqdə ikinci dərəcəli bir hökumət dərəcəsinə gətirdi. Halbuki biz, xilafət məsələsi öldüyü zaman, daha da dirçəlməli idik.
Lakin hökmdarın zəifliyi və onun bir qadın əlində oyuncaq olması, bizi bu qədər əlverişli bir fürsətdən istifadə etməyə buraxmadı. Siyasi vəziyyətimiz xarablaşdıqca, vaxtı ilə bütün Ərq məmləkətlərini heyrətə gətirən mədəniyyətimiz də, dar bir çərçivə içərisinə sıxılıb sönməkdədir.
Vəziyyətin ağırlığı altında köhnələr əzilib aralıqdan çıxdı. Mücirəddinlər, Fələkilər, Əbülülə və Xaqanilər artıq yoxdur, onlar bizim bu qeyli-qallı mühitimizlə vidalaşıb getdilər.
Xalqı adi həyatına qaytarmaq üçün xalq ilə birlikdə işləyəcək möhkəm əllər lazımdır. Hərgah belə bir əli özündə hiss edirsənsə, Azərbaycan xalqı sənə kömək verməyə hazırdır.
Xalqın etimadını sənin ətrafında səfərbərliyə almağa söz veririk. Sənin arxanda duran qılınclar, şərq ölkələrində tanınmış qalib adamların əlindədir. Lakin qaliblərin arxalanması üçün möhkəm və sarsılmaz bir sütun lazımdır ki, o da hökmdardan ibarətdir. Sənin cürət və qəhrəmanlığınla tanışam, sən Qızıl Arslanın tərbiyəsi ilə böyüdün, buna görə xalqın iradəsi ilə işləyə biləcəyinə inanıram.
Vəliəhd Nizaminin fikrini biləndən sonra öz fikrini əlavə edərək danışdı:
– Hazırda cəmiyyət Toğrulun ətrafındadır, xalq öz zərərinə olsa belə, təzəliyi sevir. Məlikşahın Təbrizdə oturub Qızıl Arslanı əvəz etməsi Cənubi azərbaycanlılar üçün bir təzəlikdir. Bizim xanədanımızın ömrü bir əsrə belə çatmadı. Zamanın azlığına baxmayaraq iqbal dövrümüz sönməyə üz tutmuşdur.
Elə zənn edirəm ki, Toğrulun ətrafında yığılmış cəmiyyəti heç bir ahənrüba öz tərəfinə çəkə bilməz.
Nizami gülümsəyərək nəvazişkar bir surətdə vəliəhdə yanaşıb:
– Özünü şaşırma, hökmdarda mətanətli bir qəlb olmalıdır, – dedi. – Toğrulun bəlası da orasındadır ki, onun ətrafında yığılanların cərgəsində xalq yoxdur, xalq bizim tərəfimizdədir. Onun ətrafındakılar xalqın özü deyil, xalqın iqbalı üzərində alış-veriş edənlərdir.
Fəxrəddinlərin qılınclarının şəfəqi Yezdkürd qalasının bürcündən Araz çayı dalğaları üzərində əks etdiyi zaman, vəliəhd Toğrulun ətrafındakı alış-verişçiləri öz ayağının altında görəcəkdir. Hazırda səni təbrik edirəm, bu gün, Toğrulun təşəbbüslərinin əleyhinə olaraq Aran xalqı səni hökmdar elan etdi. Hazırlığını gör, yaxın günlərdə Naxçıvan şəhərinə hərəkət edəcəksən. Naxçıvanlılar bizimlə həmfikirdirlər. Onlar Eldəniz xanədanının dostlarıdır. Baban Eldənizin nüfuzu yenə də Naxçıvanda hökm sürməkdədir. Babanın dostları yenə də babana bəslədikləri hörməti onun qəbrinə də bəsləyirlər. Bu səfərdə böyük anan Möminə xatunun qəbrini də ziyarət edərsən.
Vəliəhd və anası Gözəl öz qulaqlarına inanmırdılar, eyni zamanda Nizaminin əsli olmayan bir məsələ haqqında danışmadığını da bilirdilər.
Nahar vaxtı idi, Gözəlin gəlməsi münasibətilə kiçik bir ziyafət tərtib edilmişdi. Ziyafətdə Gözəlin qardaşı Fəxrəddin, Dilşad, Əlaəddin və onun qadını Süsən iştirak edirdilər.
Təliə yemək otağına girdiyi zaman, Nizami onun saçlarını sığallayaraq:
– Azərbaycan tac-taxtının gənc mələkəsini təbrik edirəm, – dedikdə ziyafətdəkilər Əbubəkri və onun qadını Təlini təbrik etdilər.
Günorta namazından sonra vəliəhd birinci kərə Gəncə məscidində göründü. O, Nizami və Fəxrəddinlə bərabər minbərin sağ tərəfində salınmış döşəklərin üstündə oturdu.
Məscidin içərisində təzə adamlar, xaricində isə bir çox silahlılar gözə çarpırdı. Hakimə məxsus döşəyin üstündə başqa hakim oturmuşdu, hətta xatibin döşəyinin üstündə də başqa bir xətib görünürdü.
Xalq, Toğrul tərəfindən Gəncəyə təyin edilmiş hakimlə bərabər, xətibin də Gəncədən sürgün edildiyini və yerlərinə başqalarının təyin olunduğunu bilmirdi. Nəhayət, xətib minbərə çıxıb xütbə oxudu və xütbəsində Toğrulun əvəzində Cahan pəhləvan Atabəy Məhəmmədin oğlu Əbubəkr Nüsrətəddinin adını çəkdi. Məscidə bir gurultu qopdu. Razı qalanlar və razı qalmayanların səsləri bir-birinə qarışmışdı. Bəziləri oturduğu yerdə, bəziləri isə ayaq üstündə olaraq xətibə tərəf dönüb qışqırırdı. Bu vəziyyət davam etdikcə vəliəhdin ürəyi çırpınırdı, o, bu məsələnin hazırlanmamış bir halda xalqa təqdim olunduğunu hiss edir və bunun fəna nəticəsindən qorxurdu.
Nizami bu qarmaqarışıq səslərin davam etdiyi zaman nə isə Fəxrəddinin qulağına pıçıldadı. Bundan sonra Fəxrəddin minbərin yanından ayağa qalxdı, bir neçə dəqiqə ayaq üstündə durub səs gələn və qışqırıqlar eşidilən tərəfləri gözdən keçirdi, qışqıranların kimlərdən ibarət olduğunu öyrəndi və sonra da əlini yuxarı qaldırıb “sakit olun” işarəsini verdi.
Bir anda səslər kəsildi, Fəxrəddin danışmağa başladı:
– Tək-tək adamlar öz iqbalının kimlərin əlində olduğunu yoxlamağa haqlıdır. Bu gün məsciddə qışqıranları tənqid etməyə heç kəsin haqqı yoxdur, razı qalan və razı qalmayanlar eyni dərəcədə haqlıdırlar. Həqiqətlər ancaq ixtilafların içərisindən süzülüb çıxandan sonra parlaya bilər. Hazırda tək-tək şəxslərin məsələsi deyil, böyük bir məmləkətin məsələsi həll olunur. Buna görə də heç bir kəsi sükuta məcbur etmək olmaz. Ən əvvəl mən xətib cənablarının Əbubəkr Nüsrətəddin haqqında oxuduğu xütbə ətrafında danışmaq istəyirəm.
Hazırda hökmdarlıqdan düşürülməsini qərara aldığımız Toğrulun həyat və fəaliyyəti burada oturanların heç birisinə gizlin deyildir. Toğrul idarəedicilik qabiliyyətinə malik olan bir adam deyildir.
Onu daima Eldəniz xanədanının üzvləri idarə edirdilər. Lakin, eyni zamanda; o başqaları tərəfindən də idarə olunmaqda idi.
Hələ Atabəy Məhəmmədin dövründən bəri o, Xarəzmşahın xəfiyyəsi Zəhirəddin Bəlxini və İran şairi Kəmaləddini öz yanında saxlayıb bizim iqbalımızı onların məsləhəti ilə həll edirdi.
Məmləkətin üzərinə başlanan hücumların səbəbləri yoxlandığı zaman, Toğrulun dəyərsizliyi bir daha meydana çıxmış olur. Toğrul öz xəyanəti ilə biz azərbaycanlıları bir neçə dəfə qanlı müharibələrə məcbur etmişdir. Biz bütün müharibələrdə qalib gəlmişik. Lakin onun bizdən gizlin olaraq düşmənlərimizlə başladığı münasibət yenə də bizi məğlub etdirmiş və tökülən qanların hədər getməsinə səbəb olmuşdur.
Hazırda böyük bir padşahlıq dağılmaq üzrədir. Rey məmləkəti Xarəzm şahı Sultan Təkişin əlindədir. Həmədanda iraqlılar hökm sürməkdədir. Fars ölkələri İran vətənpərvərlərinin əlinə keçmək üzrədir. Toğrulun özü isə Təbrizdə oturub öz məmləkətinin əleyhinə, bizim əleyhimizə təbliğat aparmaqla məşğuldur.
Bu vəziyyəti nəzərə alaraq sakit oturmağımız, məmləkətə qarşı tarixi bir xəyanətdir. Buna görə də mən, özlərini dəyərli və fəaliyyətli, idarəçi və çalışqan göstərə bilmiş Eldəniz xanədanından bir nəfərin hökmdarlığa təyin olunmasını təklif edirəm. O, Atabəy Məhəmmədin oğlu Əbubəkr Nüsrətəddindir. Vaxtilə vəliəhdliyini təsdiq etdiyimiz gəncdir.
Fəxrəddin bunu deyərək Əbubəkrin əlindən tutub ayağa qaldırdı. Bir neçə dəqiqə Fəxrəddinlə Əbubəkr ayaq üstündə durdular. Nə “hə”, nə də “yox” deyən var idi.
Nəhayət, Nizami vəziyyəti dəyişmək üçün ağaya qalxıb Əbubəkrin yanına gəldi və onun əlindən tutub məscid xalqına müraciət etdi:
– Əvvəlcə təzə hökmdara mənim özüm beyət edirəm! – dedi.
Nizamidən sonra Fəxrəddin, Əlaəddin və başqaları gəlib beyət etdilər. Beyət mərasimi gecə qaranlıq düşənə qədər davam etdi.
Gecə bütün şəhər bəzənmişdi. Küçələrdə, damlarda minlərcə məşəllər yanırdı. Hökumət dairəsinə məxsus meydandan yüzlərcə fişənglər göyə qalxır və təzə hökmdarın iş başına keçməsini Aran xalqına elan edirdi.
Hökumət dairəsində hökmdarın şərəfinə təntənəli bir ziyafət verilmişdi. Ziyafətdə Nizami də iştirak edirdi. Gecədən bir neçə saat keçmiş bir dəstə qoşun hökmdarı böyük şairin samanlı palçıqla suvanmış evinə müşayiət etdi.
Bir aydan bəri Şimali Azərbaycanın hər tərəfindən axıb Naxçıvana gələn qoşun dəstələri Yəzdkürd qalasının ətrafında qurulan çadırlarda yerləşirdi.
Araz çayının şimal tərəfindəki çəmənlərə baxıldığı zaman, hər tərəfdə sıra ilə ağ qanadlı kəpənəkləri xatırladan ağ çadırları görmək olurdu.
Atabəy qülləsinin başında vurulan qılınc və qələm nişanlı bayraq əsdikcə, Eldəniz meydanında yığılan minlərcə Naxçıvan xalqı da:
“Yaşasın Sultan Nüsrətəddin!” – deyə qışqırırdı.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-naxcivan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yarəb! Sənə min şükr ki, dünyanı yaratdın,Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın.
İnsan yaradıbsanYa rəb, sənə min şükr ki, insan yaradıbsan!İnsanları, rəbba, əcəb əlvan yaradıbsan!
Ramazan münasibəti iləGəlcək ramazan tazələnir köhnə şəriət,Ağzın qapayıb millət alır və’dəyi-cənnət,
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman: