Naxçıvan
Səhifə 5 / 5 · 80%
Lakin onlar nə qədər qəhrəman olsalar da, mübarizəni uzun müddət davam etdirə bilməyəcəklər. Çünki onlar rəhbərsizdirlər. Toğrul hələ Naxçıvan üzərinə hücuma başlamazdan əvvəl xalqın rəhbərlərini və iş bilən adamlarını həbs etdirmişdir.
Mən özüm də xəstə olduğum üçün, evimdə həbsə alınmışam. Təbrizə tecili surətdə kömək verməyiniz lazımdır.
Üsyançı kəndləri dağıtmaq üçün Həmədandan böyük məncəniqlər gətirilməkdədir.
Əlahəzrəti əmin edirəm, Şimali Azərbaycan atlıları Mərənd şəhəri altında görünən kimi, təbrizlilər üsyana başlayıb öz düşmənlərini qovacaqlar. Mən elə zənn edirəm ki, azərbaycanlıların Toğrula qarşı aparacağı bu mübarizə son mübarizə olacaqdır.
Əlahəzrətin nəzərinə bir şeyi də yetirmək istəyirəm ki, o da bundan ibarətdir:
İraqdan və Reydən aldığım xəbərlər olduqca qorxuludur... Şərqin hazırkı vəziyyəti Toğrul kimilərin tac-taxtı əlində saxlaması üçün əlverişli deyil.
Hazırda xilafətin bir Atabəy qədər də nüfuzu qalmamışdır. Onu bugünkü vəziyyətdə saxlamaq üçün qüvvətli bir əl lazımdır. Toğrulda isə elə bir əl yoxdur. Xəlifə o kimi qüvvətli əli Sultan Əlaəddindən və Xarəzm padşahından ummaqdadır. Toğrul uçuruma doğru sürüklənib gedir, ayıq olmaq lazımdır ki, o, məmləkəti də özü ilə bərabər uçuruma aparmasın. Təbrizlilər sizi böyük səbirsizliklə gözləməkdədir.
Təbriz, Şəmsəddin”.
Padşah qasidin istirahəti üçün əmr verdi. Otaqda bir Fəxrəddin, bir də padşahın özü idi. Padşah Fəxrəddinə sual verdi:
– Bu vəzifəni yerinə yetirə biləcəyikmi?
– Hər nə olursa olsun yerinə yetirməliyik.
– Ordun hazırdırmı?
– Hazırdır, hər ehtimala qarşı hazırdır.
– Sabah gecə Araz çayını keçmək lazımdır. Lakin hücum başlanacağını heç bir kəs bilməməlidir.
Fəxrəddin:
– Başım və gözüm üstündə! – deyib padşahla vidalaşdı.
Gecə çox qaranlıq idi. Göz-gözü görmürdü. Maku dağlarında oynayan qara buludlar Qızıl Vank dərəcəsinin şimalından Araz çayına tərəf yürüyən atlıların hərəkətini pərdələyirdi. Kişnəyən atların ağızları bağlanmışdı. Lakin bir-birinin dalınca şığıyan və ətrafı işıqlandıran ildırımlar Araz çayı kənarında başlanmış bu axını çox tez bir zamanda Toğrul ordusunun gecə qarovullarına xəbər verdi.
Bir anda Culfa burnundan Ərəblər kəndinə qədər otuz fərsəng məsafədə yerləşən Toğrul ordusundan şeypur səsləri və “düşmən gəlir” qışqırtıları eşidilməyə başladı. Toğrul ordusu ayağa qalxdı. Bir anda Araz çayının başı üzərində hakim olan dağlarda od yandırıldı, çayın keçəcək yerləri gündüz kimi işıqlandı. Çayın kənarına yığılmış tikan kollarına od vurdular.
Çay işıqlandığı zaman minlərcə Qarabağ və Aran atlılarının burnundan su fışqıra-fışqıra üzən atlarda çayın cənub sahilinə doğru üzdükləri göründü.
Bir anda qiyamət başladı. Gecənin qaranlığından istifadə edərək, Fəxrəddin çayın şimalındakı dağlarda böyük daşlar ata biləcək dörd yüzə qədər məncəniqin yerləşdirilməsində əmr vermişdi. Düşmən cənubdakı qayaların dalında yerləşib oxları yağış kimi çaydan keçənlərin üzərinə yağdırırdı. Lakin dörd yüz məncənəqin atdığı ağır daşlar qayaları Toğrul qoşunlarının başına uçururdu. Bir neçə dəqiqənin içərisində qalın toz təbəqələri Araz çayı ilə Toğrul qoşunları arasında geniş bir pərdə çəkdi. Gün çıxanda Fəxrəddinin on min nəfərdən ibarət olan birinci dəstəsi Araz çayını keçərək Culfa düzlərində yerləşmişdi. Toğrul ordusu Cəbbəxana və çadırlarını buraxıb dağınıq bir halda Xoy və Təbrizə tərəf çəkilmişdi.
Axşam saat dörd radələrində Nüsrətəddin böyük bir dəstə ilə Araz çayını keçib qərargaha gəldi və dərhal qoşunun kiçik dəstələrə ayrılaraq Təbrizə doğru hərəkət etməsinə əmr verdi.
Culfa düzündə böyük bir bayram nümayişi hiss olunurdu, Azərbaycan qoşununun çayı keçdiyini və Təbrizə köməyə getdiyini eşidən və bilənlər güllər, çiçəklər, qurbanlar və sair hədiyyələrlə bərabər Culfa düzünə yığılmışdılar.
Kəndlilər yaralıları sağaltmaq üçün öz evlərinə götürür və onların əvəzinə öz oğlanlarını orduya verirdilər. Kəndlilər Toğrul ordusunun dağılmış dəstələrini dağlardan, dərələrdən qoyun sürüsü kimi tutub padşaha təslim etmək üçün Culfa düzünə gətirirdilər. Padşah isə onların Naxçıvan və başqa şəhərlərə göndərilmələrinə əmr verirdi.
Qoşun yeyib-içəndən və oynayıb şadlıq edəndən sonra, Təbrizə tərəf hərəkət etmək əmrini aldı. Qoşun təbrizliləri qurtarmaq üçün istirahət etmədən at sürürdü. Axşam vaxtı Culfa düzündən hərəkət edən ordu, sabah gün çıxan zamanı Mərənd şəhərini mühasirə etməyə başlamışdı. Lakin şəhərin mühasirəsinə lüzum görülmədi, çünki Azərbaycan qoşununun şəhərə yaxınlaşdığını eşidən mərəndlilər dərhal üsyan edib, Toğrulun qoşunlarını qırmış və hakimlə bərabər bir çoxlarını həbsə almışdılar. Şəhər xalqı musiqi və şadlıq nəğmələri ilə Azərbaycan ordusunu qarşılayıb həbsə alınmış hakimi və əsirləri təqdim etdilər. Fəxrəddin isə onlara razılıq edib hakimin və əsirlərin qərargaha göndərilməsinə əmr verdi.
Bir neçə saat istirahətdən sonra qoşun Təbrizə doğru hərəkət etdi. Ordu Sofiyan kəndinə çatdığı zaman, Təbrizdən qaçanlar Fəxrəddinin yanına gəlib şəhərdə dəhşətli qırğınlar davam etdiyini xəbər verdilər. Qaçqınların göstərişinə görə Qara Məlikin üsyançı dəstələri təslim olmaq təklifini rədd etdiklərindən və Təbriz xalqının bu üsyana qoşulduğundan acıqlanmış Toğrul, Təbriz xalqının qətl və qarət olunmasına əmr vermişmiş. Dörd gündən bəri Toğrul qoşunu ilə Təbriz xalqı arasında qanlı müharibələr gedirmiş.
Fəxrəddin orduya iki saatlıq istirahət verdi. Culfadan hərəkət etmiş ikinci və üçüncü dəstələr də Sofiyan kəndinə yanaşdı. Axşam qaranlıq düşəndə Təbrizdən Sofiyan tərəfinə güclü qoşun dəstələrinin hərəkət etdiyini xəbər verdilər. Yarım saat keçmədən İraq atlıları Alver və Sofiyan tərəflərində görünməyə başladılar.
İki qalın toz təbəqəsi bir-birinə yaxınlaşırdı. Ancaq Qarabağ və Aran atlarının şiş kimi duran quyruqları görünürdü. İgidlər isə oxdan qorunmaq üçün şiddətlə yürüyən atların böyrünə yatmışdı. Atlar burun-buruna toxunmaq istədiyi zaman qılınclar qınından çıxdı.
Dörd saat davam edən qanlı müharibədə Azərbaycan ordusu iraqlıların müqavimətini sındırdı.
Fəxrəddin orduya verdiyi əmrində:
“Birinci növbədə Təbrizdən Qəzvinə gedən yollar əldə edilməlidir” – dedi.
İraqlılar döyüşə-döyüşə çəkilib Təbrizə girdilər. Gecə olduğuna baxmayaraq, şəhərin içərisində qızğın vuruşmalar gedirdi.
Günəş Ərkin dalından çıxıb Təbriz küçələrində tökülən günahsız qurbanları gözdən keçirdiyi zaman, on gündən bəri Toğrul qoşunu ilə döyüşməkdə olan Təbriz xalqı azad nəfəs alır və Şimaldan gələn qardaşları ilə öpüşür və salamlaşırdı.
Toğrulu və oğlu Məlikşahı tutmaq mümkün olmamışdı, çünki Sofiyan altındakı müharibəni itirəndən sonra Toğrul oğlu Məlikşah ilə bərabər Qəzvin tərəfinə qaçmışdı.
Təbriz alınandan iki gün sonra padşah Təbrizə gəldi. O, birinci növbədə Təbriz üsyanını başlayan Qara Məliki yanına çağırıb xələt verdi və:
– Yaşadığın məhəlləni sənin adınla adlandırıram! – dedi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-naxcivan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yarəb! Sənə min şükr ki, dünyanı yaratdın,Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın.
İnsan yaradıbsanYa rəb, sənə min şükr ki, insan yaradıbsan!İnsanları, rəbba, əcəb əlvan yaradıbsan!
Ramazan münasibəti iləGəlcək ramazan tazələnir köhnə şəriət,Ağzın qapayıb millət alır və’dəyi-cənnət,
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman: