Səhifə 3 / 5 · 40%

Eldəniz sarayının dişarı divarları qiymətli xalçalar, ipəklər və qumaşlarla bəzədilmişdi. Qapının başındakı kərənayxana səhər, günorta və axşamlar Eldəniz hökmdarlarına məxsus adət üzrə çalınırdı... Sultanın vəzirləri üçün xüsusi binalar hazırlanır, təmir edilirdi.

Toğrul, Əbubəkrin sultan elan olunduğunu və Naxçıvana böyük bir ordu yığışdığını eşidərək həyəcana düşdü. O, öz səhvini anladı, lakin gec idi. Səhvlər islah oluna biləcək səhvlərdən deyildi. Nəhayət o, çox götür-qoydan sonra Təbrizdən Naxçıvana bir heyət göndərdi. Heyət Ziyaülmülk körpüsündən şimal tərəfə buraxılmadı. Fəxrəddin heyət sədrinin məktubuna cavab olaraq yazırdı:

“Heyət qəbul etmək və hər hansı bir məsələ üzərində müzakirə aparmaq üçün vəkil edilməmişəm”.

Bu məktuba cavab olaraq heyətin göndərdiyi ikinci məktubda deyilirdi:

“Hərgah həşəmətli Fəxrəddin müzakirə aparmağa vəkil edilməmişdirsə, o zaman bizim Gəncəyə getməyimizə imkan yaratsın. Biz əlahəzrət Sultan Nüsrətəddinin özü ilə bəzi məsələləri həll etmək istəyirik”.

Lakin heyət bu təklifə də müsbət bir cavab ala bilmədi. Fəxrəddin bu təklifə verdiyi cavabında yazırdı:

“Gəncəyə getməyə lüzum yoxdur, əlahəzrət yaxın günlərdə Naxçıvana varid olacaqdır. Heyət gəldiyi barəsində məruzə edərik, hərgah icazə verərsə, heyətin Naxçıvana gəlməsi mümkündür”.

Heyət bu cavabı alandan sonra yenə də qayıdıb Ələmdar şəhərinə getdi, lakin Araz çayının cənub və cənub-şərq sahillərində qurulan çadırların sayı get-gedə artırdı. Toğrul hər ehtimala qarşı hazırlıq görür və silahlı qüvvə yığırdı. Sultan Nüsrətəddin Naxçıvana gələndən iki gün sonra Toğrul tərəfindən gələn heyətin Ziyaülmülk körpüsündən keçib Naxçıvana gəlməsinə icazə verdi.

Heyətin Toğruldan gətirdiyi məktubun üstü Fəxrəddinin adına yazılmışdı. Buna görə də Nüsrətəddin Fəxrəddini çağırıb məktubu ona tapşırdı. Lakin Fəxrəddin məktubu oxumaqdan və hökmdara izah etməkdən utandı, çünki məktub öz mündəricəsi etibarilə böyük bir ordunun sərkərdəsinə deyil, bir nəfər yol vurana və quldura yazılmalı bir məktub idi.

“Fəxrəddin!

Mən bilsəydim ki, Şərqin iqbalı bir şairlə bir Fəxrəddinin əlində oyuncaq ola biləcəkdir, çoxdan bu səltənəti sənin bacın oğlu Əbubəkrə təslim edərdim.

Hərgah sən və sənin rəhbərin olan şair bu cür düşünürsünüzsə, səhv edirsiniz. Çünki Şərqin müqəddəratını Aranda Sultan Sencər camesinə yığılan beş-on nəfər xəyalpərvər deyil, Bağdad saraylarında oturub bütün islam dünyasına hökm edən Əmirəlmöminin Ənnəsirəddinbillahlar həll etməlidirlər. Buna görə də islam dünyasında təzə qanların tökülməsinə imkan verməmək üçün sən də, sənin rəhbərin olan Şıx Nizamilər də bu məsələni xəlifənin hüzurunda müzakirəyə qoyub həll etməli idiniz.

Lakin siz islam qanununa, adət və ənənəyə riayət etmədən, vərasət qanunlarının əleyhinə olaraq Toğrulun başındakı tacı qapıb bir kəndli qızından doğulan gəncin başına qoymaq istədiniz. Lakin tac hər başda durmaz. Oğurluq tac bir gün altındakı başı da özü ilə bərabər apara bilər. Sən ağlını başına yığ! Bir nəfər uşağı dünyada öz nəcabət və əsalətini tanıtmış olan Səlcuq nəvəsinin qarşısına qoymaqdan utan. Sən qəhrəmanlıq adını daşıya-daşıya tanınmısan, qoca vaxtında bu şöhrəti ucuz satma, çünki onu bir daha qazanmaq və əldə etmək üçün ömrün kifayət etməyəcəkdir. Öz şöhrətini tamamlamaq üçün məmləkətlərimdən birisini götürüb idarə et! Sən o şairdən əl çək, onda bir yığın kağızdan başqa heç bir şey yoxdur. Yaxın zamanda onun özünü də, qaraladığı kağızlarla birlikdə yandıracağam. Mən sənə əmr edirəm ki, gətirdiyin qoşunları evlərinə qaytarasan. Mən heç vaxt sizin təyin etdiyiniz valiləri tanımayacağam. Hərgah bu tələblər yerinə yetirilməzsə, mən öz hüququmu qoşun gücünə müdafiə edəcəyəm”.

Toğrulun göndərdiyi nümayəndələr sakit-sakit baxırdılar, onlar məktubun cavabını gözləyirdilər. Lakin Fəxrəddin yenə də:

“Cavabı əlahəzrətin özü verməlidir” – dedi.

Heyət sədri isə hökmdara müraciətlə:

– Biz əlahəzrətin hüzurundan mürəxxəs olub, əlahəzrət Toğrulun hüzuruna nə kimi bir cavabla getməliyik? – dedikdə Nüsrətəddin də:

– Azərbaycan xalqı Toğrul ilə hər hansı bir məsələ üzərində müzakirə aparmaq üçün məni vəkil etməmişdir, – dedi.


Heyətin Təbrizə qayıtdığından on gün keçirdi. Toğrul tərəfindən göndərilmiş ikinci heyət Naxçıvana gəldi. Heyətin gətirdiyi ikinci məktubun mündəricəsi əvvəlki məktuba nisbətən yumşaq və soyuqqanlı bir surətdə yazılmışdı:

“Əziz qardaşımın oğlu!

Rəhmətlik qardaşım Atabəy Məhəmmədin bu məmləkət üzərində olduqca böyük bir haqqı var idi. Sən bilirsən ki, mən onun haqqını heç bir vaxt inkar etməmişəm. Sənin yaşın az da olsa, Eldəniz xanədanının tarixini çox yaxşı bilirsən. Eldəniz oğlanlarının heç birisi padşah olmamışdır. Onlar son günlərinə qədər mənim tərəfimdən və xəlifə tərəfindən təsdiq edilmiş atabəylik vəzifəsini bitirmişlər. Mən heç bir zaman bu vəzifənin Eldəniz xanədanı üzvlərinin əlindən alınmasına tərəfdar olmamışam. Hərgah qardaşımın oğlunun bir narazılığı varsa, o zaman bütün ailəmizin üzvləri bir yerə yığışıb narazılığın haqlı və ya haqsız olduğunu müzakirə edə bilərlər. Bu cür ixtilaflar qardaşımın sağlığında da bir neçə kərə baş vermişdi. Biz də yığılıb öz aramızda həll etmişdik. Bütün ixtilafları rəhmətlik anamız Türkan xatun həll edərdi. Bunun üçün də mən sənə iki təklif edirəm: onlardan birisi budur ki, məsələnin həllini yer üzünün xəlifəsinə və möminlərin əmirinə tapşıraq. İkincisi də, sən mənim və oğlum Məlikşah ilə bərabər məmləkətin idarəsində səmimiyyətlə iştirak elə! Hərgah son təklifə razısansa, o zaman sən Şimali Azərbaycanı, oğlum Məlikşah isə Cənubi Azərbaycanı idarə etməlidir. Bu qərarın üzərində sadiq qalmaq üçün hər üçümüz xəlifənin hüzurunda and içib imza verərik”.

Nüsrətəddin bu məktubu oxuyandan sonra, Toğrula belə bir məktub yazdırdı:

“Möhtərəm əmi!

Məmləkət adından danışmaq üçün səlahiyyətli olmayan tək-tək adamlarla müzakirə apara bilmərəm. Çünki Azərbaycan xalqı bu barədə məni vəkil etməmişdir”.

Toğrul bu cavabı alandan sonra, məsələnin ciddi olduğunu anladı. Nüsrətəddinə yazdığı üçüncü məktubunda bir daha güzəştə gedərək yazırdı:

“Araz çayı sərhəd olmaq üzrə sənin Şimali Azərbaycan hökmdarı olduğunu təsdiq edirəm”.

Lakin Toğrulun bu məktubuna da Nüsrətəddin: “Bu barədə müzakirə aparmağa vəkil edilməmişəm” – deyə cavab vermişdi. Məktub və müzakirələr nəticəsiz qalandan sonra hər iki tərəf silaha sarılmağa başlamışdı.

Toğrulun Şimali Azərbaycan sərhədinə yığdığı qoşun miqdarca Fəxrəddinin gətirdiyi ordudan bir neçə qat artıq idi. Buna görə də Toğrul Araz çayını keçib Şimali Azərbaycana girməyi o qədər də çətin bir məsələ hesab etmirdi.

Toğrulun qoşunu üç dəstəyə ayrılmışdı. Onlardan bir dəstəsi Cülfa kəndi qarşısından Araz çayını keçib Naxçıvana tərəf hücum edir, ikinci dəstə, Naxçıvanın qərb tərəfindən quruya çıxmağa çalışırdı.

Toğrulun üçüncü ordusu isə, Xuda Afərin körpüsünü keçib Qarabağa hücum edirdi. Toğrul orduları müvəffəqiyyətlə çayı keçib Naxçıvanı mühasirəyə almaq və Nüsrətəddini tutub Toğrulun yanına aparmaq əmrini almışdı. Qarabağ tərəfindən Naxçıvana hücum edən dəstə müvəffəqiyyət qazandığı zaman, Naxçıvanın mühasirəsi bitmiş olacaqdı. Əlaəddinin sərkərdəliyi altında Qarabağa göndərilən qoşun bir aylıq müharibədən sonra Toğrulun ordusunu qovub körpüdən cənub tərəfə keçirmişdi.

Culfadan keçən İraq ordusu Naxçıvan altına qədər irəliləyib Qızıl Vank monastırının altında Nüsrətəddinin şəxsən idarə etdiyi qoşunla vuruşurdu.

Dörd gecə və gündüz davam edən müharibə nəticə vermədiyi zaman Hüsaməddin atını irəli sürüb Nüsrətəddini müharibəyə çağırdı.

Nüsrətəddin qoşundan ayrılıb Hüsaməddinin qarşısına çıxdı.

Vuruşma yarım saatdan artıq çəkdi. Hüsaməddin qılıncla Nüsrətəddini əlindən yaraladı, lakin Nüsrətəddin özünü şaşırmayaraq əmudla Hüsaməddinin çiyninə vurub qolunu sındırdı və qaçmaq istərkən kəməndlə sarıyıb yəhərdən götürdü. İraqlılar nə qədər çalışdısa da, Hüsaməddini Nüsrətəddinin kəməndindən qurtara bilmədilər. Sərkərdələrini əsir görən İraq qoşunu dərhal geri qayıtdı, aranlılar onların arxasına düşüb döyə-döyə onları Araz çayına tökdülər.

Fəxrəddin qərb tərəfdən Naxçıvan altına qədər irəliləmiş düşmən ordusunu qismən qırıb, qismən də əmir götürdü.

Toğrulun ordusu məğlub olaraq cənuba çəkiləndən sonra dinclik başladı. Nüsrətəddin isə ordunun cənuba hücum etməsi üçün hazırlıq əmrini verdi.


Hüsaməddinin edam edilməsi üçün Gəncədən razılıq məktubu gəldiyi gün, Təbrizdən də Toğrul göndərdiyi elçi Naxçıvana gəlib Nüsrətəddinə məktub gətirmişdi. Toğrul öz məktubunda yazırdı:

“Məmləkət və vətən xainlərinin hiyləsinə aldanaraq öz vəlinemətinin üzünə qılınc çəkdin və minlərcə insan qanının tökülməsinə səbəb oldun.

Eşitdiyimə görə, Hüsaməddinin yaraları sağalandan sonra, həyatına sui-qəsd etmək xəyalındasan. Mən tökdüyün qanları sənə bağışlayıram, lakin Hüsaməddinin həyatını beş yüz min qızıl dirhəm müqabilində mənə sat, o müqəssir deyil, o, öz vəzifəsini bitirən bir əsgərdir”.

Nüsrətəddin yaza bilmirdi, əlindən yaralı idi, o, dayısı Fəxrəddini çağırıb Toğrulun məktubuna cavab yazmağı ona tapşırdı. Məktubda deyilirdi:

“Sən heç bir zaman bizim üçün vəlinemət olmamısan. Biləks, xanədanımızın qılınçları sayəsində böyük nemətlərə nail olmusan. Çünki sənin özün nemət əldə edə biləcək bir dəyərə malik deyilsən. Məmləkət və vətənini əcnəbilərə satmaqla öz başını saxlamaq istəyən bir adamın, başqalarına vətən xaini deməyə haqqı yoxdur. Hüsaməddini beş yüz min qızıl dirhəm müqabilində sizə verə bilməyəcəyəm. Çünki o, məmləkət və vətən xainidir. Onun edam edilməsi üçün Azərbaycan xalqı bir səslə qərar çıxarmışdır. Onun edam edilməsi günü, mələkənin Naxçıvana gəldiyi günə qədər təxirə salınmışdır”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri