Təzə hadisələr
Səhifə 1 / 4
Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.
Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.
Sultan Məsul Hərran şəhərində faciətən vəfat etdikdən sonra, yerinə oğlu Arslan şah keçər-keçməz Suriya səfərindən əl çəkərək İraq və Azərbaycan məmləkətini hədəfə aldı.
Toğrulun əlində olan məmləkətləri bölüşmək, xüsusən Azərbaycan məmləkətini Arslan şah məmləkətinə ilhaq etmək üçün xəlifə ilə Arslan şahın tədbirli vəziri Mücahiddin arasında bir müqavilə bağlandı. Bu müqaviləyə görə Arslan şah Səlahəddin Əyyubinin yerini tutan Məlik Adil ilə sülh edəcək və Arslan şahın Suriya tərəfinə hücum edən ordusunu Həmədan və Azərbaycan üzərinə göndərəcəkdi.
Bu müqavilə olduqca müvəffəqiyyətli bir surətdə həyata keçdi. Arslan şah qızını Məlik Adilin oğluna verməklə aralıqda olan sərhəd ixtilafını tamamilə həll və təsviyə etdi.
Şəxsən xəlifənin özü Suriya ilə Musil arasında olan ixtilafın həllində ciddi iştirak etdi. Çünki o, Bağdadın burnunun ucunda başlanmış bu ixtilafı öz nüfuzu üçün ən qorxulu bir hadisə edirdi. Toğrul məmləkəti ətrafında çevrilən bu macəra Fəxrəddini rahatsız edirdi. Həmədan yenə də ecnəbi casuslarının yuvasına çevrilmişdi. Toğrul hələlik ki, paytaxta qayıtmamışdı. O özünün bir daha paytaxta buraxılacağına inanmırdı, çünki azərbaycanlılar hökumət təbəddülatı yaratmaq və vəliəhdi hökmdar elan etmək hazırlığını aparırdılar. Bu vəziyyəti nəzərə alaraq Fəxrəddin Nizamiyə göndərdiyi məktubunda yazırdı:
“Möhtərəm dostum! Biz azərbaycanlılar əldə etdiyimiz son qələbə nəticəsində, Bağdad və Rey məsələsini həll edilmiş bir məsələ kimi zənn etməliyik.
Xəlifə ilə Arslan şah arasında bağlanan müqavilənin surətini əldə etdiyimdən, onu məktubla bərabər sizə göndərirəm.
Xəlifə hazırda Toğrulun bir siyasət adamı kimi səhnədə davam edə bilməyəcəyini yəqin etdiyindən, Arslan şahı müqtədir bir hökmdar kimi siyasət səhnəsinə çıxarmağa çalışır. Xəlifə Həmədandan başlayaraq Şirvan və Gürcüstan hüdudlarına və oradan da İraq və Kirmana qədər uzanan böyük bir məmləkəti Arslan şahın məmləkətinə ilhaq etməyə qərar vermişdir.
Bunları nəzərə alaraq mən Azərbaycan daxilində hökumət təbəddülatı yaratmağı vaxtsız hesab edirəm. Biz bu fikri bir qədər geriyə atmalıyıq, çünki Toğrulun bizim tərəfimizdən hökumət başından qovulduğu şayiələrini əlində bəhanə edənlər həddindən artıqdır. Hazırda paytaxtın padşahsız olduğu xəlifənin əlinə böyük bir bəhanə vermişdir. O, Həmədana göndərdiyi nümayəndəsi vasitəsilə bizə verdiyi sifarişdə: “Paytaxtın padşahsız olması Bağdad dairələrini düşündürməyə bilməz” – deməkdədir. Mən bunu nəzərə alaraq Toğrulun hələlik paytaxta gətirilməsini məsləhət görürəm.
Lakin Şəmsəddin, paytaxtın Həmədandan Təbrizə köçürülməsini məsləhət görür. Məncə bu fikir olduqca zərərli bir fikirdir. Məncə Həmədanı itirmək, Cənubi Azərbaycanı itirməkdir.
Araz çayının aralıqda hayıl olmasına baxmayaraq, Təbriz şəhərini Cənubi Azərbaycan hesab etmək olmaz, çünki, Təbriz bütün mənasilə Şimali Azərbaycandır.
Odur ki, biz Həmədan şəhərini Cənubi Azərbaycanın paytaxtı kimi müdafiə etməliyik. Paytaxtı Həmədandan Təbrizə köçürmək, Həmədanı xəlifəyə bağışlamaq kimidir.
Əyyubilərin Arslan şahla barışması, Musil atabəylərinin mövqelərini möhkəmlətdi. Onlar yaxın bir zamanda atlarını Maşanrud çayında suvarmaq istəyəcəklər.
Musil atabəyləri Cənubi Azərbaycana girmək üçün hər bir şeyi hazır etmişlər. Onlar orada ciddi iş aparırlar.
Möhtərəm şair, məsələni vəliəhdə qandırmalıdır. Toğrulu, müvəqqəti olaraq taxta qoymaq, vəliəhdin işdən gotürülüb tac-taxtdan məhrum edilməsi kimi mənə edilməməlidir. Hazırda məmləkətdə baş verən dedi-qoduları dağıtmaq üçün, Toğrulu paytaxta gətirməkdən başqa bir çarə ola bilməz.
Bağdad bizim lehimizə olsa belə, yenə də onun nüfuzu və himayəsi bizi bu təhlükədən qurtara bilməz.
Xəlifənin özü də hökumətləri bir-birinin əleyhinə qaldırmaqla başını saxlamaqdadır.
Hazırda xəlifənin mövqeyi hökumətlər arasında ticarət malı kimi əldən-ələ satılmaqdadır. Biz öz başımızın çarəsini bir an əvvəl düşünüb, məmləkətin vəziyyətini dəyişməsək, gələcəkdə təsadüf edəcəyimiz fələkətin qarşısını almaq çətin olacaqdır.
Hər şeydən əvvəl Rey məsələsini bitirməliyik. Çünki Azərbaycan məmləkətinə qarşı düzələn sui-qəsdin mərkəzi Rey məmləkətidir. Buna görə də Toğrulu paytaxta gətirəndən sonra, onu, Qətibəni Həmədana gətirməyə məcbur etməliyik. Qətibə Həmədana gələndən sonra, Rey məsələsini həll etmək üçün Toğrulun Qtibəyə evlənmək fikrinə və Qətibənin oğluna Əmirül-Üməra verilməsinə əngəl törətməməliyik, çünki hazırkı vəziyyət bunu tələb edir”.
Nizami Fəxrəddinin məktubunu alandan bir gün sonra təcili qasidlə göndərdiyi cavabında deyirdi:
“Məktubunuzu oxudum, Şəmsəddinin fikri ilə razılaşmıram. Paytaxtı Təbrizə köçürmək lazım deyil, çünki düşmənlərin də istədiyi budur. Yarım əsrdən bəri davam edən mübarizənin mündəricəsi də budur. Toğrulu taxta çıxarmaqla sarsılmış olan siyasi vəziyyəti düzəltmək mümkün olmayacaqdır. Çünki hazırkı hərc-mərcliyi doğuran başlıca səbəb Toğrulun iş başında olmasıdır.
Məncə Toğrulun Qətibə ilə birləşməsinə arxalanmaqdansa, silahlı qüvvəyə arxalansanız, daha yaxşı olardı. Siz Toğrulu məcbur etməsəniz belə Toğrul özü Qətibəni paytaxta çağıracaqdır. Çünki Toğrul olan yerdə və Zəhir Bəlxi olan bir şəhərdə Qətibə kimi bir macəraçının olmaması mümkün deyil. Nə sənin, nə də Şəmsəddinin fikirlərinə razı deyiləm. Məmləkəti Toğrul kimi bir axmağa, Qətibə kimi bir cinayətkara etibar etmək yaramaz. Xalqın birliyini yaradın. Məmləkəti silahla və tədbirlə müdafiə edin. Azərbaycan qoşununun Həmədandan çıxması da yersizdir. Hərgah qalmaq mümkün deyilsə, o zaman hadisələrin genişlənməsinə əmin ola bilərsiniz”.
Toğrul paytaxta qayıdandan bir neçə həftə sonra Zəhir Bəlxi də Bağdaddan Həmədana qayıtdı. Onu Toğrulun ən yaxşı adamları Bisütunda istiqbal edib paytaxta gətirdilər.
Zəhir Bəlxi yenə də birinci görüşündə ortalığa Qətibə ilə Toğrulu barışdırmaq məsələsini qoydu və dedi:
– Madam ki, azərbaycanlılar Əbubəkrin hökmdarlıq məsələsi üzərində dayanmaq istəyirlər, o zaman sən də öz oğlun Məlikşahın vəliəhdliyi məsələsində güzəştə getməlisən! Qətibəyə evlən! Oğlu Qütlüğ İnancı vəliəhd elan et. Bunların əksinə hərəkət etmiş olsan, məmləkəti tamamilə itirmiş olacaqsan. Dəclə sahillərində Azərbaycan və İraq hökumətinə qarşı böyük bir təhlükə hazırlanır.
Toğrul, Zəhirin təkliflərinə etiraz etməsə belə, oğlu Məlikşahın vəliəhdlikdən götürülməsinə qəlbən razı ola bilməzdi. Lakin vəziyyət onu bu işə məcbur edirdi. Çünki Rey məmləkətinin coğrafi mövqeyi və onun Azərbaycandan Həmədana gediləcək yolu daima qorxu altında saxlaması, Toğrulu həddindən artıq düşündürürdü. Odur ki, Toğrul Zəhir Bəlxinin məsləhətinə əsaslanaraq, Qətibəyə göndərdiyi dostluq və sevgi məktubunda yazırdı:
“Səmimi və əzəmətli mələkə!
Günlərimiz hadisə doğur. İnsanlar sakit, dinc həyatı ancaq röyada görməyə başlayırlar. Sanki insanlar bir-birini boğmaq və bir-birini qırmaq, talamaq və qarət etmək üçün doğurmuşlar. Rəiyyətimiz Allahı tanımadıqları kimi, padşahı da tanımaq istəmədilər. Məncə bu qədər müharibələr, qan tökmələr və mühacirətlərin hamısı asimani bir qəzəbin nəticələridir. Lakin xudavənd-aləm, bizi məğlubiyyətdən sonra qalib çıxardı. Azərbaycanlılar paytaxtı buraxıb getdilər. Onlar əkinçidirlər. Çöl işləri ilə məşğuldurlar. Vəliəhdin hökmdarlıq məsələsini də kölgədə buraxıb getdilər. Novruz bayramının ilahi günləri yaxınlaşır. Ekbatanın möcüzəkar fəzası ağ çiçəklərdən toxuduğu bədii örpəyini Azərbaycan mələkəsinin xoşbəxt çiyninə salmaq üçün müntəzirdir. Hadisələrin ağırlığı altında əzilən ürəyimin şadlığını ancaq böyük mələkənin novruz cəşni süfrəsində iştirak etməsində arayacağam. Mələkənin qanunu tələblərini həyata keçirmək üçün hazırkı şərait olduqca əlverişlidir.
Gözəl Qətibənin mələkəlik bayramını novruz bayramı ilə birlikdə elan etmək istəyirəm.
Mələkənin hüzuruna göndərilən heyətə geniş vəkalət verilmişdir. Şahzadə Qütlüğ İnancın vəliəhdlik fərmanını mələkə ilə birlikdə imza etməliyik.
Toğrul”.
Qətibə Toğrulun məktubunu açıb oxumadan belə onun məzmununu bilirdi, çünki Zəhir Bəlxi xüsusi qasidlər vasitəsi ilə məsələni Qətibəyə Toğruldan daha əvvəl xəbər vermişdi. Məmləkətin gələcək hüdudları belə Qətibə ilə Zəhir Bəlxi arasında təyin edilib qurtarmışdır. Sultan Əlaəddin Təkiş ilə Qətibə arasında bağlanan sazişlərə görə Rey məmləkəti tamamilə Sultan Təkişin ixtiyarına keçəcək, əvəzində isə Sultan Təkiş Qütlüğ İnancın Toğrul hökumətinin varisi olmaq qərarını təsdiq edəcəkdi.
Hələ Qətibə Həmədana keçmədən əvvəl, Qətibə ilə Zəhir Bəlxi arasında başlanmış müzakirənin məzmunu məmləkətin hər tərəfinə yayılmışdı.
Bu xəbərlər vəliəhdi hamıdan artıq rahatsız edirdi. Qətibənin mələkə elan olunması ilə Qütlüğ İnancın vəliəhd təsdiq edilməsi Əbubəkri çıxılmaz bir vəziyyətdə qoymuşdu. Buna görədir ki, hələ bahar daxil olmadan vəliəhd qadını gənc Təlieni də götürüb anası Gözəl ilə bərabər Azərbaycana köçmüşdü.
Bahar bayramına on beş gün qalmış, Toğrul bütün ölkələrə dəvətnamələr yazıb Təbrizə nümayəndələr göndərmələrinə əmr vermişdi. Toğrul məmləkətin nümayəndələri ilə birlikdə, Qətibəni mələkə elan edəcək, eyni zamanda Qütlüğün vəliəhdlik fərmanını elan edəcəkdi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-teze-hadiseler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Bu işlər dəyişəcəkdir. Sən bilirsən ki, bu dövran daima bir nəfərin arzusu ilə dolanmayacaqdır. Bayram edilən evlərin bir gün yasa batması da təbiidir.Sən bilirsən ki, bu dünya bir topdur, o hər gün bir hökmdarın çövkanının başında oynayır. Fələyin çərxi hərlənir, ondan asılı olan insanların bir gün qalxıb, bir gün də düşməsi bəllidir. Bu gördüyün dünya bir güzgüdür. Burada hər kəs növbətlə öz çöhrəsini görməyə məcburdur.
İslahat və nəticələrQızıl Arslan islahatı birinci növbədə paytaxdan başladı. O, hökumət qanunlarını nəzərdən keçirməyə başladı. Çünki bütün kəsirlərin üsul-idarədən doğduğunu bilirdi. O, bacardıqca hökumət qanunlarının icraiyyə işlərini qəzavətxanalardan alıb hökumət idarəsinə tapşırmağa çalışırdı. Hökumət məhkəmələri təşkilinə başladığı zaman ruhanilər arasında böyük dedi-qodu başlandı.Qızıl Arslan torpaq vergisi işlərini tamamilə dəyişdirmək üçün geniş bir komisyon təşkil etdi. Çünki vergi qanunları olduqca ibtidai idi. Bu qanunlar, ərəblərin vaxtında qoyulmuş qanunlar idi ki, bunun vasitəsilə də kəndlilər təpəsindən dırnağına qədər soyulurdu. Nəticədə kənd təsərrüfatı dağılır, kəndli torpağı buraxıb şəhərlərə qaçırdı<sup>1</sup>.
Mədain xərabələrindəBöyük şairləri istiqbal etmək üçün Qızıl Arslan xüsusi əmr vermişdi. Fəxrəddin bu əmri alar-almaz yüz nəfər Azərbaycan atlısı götürüb Sər-sər mənzilinə qədər getdi. Şairləri böyük bir təntənə ilə Bağdada daxil edib Qızıl Arslanın yaşadığı Əmir qəsrində düşürdülər. Sarayda şairlərin şərəfinə böyük bir ziyafət təşkil edildi. Ziyafətdə Qızıl Arslanın vəzirləri, qoşun sərkərdələri və Bağdadda olan azərbaycanlılar iştirak etdilər.Qızıl Arslan şairlərlə bərabər köhnə asarları, kitabxanaları, xəlifələrin qəsrlərini ziyarət etdi.
İnadƏlaəddin və Fəxrəddindən Qızıl Arslana gələn bir məktubda Toğrulun Qızıl Arslanın verdiyi göstərişlərin əleyhinə hərəkət etdiyi yazılırdı:“Əlahəzrətin əmrinə görə Hüsaməddin Həmədana gəlib təcili surətdə Rey şəhərinə göndərildi. Zəhir Bəlxi və Kəmaləddin bir həftədən bəridir ki, Həmədana gəlib Səlcuq sarayında yerləşiblər. Əlaəddin Sultan Təkişin nümayəndələri əlahəzrət tərəfindən iki dəfə qəbul edilmişdir. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. Sürgün edilmiş adamların bir çoxu əlahəzrət tərəfindən verilən icazə ilə Həmədana köçürülür. Şəhərdə nadinc adamların sayı çoxalır.
Başqa şairlərin şeirləri
Bu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
İstiqbal bizimdir!Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfgiri-hürriyyət!
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?