Təzə hadisələr
Səhifə 4 / 4 · 75%
Mən Fəxrəddinlə bir cərgədə Azərbaycanın azadlığı uğrunda az qılınc vurmamışam. Fəxrəddin bilir ki, mən bütün mübarizələrdə qabaq cərgədə olmuşam. Bir zaman istər Nizamilər, istər Fəxrəddinlər məni bir fədakar kimi tanıyırdılar. Lakin mən Azərbaycanın bədbəxtliyi uğrunda da az çalışmamışam. Mən bir vətən xaini kimi düşmən ordularının qabaq cərgəsində gedib, öz silah yoldaşımın üzünə qılınc çəkmişəm.
Lakin mən öz xəyanətlərimə xəyanətlə yox, tövbə və peşmanlıqla nəhayət vermək istərəm.
Bugünkü xəyanət bir nəfərin əleyhinə yox, böyük bir xalqın əleyhinə təşkil olunmuşdur.
Lakin Fəxrəddin bu çıxışla məni yaltaq hesab etməsin, mən onunla düşmənəm, yeri gəlsə, yenə də qılıncla öz ixtilaflı məsələmizi həll edərik. Lakin bir silah sənətkarı kimi Fəxrəddin kimi bir qəhrəmanın bir piyalə şərbətilə məhv edilməsinə soyuqqanlılıqla baxa bilmərəm.
Böyük şairin və əlahəzrət Toğrulun əlində olan piyalə də zəhərlənmişdir.
Mən rica edərdim ki, vəliəhdin əlindəki piyaləni hökmdar və hökmdarın əlindəki piyaləni isə vəliəhd həzrətləri nuş etsin”.
Ziyafət salonunda həyəcan başlandı. Qütlüğ İnanc əlindəki piyaləni yerə çırpdı və qalxıb qılıncını qılafından çıxartdı, Hüsaməddinə hücum etdi. Hüsaməddin də onu qılıncla qarşıladı. Fəxrəddin dərhal qılıncı çəkib aralığa girdi və:
– Sakit olun! Qılınc hər kəsin belində vardır. Qılınc işlətməkdən əvvəl məsələni həll etməliyik, – dedi.
Qütlüğ İnanc və Hüsaməddin sakit oldu, çünki onların ikisi də Fəxrəddini lazımınca tanıyırdılar.
Toğrul əlində piyalə ayağa qalxdı:
– Mən heç kəsə silah işlətmək ixtiyarını verməmişəm. Ziyafəti təhqiq etmək lazımdır. Hüsaməddinin dedikləri doğru olursa, mən onun bütün günahlarını bağışlayacağam, dedikləri doğru çıxmazsa, onu burada edam etdirəcəyəm.
Toğrul bunu deyəndən sonra Hüsaməddinə tərəf dönüb əmr verdi:
– Sözünü davam etdir! Lakin doğru danış!
Hüsaməddin çox cəsarətlə danışdı:
– Doğru danışıram, edam olunmaqdan da qorxum yoxdur. Mən hər cür cəzaya layiqəm. Həqiqəti bilmək üçün Qətibə xatunun qara qulu Mərcanı bura çağırın.
Mərcanı çağırdılar. O, içəri girən kimi məsələni anladı və qorxusundan titrəməyə başladı.
Toğrul ona sual verdi:
– Bu şərbətləri kim düzəltmişdir?
– Mən düzəltmişəm.
– Bu piyaləni içə bilərsənmi?
– Hökmdar əmr edərsə ölməyə hazıram.
– Zəhəri piyalələrə kim qarışdırmışdır?
– Mələkə həzrətləri Hüsaməddin həzrətlərinin itaətində olmağımı tapşırmışdı.
– Hansı piyalələr zəhərlidir?
– Üstündə bülbül şəkli olan piyalələr hamısı zəhərlidir.
Mərcanın bu sözündən sonra məclisdəkilər piyalələri yoxladılar, bülbül şəkli olan piyalələrin tamamilə Toğrulun və Azərbaycan nümayəndələrinin əlində olduğu meydana çıxdı.
Toğrul Hüsaməddinə sual verdi:
– Bu cinayəti təşkil edən kimdir?!
– Mələkədir, onun oğlu Qültüğ İnanc və sizin sol tərəfinizdə oturan Zəhir Bəlxi cənablarıdır.
Toğrul qulamları çağırıb əmr verdi:
– Mələkəni bura çağırın, qoy onun özü də bu möhtəşəm ziyafətdə iştirak etsin.
Zəhir Bəlxi məsələni pərdələmək və Qətibə ilə görüşüb ifşanın qarşısını almaq üçün qalxıb Toğrula baş endirib dedi:
– Hökmdar həzrətləri! Bu cinayəti azərbaycanlılar düzəltmişdir. Onlar hökmdarın dostlarını töhmətləndirməklə öz xain məqsədlərinə nail olmaq istəyirlər. Təhqiqat aparmaq lazımdır. Mən bu saatda mələkə həzrətlərinin hüzuruna gedib bu xəyanətdən onu xəbərdar edərəm. Hüsaməddin isə heç şübhə yoxdur ki, azərbaycanlılara satılıbdır.
Bu sözdən sonra Qütlüğ İnanc acıqla danışdı:
– Mən indi bildim ki, hökmdar məni təhqir etmək və həbsə aldırmaq üçün Azərbaycana çağırıbdır, – dedikdə Toğrul da cavabında:
– Etidalını pozma. Mən səni təhqir etmək və həbsə aldırmaq istəsəydim bura dəvət etmədən də səni məhv edə bilərdim, – deyərək sonra da Zəhir Bəlxiyə müraciətlə:
– Oturun! Mələkənin yanına getmək lazım deyil, bir azdan sonra mələkənin özü bura gələcəkdir, – dedi.
Qətibə xatun bir dəstə kəniz və cariyələrlə ziyafət salonuna daxil oldu. Toğrul ayağa qalxaraq onu salonun ortasında qarşılayıb əlindəki piyaləni ona tərəf uzadaraq dedi:
– Al bu piyaləni, mənim möhtəşəm mələkəm! Al da bir saat əvvəl başlanan xoşbəxtliyimizin şərəfinə iç!
Qətibə piyaləni aldı və məclisi gözdən keçirərək danışdı:
– Hərgah mənimlə bərabər bir çox cinayətlərdə iştirak edən Hüsaməddin qorxaq çıxdı isə, hərgah o, son vəzifəsini bitirməkdə özünü aciz hiss etdisə, bu hələ mənim acizliyimi göstərmir.
Qətibə bunları danışandan sonra şəxsən Toğrula tərəf baxıb sözünə davam etdi:
– Səni məhv edə bilmədiyim məni o qədər də düşündürmür. Çünki sənin acizliyin, sənin dəyərsizliyin bu gün də olmasa, sabah səni uçurumlara sürükləyəcəkdir. Lakin mənim təəssüfümə səbəb olan məsələ başqa məsələdir. Mən istəyirdim ki, hazırda bu məclisdə iştirak edən Nizamini məhv edib, qəbrinin üstündə oturub həyatım boyu göz yaşı tökküm, lakin bu mənə mümkün olmadı. Təəssüf olsun ki, əksinə olaraq o mənim meyitimi öz qarşısında görməli oldu. Fəxrəddin isə mənim atamın qatili idi. Mən bu intiqamı da ondan ala bilmədim.
Lakin bunu da demək istəyirəm ki, oğlum təqsirli deyil. Onu da bu xəyanətlərdə iştirak etdirən mən özüm idim.
Qətibə bu sözləri deyərək zəhərli şərbəti içdi və piyaləni Toğrulun tacına çırpıb son sözünü dedi:
– Sən bu tacı başında saxlaya bilməyəcəksən!
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-teze-hadiseler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Bu işlər dəyişəcəkdir. Sən bilirsən ki, bu dövran daima bir nəfərin arzusu ilə dolanmayacaqdır. Bayram edilən evlərin bir gün yasa batması da təbiidir.Sən bilirsən ki, bu dünya bir topdur, o hər gün bir hökmdarın çövkanının başında oynayır. Fələyin çərxi hərlənir, ondan asılı olan insanların bir gün qalxıb, bir gün də düşməsi bəllidir. Bu gördüyün dünya bir güzgüdür. Burada hər kəs növbətlə öz çöhrəsini görməyə məcburdur.
İslahat və nəticələrQızıl Arslan islahatı birinci növbədə paytaxdan başladı. O, hökumət qanunlarını nəzərdən keçirməyə başladı. Çünki bütün kəsirlərin üsul-idarədən doğduğunu bilirdi. O, bacardıqca hökumət qanunlarının icraiyyə işlərini qəzavətxanalardan alıb hökumət idarəsinə tapşırmağa çalışırdı. Hökumət məhkəmələri təşkilinə başladığı zaman ruhanilər arasında böyük dedi-qodu başlandı.Qızıl Arslan torpaq vergisi işlərini tamamilə dəyişdirmək üçün geniş bir komisyon təşkil etdi. Çünki vergi qanunları olduqca ibtidai idi. Bu qanunlar, ərəblərin vaxtında qoyulmuş qanunlar idi ki, bunun vasitəsilə də kəndlilər təpəsindən dırnağına qədər soyulurdu. Nəticədə kənd təsərrüfatı dağılır, kəndli torpağı buraxıb şəhərlərə qaçırdı<sup>1</sup>.
Mədain xərabələrindəBöyük şairləri istiqbal etmək üçün Qızıl Arslan xüsusi əmr vermişdi. Fəxrəddin bu əmri alar-almaz yüz nəfər Azərbaycan atlısı götürüb Sər-sər mənzilinə qədər getdi. Şairləri böyük bir təntənə ilə Bağdada daxil edib Qızıl Arslanın yaşadığı Əmir qəsrində düşürdülər. Sarayda şairlərin şərəfinə böyük bir ziyafət təşkil edildi. Ziyafətdə Qızıl Arslanın vəzirləri, qoşun sərkərdələri və Bağdadda olan azərbaycanlılar iştirak etdilər.Qızıl Arslan şairlərlə bərabər köhnə asarları, kitabxanaları, xəlifələrin qəsrlərini ziyarət etdi.
İnadƏlaəddin və Fəxrəddindən Qızıl Arslana gələn bir məktubda Toğrulun Qızıl Arslanın verdiyi göstərişlərin əleyhinə hərəkət etdiyi yazılırdı:“Əlahəzrətin əmrinə görə Hüsaməddin Həmədana gəlib təcili surətdə Rey şəhərinə göndərildi. Zəhir Bəlxi və Kəmaləddin bir həftədən bəridir ki, Həmədana gəlib Səlcuq sarayında yerləşiblər. Əlaəddin Sultan Təkişin nümayəndələri əlahəzrət tərəfindən iki dəfə qəbul edilmişdir. Həmədan qazısı və xətibin Bağdaddan Həmədana gəlməsi gözlənir. Sürgün edilmiş adamların bir çoxu əlahəzrət tərəfindən verilən icazə ilə Həmədana köçürülür. Şəhərdə nadinc adamların sayı çoxalır.
Başqa şairlərin şeirləri
Bu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
İstiqbal bizimdir!Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfgiri-hürriyyət!
Keçər gedərDünya işində hər nə dutarsan keçər gedər,Hər nik ü bəd içində qılarsan keçər gedər.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?