Səhifə 2 / 3 · 33%

Acmışdım, yorulmuşdum, amma bu hekayətlər mənə hər şeydən artıq ləzzət verirdi. Onların dördü də öz yerində durmuşdu, yenə də gözləmələri var idi, çünki oğlanların o birisi üçün də siğə lazım idi. Qoca arvad onlardan ayrılıb məscidə girdi, bir azdan sonra bir cavan qadınla qayıtdı. Bu qadın da öz qaydasınca üzünü açıb oğlana göstərən zaman, onun qaraçı qızı Xoşu xanım olduğunu bildim. Oğlan əlbəttə, onu bəyənəcək idi, çünki Xoşu, Hüsni xanımdan yüz qat gözəldir. İkinci oğlan da qoca arvadın dəllallığını verdi. Onların dördü də siğə oxutdurmaq üçün axundun otağına girdi.

Mən də içəri girdim, buna kimsə mane deyildi. Ətrafımı onlarca qadın aldı. Biri qızının, o biri bacısının, xalası qızının, bibisi qızının siğə olmaq istədiyini bildirir və mənə cürbəcür qadınlar göstərirdilər. Mən özümü itirmişdim, nə edəcəyimi bilmirdim. Siğə olub siğə eləyənlər qoşa-qoşa durmuşdu. Onların dəllalları da yanlarında idi. Siğə oxutdurmaq üçün növbət saxlamışdılar. Dışarıda dəllal sifəti ilə qadın ticarəti edən bu qoca qarılar, içəridə isə siğə olanların anaları, xalaları, bibiləri adlanırdı.

Tək durmaq mümkün deyildi. Çox vaxt durmaq da lazım gəlirdi; çünki Xoşu xanımla Hüsni xanımın siğə növbəti hələ yetişməmişdi. Qoca qarılardan birisi mənə yaxın gəlib dedi:

– And olsun bu binanın sahibinə, əlimdə bir qız vardır ki, üzünə gün düşməyibdir. Elə qızdır ki, üzünə milçək qonsa ayağının yeri qalar. Sən bir o bucaqda duran qızın boyuna bax. Boy deyəsən sərv ağacıdır. Hələ bir yanaqlarını görəsən, dodaqlarını görəsən, qara gözlərini görəsən, hələ onun danışdığını eşidəsən. Hələ onu soyunub yorğan döşəyə girəndə görəsən!

Mən bucaqdakı qara atlas çarşaflı qadına baxanda, o da üzünü açdı; doğrudan da, gözəl idi. Qadın tanış idi. O mənə yaxın gəldi, eşiyə çıxıb səkinin üstündə oturdu, söhbətə başladıq; amma gözüm siğə otağının qapısında idi. Hüsni xanımı güdürdüm. Qarı dörd kərə eşiyə çıxıb bizim yanımıza gəldi və:

– Tez olun, durun gəlin, növbət saxlamışam, vaxtdır, – dedikdə, – biz bir az da səbir elə, – deyib onu qaytardıq. Axırıncı dəfə qarı çıxıb məndən dəllallığını tələb elədi, mən isə:

– Hələ sövdəmiz qurtarmayıbdır! – dedim. Qarı getdi, yenə də qayıtdı.

– İndi ki, sövdəniz bitməmişdir, qızı burax gəlsin, – dedi, – yaxşı müştəri var, özü də burada oturubdur. Mənim ruzuma mane olma. Kasıb arvadam. Mənim də işim budur.

Yanımda oturan və mənə siğə olmaq istəyən cavan arvad üzünü qarıya tutub dedi:

– Mina bacı, səbir elə, oğlan xoşuma gəlir. Eybi yoxdur, sənin iki qranını özüm verərəm.

Bu sözdən sonra qarı bizdən uzaqlaşdı, bir çoxları ilə burunlaşdı. Hər tutduğu qadının üzünü açıb baxırdı. Çirkin olanlara:

– Mənim müştərim yoxdur, – deyib, başından rədd eləyirdi.

Bu qarı yenə bizdən əl çəkmədi, çünki yanımda oturan qadın, gənc və gözəl idi. O bu qadından heç olmasa bir gündə neçə kərə dəllallıq alacaq idi. İrəli gəldi və:

– Nə deyirsiniz? Növbət sizinkidir. Bir də növbəti buraxsanız, axşama qalacaqsınız, – dedikdə qadın:

– Cəhənnəm ol, qoca kaftar! – dedi. – Yaxamızdan əl çək, getmirəm, özüm billəm! Bir də mənim yanıma dolanma! Sənsiz də mən özüm adam tapıb siğə ola bilərəm.

Qarı acıqlandı.

– Axmaq! – dedi. – Qəhbəliyi də bacarmırsan. On beşcə tüməni bir çeynəm saqqız kimi ağzından çıxardıb atmaq istəyirsən.

O, çəkilib getdi. Yanımdakı qadın da üzünü tamamilə açıb danışırdı. Mən onu yaxşı tanıyırdım. Bu Səttar xan vaxtında qaradağlıların mənfəətinə işləyən çopur Səlimə idi. Göy məscid səngərlərindəki mücahidlərlə görüşmək bəhanəsi ilə gəlir, səngərləri və qüvvətimizi öyrənib qaradağlılara xəbər aparırdı.

Nəhayət, biz onu günün birində tutub başını qırxdıq, özünü də çılpaq soyundurub eşşəyin üstünə sarıdıq, təqsirini yazıb döşünə yapışdırdıq və Xiyaban məhləsinə buraxdıq.

Müxtəsər söz, biz haman çopur Səlimə ilə durub otağa girdik. Biz ora girdiyimiz zaman siğə növbəti qaraçı qızı Hüsni xanımın idi. İndi onun adı Gülbər xanım Məşədi İmamverdi qızı idi, ərini də inqilab zamanında məşrutəçilər öldürmüşdü.

Onu siğə edən kişi isə Məhəmməd Xanəli oğlu adlı bir adam idi, siğə onun üçün on tümənə başa gəlmişdi.

Mollanın dodaqları bir-birinə dəydi, hökmi-şəri verildi, iki qran siğə oxumaq haqqını alıb üstündə oturduğu qoyun dərisinin altına atdı.

Qaraçı qızı da 10 tümən siğə haqqını qabaqcadan aldı, puldan qoca arvada bir şey verdi. Qaraçı qızı və siğə oxutduran kişi durub Xoşu xanımın siğə olub qurtarmalarını gözləyirdi. Onlar hara isə birlikdə gedəcəkdi.

Xoşu xanımın işi bir az təxirə düşmüşdü, bir nəfər marağalı növbət xaricində gəlib bir qadının siğəsini özünə oxutdurdu. Durub gözləyirdilər, mən də kənarda durub çopur Səlimənin əlindən nə cür qurtaracağımı fikirləşirdim. Çopur Səlimə mənə bənd olmuşdu, o, üzünü tamamilə açıb mənə göstərir və yalvarır, mənim ilə həmişəlik yaşamaq istədiyini bildirirdi.

Bu halda, onu mənim yanımdan dartıb apardıqlarını gördüm.

– Gəl, haramzada köpəkqızı, – dedilər, – Allahın əmri, peyğəmbərin şəriəti ilə siğə olub sonra da qaçıb gizlənirsən?

Bunlar çarpışa-çarpışa həyətə çıxdı. Çopur Səliməni bir başqası da yaxaladı. Sonradan məlum oldu ki, çopur Səlimə gündə bir neçəsinə siğə olaraq aranı qarışıq salır və qaçıb gizlənirmiş. Onu siğəyə vermək üçün çalışan qoca qadın da ona yanaşdı və söydü.

– Belə olar, çopur köpəyinqızı, gör hələ sənin başına nə iş gətirəcəyəm! Sənin buradan qaçacağını salacağam, bir də sən ayağını bu həyətə basa bilməyəcəksən!

Bu vaxt Xoşu xanım da siğə olub qurtarmışdı, gəlib Hüsni xanım və onun birgünlük ərinə qoşulub çopur Səlimənin büsatına tamaşa edirdilər.

Ucadan bir qadın səsi eşitdim:

– Vay, balamın evi yıxıldı! – dedikdə hamı dönüb qadına baxdı. Hüsni xanım və Xoşu xanımın ərləri də dönüb haman səs gələn tərəfə baxdıqda, siğə olan qaraçı qızları, mənim öz gözüm görə-görə ağ rübəndləri gizlədib, ziyarətə gələn seyid qızları kimi üzlərinə yaşıl rübənd saldılar. Siğə verən qoca qadınlar da çoxdan bəri aradan çıxıb getmişdi. Siğə edən kişilər dönüb, qaraçı qızlarını yanında görmədi, onlar nə qədər o tərəf-bu tərəfə qaçdı, mümkün olmadı, seyid qızları şəklinə girən qaraçı qızları isə onların gözünün qabağında gəzirdi. Çopur Səlimə də yaxasını qurtarıb qaçdıqdan sonra, aralıq sakit oldu. Seyid qızları isə oralarda dolaşırdı, siğələrini itirənlər isə bir qədər axtardıqdan sonra, ümidlərini kəsdi, həyətdən xaricə çıxdı. Mən qaraçı qızını gözdən qoymamışdım. O, seyid qızı sifətinə düşsə də ayağındakı başmağını tanıyırdım.

Nə başınızı ağrıdım, qaraçı qızları bir kərə də seyid qızları adına siğə oldular; lakin son dəfə siğə edənlər əvvəlkilərə görə bir az ehtiyatlı idi. Hələ siğə qurtardıqdan sonra faytona oturub bir tərəfə getməzdən əvvəl kişi, qabaqca qaraçı qızı Hüsni xanımın müfəssəl ünvanını xəbər aldı. Mən maraqlandım, dedim ki, baxım görüm qaraçı qızı buna öz ünvanını doğru deyəcəkmi?

Qaraçılar dərbəndində yaşayan qaraç qızı belə bir ünvan verdi:

– Evimiz Gəcil ağzındadır. Səngəkxananın böyründədir. İkitağlı sarı qapımız vardır. Qapının başında şir şəkli, sol tayında sarı bürüncdən çax-çax vardır. Çax-çaxın ucu ilan başına bənzəyir. Astanamızda at nalı vurulmuş, qapının taxtasına nəba duası yazıb yapışdırmışıq. Damımızın novçaları daşdır: ucları da inək başı kimidir. Mir Abutalıb evi desən, hər kəs nişan verər.

Danışa-danışa eşiyə çıxırdılar. Arxamızdan yenə də bir səs gəldi:

– Ay başınıza dönüm, qoymayın qaçdı!

Xalq yenə bir-birinə qarışdı: qaraçı qızları da bu dəfə yaşıl rübəndini çıxarıb ağ rübəndi üzlərinə saldılar və ziyarətə gələn arvadlara qoşulub yollarına düzəldilər.

Əlli kələklə filan qədər qazanan qaraçı qızı, nahar vaxtı amerikalı qızın evinə getdi. Mən də dalınca getdim. Orada tamam saat on bir olana qədər durub gözlədim. 11-də Rəfizadə də gəlib oralarda gəzirdi.

Qaraçı qızı dışarı çıxan kimi Rəfizadə onu yaxalayıb soruşdu:

– Gəlməyə vədə verdimi?

Qaraçı qızı yavaşcadan cavab verdi:

– Gələcək, falına baxdırmağa gələcək və bütün şeylərini də gətirəcək. Amma sənə xəbər verirəm, qızı yalnız sənə gətirmirəm. Mahmud xan da şərikdir! – dedi və yola düşdülər.

Tütünçüoğlu haqq-hesabını verdi. Mən məsələnin nə yerdə olduğunu lazımınca təyin etdim. Artıq onları təqib etmək lazım gəlmirdi. Onlar qızı fal açdırmaq üçün aparacaq idi. Lakin onun şeylərini nə vasitə ilə əldə edəcəklərini və nə bəhanə ilə şeyləri apartdıracaqlarını bilmirdim, bunu da öyrənmək lazım idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Təzə hadisələr

Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.

24 dəq
Həmdünyan

Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.

18 dəq
Naxçıvan

Toğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.

32 dəq
Toğrulun qətli

Səlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.

4 dəq

Başqa şairlərin şeirləri