Sevgi məktubları
Səhifə 2 / 2 · 50%
– Bu məktub mənimlə Hüsaməddin arasında başlanan ixtilafı həll etmək üçün yeganə vasitədir. Madam ki, o özü üçün bir sevimli qız axtarırdı, mənim də şairdən ümidimi kəsəndən sonra başqasına ərə getməyə ixtiyarım var. İndi Hüsaməddinin mənə yazdığı birinci məktubu oxu!
Səba xanım Hüsaməddinin Qətibəyə yazdığı məktubu çıxarıb oxudu:
“Möhtəşəm Mələkə!
Sən daima olduqca məğrur idin, bu gün xoşbəxtlik saydığın izdivac sənin üçün əbədi bir bədbəxtliyə səbəb olacaqdır. Mən sənə o zaman demişəm, yenə də deyirəm: sən mənim olmasan, heç kəsin də olmayacaqsan, sənin mələkəliyin də o qədər uzun çəkməyəcəkdir. Sən nəyə aldanıb, iki-üç qadını olan Atabəyə ərə getdin? İndi bütün həyatın qısqanclıq, kədər və göz yaşları içində keçməyəcəkdirmi? Sən şairdən məhrum olduğunu zaman mənə ümid vermişdinsə də, yenə də vəfasız çıxdın, vədələrə vəfa etmədin. Lakin bir gün sən məni axtaracaqsan. Mən nəinki tək sənə, elə də sənin atana lazım olan bir adam idim. Hər sözü məktubumda yaza bilmədim, üz-üzə görüşmək mümkün olsaydı, onların hamısını sənə deyərdim.
Hüsaməddin”.
Məktub oxunub qurtarandan sonra Qətibə Səba xanımdan soruşdu:
– Sən onu tapıb mənim yanıma gətirə bilərsənmi?
Səba xanım bir az əzilib-büzüləndən sonra:
– Əlacım nədir? – dedi. – Mələkə buyurandan sonra göydə də olsa endirib gətirməliyəm.
– Elə isə daha dayanma. Atabəy Şirvandan qayıtmamış onu saraya – mənim hüzuruma çağırmalısan.
– Bəlkə sabah, ya birisi gün qayıtdı.
– Sabah, birisi gün nədir, bir saata Hüsaməddin burada olacaqdır.
– Bu tezlikdə onu sən haradan tapacaqsan?
– Axtarmaq lazım deyil, o mənim yalan xəbərlərimi almaq üçün bu gün Zərrabxana meydanındakı çinarların altında dolaşıb məni gözləyir.
Səba xanım qalxıb getdi, Qətibə isə məşşatələri çağırıb geyinməyə və bəzənməyə başladı. Bəzədilmə iki saatdan artıq çəkdi. Nəhayət, Səba xanım içəri daxil olub Hüsaməddinin dəhlizdə onu gözlədiyini xəbər verdi.
Qətibə qalxdı və:
– Atabəy burada yoxdur, hələlik bu da kifayətdir, – deyərək məşşatələri otaqdan çıxartdı.
Hüsaməddin içəri girdi, salam vermədi, Qətibə isə bunu aldırmayaraq:
– Əleykəssəlam, möhtərəm Hüsaməddin, gəl otur! – dedi.
Hüsaməddin keçib bir tərəfdə oturdu, Qətibə isə onun Səba xanımla göndərdiyi məktubu ona göstərib nəsihətverici bir tövr ilə dedi:
– Bu kağızı Səba xanıma verən sənsənmi?
– Bəli, mən yazmışam.
– Belə bir məktubu ancaq adi qızlara yazmaq olar. Onu bir məmləkətin mələkəsinə yazmaq etinasızlıq və hörmətsizlikdir.
– İllər uzunu etina edib hörmətlər bəsləməyimə qarşı nə kimi bir mükafat aldım?
– Daima aldatdığın bir qızdan sən nə kimi bir mükafat gözləyirdin?!
– Mən kimi aldatmışam?
– Əmir İnanc qızı Qətibəni, sənin qarşında oturan qızı, hazırkı mələkəni.
Hüsaməddin etirazla dedi:
– Sən yenədəmi böhtan və iftiralardan əl çəkmədin?
– Mən heç bir vaxt böhtan və iftira deməyi sevmərəm, lakin əlimdə dəlil olduğu zaman həqiqəti hər kəsin üzünə söyləməkdən utanmaram.
– Sənin əlində nə kimi bir dəlil ola bilər?!
– Gəl keçmişlərdən danışmayaq, çünki sən mənim yanımda müqəssirsən. Mən səni bura təqsirləndirmək üçün yox, barışmaq üçün çağırmışam. Mən keçmiş dostluğun davam etdirilməsi üçün səninlə danışmaq istəyirəm. Sən gözəlcəsinə bilirsən ki, bu izdivac bir məhəbbətin yox, bir siyasətin nəticəsidir. Nə edə bilərdim? Şair mənim məhəbbətimə qiymət qoymadı. Sən də başqa oyun oynadın.
– Mən səninlə hansı oyunları oynadım?
– Sənin dilin mənə sevgi elan edir, qəlbin isə Mahtab xanımla oynayırdı.
– Mənim qəlbim Mahtab xanımla?!
– Bəli, Mahtab xanımla! Sən elə bilirdin ki, Mahtab xanıma göndərdiyin məktubları Cahanbanu xanım mənə göndərmirdi?!
Qətibə bu sözdən sonra əlini balaca sandığa tərəf aparıb onun Mahtab xanıma yazdığı məktubu çıxarıb özünə göstərdi.
– Bu məktub sənin öz əlinlə yazılmamışdırmı? Bu imza sənin imzan deyildirmi? Sən bu məktubu yazdığın zaman hələ Atabəy Gəncəyə gəlməmişdi, şair isə məni rədd eləmişdi. Mən səni yanıma çağırıb qəlbimi açmaq istərkən Mahtaba yazdığın məktub əlimə çatdı. İndi özün mühakimə et, məndən sənə qarşı bir haqsızlıq baş verdimi? De görüm, mən sənə arxalanıb Atabəyin təklifini rədd edə bilərdimmi? Sən mənim yerimdə olsaydın, bir daha məni yanına çağırıb danışmaq istərdinmi?
Hüsaməddin sakit oldu, daha danışmadı, çünki Mahtab xanıma yazdığı məktub onun təqsirlərini isbat edəcək böyük bir vəsiqə idi. Artıq Hüsaməddin öz qəlbində Səba xanıma lənət yağdıraraq deyirdi: “Allah Səbanın evini yıxsın, mənim xoşbəxtliyimi əlimdən aldı, mənim ilə Mahtab xanım arasındakı sevgi əlaqəsini düzəldən o haramzadə cariyə oldu”.
Hüsaməddin utandığından başını qaldırıb Qətibənin üzünə baxa bilmirdi, nəhayət, Qətibə irəli gəlib onun əlini əlinə aldı və çox soyuqcasına dedi:
– Mənim dostum, mən səni keçmiş günahların üçün töhmətləndirməyə çağırmamışam. Səni, gələcəyimiz barəsində tədbir tökməyə çağırmışam. İndi məni dinləməyə rəğbətin vardırmı? Açıq söylə, mənə olan məhəbbətin bir zərrə də olsa qəlbində qalıbmı?
Hüsaməddin Qətibənin əlini döşünə basaraq səsləndi:
– Qətibə, sənin gözlərinə and içirəm, o məhəbbət yenə də qalır, o, mən ölənə qədər sönməyəcəkdir.
– Mən bunu bilirdim, bunun üçün də səni yanıma çağırmağa cəsarət etdim. Bizim ikimiz də gəncik, ümidin qapısı isə heç kəsin üzünə bağlı deyil, gəl əl-ələ verib çalışaq. Meydanımız olduqca genişdir, biz indi bir Gəncə miqyasında deyil, bütün Atabəy məmləkəti dairəsində iş görə bilərik. Sən onu bil ki, mən səni Həmədana aparmaq üçün Atabəydən icazə alacağam.
– Sən məni Həmədana bir məhbus kimi aparmaqmı istəyirsən? Sən bununla öz atanın yaxasını mənim əlimdən qurtarmaqmı istəyirsən?!
– Yox, səni bir məhbus kimi yox, bir adlı-sanlı sərkərdə kimi paytaxta aparmaq istəyirəm. Orada mən ancaq səni tanıyacağam və sənə arxa verəcəyəm. Atamın məsələsinə gəldikdə, sənin o barədə düşünməyin tamamilə yersizdir. Mən özüm riza verməsəydim, o məni heç kəsə ərə verə bilməzdi. Öz təqsirin səbəbinə baş verən hadisənin intiqamını başqalarından almağa haqlı deyilsən. Mahtab üçün yazdığın məktub mənim əlimə çatmasaydı, Atabəy deyil, Bağdad xəlifəsi də gəlsəydi, bu iş baş tutmayacaqdı. De görüm, indi mənə inandın ki?
Hüsaməddin bir az düşündükdən sonra:
– Bəli, inandım! – dedi.
Qətibə bu sözdən razı qaldığı üçün soruşdu:
– Sənə bir hədiyyə versəm qəbul edərsənmi?!
– Bu iltifat gözəl qızın özündən asılıdır.
Qətibə bunu deyərək dodaqlarını Hüsaməddinə uzatdı, sonra Hüsaməddin onu buraxmaq istəmədiyindən Qətibə geri çəkilib:
– Dalısı sonra! – dedi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-sevgi-mektublari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.
HəmdünyanToğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.
NaxçıvanToğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.
Toğrulun qətliSəlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.