Səhifə 1 / 2

Qətibə xatun oğlan doğdu. Uşağın bir ayı tamam olan günü Atabəy paytaxtında böyük şənliklər başlanmışdı. Həmədan şəhəri başdan-başa çiçəklər və əlvan güllər ilə bəzənmişdi. Küleyin qalasının divarları üzərinə taxılan minlərcə fənərlər və alovlu məşəllər on səkkiz verstlik məsafəni əhatə edən eniş-yoxuşlu şəhəri gündüz kimi işıqlatmışdı. Şəhərin ortasındakı Baba Tahirin məqbərəsindən şəhərə baxıldığı zaman insanın fikri uzaq tarixlərə qayıdırdı. Od içində parlayan şəhər, II Keyxosrovun Midiya imperatoru Astiyaqın paytaxtına girdiyi zamanı və tarixin məşhur Əkbatanını yandırdığını xatırladırdı. Əlvənd dağının ətəklərində yanan məşəllərin şöləsi iki fərsəng məsafədən imamzadə Hüseynin məqbərəsini işıqlandırır və dəmir şəbəkəli pəncərədən içəri girməklə mərmər sütunlar arasında uçuşan gecə quşlarının rahatlığını pozurdu. Şəhərin bu başından o biri başına çəkilən ipin bir ucu Dəccanə məqbərəsi, o biri ucu isə şəhərin cənubundakı İsmayıl məqbərəsindəki minarəyə bağlanmışdı. İpin üpərinə düzülən əlvan fənərlər, göydən yerə əlvan rəngli ulduzların axıb gəldiyini xatırladırdı.

Qətibə, Atabəy sarayının uca köşkündə oturub oğlunun doğulması gününün şərəfinə düzələn çırağbanlığa baxırdı. Lakin onu nə bu təntənə, nə də oğlunun doğulması şadlandırmırdı. Çünki o, özünün və oğlunun gələcəyindən əmin deyildi. Eyni zamanda Qətibə, Qızıl Arslanla Atabəy Məhəmməd arasında mövcud olan əlaqədən də razı qala bilmirdi. Çünki Qətibə Qızıl Arslandan Atabəyə gələn məktubları gizlincə götürüb oxuduğu zaman Qızıl Arslanın Atabəy Məhəmmədə müraciətlə yazdıqlarını xatırlayırdı:

“Xalqın ağzını yummaq olmur, sizin qayınatanızın hərəkətləri, Şimali Azərbaycanda dəhşətli üsyanların çıxmasına səbəb ola bilər. Hər kəsin ağzından məmləkətdə Atabəy Məhəmmədin deyil, Qətibə xatunun hökmdar olduğu sözünü eşitmək olur. Yaxşı olardı ki, qış girmədən bir daha Azərbaycan tərəflərinə səyahətə çıxaydınız, hazırda məmləkətdə islahat aparmaq üçün əlimizdə geniş imkanlar vardır. Lakin Cənubi Azərbaycanla Şimali Azərbaycan arasındakı əlaqəsizliyi heç bir vəchlə ləğv edə bilmirəm. Çünki Qətibə xatunun atası buna imkan vermir”.

Qətibə həm atasının, həm də özünün gələcəyindən qorxu çəkirdi.

O, Qızıl Arslanın Atabəyə yazdığı tənqidlərdən razı qalmırdı. Atabəy Məhəmmədin bu kimi tənqidlərə qarşı soyuqqanlılıqla hərəkət etməsi və bunlardan acığı gəlməməsi də Qətibənin qəlbində cürbəcür şübhələrə və düşüncələrə səbəb olurdu.

Bəzən Atabəy Məhəmməd Qətibənin təkidi və tələbləri üzərinə Qızıl Arslana fərman göndərirdisə də, lakin bu, Qızıl Arslan tərəfindən həyata keçirilmirdi. Buna görə də Qətibə Atabəy Məhəmmədlə Qızıl Arslan arasında gizli bir razılaşma olduğundan və bu tənqidlərin Atabəyin öz tapşırığı ilə yazılmasından şübhələnirdi.

Qətibə çox dərdli idi, onun sərəncamında olan bütün imkanlar onu razı salmırdı. O əvvəllər doğmağını gözləyirdi, oğlan doğandan sonra öz tələblərini qəti və ciddi bir surətdə Atabəyin qarşısına qoymağı qərara almışdı.

Bu gecə Qətibə nə olursa olsun öz sözlərini Atabəy Məhəmmədə demək istəyirdi. Lakin Qətibənin tələbləri çox böyük idi, Atabəy tərəfindən qəbul ediləcəyinə özü də inana bilmirdi.

Gecədən çox keçmişdi. Qətibə xatun çırağbanlığın tamaşasından qalxıb Atabəy sarayının aynabənd salonuna girdi. Dərhal cariyələr onu aralığa alaraq libas otağına gətirdilər.

Atabəy isə salonda dolaşıb Həmədan qazisini və Həmədan əyanlarını gözləyirdi. Onlar Atabəyin oğluna ad qoymaq üçün saraya dəvət edilmişdilər. Bir azdan, qabaq qazi, onun dalınca da Həmədan əyanları və böyük rütbəli hökumət məmurları, – vəzirlər və vəkillər salona daxil oldular.

Atabəyin oğlunu salona gətirmək üçün lələnin otağına adam göndərildi. Az sonra yüz nəfərdən ibarət bir dəstə – cariyə və kənizlər salona daxil oldular. Lakin uşaq lələnin yox, Səba xanımın qucağında idi, çünki lələyə veriləcək hədiyyənin Səba xanıma verilməsi üçün Qətibə bir neçə saat əvvəl Atabəylə danışmışdı.

Hamı ayağa qalxdı. Səba xanım irəli gəlib uşağı qazinin qucağına verdi. Qazi dua oxuyub, əlini uşağın alnına çəkəndən və təzə mövludu təbrik etdikdən sonra irəli gəlib uşağı Atabəyin qucağına verdi və dedi:

– Təzə mövludun adı haqqında ixtiyar ata-ananındır!

Atabəy cavab verdi:

– Mən uşağa Qütlüğ adı vermişəm, mələkə də öz tayfalarının nəsilbənəsil daşıdığı İnanc adını əlavə etmişdir. Hərgah qazi cənabları da icazə versəydi, uşağı bundan sonra Qütlüğ İnanc səslərdik.

Qazi yenə dua oxudu:

– Xudavəndi-aləm Qütlüğ İnancı əlahəzrətə çox görməsin və Eldəniz xanədanının ömrünü min illərə yetirmək üçün doğulan mübarək mövludu öz hifz və himayətində yaşatsın!

Qazi bu duaları oxuduğu zaman Atabəy diqqətlə uşağın üzünə baxırdı. Uşaq çox kinli və qaşqabaqlı idi. Atabəy uşağın çöhrəsindən aldığı təsirdən o qədər də yaxşı fal vurmadı, öz-özünə:

“Tamamilə anasının yolunu gedəcəkdir. Barışmaz bir çöhrəsi vardır” – dedi.

Atabəy uşağı qaytarıb Səba xanımın qucağına verdiyi zaman ona bir kağız da verdi. Kağızda: “Səba xanıma xəzinədən beş yüz qızıl verilsin” – deyə yazılmışdı. Atabəyin əmrilə qazinin çiyninə böyük bir xələt salındı, sonra da bir kisənin içərisində ona min dirhəm qızıl pul verdilər.

Atabəy bundan əlavə Həmədan fəqirlərinə on beş min qızıl ehsan edilməsinə əmr verdi və təzə mövludun münasibətilə bir neçə camenin və məqbərənin təmir edilməsi üçün öz vəzirinə əmr verdi. Onlara: Əbüdccanəyiin sarin, Musa Kazımın oğlu İsmayılın, Əliyyülnəğinin oğlu Həsənin, Baba Tahirin, Şeyxül Seyid Əli və Xacə Əbülyəqubun məqbərələrinin təmir edilməsini tapşırdı.

Salon boşaldı. Səba xanım yenə də uşağı götürüb cariyələrin və kənizlərin müşayiətilə beşik otağına apardı. Qətibə xatun dərhal Səba xanımı qarşılayıb onun qulağına pıçıldadı:

– Atabəy uşağı öpdümü?

Səba xanım yavaşdan cavab verdi:

– Uşağı öpmədi, lakin onun üzünə diqqət və təəccüblə baxdı.

Səba xanımın verdiyi bu xəbər Qətibənin Atabəy Məhəmmədə qarşı bəslədiyi şübhələrini bir daha qaynatdı. Yemək otağına keçmək lazım idi, çünki Atabəy onu gözləyirdi. Kənizlər, cariyələr onu yemək otağına yola saldığı zaman Atabəy ayaq üstündə durub Qətibəni gözləyirdi. Atabəy Qətibəni gördüyü zaman irəli gəlib əlindən öpdü:

– Mələkəni təbrik edirəm. Oğul doğduğun üçün atamızdan qalan məşhur malikanəmizi sənə bağışlayıram. Eldəniz malikanəsi Həmədan və Soltaniyyə arasında ən gözəl, ən səfalı bir yaylaqdır. Rəhmətlik atam Eldəniz Rübatını yazıq anamız üçün saldırmışdı. İndi isə atamızın nəslini davam etdirmək üçün bizi şadlandırmış Qütlüğ İnancın gözəl və nəcib anasına bağışlayıram. Qardaşım Qızıl Arslan Qütlüğ İnancın doğulduğunu eşidəndən sonra bir məktub göndərmişdir. Bax nə gözəl yazır:

“Eldəniz xanədanına təzə bir çiçək bağışlayan həşəmətli mələkəyə bütün Azərbaycanda çiçəkləri ilə məşhur olan Seyidabad kəndini bağışlayıram. Bu kənd öz havası ilə məşhurdur. Bu kənd Ucan yaylasının dörd fərsəng məsafəsindədir”.

Atabəy bu sözləri deyəndən sonra iki qəbalə çıxarıb Qətibə xatunun qarşısına qoydu. Onlardan birisi Eldəniz Rübatının, ikincisi isə Qızıl Arslanın hədiyyə etdiyi Seyidabadın qəbaləsi idi.

Qətibə xatun qəbalələri alıb bir tərəfə atdı və heç bir söz demədən yemək süfrəsinin başına keçdi.

Qətibə xatunun bu etinasız hərəkəti Atabəyi təbii halından çıxardı. Lakin ona süfrə üstündə heç bir şey demək istəmədi. Yalnız Qətibənin acıqlı çöhrəsinə baxdığı zaman bir saat bundan əvvəl gördüyü uşağın acıqlı və kinli çöhrəsi də gəlib onun gözünün qarşısında dururdu. Şam yeməyi qurtardı. Qətibə durub getmək istərkən, hədiyyə verilmiş qəbalələrə əhəmiyyət vermədi, nəhayət, Atabəy Qətibəyə müraciət etdi:

– Mələkə iki hökmdar tərəfindən verilən hədiyyələri özü üçün layiq bilmədimi?!

Qətibə acıqlı qaşlarını bir-birinə çatışdırıb cavab verdi:

– Mən o hədiyyələri həqir hesab etmirəm, o hədiyyələr olduqca böyükdür. Lakin onlar mənim üçündür. Təzə doğulan uşaq üçün layiq deyildir. Madam ki, uşağın Eldəniz xanədanını davam etdirməyə səlahiyyəti vardır, o zaman bunu qeyd etmək lazım idi.

Atabəy Məhəmməd fikrə getmişdi. Bu qadınla yaşamaq mümkün olmadığını düşünürdü, çünki o, bu həyatdan razı deyildi, o özünə verilən səlahiyyət və hörməti kifayət hesab etmir və onunla qənaətlənmirdi. Atabəy qəlbində Qətibəyə evləndiyini böyük və siyasi bir səhv hesab edirdi. O öz qəlbində bu qadından və onun oğlundan məmləkətin böyük bədbəxtliyə düçar olacağını düşünür və öz-özünə lənət oxuyurdu.

Atabəy fikirli-fikirli Qətibədən soruşdu:

– Bir aylıq uşağı bundan artıq qeyd etmək mümkün idimi? Səncə, Həmədan fəqirlərinə veriləcək ehsanlar, müqəddəs məqbərələrin təmiri və sairələr uşağın hörmətini qeyd etmək deyilmidir?

– Sən onları uşaq üçün yox, öz şöhrətin üçün etdin.

– Uşaq üçün nə edə bilərdim?!

– Uşağın dodaqlarından öpərək, “vəliəhdimi al” deyə onu Səba xanıma qaytarmalı idin.

– Bu məsələni qaldırmaq tezdir. Vəliəhd təyin etmək işi Toğruldan asılıdır. Çünki məmləkətin qanuni hökmdarı Toğruldur. Vəliəhdlik hüququ mənim övladımın deyildir. Rica edirəm mələkə bu məsələni hələlik qaldırmasın. O ki uşağı öpmək məsələsidir, mənim qazinin və ruhanilərin hüzurunda bir körpəni öpməyim nəzakətsizlik olardı. Əbəs yerə bu sadə məsələdən ötrü narazılıq yaradırsan.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Hamam

Eşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır.Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!..

1 dəq
Ticarət və ekonomi xəbərlər

Ticarətin bə’zi şərtləri və qaydaları var. Fərasətli və gözü açıq alış-verişçilər ticarətin şərtlərini əmələ gətirmək ilə tərəqqi edirlər və dövlət qazanırlar. Amma şüursuz tacirlər işlərin dalını və qabağını fikirləşməyib zərər çəkirlər və tənəzzül edirlər. Bu dəxi aşkar bir mətləbdir.Qəndin putu indi gedir altı manata, əgər adam bunu qabaqca bilsə ki, iki aydan sonra yollar lap kəsiləcək və Rusiyyətdən Qafqaza qənd gələ bilməyəcək, əgər adam qabaqca bunu bilsə var-yoxunu cəm edib verər qəndə və ambarlara doldurub saxlar, bahalananda satsın qazancına. Əgər bir ay yollar bağlana və bu tərəfə qənd gəlməyə, qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqca bilmək çətindir. Odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil.

3 dəq
Bağ

«Əgər ze bağe-rəiyyət konsul xorəd sibi bənyavərənd nəyibane u dərəxt əz bix».*Sədi.*

2 dəq
Görəsən

Mənim xəyalıma bir şey gəlir:«Tayms» qəzetəsinin yazdığından belə məlum olur ki, bu il hacıların cibindən otuz milyon manat pul çıxıb əcnəbi paraxod sahiblərinin cibinə girdi.

1 dəq

Başqa şairlərin şeirləri