Səhifə 2 / 2 · 50%

– Körpəni öpməmək mənə və oğluma qarşı bir hörmətsizlikdir.

– Onu, ancaq mənim şübhələr və düşüncələr əsiri olan mələkəm bu cür düşünə bilər.

– Mənim oğlum vəliəhd, mən özüm isə mələkə deyiləm. Mən mələkə olmadığımı çoxdan bilirəm. Çünki mənim dediklərimin və mənim tapşırıqlarımın heç birisi həyata keçirilmir. Lakin sən buna söz vermişdin, bu bizim izdivac şərtlərimizdən birisi idi.

– Sən Şimali Azərbaycan xalqının səadəti və məmləkətin abadlığı üçün hər nə ki istəyirsən həyata keçirmək mümkündür. Yaxşı fikir elə, sənin belə bir təklif etdiyin olubmu?

– Mən bir çox təkliflər etmişəm, sən də onları Qızıl Arslana yazmışdın, lakin Qızıl Arslan onların heç birisinə əməl etmədi. Sən bilirsən ki, Fəxrəddinlər, Nizamilər mənim atamın Azərbaycanda hökumət sürməsinə əngəl törədirlər. Sən bir neçə dəfə bu barədə Qızıl Arslana tapşırıq vermişdin, lakin yenə də onların atama qarşı olan ədavətləri davam edir. İndiyə qədər Qızıl Arslan istəsəydi, onları öz yerində oturtmuşdu.

– Çox əcəb, indi təklifin nədir?!

– Mən təklifimi sənə çoxdan bildirmişdim. Bu təklif xəlifədən sənə gətirdiyim məktubda da qeyd edilmişdi. Sən xəlifənin məktubuna da əhəmiyyət vermədin.

– Sənin nə demək istədiyini bilmirəm. Bilirsən Qətibə, dünyada bir çox qadınlar hökmranlıq etmişdir. Lakin onlar sənin getmək istədiyin yolu təqib etmiş olsaydılar, bir il belə hökmranlıq edə bilməzdilər. Sən öz atanın rahat yaşaması üçün bir məmləkəti viranə qoymaq istəyirsən. Hərgah Nizami kimi bir şair bu gün Azərbaycandan çıxıb Xarəzm şahı Əlaəddin Təkəşin yanına getmək istəsə, onun ayağının altına qızıl səpər və ipək xalçalar döşərlər. Lakin sənin atan hökmranlıq etdiyi bir məmləkətdə iki cahangir şair bir arıq inəyin südü ilə yaşayır. Fəxrəddin kimdir?! O, bir kərə üzünü Şimali Azərbaycan xalqına tutub “silahlanın” deyərsə, yüz minlərcə igid at belinə qalxar. Şimali azərbaycanlılar özlərini Börkiyarıq ilə qardaşı Məhəmməd arasında gedən müharibələrdə göstərmişlər. Fəxrəddin kimi qəhrəmanlar gələcəkdə, hətta yaxın gələcəkdə bizim ölkələrimiz üçün lazım olacaqdır.

Hərgah Qızıl Arslan Nizami və Fəxrəddini məhv etməmişsə, haman mən sənə burada dediyim səbəblər üçün məhv etməmişdir.

Mələkə bilməlidir ki, Fəxrəddinlə atanızın arasında mövcud olan ixtilaf heç bir çarə ilə həll ediləcək ixtilaflardan deyildir.

Qətibə acıqla Atabəydən soruşdu:

– Mənim atam ona nə etmişdir?! O kimdir ki, mənim atamın üzünə dursun, qapımızda minlərcə Fəxrəddin kimi nökər yoxdurmu?!

– Sənin atan onun qəlbinə sağalmaz bir yara vurubdur. Onun nişanlısını sarayda saxlayandan sonra xəlifəyə hədiyyə göndərmişdir. Sənin atan nə üçün xalqın başqasına nişanlanmış gənc qızını evindən çəkib gətirmiş?! Sən elə bilirsən ki, Fəxrəddin öz Dilşadını unudacaqdır? Sənin atanın başına nə fəlakət gəlsə, ancaq bu cəhətdən gələcəkdir.

İndi də sənin xəlifədən gətirdiyin məktubların məzmununa keçək. Xəlifə təklif edir ki, Qızıl Arslan Azərbaycan hökumətinin başından götürülsün.

Əvvəla, sənə məsləhət görürəm ki, hər ay başında Bağdada gedib xəlifədən mənə məktub gətirməkdənsə, Azərbaycana gedib mənim sifarişlərimi atana yetir. Ona mənim dilimdən salam yetirib söylə ki, onun hərəkətləri Şimali Azərbaycan xalqının üsyanına və ailənizin bədbəxtliyinə səbəb ola bilər.

Qoy sənin atan, Qızıl Arslanın bu məmləkətdə islahat aparmasına mane olmasın. Qızıl Arslan kimi ağıllı, tədbirli, alicənab və mərhəmətli hökmdar hələlik Şərq məmləkətlərinin heç birisində görünməmişdir. O, hökmdar olmaqla bərabər bir qəhrəmandır. Eyni zamanda bir alim və bir şairdir. O heç bir vaxt Fəxrəddin kimi qəhrəmanı, Nizami kimi bir şairi məhv etmək istəməz.

Qızıl Arslanın bir yaxşılığı da burasındadır ki, o öz yaşadığı məmləkəti beş barmağı kimi tanıyır, xalqının ruhunu ölçüb-biçir, idarə etdiyi xalqa özünü sevdirməyi bacarır. Lakin mənim qayınatam, içərisində yaşadığı xalqın etimadını itirmişdir. Bu gün Şimali Azərbaycan xalqına üzünü tutub “silah başına” deyərsə, beş nəfər nökər, on nəfər mülkədardan başqa bir kimsəni öz arxasında görə bilməz.

İkincisi budur ki, xəlifənin Qızıl Arslanın işdən götürülməsi barəsindəki əmri bizim üçün qanun deyil, xəlifə öz ixtiyarı xaricində heç bir iş görməməlidir. Sən heç bir vaxt xəlifənin nüfuzunu düşürə biləcək məktubları alıb gətirmə. Xəlifələrdən hökmdarlara əmr vermək, təyin və xaric işlərinə qarışmaq ixtiyarı çoxdan alınmışdır. İndi artıq Bağdad xəlifələrinin özünü də hökmdar təyin edir. Hökmdarlar istədiyi zaman onları taxtdan yerə salaraq gözlərinə mil çəkir və Bağdad küçələrinə buraxırlar.

Üçüncüsü də, mələkəm bilməlidir ki, Qızıl Arslanı Azərbaycan hökuməti başına nə mən, nə də Bağdad xəlifəsi təyin etməmişdir. Onu bu mövqeyə çatdıran öz bacarığı olmuşdur ki, bunun nəticəsində də rəhmətlik atam Eldəniz onu Azərbaycan hökumətinə təyin eləmişdir.

Dördüncüsü, ən mühüm bir məsələni mələkəyə anlatmalıyam. Qızıl Arslan çox da yazıq və qorxaq adam deyildir. O, üzünü Azərbaycan xalqına çevirib kömək istəsə, böyükdən kiçiyə qədər Azərbaycan xalqını at belində görərsən.

Beşincisi, o mənim gözümün işığı kiçik qardaşımdır. Kiçikdir, lakin böyük fikirləri həyata keçirmək işində çox böyük adamdır. Mən də və sənin atan da, hökmdarlıq etmək üçün ondan bir çox şeylər öyrənməliyik.

Qətibə bunları eşidəndən sonra:

– Mən də neçə müddətdir ki, səndən bu sözləri eşitmək istəyirdim, – deyərək qalxıb getdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Hamam

Eşitdim ki, Ağdamda bir müsəlman tazə hamam tikdirib. Buradan bir haşiyə çıxıb oxucularımızdan təvəqqə edirəm inciməsinlər ki, hamam kimi xırım-xırda məsələlər ilə mən onları məşğul eləyirəm. Doğrudur, hamam məsələsi xırda məsələdir, amma, nə eybi var, çox vaxt olur ki, bir xırda məsələdən bir böyük məsələ çıxır.Bəli, eşitdim ki, Ağdamda bir müsəlman bir hamam tikdirib. Əgər mən bunu beş il bundan irəli eşitsəydim, çox qulaq asmazdım, və deyərdim ki, ah, görəsən bu da əlbət Naxçıvan, İrəvan və Təbriz hamamları kimi bir qurbağaxanadır. Amma indi belə bəd güman eliyə bilməzdim, çünki indiki zaman hara, beş il bundan irəli hara!..

1 dəq
Ticarət və ekonomi xəbərlər

Ticarətin bə’zi şərtləri və qaydaları var. Fərasətli və gözü açıq alış-verişçilər ticarətin şərtlərini əmələ gətirmək ilə tərəqqi edirlər və dövlət qazanırlar. Amma şüursuz tacirlər işlərin dalını və qabağını fikirləşməyib zərər çəkirlər və tənəzzül edirlər. Bu dəxi aşkar bir mətləbdir.Qəndin putu indi gedir altı manata, əgər adam bunu qabaqca bilsə ki, iki aydan sonra yollar lap kəsiləcək və Rusiyyətdən Qafqaza qənd gələ bilməyəcək, əgər adam qabaqca bunu bilsə var-yoxunu cəm edib verər qəndə və ambarlara doldurub saxlar, bahalananda satsın qazancına. Əgər bir ay yollar bağlana və bu tərəfə qənd gəlməyə, qəndin putu qalxar on iki manata və indidən qəndi alıb ambara yığan birə-iki qazanar. Amma bunu qabaqca bilmək çətindir. Odur ki, qənd alış-verişi bir elə mənfəətli alış-veriş deyil.

3 dəq
Bağ

«Əgər ze bağe-rəiyyət konsul xorəd sibi bənyavərənd nəyibane u dərəxt əz bix».*Sədi.*

2 dəq
Görəsən

Mənim xəyalıma bir şey gəlir:«Tayms» qəzetəsinin yazdığından belə məlum olur ki, bu il hacıların cibindən otuz milyon manat pul çıxıb əcnəbi paraxod sahiblərinin cibinə girdi.

1 dəq

Başqa şairlərin şeirləri