Son müharibə
Səhifə 3 / 5 · 40%
Nizami bayrağı Fəxrəddinə tapşırdığı zaman, təbil və şeypurların səsi eşidildi. Nizami Fəxrəddini bir daha öpdü. Bütün atlılar gəlib bayrağı salamlayıb keçdi, Fəxrəddin də son dəfə Dilşadla vidalaşıb yola düşdüyü zaman:
– Birinci məktubunu Həmədandan, ikinci məktubunu isə Bağdaddan gözləyirəm, – sözlərini eşitdi.
Bu səs Dilşadın səsi idi.
Şimali Azərbaycandan cənuba gedən ordu, iki dəstəyə ayrılmışdı. Birinci dəstə Fəxrəddinin rəhbərliyi altında Naxçıvan yolu ilə, ikinci dəstə isə Əlaəddinin başçılığı ilə Qarabağ və Qaradağ yolu ilə Təbrizə tərəf irəliləyirdi.
Vəliəhd Təbrizdə Fəxrəddinin Naxçıvana yaxınlaşdığı xəbərini alan kimi, ordunu istiqbal etmək üçün Araz çayı kənarına gəldi. Cənubi Azərbaycan ziyalıları, alimlər, şairlər və vətənpərvərlərin hamısı vəliəhd ilə bərabər Ziyaülmülk körpüsünün cənub tərəfində durub Şimali Azərbaycan ordusunu gözləyirdilər.
Körpünün cənub və şimal tərəfi əlvan fənərlərlə bəzənmiş, hər tərəfdən şallar, çiçəklər, qiymətli fənərlər asılmışdı.
Körpünün daş qapıları və yüz arşın ucalığındakı tağlar minlərcə qəndillərin əlvan şəfəqləri altında parlayırdı.
Araz çayının cənub tərəfindəki uca dağlar minlərcə məşəllərin şəfəqinə bürünmüşdü. Gecə saat ikidən başlayaraq Şimali Azərbaycan ordusu sel kimi axıb Araz çayının kənarına tökülürdü. Daşlar üzərində səslənən at dırnaqlarının şaqqıltısı cənubdakı sıldırım qayalara əks etdiyi zaman, ildırım şığıyaraq qayaların axıb töküldüyünü xatırladırdı. Bütün mühit at kişnəmələri, at, dəvə və qatar zənglərinin şaqqa-şaqqa altında titrəyirdi.
Çadır mıxlarına vurulan toxmaqların səsi Culfa dağlarının və Ələnciq qalasını titrədirdi.
Çadırların qarşılarında yanan məşəllərin şəfəqləri Araz çayının dalğalarına rişə atırdı. Gündüz saat on ikiyə yaxın Azərbaycan ordusu Ziyaülmülk körpüsündən Cənubi Azərbaycana köçməyə başladı. Cənubdan:
“Yaşasın azərbaycanlılar, yaşasın qardaşlıq, yaşasın qəhrəman Fəxrəddin!” səsləri bir-birinin dalınca eşidilirdi. Vəliəhd atlanıb körpünün cənub qapısında durmuşdu, o şimaldan gələn ordunun rəsmkeçidini qəbul edirdi. Körpü darısqal idi, oradan ancaq dörd atlı yanyana keçə bilirdi, buna görə də körpünü keçmək uzun çəkməsin deyə, atlılara, atlarını sürətlə sürmələri əmr edilmişdi.
Qabaqca Qarabağ atlıları qılınclarını sıyırıb çiyinlərinə qoydular və vəliəhdi salamlayıb keçdilər. Qarabağlılardan sonra Şəmkir və Şəmsəddinlilər gəlib keçdilər. Hamıdan sonra, Aran ordusu hərəkət etdi. İki qılınc şəkilli bayraq Fəxrəddinin başı üzərində hərəkətə başladığı zaman, sanki şimaldan cənuba insan selləri axırdı.
Cənubdan, şimaldan musiqi səsləri ucalmağa və “yaşasın qəhrəman Fəxrəddin!” səsləri eşidilməyə başladı.
Fəxrəddin bayraqla bərabər vəliəhdin yanına yetişərkən atından düşüb onu salamlamaq və torpağı öpmək istərkən, vəliəhd dərhal atından piyada olub Fəxrəddinə torpağa düşmək imkanını vermədi və onu əlindən tutub dedi:
– Bu gündən etibarən torpağa düşüb, təzim etmək adətini ləğv edirəm. Bu adəti İran şahları və Səlcuq hökmdarları xalqın milli qürurunu məhv etmək üçün yayıblar. Xüsusən qəhrəmanların başı heç bir zaman əyilməməlidir.
Qoşunun körpüdən keçməsi davam edirdi. Fəxrəddinin əmrinə görə Azərbaycan bayrağını vəliəhdin başı üzərində saxladılar. Bu adət ordunun baş sərkərdəliyini vəliəhdə həvalə etmək demək idi. Vəliəhd buna razı olmadı və:
– Şimali Azərbaycan ordusunun sərkərdəliyi öz qəhrəmanına məxsusdur, – dedi.
Ordu axşam qaranlıq düşənə qədər körpüdən keçdi, sonra ordunun silahları qatırlara və dəvələrə yüklənərək körpüdən keçməyə başladı.
Əmudlar, gürzlər və şəşpərlər, ox və kaman ehtiyatı, ağır məncəniq və ərusəklər, dəmir kərpiclər, qarurə, ehtiyat qılınclar, nizələr, minlərcə polad qübbəli qalxanlar, məğfərlər və dəmir geyimlər yüklənmiş dəvə və qatırlar karvanı vəliəhdin çadırının qabağından keçdiyi zaman:
– Mən qalib gələcəyəm! – deyə vəliəhd sevindi.
Fəxrəddinlə Təbriz altına qədər irəliləyən Azərbaycan ordusu, Acıçay kənarında çadırlarını qurub Qarabağ yolu ilə gələn Əlaəddinin dəstəsini gözləyirdi. Bir gün sonra Əlaəddinin dəstəsi Təbrizə yetişdi, ordu iki gün rahat olandan sonra Təbrizdən Qəzvinə doğru hərəkət etdi.
Fəxrəddin Təbrizdən əlli min atlı qoşunla hərəkət etdiyi zaman onu, Təbriz əyan və ruhaniləri vəliəhd ilə birlikdə Vasminc şəhərinə qədər yola saldı. Xalq arasında söhbətlərin məzmun və mündəricəsi olduqca müxtəlif idi:
– Bu müharibənin öhdəsindən əlli min qoşun ilə gələ bilmək fikri sadəlikdir.
– Bağdad ordusunun sayı yüz min nəfərdən artıqdır.
– Yaquba, Şəhriban, Qızıl Rübat, Qəsr-Şirin, Harunabad, Kirmanşah, Əsədabad və Gəngavər şəhərlərində qoşun əlindən hərəkət etmək mümkün deyil.
– Həmədan ilə Qəzvin arasında olan qoşunun sayını Allahdan başqa bir adam da bilməz.
– Əlli min yalnız İraq atlılarıdır.
– Fəxrəddin çox da özünə öyünməsin. Bağdad ordusunun içində minlərcə Fəxrəddinlər vardır. Bu müharibədə Fəxrəddin başını sındıracaqdır.
– Özü də çox uzaq bir zamanda yox, ən yaxın günlərdə məlum olacaq.
Başqa məzmunda söhbətləri də eşitmək mümkün idi:
– Qarışqanın sayı filin sayından artıqdır. Lakin fil bir kərə ayağını yerə qoyanda yüz minlərcə qarışqa tələf olur.
– Ona Fəxrəddin deyərlər. Bağdadlılar onu çox gözəl tanıyır, Azərbaycan ordusu tarixdə heç bir zaman məğlub olmamışdır.
...Azərbaycan ordusunun qabaq hissələri İmamzadə Hüseynə yetişdikləri zaman İraq və Bağdad qoşununun Qəzvin şəhərini işğal etdikləri məlum oldu. Ordu orada dayandı, vəziyyəti Fəxrəddinə xəbər vermək üçün təcili çapar göndərdilər.
Düşmən ordusundan alınan gizlin xəbərlər, onların irəli hərəkət etmək istədiklərini göstərmirdi.
Qəzvin ancaq Bağdad ordusu işğal etmişdi, onların əsas olaraq istinad edəcəkləri Rey ordusu hələlik Qəzvin altına gəlib çatmamışdı.
Qətibənin özü bir aydan bəri Soltaniyyə camesində çadırını qurub oturmaqda və Rey ordusunun təşkilatı ilə məşğul olmaqda idi.
Alınan xəbərlərə görə Rey ordusu da Azərbaycan ordusu kimi iki hissəyə ayrılmışdı. Onların bir hissəsini Qütlüğ İnanc, o biri hissəsini Hüsaməddin idarə edirdi. Qətibə Bağdad ordusu sərkərdəsinə göndərdiyi məktubunda deyirdi:
“Rey qoşunu Qəzvin altına gəlmədən qabaq müharibəyə başlanmasın, hərgah azərbaycanlılar hücuma keçərsə, müdafiə halında durmalısınız. Aldığım xəbərlərə görə azərbaycanlıların qüvvələri çox azdır. Müharibə yaxşı tədbir üzərində aparılarsa, onların məhv edilməsi ancaq bir neçə günün işidir. Qalib gəldiyiniz zaman, Seyid Əlaəddin və Fəxrəddini diri tutmalısınız. Onları mən özüm cəzalandıracağam.
Onları diri tutanların hər birisi beş min dirhəm qızıl mükafat alacaqdır”.
Qətibə məktubu içi boş bir əsanın içinə qoyub qasidə verdi və ehtiyatlı olmasını tapşırdı. Qasid Nərcə kəndinin yanından keçərkən, Fəxrəddinin ordusundan göndərilən kəşfiyyatçılardan Dəmirə rast gəldi. Kəşfiyyatçı qasidi dayandırıb soruşdu:
– Haradan gəlirsən?
– Soltaniyyədən.
– Hara gedirsən?
– Bu nə sualdır? Görürsən ki, Qəzvinə gedirəm.
– Nə üçün gedirsən?
– İşim vardır, ailəm oradadır.
– İrəli gəl, səni axtaracağam.
– Rədd ol buradan səfilin birisi!
– Artıq danışıq lazım deyil. Soyun, deyirəm!
– Mən sənin kimi yolvuranları çox görmüşəm.
Bu sözdən sonra Dəmir qılıncı qasidin başına endirmək istərkən, qasid ağacı qılıncın qarşısına verdi, ağac sındığı zaman məktub yerə düşdü. Dəmir isə məktubu götürüb qasidi qolları bağlı olaraq Fəxrəddinin yanına gətirdi.
Qütlüğ İnancın ordusu hələlik cəbhəyə gəlməmişdi, lakin Hüsaməddin sübh açılan kimi Rey ordusunun əsas hissələri ilə bərabər cəbhəyə yola düşəcək idi. Qətibənin qulamı Hüsaməddinin çadırına gəlib onu mələkənin çadırına çağırdı. Hüsaməddin çadıra girdiyi zaman Qətibəni həddindən artıq şad gördü. O yenə də bəzənmiş və cəvahirlərini üzərinə tökmüşdü. O irəli gəlib əlini Hüsaməddinə uzatdı:
– Mənim sevimli dostum! – dedi. – Bu günlər sənin və mənim çəkdiyim iztirabların son günləridir. Sən özün çəkdiyin əziyyətləri ölçüyə vurduğun zaman, mənim nə qədər iztirab çəkdiyimi təyin edə bilərsən. Nə edəydik? Öhdəmizdə olan vəzifə iztirab tələb edəcək vəzifə idi. Hüsaməddin, mən qəlbimi sənin qəlbinə aşılamaq üçün iki böyük hökmdarı məhv etdim. Üçüncüsünü isə taxt-tacını buraxıb qaçmağa məcbur etmişəm. İndi isə son günlərdir, vəzifələri tamamlamaq və acı iztirabların şirin nəticəsini almaq zamanı yetişibdir. Sən bilirsən ki, bu müharibədə iştirak edənlərin hər birisi bir məqsəd üçün yox, bir əmrə itaət etmək üçün müharibə edirlər. Lakin sən həm bir əmr üçün, həm də müqəddəs bir məqsədi həyata keçirmək üçün müharibə etməlisən. Sənə həm mən əmr edirəm, həm də sənin mənə olan sevgilərin səni cəbhəyə göndərir. Sən bu müharibəni qazanmaqla mənim qəlbimi qazanmış olacaqsan. Düşmənə endirdiyin hər bir zərbə mənim döşümə taxacağın bir çiçək qədər qiymətli olacaqdır.
Mənim dostum! Sən hələ mənim gözümdə gəncsən. Mən çox təəssüf edirəm ki, gəncliyə məxsus zənginliyi sənin əlinə tapşırmağa müvəffəq ola bilmədim.
Hüsaməddinin heyvani duyğuları yenə də coşdu, yenə də o, Qətibənin bu sözlərini eşidərkən, hazırda qarşısında duran Qətibəni deyil, gənc, gözəl, sevgili Qətibəni görməyə başladı. Xəyal və şəhvət yenə də onun gözlərini pərdələdi, onun qəlbi yenə də müdhiş cinayətlərin üzərindən atılıb şirin və sevimli keçmişlərə qayıtdı və o, öz-özünə dedi:
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-son-muharibe
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Lloyd Corc Qərbi fəlakətdən qurtarmaq üçün İsa-Məryəm naminə Amerikaya yalvarır, bir tərəfdən də Puankareyə bir qəpiyindən keçməyəcəyini söyləyir.*Siz də, biz də lotuyuq, ürfdə, adətdə birik,
Əlbəttə ki!Amerika xariciyyə naziri Fyuz öz nitqində demişdir ki, Amerika müharibəyə torpaq işğal etmək üçün deyil, kiçik millətlərin azadlığı səbəbinə iştirak etmişdir.*Aləmi-insanı abad eylədik, əlbəttə ki!
Edərik bizİnkiltərədə dörd günlük seçki kampaniyası vaxtında 40 min nitq söylənmişdir.*Qırx min kərə bir nəğməni izhar edərik biz,
Varımızdır!Amerikanın Nyu-York şəhərində on bir yaşında uşaq inqilabi ədəbiyyat satdığı üçün həbs olunmuşdur.*Əlbəttə ki, hürriyyəti-vicdan varımızdır,