Səhifə 5 / 5 · 80%

Qadın bu sözləri dedikdən sonra qiymətli bir üzük çıxarıb Təliənin barmağına taxdı və dedi:

– Bu üzüyü sənin barmağına taxan Azərbaycan qızı Gözəldir. Bu üzük sənin nişan üzüyündür. Toy isə qələbədən sonra.

Qadın bunları deyib getdiyi zaman, Təliə onun dalınca baxaraq sevindiyindən ağladı və:

– Doğrudan da gözəldir. Bu ad ancaq sənin anana layiqdir, – dedikdə vəliəhd də onun dodaqlarından öpərək:

– Sən də gözəlsən, mənim ruhum! Hələlik salamat qal, – deyərək, vidalaşıb getdi.

Təliə isə otağın ortasında durub düşünür və öz-özünə deyirdi:

“Bu müharibə iki qardaşın arasında, eyni zamanda iki bacının arasında gedən müharibədir. İndi görək iqbal kimin üzünə güləcəkdir”.


Vəliəhdin rəyasəti altında çağırılan hərbi müşavirə gecə saat ikidə qurtardı. Saat üçdə Fəxrəddin Şəmsəddinli atlılarına əmr verdi.

– Bu gecə, səhər açılmazdan Şəmsəddinli atlısı Şərafabadı işğal etməlidir. Qarabağ atlısı isə Qəzvinin üç fərsəng məsafəsində olan Məkul çeşməsinin ətrafını tutmalıdır.

Gündüz saat on ikidə gələn xəbərlərdə Şərafabad altında qanlı müharibələr getdiyi və nəticədə Şəmsəddinli atlısının Şərafabadı işğal etdiyi söylənirdi. Məkul çeşməsi ətrafını əldə etmək üçün hücum edən Qarabağ atlılarının düşmənin böyük bir qüvvəsinə rast gəldiyi xəbəri çatınca, Şəmkir atlıları Qarabağ atlılarının köməyinə göndərildi, nəhayət, Məkul çeşməsi ətrafında yerləşən iraqlılar öz silah və sursatlarını qoyub qaçmağa məcbur oldular.

İkinci gün Bağdad qoşunları böyük dəstələrlə Suniqandan hərəkət edib Şərafabad üzərinə şiddətli bir hücum düzəltdilər. Üç gün davam edən bu müharibə Bağdad qoşununun məğlubiyyəti ilə bitdi. Məkul çeşməsi ətrafını qaytarmaq üçün vuruşan iraqlılar isə dörd günlük müharibədə qüvvələrinin mühüm bir hissəsini itirəndən sonra geri çəkilməyə məcbur oldular.

İki gün hər tərəfdə sakitlik davam etdi. Fəxrəddinin əldə etdiyi məlumatda düşmənin müdafiə halına keçməsi və bunun üçün də Qəzvin ətrafında istehkamlar düzəltməsi xəbəri gəldi. Düşmənin istehkamlarını dağıtmaq üçün gətirilmiş beş yüz mənçəniq, Şərafabad ətrafında qurulmağa başladı. Üçüncü gün səhər açılan kimi on batmanlıq daş atan mənçəniqlər Siyahdəhən, Şah və Suniqan məntəqələrini döyməyə başladı. Bir gün, bir gecə davam edən mənçəniq müharibəsi nəticəsində düşmən səngərləri daş təpələri şəklini aldı, minlərcə meyit daş qırıntıları altında küftə kimi əzildi.

Qütlüğ İnanc vəziyyəti ağır görüncə, atını minib İraq atlısına hücum əmri verdi. Günəş Səkzəbad təpələrinin dalından çıxan zaman, on minlərcə qılınc qınından çıxmışdı. Polad geyimlərə bürünmüş iki sel sürətlə bir-birinə qarşı axırdı. Mənçəniqlər susmuşdu. Fəxrəddinin səsindən başqa bir səs eşidilmirdi, o:

– Qarabağlılar irəli! Şəmsəddinlilər sağa! Gəncəlilər sola! Qaradağlılar mərkəzə! – deyə qışqırır və atını düşmən selinə qarşı məhmizləyirdi.

Beş dəqiqədən sonra sanki iki ildırım bir-birinə toxundu. Qılınclar qalxanların qübbələrinə toxununca minlərcə insanın başından qığılcımlar çıxmağa başlamışdı.

Atlar insanların meyiti üzərindən atılıb keçirdi. Minlərcə yəhərli qanlara boyanmış atlar sahibsiz olaraq vuruşma məntəqəsindən ayrılıb düzlərə qaçırdı.

Qılınc şaqqıltısı, at iniltisi və pəhləvanların qışqırtısından başqa bir səs eşidilmirdi. Yerlər meyitlərlə dolmuşdu. At oynatmağa imkan qalmamışdı.

Günorta zamanı Qütlüğ İnanc atını məhmizləyib irəli keçdi. O, Fəxrəddinlə qarşı-qarşıya gəlib onu səslədi:

– Dayan, Fəxrəddin! Səninlə döyüşmək fikrində deyiləm. Çünki bir tək səni öldürməklə bu müharibə bitməyəcəkdir. Bu müharibə iki qardaşın arasında gedən müharibədir. Onlardan birisi məhv olmadan bu müharibə bitməyəcəkdir.

Hər iki tərəf müharibədən əl çəkib Qütlüğ İnancı dinləyirdi. Atların nəfəsinin fısıltısından başqa bir səs eşidilmirdi.

Qütlüğ İnanc sözünü davam etdirib dedi:

– Qoy Əbubəkr özünü müdafiə etmək üçün minlərcə xalqın ölümünə əmr verməsin. Qoy onun özü mənim müharibəmə çıxsın. Qoy qılıncını çəkib mənə hücum etsin. İkimiz müharibə edək. Şərqin bütün pəhləvanları, sərkərdələri, qəhrəmanları, igidləri buradadır. Qoy onlar özü bizim aramızda hakəm olsunlar. Cahan pəhləvan Məhəmmədin pəhləvanlıq mirası kimin əlinə çatmışsa, qoy məmləkət də onun ixtiyarında qalsın.

Qütlüğ İnanc bunu deyərək atını oynatdı. Hər iki tərəfdən ona tamaşa edənlər bir ağızdan:

– Atabəy Məhəmməd bir daha dünyaya qayıtmışdır, – deyir və onun boy-buxununa tamaşa edirdilər.

Fəxrəddin atını məhmizləyib danışdı:

– Bu müharibənin haradan və nə üçün başladığını bütün xalqlar bilir. Bu müharibə ölümlərdən, qan və böhtandan ləzzət alan bir qadının həyatı keçə bilməyəcək arzularından doğmaqdadır. Bu ixtilafı Azərbaycan xalqının qılıncları həll edəcəkdir.

Qütlüğ İnanc atının başını çəkib durdu və etidalını pozmayaraq Fəxrəddinə nəsihətverici bir halda dedi:

– Fəxrəddin! Sənin böyük bir pəhləvan olduğunu bilirəm. Lakin birinci kərədir ki, səninlə üz-üzə gəlirəm. Səndən bir əsgər kimi rica edirəm, anamın adını çəkmə, hərgah mən də sizin ananızın adını çəkərsəm, müharibə uzanar. Sənin bizim ailəyə qarşı olan barışmaz düşmənliyini bilirəm. Bunun cəzasını sonra da verə bilərəm. Sən hələlik qayıt, sizi bu cəbhəyə göndərənləri mənim yanıma göndər. Bütün Azərbaycan xalqına yalvarıram: qardaşlar arasında gedən müharibəyə yadlar qarışmamalıdır...

Qütlüğ İnancın bu sözlərini yalnız öz ordusu deyil, Azərbaycan ordusu da təsdiq edirdi:

– Doğrudur! Doğrudur!

Lakin vəliəhdin ətrafında olanlar onun Qütlüğ İnanclə müharibəyə çıxmasına razı deyildilər. Onlar vəliəhdi müharibəni qəbul etməkdən mən edirdilər.

Vəliəhdin anası Gözəl çadırın pərdəsini qaldırıb içəri girdi və vəliəhdə acıqlanaraq dedi:

– Nəyi gözləyirsən? Qütlüğ İnanc səni səsləyir. Nə üçün cavab vermirsən? Qorxaq və aciz bir oğulu mən özüm məhv edərəm. Dur geyin! Hamı səni gözləyir. Dur, cəbhəyə get, qoy bütün Şərq dünyası bilsin ki, Atabəy Məhəmmədin qəhrəmanlıq irsini bir ərəb qızının oğlu yox, bir Azərbaycan kəndlisinin oğlu daşımaqdadır. Qütlüğ meydanda at oynadır, sən də özünü göstərməlisən. Səni yaxşı tanıyıram, buna görə də sənə tapşırıq verirəm, onu öldürməyəcəksən. Çünki mən qardaş qatili olan övladı sevə bilmərəm.

Vəliəhd anasının sözlərindən şadlandı, üzünü çadırdakılara tutub səsləndi:

– Xidmətçilərdən başqa hamı çadırdan çıxsın!

Çadır boşaldı. Pəhləvan geyinməyə başladı, o yarım saatdan sonra dəmir-polada bürünmüş bir surətdə çadırdan çıxdı, çadırın qapısında saxlanan atların içərisindən Fəxrəddinin ona bağışladığı bir ərəb atını seçdi.

Vəliəhdin çadırından başlayaraq, döyüş səhnəsinə qədər olan uzun yolun hər iki tərəfində ancaq Qarabağ və Gəncə atlıları durmuşdu.

Vəliəhd atın üstünə qalxdığı zaman yüzlərcə təbil, kərənay və şeypurlar səsləndi. Bu səsləri hər iki orduda eşidənlər vəliəhdin döyüş meydanına gəldiyini eşidərək maraqlandılar, hər atlı irəli keçməyə və onu görməyə tələsirdi.

Qütlüğ İnanclə vəliəhdin özü də bir-birlərini görməyə tələsirdilər. Onlar həm düşmən, həm də atabir qardaş kimi görüşməkdən maraqlanırdılar. Çünki bunların hər ikisi bir-birinin qəhrəman olduğunu eşitmişdi. Şairlərin, onların igidlikləri barəsində yazdığı dastanları xatırlarkən, şübhəsiz onlar bir-birilə maraqlanmaya bilməzdilər. Orduların arasında gedən və hər iki qəhrəmana həsr edilən söhbətlər əfsanə şəkli almışdı:

– Qütlüğ İnanc şir şikarına çıxmağı sevir.

– Vəliəhd əlini yatmış dəvənin belinə qoysa, dəvə qalxa bilməz.

– Qütlüğ İnanc bir qılınclə filin boynunu yerə salmışdır.

– Vəliəhd dörd min məcməyini bir-birinin üstünə qoyub mum kimi yumşaldır.

– Gümüş sikkəyə bir kərə barmağını sürtən kimi yazılarını silir.

– Əlləri dəmir zənciri çəkib qıracaq qədər qüvvətlidir.

Vəliəhd döyüş səhnəsinə daxil olan kimi onu müşayiət edən iki yüz Gəncə atlıları geri çəkildilər. Bu zaman döyüş səhnəsində təzə bir mənzərə asıldı. Vaxtilə Atabəy Məhəmmədi görənlər döyüş səhnəsində iki nəfər Atabəy Məhəmmədin qarşı-qarşıya durduğunu görüb heyrətləndilər.

Qütlüğ İnanclə vəliəhdin arasında olan məsafə iyirmi qədəmdən artıq deyildi. Buna görə də iki qardaş uzun dəqiqələr durub bir-birinə baxdılar. Çünki onlar doğulan gündən bu günə qədər görüşməmişdilər. Şübhəsizdir ki, onların bir-birinə baxıb düşünməsi, özlərinin birinci dəfə döyüş səhnəsində görüşdükləri üçün idi.

Şərq tarixində qardaşın qardaşa zəhər verib öldürməsi, gözlərinə mil çəkdirməsi hadisələri o qədər təəccüblü hadisə deyildi, lakin iki qardaşın hərb səhnəsində qarşı-qarşıya durub müharibə etməsi birinci hadisə idi. Rəyasət eşqi ilə qardaş məhəbbəti qarşı-qarşıya durub döyüşürdü. Buna görə də pəhləvanların hər ikisi ağlayırdı. Bu qədər qorxulu bir zamanda görüşmək onlar üçün çox ağır idi.

Lakin onların barışması mümkün deyildi. Hər zamanda olduğu kimi, yenə də rəyasət və üstünlüyün məhəbbəti qardaşlıq məhəbbətinə qalib gəldi.

İki qardaş bir-birinə baxdığı zaman iki ana da durub oğlanlarının döyüşməsinə baxırdı. Bir tərəfdən Gözəl, o biri tərəfdə isə Qətibə uca bir təpənin üstündə durub gözlərini döyüş səhnəsinə tikmişdilər.

Dörd qəlbin çırpınması şübhəsiz idi, lakin o çırpıntıların məzmunu və mündəricəsi bir deyildi. Bir qəlb şərəf, namus və ana məhəbbəti, o biri qəlb isə rəyasət, üstünlük və mələkəlik arzuları ilə çırpınırdı.

Lakin təpələrin üstündə duran analar, oğullarının sakit vəziyyətdə durduqlarına çox uzun dəqiqələr baxmağı bacarmadılar. Çünki birdən-birə döyüş səhnəsini toz təbəqələri öz qanadları altına aldı. Hər iki pəhləvan dağ kimi yerindən tərpəndi. Qütlüğ İnanc atını məhmizləyib ildırım sürətilə döyüş səhnəsini dolandı və kəməndi halqalayıb qardaşına tərəf atdı.

Bu halda düşmən qoşunundan: “Afərin! Əhsən! Mərhəba!” səsləri hər tərəfi bürüdü. Çünki iraqlılar Şərqdə Qütlüğün kəməndindən qurtara bilən bir baş mövcud olmadığını bilirdilər.

Kəməndin halqası ilan kimi havada qıvrılaraq vəliəhdin boynuna sarılmaq istərkən vəliəhd halqanı havada tutdu və atına qışqıraraq: “Kürən at, geriyə dön!” – dedikdə kürən at dərhal geriya sıçradı, Qütlüğ İnanc isə yəhərdən çıxmamaq üçün kəməndi əlindən buraxdı. Vəliəhd dərhal kəməndi yığıb yəhərin qaşına saldı.

Qütlüğ İnanc acıqlandı və qılıncını çəkib vəliəhdin üstünə ildırım kimi şığıdı. Qütlüğ İnancın atı vəliəhdə yaxınlaşmadan vəliəhd əlini atıb heybədən dəmir bir kərpic çıxardı və onu Qütlüğün sürətlə yüyürməkdə olan atının alnına vurdu. Qütlüğ İnanc atla bərabər yerə yıxıldı, o tez qalxıb özünüələ alıncaya qədər vəliəhdin kəməndi onun qollarını bədəninə sarıdı.

Vəliəhd atını məhmizləyib Qütlüğü Azərbaycan ordusuna götürmək istərkən, iraqlılar Qütlüğü azad etmək üçün ümumi hücuma başladılar.

Bu hücuma Fəxrəddin, Aran atlıları ilə cavab verdi. Qanlı müharibə gecənin qatı qaranlığına qədər davam etdi.

Gecəyarısı Azərbaycan ordusu böyük bir qələbə ilə Qəzvin şəhərini işğal etdi. İraq və Bağdad qoşunu bütün qərargahını və ərzaq şeylərini, silah və yük mallarını buraxıb nizamsız və pozğun bir surətdə qaçmışdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri