Şümşad xanım
Səhifə 1 / 4
Bir tərəfdən Mahmud xan Nina ətrafında hərlənir, sərdar Rəşid və İraida ilə əlaqəyə girir, o biri tərəfdən də Rəfizadə və Şümşad xanım amerikalı qızın ətrafında dolaşırdı.
Nina məsələsi aydın idi: mən Mahmud xan ilə qarşı-qarşıya gəlmək məcburiyyətində idim. Bu barədə mən nə Səmədxanın, nə çar konsulunun mənə qarşı dostluq əlaqəsinə arxalana bilməzdim, çünki bunların hər ikisi üçün Mahmud xan məndən daha əhəmiyyətli və daha yüksək adam idi.
Buna görə də Mahmud xanla başlayacağım mübarizədə yalnız özümə və öz qüvvətimə güvənə biləcəkdim. Amerikalı qızın ətrafında gedən oyun da məni az düşündürmürdü. Rəfizadə burada məni öyrənməkmi istəyirdi, yoxsa qız ilə mənim əlaqəmi təyin etmək fikri vardı? Cavabını tapa bilmədiyim bu suallar məni yorurdu.
Hər halda bunların qızı öz yolundan sapdırmaq istədiyi və əxlaqını pozmağa çalışdığı, onu satmaq niyyətində olduqları fikri həqiqətə daha yaxındı.
Nə olursa-olsun, bu həqiqəti axırına qədər öyrənmək qərarına gəlmişdim. O vaxtdan sonra miss Hannanın evinə gedərkən Şümşad xanımı orada görmədiyim gün yadıma gəlmir.
Hələlik bu haqda yoldaşlarla danışmamışdım, çünki məsələ tamamilə yetişməmiş, hələ hadisə lazımınca inkişaf etməmişdi.
Amerikalı qıza gəldikdə isə o mənim uzun-uzadı nəsihətlərimə baxmayaraq, yenə də öz şübhəli qonaqlarına hüsni-qəbul və hüsnirəğbət göstərməkdən vaz keçmirdi. Bu gün mən onun yanına getdim, dediyinə görə o, Şümşad xanımı gözləyirdi.
Nədənsə Şümşad xanım bu gün verdiyi vədənin xilafına olaraq axşam saat səkkizdə gəlib çıxdı. O gəlincəyə qədər biz, ancaq Səmədxanın konsullara verdiyi ziyafət haqqında danışırdıq.
Şümşad xanım gəldi. Miss Hanna onun boynunu qucaqlayıb dodaqlarından öpdükdə o:
– Xanımımızın çox şirin dodaqları vardır! – deyə mənə müraciət etdi.
Mən bu şit sözə əhəmiyyət vermədim, çünki mən də, amerikalı qız da onun belə, cəmiyyətə layiq olmayan sözlər danışmasına alışmışdıq.
Qız artıq sevgi, işvə, qəmzə, vüsal, məhəbbət, ayrılıq və sairə kimi şeylərdən Şümşad xanımla açıq-açığına danışır və özünü Təbrizin pozğun qaraçı qadınlarına oxşadırdı.
Miss Hannanın dediyinə görə, Şümşad xanımdan türkcə danışmağı öyrənirmiş.
Qız hər bir söz başında «öz başım üçün» deyərək köksünə hərəkət verir, «anamın canına and içirəm» söyləyərək göz qırpmadan insanın bəbəyinin içərisinə baxır, «vay, başıma kül, ürəyimə bax gör birdən-birə necə döyündü» sözünü təkrar-təkrar söyləyirdi.
Onlar oturub türkcə danışır, mən də qəzet oxumaq bəhanəsilə onları dinləyirdim.
Şümşad xanım ona deyirdi ki:
– Sən məni sevirsən?
Miss Hanna bu sözü dinləyərkən ovuclarını üst-üstə qoyub, birlikdə qoşa əlini döşləri üstünə basdı, incə bir qımıltı verərək nazlı bir Təbriz qadını kimi:
– Ay qız, bu nə sözdür? Vallah mən səni ürəkdən sevirəm, – dedi.
– İnanmıram!
– Yalan desəm gözlərimə qara su yensin!
Mən miss Hannanın bu vəziyyətini mülahizə edərkən, həm gülür, həm də onların özünə hiss etdirmədən acıqlanırdım. Qız yalnız danışdıqda deyil, bütün hərəkətində də bir Şümşad xanım olmağa çalışırdı. Ona bir çox sözlərini dili ilə deyil, gözləri ilə, qaşları ilə və vücudunun hərəkəti ilə deməyə səy edirdi.
Hələ miss Hannanın işvəkar qadınlar kimi öz qaş-gözünü tərifləməsi, əllərini döşləri üzərinə qoyub diksinməsi, qaşlarını dartaraq ah çəkməsi, qeyri-təbii olaraq başına hərəkət vermədən qıyqacı ətrafına baxması, onu əski Hannalığından tamamilə ayırmaqda və yüngül, xoş məşrəb bir qadın etməkdə idi.
Bütün bunlar Şümşad xanımın qızın başına nə isə qorxulu bir oyun açmaq istədiyini isbat edirdi.
Qız get-gedə onun hərəkət və söhbətini təqlid etdiyi kimi, onun tutduğu yolu və əxlaqı da təqlid edəcək idi. Buna şübhəm qalmırdı. Mən indi miss Hannanın şəxsində Qərbin bütün şərqşünaslarına gülməyə haqlı idim. Bu qızın atası məşhur bir şərqşünasdır. Qızın özü də Şərq lisanları fakültəsini bitirmişdir. İndi o, Təbrizə, dinləri, təriqət və məzhəğləri, adət və ənənələri öyrənən heyətin sədri olaraq gəlmişdir. Qız özünün qabiliyyəti nəticəsində konsulxanada mühüm bir vəzifənin başına təyin edilmişdi.
Qız əvvəldə olduğu kimi, indi də, «Şərqi beş barmağım kimi tanıyıram», – deyə iddiada bulunmaqdadır. Lakin bunların heç birisi doğru deyildi. Mən miss Hannanın düşdüyü bu vəziyyəti nəzərdən keçirərkən yenə də əvvəlki fikrimə qayıdaraq öz-özümə deyirdim:
«Şərqi öyrənmək üçün Qərb alilər tərəfindən yazılmış kitabları oxumaq qətiyyən kifayət deyildir. Şərqi Şərqdə öyrənmək daha doğru bir yoldur. Şərqin bu başından girib o biri başından tələsik çıxan və təsadüf etdiyi adamlarla olan söhbətləri toplayıb bir kitab şəklinə salaraq çap etdirən səyahətçilərin kitabları vasitəsilə şərqşünas olanlar, Şərqi həyatda görmək üçün Şərqə gəlirsə, yenə də miss Hannanın düşdüyü gülünc vəziyyətə düşəcəkdir».
Mən miss Hannanı bu barədə heç də tənqid etmədim. O bu gün də, hər gün olduğu kimi, Şümşad xanımdan «əxlaq dərsini» aldı, nəhayət, saat 11-də şam süfrəsinə əyləşdik və saat 12-də yemək bitdi.
Şümşad xanım hələ oturmuşdu, hərəkət etmək istəmirdi. Lakin miss Hanna onu gecələmək üçün saxlaya bilməzdi, çünki ona tapşırmışdım.
Mən ondan əvvəl vidalaşıb çıxdım, küçədə durub onu təqib etmək qərarına gəlmişdim. Çox qaranlıq idi, ayağın altını görmək mümkün deyildi. Təbrizin üfüqləri, qara keçədən qurulmuş bir alaçığın içi qədər qara idi. Ara-sıra köpək hürmələrindən başqa bir səs eşidilmirdi. Kənarda durub gözlərimi amerikalı qızın qapısına dikmişdim. Yarım saata qədər durub gözlədim, qapıdan heç bir kəs dışarı çıxmadı.
İki kərə qayıdıb getmək və Şümşad xanımı təqib etmək xəyalından vaz keçmək istədim. Başımda dolaşan fikirlər, gecənin qaranlığı kimi qara idi. Öz-özümə düşünürdüm: «Nəyimə gərəkdir? Burax başına bu dəli olmuş qızı! O görür ki, sən Şümşad xanım və onun ətrafındakıların tanışlığından razı deyilsən. Sən özün ona tapşırmısan ki, onu öz evində gecələməyə buraxma, lakin o, bunların heç birisinə əhəmiyyət vermir, yenə də onları evinə qəbul edir və onlara hörmət bəsləyir. O öz bildiyini atasına da verməz. Qoy başına nə fəlakət gələrsə gəlsin. Ona sən məsul deyilsən», – deyirdim.
Lakin bu fikirlərin heç birisi məni amerikalı qızı müdafiə əzmindən qaytara bilmədi. Mən nə qədər düşündümsə, onun mənə etibar etdiyi və mənim müdafiəmə tapşırdığı namusunun ayaq altında tapdanmasına və onun öz arzusu xaricində olaraq xain əllərə düşməsinə razılıq verə bilməzdim.
Belə fikirlər içərisində çapaladığım vaxt uzaqdan pişik gözü kimi parlamaqda olan bir işıq göründü, yenə də gözdən itdi.
Orada hər kəssə durub gözləyirmiş. «Kim bilir, bəlkə də, məni təqib edən naməlum bir adamdır», – düşündüm. Yarım saatdan sonra, miss Hannanın qapısı açıldı, bir neçə saniyədən sonra həlqəsi salındı. Oradan bir nəfərin çıxdığını gördüm.
O, Şümşad xanım olsa belə görmək mümkün deyildi, başındakı çarşaf, gecədən daha qara olduğuna görə qapıdan çıxan kimi gecənin qaranlığına qarışdı.
Mən səsi çıxmayan yavaş addımlarla qaranlığı sökə-sökə bir xəyal kimi qarşıma düşən heykəli təqib edirdim.
Elə bu vaxt mən bir oğrunun boğunuq və yavaş səsinə bənzəyən bir səs eşitdim. O səs: «Cində, sənsənmi?» dedikdə, mənim üçün Şümşad xanımın həqiqi siması qismən aydınlaşmış oldu.
Təbrizdə ən məşhur fahişələri «Cində» adı ilə çağırırdılar. Buna görə də mən tamam qulaq kəsilərək dinlədim və belə düşündüm: səsin Rəfizadənin səsi olduğunu həll etsəm Şümşad xanım intriqasının əsas bir düyünü açılmış olacaq və mən biləcəyəm ki, Rəfizadə Şümşadın əri deyil, o bu fahişənin vasitəsilə amerikalı qızı yoldan çıxarmaq istəyir.
Səsi tanıdım, danışan Rəfizadə idi:
– Bir söz deyə bildinmi? Kəlməyə söz verdimi?
– Heç bir söz... Axşamdan yanını kəsib oturmuşdu.
– Onun rədd olunması üçün çalışmalısan!
– Mümkün deyil, o qızın Allahıdır.
– Onu Təbrizdən rədd edərik!
Məsələ məlum oldu. Mən evdən çıxarkən hiss etdiyim tərəddütdən qurtarmışdım. Mətanətim özümə qayıtdı və öz-özümə: «Baxarıq, kim kimi rədd edəcəkdir», – deyə, bayaqdan şil kimi sürünən qədəmlərim yeni qüvvət aldı, bunları təqib etmək fikri məndə möhkəmləndi, çünki bu da bir mübarizə idi: möhkəm dayanmaq və qalib gəlmək lazımdı!
Fikirlərimin qətiliyi mənə böyük cəsarət vermişdi. Nə qorxur, nə də bir şeydən çəkinirdim.
Hacı Səməd xanın polislərindən, darğa, şəgirdlərdən də qorxmurdum, çünki Hacı Səməd xan tərəfindən verilən biraylıq «ism-şəb» cibimdə idi. Şəhərin bu rayonlarında rus gəzmə dəstələri də olmazdı, buna görə də küçələr Rəfizadə, Şümşad xanım, bir də mənim üzümə açıq idi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-sumsad-xanim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəcəf və Kərbəladən qaçıb gələn mollalar Tehranda də’vətnamə buraxıb ingilislərin dinə təcavüz etdiklərindən şikayət edirlər.*Gəlməmişdən bu həyasız kişi əvvəl Nəcəfə
Partlarız...Fas üsyançılarına muxtariyyət təklifi İtaliya faşistlərinin də xoşlarına getməyir.*Göydə quş, dəryada mahi yetsə azadiyyətə.
Hər iki fitnəm baş...Şayiə var ki, Puankare iş başından çəkilib yerinə Klemanso gələcəkdir.*Hər iki fitnəli baş fisqü fücurun qabıdır
Boş qayıtdılarİşçilər mərsiyəxanların quyruqlarına vedrə bağlayıb onları öz aralarından dəf etdilər.*Yüklədilər arxama karxanəmi,