Şümşad xanım
Səhifə 3 / 4 · 50%
O ağlayırdı, onun hıçqırdığını eşidirdim. Rəfizadə ona nəsihət verir və sakit eləmək üçün deyirdi:
– Eybi nədir? Qalmaq istəməsən yenə qalma! Ancaq bu eyş busatını pozub getmək sizin özünüzə də yaraşan deyil. Siz ki, xanım qızsınız, özü də nəcib bir ailəyə mənsubsunuz, mən sizin xatırınız üçün elə rəftar edərəm ki, heç bir kəsin bu məsələdən xəbəri olmaz. Bircə siz görün necə oğlana qismət olmusunuz? İnşallah siz məni sonradan tanımış olacaqsınız.
Bu söhbətlər çox da uzun çəkmədi. Mahmud xan Şümşad xanımı buraxaraq ağlayan qızla məşğul oldu:
– Ay ağlağan qancıq, kimin qızısan? – deyə soruşduqda, qız səsini kəsdi, lakin Mahmud xana cavab vermədi. Səlimə xanım qızın əvəzində Mahmud xanın cavabını verdi:
– Üstünə çığırma! – dedi, – yaxşı qızdır. Kələntərin nəvəsidir.
Mahmud xan bu sözü eşitdikdə qızın qolundan tutub öz qucağına çəkdi.
– İndi Təbrizin Kələntəri mənəm! – dedi.
Qız onun qucağında çapalayır, otaqda bir qarışıqlıq düşməyə başlayırdı.
Rəfizadə özünü düzəldərək:
– Cənab Mahmud xan, bu olmadı ki? Mən qıza ətək dolusu qran xərcləyib bura gətirmişəm, – dedi və ayağa qalxmaq istədikdə, Səlimə ətəyindən tutub onu yerə oturmağa məcbur etdi.
– Otur yerə, onu yalnız sizdən ötrü bura gətirməmişəm, – dedi, – gözü dar olma, gül kimi qızdır. Bir-birinizə dəyməyin. Hamınıza yetər, buradan getməyi yuxusunda görər.
Rəfizadə özünü saxlaşdıra bilmədi, qarşısındakı şərab şüşəsini götürüb Mahmud xana tulladı, butulka aralıqdakı lampaya dəyib lampanı sındırdı. Evdə yanğın düşməmək üçün hər kəs bu lampanın ətrafında toplandı, vuruşma və həyəcan başlandıqda, mən dəhliz qapısını eşikdən açıb özüm də küçə qapısından dışarı çıxdım.
Mən hələ qapıdan uzaqlaşmamışdım ki, oradan bir qadının dəli kimi çıxıb yüyürdüyünü gördüm. O, əllərini açaraq küçənin o tərəf-bu tərəfinə qaçır, nə edəcəyini bilmirdi. O, yatan qonum-qonşuların eşidə biləcəyi şiddətli səslə ağlayırdı. O mənə yaxınlaşdı, libasından və səsindən Rəfizadə üçün gətirilən qız olduğunu bildim. Ona yavaş bir səslə dedim:
– Hərgah buradan salamat qurtarmaq istəyirsənsə, səsini çıxarma, həm özün üçün, həm də mənim üçün təhlükə törətmiş olarsan, sakit ol, mən səni öz evinizə apararam!
O artıq danışa bilmədi, ancaq bir kərə:
– Mərhəmət elə! Məni aldatmışlar! – deyərək, bayılıb yıxılarkən, mən onu qollarımın arasına aldım.
Qız özünü bilmirdi, küçədə dayanmaq isə mümkün deyildi, çünki həm Rəfizadənin, həm də Mahmud xanın öz şikarının arxasınca çıxacağı və onu tutub evə qaytarmaq istəyəcəyi şübhəsiz idi.
Zərurət üz verdiyi zaman, insan özündə adi vaxtlarda mövcud olduğunu əsla təxmin etmədiyi bir qüvvətin olduğunu hiss edə bilərmiş!
Qızı qollarımın üstünə aldım, onu gəldiyim yol ilə yox, tamamilə başqa bir tərəfə apardım. Xaraba və başlı-başına buraxılmış bir binanın içərisində toxdayıb oturdum. Lakin Şümşad xanımın qapısından çox da uzaqda deyildik. Mahmud xanın və başqalarının çıxıb qızı aradıqlarını və sərxoşcasına söyüşdüklərini eşidirdim. Qız bir saata kimi özünə gəlmədi. Hərgah havanın sərinliyi ona təsir etməsəydi, bihuşluğu bəlkə, daha da artıq çəkəcəkdi.
Nəhayət, qız hərəkət etdi. O, əvvəlcə əlini alnına çəkdi, dağınıq saçlarını əllərilə çılpaq dizinin üstünə tökərək:
– Ana, başım həddindən artıq ağrıyır, – dedi və nazlanaraq o biri yanı üstündə uzanmaq istərkən kərpic parçasının üzərinə düşərək, anasının yanında olmadığını anlamış olan kimi qalxdı və:
– Xudavənda, mən haradayam? – dedi. – Mənim başıma nə fəlakət gəldi?
Qız bunu deyərək ağlamaq istərkən, mən:
– Bacım, ağlamağa lüzum yoxdur, – dedim, – sənin başında olan fəlakət keçib getdi, sən xainlərin əlindən qurtardın.
Qız sözlərimi yarımçıq kəsərək şaşqınlıq və tələşla soruşdu:
– Siz kimsiniz? Siz də onlardanmısınız?
– Xeyr, mən yoldan keçən bir adamam, ancaq səni bir fəlakət təqib etdiyini bilərək qurtarmağa çalışdım.
– Onlar mənim dalımca çıxıb yenə də qaytarmazlarmı?
– Qorxma, onlar bura gəlməzlər, gəlsələr də mən səni müdafiə elərəm!
– Mənə rəhm edin, mənim namuslu bir qız olduğuma inanın...
– Siz də mənim namuslu oğlan olduğuma inana bilərsiniz.
– Əlbəttə, inanıram. Lakin...
– Bunların hamısı keçmişdir. İndi isə buradan qalxıb getmək lazımdır!
– Mən evə nə cürə gedə bilərəm, çarşafım, çarqatım da yoxdur. Evdə məni öldürəcəklər.
– Mən aparıb sizə çarşaf versəm qəbul edərmisiniz?
– Mən sizdən çox razıyam. Ancaq sizdən rica edirəm ki, məni öldürünüz. Bu mənim üçün bir yaxşılıqdır. Çünki mən evimizdən axşam saat beşdə çıxmışam. İndi mən evimizə nə üzlə qayıda bilərəm?
Mən:
– Ayağa qalxın, dalımca gəlin! Bu barədə sonra düşünərik. Hələlik bu qorxulu küçələrdən uzaqlaşmaq lazımdır, – dedim və qolundan tutaraq onu ayağa qaldırdım.
O, qorxusundan titrəyirdi. Başına gələn hadisə qızı tamamilə sarsıtmışdı. Mən onun qolundan tutmuşdum. O mənə söykənərək addım atırdı. Təbriz gecəsinə məxsus ruzigar əsdikcə qızın saçlarını üzümə çırpırdı. Yanımda xəyal kimi qara ipək geyimli bu qıza baxdıqca, mən özümü də bir xəyal dünyasında hiss edirdim. Lakin bunu da bilirdim ki, təsadüf etdiyim bu hadisə məni xeyli məşğul edəcəkdi, qızın namuslu ləkədar olmamaq üçün bu məsələni onun ailəsinə bildirməmək olduqca çətin bir məsələ idi. Mən indi ancaq bu barədə düşünürdüm.
Qızın nə düşündüyünü bilmirdim. Ancaq iradəsini qeyb edən bu qız, bütün müqəddəratını mənə tapşırmışdı. Özünün hara gedəcəyi haqqında bir kəlmə də olsa soruşmurdu.
Onu düz-doğru öz evimə gətirdim. Qapını vurdum, Hüseynəli əmi gəlib qapını açdı, yanımdakı qızı Nina zənn edərək qayıdıb getdi və mən qapını bağladıqda Hüseynəli əmi bir daha qayıdıb:
– Samovar lazımdırmı? – deyə soruşduqda mən:
– Samovar da, yemək də lazımdır, – deyə otağın qapısını açıb içəri girdim.
Otaqdakı lampalar keçirilməmişdi. Qız sanki otağa girərkən bir daha yuxudan ayıldı və:
– Mən haradayam? – deyə soruşdu.
Mən ondan uzaqlaşıb kənarda durduqdan sonra cavab verdim:
– Siz ən etibarlı və sizin namusunuzu öz bacısının namusu kimi müdafiə etməyə hazır olan bir gəncin evindəsiniz.
Bu sözdən sonra o başını əlləri arasına alaraq bir neçə an düşündü, sonra kiçik salonu gözdən keçirdi.
Mən onun başıaçıq olduğunu və bundan utandığını duyaraq:
– Hərgah başınıza örtük lazımdırsa, bu saat durub gətirə bilərəm, – dedikdə o, qəmli bir halda:
– Xeyr, bundan sonra nə lüzumu vardır? – dedi.
– Elə isə oturun, indi sizin gələcəyiniz barəsində düşünək.
İrəli gəldi, mən əyləşdiyim stulun yanındakı stulda oturdu. Nə mən, nə də qız söhbət etməyə bir söz tapmırdıq. Xüsusən qız, özünü olduqca zəif hiss edənə oxşayırdı. Nəhayət, Hüseynəli əmi samovarı gətirib dəhlizdə qoyaraq getdi. Mən alıb stolun üzərinə yerləşdirib çayı hazırladım və yuxululuq halı keçirən qıza:
– Buyurun, – dedim, – bir çay için! Özünüzü ələ alın.
Qız diksinmiş kimi gözlərini açdı, qalxıb çay stolunun başına gəldi və mənimlə bərabər iki stəkan çay içdi. Ruhlandı, ayağa qalxaraq güzgünün yanına keçdi, saçlarını sahmana saldı, yenə də yerinə qayıdaraq başını əlləri arasına alıb oturdu. Mən onu yedirməyincə, rahat etməyincə, onun kim olduğunu təyin etmək və bu hadisənin səbəblərini öyrənmək istəmirdim.
Nəhayət, gecə saat üçdə bizə şam yeməyi verdilər. Süfrə başında olan söhbətlərimiz bundan ibarət idi: qız mənə sual verdi:
– Bəs sizin ailəniz hanı?
– Mənim ailəm yoxdur.
– Bəs o kişi nəçidir?
– O mənim xidmətçimdir.
– Onun arvadı vardırmı?
– Vardır.
– Haradadır?
– Öz otağında yatıbdır. O sizin nəyinizə lazımdır?
– Elə belə soruşuram.
– Sizin adınız nədir?
– Mənim adım Nabat xanımdır. Bəs sizin adınız?
– Mənim adım Əbülhəsənbəydir. Çox gözəl, sizin atanızın adı nədir?
– Atamın adı Mehdi xandır.
– Hansı məhlədə olursunuz?
– Şeşgilanda.
– Siz nə üçün fala baxdırmağa getmişdiniz?
– Onları sizə söyləmək mənə kömək edəcəkdirmi?
– Siz bu hadisəni doğuran səbəbləri mənə tamamilə söylədikdə, mən sizin vəziyyəti yüngülləşdirə bilərəm. Mən istəyirəm ki, sizin ailəniz bu məsələni heç də bilməsin.
Qız acı bir təbəssümlə:
– O gecdir. Əvvəla mən gecə saat dördə qədər evə getməmişəm, ikinci mən heç tanış olmayan bir kişi ilə bir otaqdayam. Mən sizə inanıram, lakin sizin mənim haqqımda bir qardaş kimi hərəkət etməyinizə Təbriz xalqı, xüsusən mənim ailəm inanacaqmı? Artıq mən ləkələnmişəm. İndi siz məni ailəmə qovuşdurmaq üçün yox, onların gözünə görünməməyim üçün bir çarə tapın, sizə yalvarıram!
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-sumsad-xanim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nəcəf və Kərbəladən qaçıb gələn mollalar Tehranda də’vətnamə buraxıb ingilislərin dinə təcavüz etdiklərindən şikayət edirlər.*Gəlməmişdən bu həyasız kişi əvvəl Nəcəfə
Partlarız...Fas üsyançılarına muxtariyyət təklifi İtaliya faşistlərinin də xoşlarına getməyir.*Göydə quş, dəryada mahi yetsə azadiyyətə.
Hər iki fitnəm baş...Şayiə var ki, Puankare iş başından çəkilib yerinə Klemanso gələcəkdir.*Hər iki fitnəli baş fisqü fücurun qabıdır
Boş qayıtdılarİşçilər mərsiyəxanların quyruqlarına vedrə bağlayıb onları öz aralarından dəf etdilər.*Yüklədilər arxama karxanəmi,