Təbriz qadınları
Səhifə 2 / 3 · 33%
– Harada basdırılmışdır?
– Ölüsünü başqa ölənlərdən ayırmaq olmadı, çünki səngərə top gülləsi düşüb oradakı adamları bir-birinə qarışdırmışdı. Hamısını bir yerdə basdırdılar. Onu mən həmişə xatırlayacağam. Onun anası, bacıları, hətta arvadı da varmış. İki uşağının şəkli həmişə qoynunda olardı. Heç olmasa saatda iki-üç dəfə o, şəklə baxardı. Bayıra gedəndə qoynuna qoyub aparardı!
– Zeynəb bacı, bəs Cavad ağa nə iş görür?
– Nə iş görəcək? Gecə-gündüz tüfəng əlində səngərdədir. Günlərlə üzünü görmürəm. Bir aydan bəridir ki, Məcidi görməmişdir. Yeməyi də buradan aparıram. Səngərdə otururam, xörəyi yeyəndən sonra qabları yığışdırıb gətirirəm.
– Zeynəb bacı, onlara necə baxırlar, o, razıdırmı?
– O, çox razıdır. Bu işi sevir. Amma iki aydır ki, maaş almır. Heç şey ala bilmir. Hərgah mən qulluq etməsəm onun özü də ac qalar.
– Nə üçün pul vermirlər?
– Haradan versinlər. Dövlətlilərdən pul almaq mümkündürmü? Hər kimə qəbz aparırsan söyüb qaytarır. Nə eləmək? İşi başlayıblar, yarımçıq qoya bilməzlər. Gedib qulluğa girərəm, onu da vermirlər, çünki mücahid arvadıyam. Hətta Hacı Mehdi ağa da bunu dedi.
– Hansı Hacı Mehdi?
– Küzəkünani! Əncüman Hacı Mehdi. İnqilabçı Hacı Mehdi.
– Zeynəb bacı, Hacı Mehdinin sizə belə bir sözü deməsinə heç də inana bilmirəm. Onun inqilabçılığını hər kəs tərifləyir.
– Əvvəl biz də elə bilirdik. Elə ki, bir həftə evində qulluq elədim, onda bildim ki, hansı quşun yumurtasıdır. O cür adama heç inqilabçı demək olmaz!
– Necə adamdır ki?
– Qorxuram danışmağa. Cavad ağa da tapşırıb ki, bir adama demə. Gedər qulağına yetişər. Onda gərək biz Təbrizdən baş götürüb gedək.
– Zeynəb bacı, qorxma. Biz hara? Əncümən hara? Hacı Mehdi hara? Ona kimdir gedib xəbər verən?
– Məni onun evinə qulluq üçün aparan Təhminə xanım oldu. O bizim korluq çəkdiyimizi bilirdi. Mən çoxdan bəri qulluq axtarırdım. Amma Cavad ağa buna razı olmurdu. O deyərdi ki, mən yar-yoldaşımın yanında xəcalətli olaram. Axırda gördü ki, uşaq da acından öləcəkdir. Ondan sonra razı oldu. Təhminə xanım gedib Hacı Mehdinin arvadına bir nəfərin ev qulluqçusu olmaq istədiyini demişdi. Arvad cavab vermişdi ki, gətir görüm necədir və necə adamdır. Səhər tezdən Təhminə xanım məni özü ilə bərabər apardı.
Təhminə xanım mənə yolda bir neçə söz tapşırdı. Dedi:
– Əvvələn budur ki, ərli olduğunu boynuna almazsan. İkincisi də deməzsən ki, uşağım vardır, çünki varlı evlərində nə ərli, nə də uşaqları olan arvadları işə götürməzlər.
Bu sözlər mənim yadımda qalmışdı. Bizi içəri buraxmırdılar. Təhminə ev qulluqçusu gətirdiyini xəbər verdi. Bizi içəri buraxdılar. Nökərlər məni təpədən-dırnağa qədər süzdülər. Çox danışdılar. Amma hamısını eşitmədim. Ancaq bunu eşitdim ki:
– Ədə, Məmmədəli, yerişi ki, yaxşıdır.
Birinci həyətdən keçib getdik. Bu həyət kişi qonaqları üçün qayrılıbdır. İkinci həyətdə hacının arvad-uşağı olurdu. Bu həyət bir qalaça kimidir. Quş quşluğu ilə qanad sala bilməz. Həyətdə arvad qulluqçusu qıvır-qıvır qaynayırdı. Biz ikimiz də pilləkən başında oturduq. Qulluqçulardan biri gedib hacının xanımına xəbər verdi.
Xanım eşiyə çıxdı. Xanım, amma nə xanım! Boğazının əti əmcəklərinin üstünə, əmcəkləri də qarnının üstünə düşübdür. Mənə tərs-tərs baxdı.
Təhminə xanım baş əydi və dedi:
– Xanım, siz buyurduğunuz ev qulluqçusunu gətirmişəm.
– Üzünü açsın görüm!
Mən üzümü tərləyə-tərləyə açdım.
– Çarşabı sal yerə!
Çarşabı da yerə saldım.
Xanım o tərəf-bu tərəfə keçib, məni ayağımdan başıma qədər gözdən keçirdi. Mən belə bir işi Cavad ağadan mənə elçi gələndə görmüşdüm. Xanım məni gözdən keçirəndə haman elçinin də məni gözdən keçirməsi yadıma düşdü.
Xanım o tərəf-bu tərəfimi, hətta əllərimi topuqlarımı nəzərdən keçirəndən sonra yanındakı arvada tərəf dönüb dedi:
– Şərəfnisə, əqlin nə kəsir? Deyəsən, düz-əməlli adama oxşamır.
Şərəfnisə mənə diqqətlə baxdı. Cavab verməzdən əvvəl Təhminə xanım danışdı:
– Düz-əməlli adam olduğu haqqında heç bir söz ola bilməz. Zatı, südü məlum adamdır. Tayfası da nəcibdir.
Xanım dodaqlarını büzdü:
– Pay! Nəcibdir. İndiyə kimi bir nəfər də olsa nəcib ev qulluqçusuna rast gəlməmişəm.
Şərəfnisə sözə qarışaraq dedi:
– Bir həftə qalsın görək necədir, indidən heç bir şey demək olmaz.
Xanım bu sözlə razılaşdı və məndən soruşdu:
– Ərli deyilsən ki?
Xeyr, xanım, ərim yoxdur. Üç ildir ki, ölübdür.
– Uşağından-zadından nəyin vardır?
– Heç kəsim yoxdur. Heç doğmamışam da.
– Yatmağa yerin vardırmı?
– Bəli, xanım varımdır!
– Bir dəst paltar verəcəyəm. Yeməyin də buradandır. Burada yeməsən, evə də apara bilərsən.
Mən buna razı oldum, çünki evə apardığım yeməklə Məcidin və Cavad ağanın da yeyib yaşaya biləcəyini ümid edirdim. Ancaq belə olmadı. Evə aparılan şey yalnız bir adamı görürdü. Mən burada birtəhər qarnımı yarı-yarımçıq doydurub evə apardığım payımı Cavad ağa və Məcidə yedirirdim. Xanım bu şərti kəsəndən sonra aşpazxanadan birisini çağırdı:
– Gülara, apar buna iş ver!
Gülara məni aşpazxanaya aldı. Təhminə xanım qayıdıb getmişdi. Mən çarşabımı götürüb şəritdən asdım. Qollarımı çırmadım. Nə iş görəcəyimi bilmirdim. Aşpazxana çox böyükdü. İri qazanlar asılmışdı. Qazanın hər biri sözsüz dörd-beş batman düyü çıxaran qazandı. Mən əvvəl elə bildim ki, bu gün hacının qonaqlığı vardır. Amma məsələ belə deyilmiş. Hacının aşpazxanasında hər gün bu cür xörək bişirmiş.
Gülara xanımın inandığı qulluqçulardan idi. Aşpazxananın hər bir ixtiyarı onda idi. O mənə birinci gündən bu vəzifəni vermişdi: özü ilə bərabər anbara aparıb düyünü ölçüb torbaya tökərdi. Mən onu bir nəfər də Gülsüm adlı qoca qulluqçu ilə arıdardıq. Bu işi qurtarandan sonra soğan doğrayar və su daşıyardım. «İnqilabçı» hacının anbarı bütün məhəllənin camaatını neçə illər doyura bilərdi. Düyüsünü iki il yesə qurtarmazdı. Düyülərin bir çoxuna bit düşübdür. Buğdasını, ununu anbarlar tutmur. Hələ yenə də üstünə gəlirdi. Axşamlar, demək olar ki, plovdan çox artıq qalırdı. Mən buna əvvəlinci gün sevindim. Yaxşı pay aparacağımı düşündüm. Amma məsələ belə deyilmiş. Artıq qalan plov hacının kişi nökərlərinə verildi. Arvad qulluqçuları üçün heç bir şey qalmadı. Qulluqçular qonaqların qabağından qayıdanı gözləyirdi. Gülara və iki nəfər də aşpazın hər birisi özü üçün bir böyük nimçə yağlı və ətli yerindən ayırıb kənara qoymuşdu. Məcməyilər qonaqların yanından qayıtdı. Xörək çox qalmışdı. Hamıya yetərdi. Amma bunu da aşpazxana qulluqçularına vermədilər. Nimçələrdə qalan plovları və ətləri təmizləyib həyətdə duran nökərlərə və qarovullara verdilər.
Sonradan məlum olduğuna görə, bunların heç biri maaş almırmış. Qalan plovları hər gün nimçələrlə aparıb bazarda satırmışlar. Pullarını isə aşpazxana müdirəsi Gülara ilə birlikdə bölüşürmüşlər.
Biz hələ durub baxırdıq. Bizə nə veriləcəyindən xəbərim yox idi. Axırda əllərdən tökülüb xonçalarda qalmış düyüləri və ətli sümükləri bir yerə toplayıb hər kəsin saxsı çanağına bir az yığdılar. Mən də evdən apardığım saxsı çanağı irəli tutdum. Mənim də payımı verdilər. Bir neçə gün belə keçdi. Hacı tez-tez aşpazxanaya gəlib Gülaraya bəzi sifarişlər verirdi.
Hacının mənə tərs-tərs baxdığını, döşlərimi və qıçlarımı gözdən keçirdiyini hiss edirdim. Hacı ara-sıra Gülara ilə pıçıldaşıb mənə baxırdı. Son günlər Gülaranın da mənə qarşı münasibəti dəyişmişdi. Çox ağır işlərə göndərmirdi. Axşamlar payımı da xörəyin yaxşı yerindən verirdi.
Mənə etimadın artdığını da hiss edirdim. Məni düyü gətirmək üçün anbara tək göndərirdi. Ancaq axır günlərdə mən bunun səbəbini anladım. Bu, hacının tədbiri idi. Hər gün mən anbara gedəndə hacı dalımca anbara gəlirdi.
Bir gün anbarda idim. Hacı gəldi. Əlini başıma çəkdi:
– Səni Gülaraya tapşırmışam. Sənin həyatını nəzərə almışam. Heç vaxt səni başqaları ilə bərabər tutmayacağam, çünki sənə xanımlıq yaraşır, – dedi.
Mən utandım, heç bir söz demədim. Axırda o, yenə də mənə belə bir sual verdi:
– Çox yaxşı, buna sən özün nə deyirsən?
– Hacı, mən nə deyə bilərəm. İndi ki, siz fəqirlərin halını nəzərə alırsınız, daha mən buna nə deyə bilərəm? – dedikdə, o, əlini mənim döşlərimə atdı.
– Yox, belə deyil, mən istəyirəm ki, sən daha fəqir olmayasan, – dedikdə mən özümü itirmişdim. Nə deyəcəyimi bilmirdim. O, danışdıqca mənim döşlərimi sıxırdı. Mən qapıdan çıxmağa çalışırdım. O, qapını kəsib məni buraxmaq istəmirdi. O, həmişə bir sözü təkrar edirdi:
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-tebriz-qadinlari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qundaqda ikən bir qızı ad eyləmişəm mən,Nazlı bəbədən könlümü şad eyləmişəm mən.
QadınlarDüşmüşdülər çoxdandı bu sevdaya qadınlar,Seçdirdi özün kənddə də şuraya qadınlar.
«Şərqi-Rus» qəzetinəGözüm, dur xabi-qəflətdən, çıxıb gün aşikar oldu,Bəhəmdulla şəbi-yəlda gedib nisfi nahar oldu!
Xabi-qəflətDur, ey qafil yatan könlüm, oyan bu xabi-qəflətdən,Sənə yoxdur səmər hərgiz bu bica istirahətdən!
Başqa şairlərin şeirləri
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Feraqı qismət edib çərxi-kəcmdar mənəFeraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı