Təbriz qadınları
Səhifə 3 / 3 · 67%
– Sən söz ver ki, Gülara deyəni qəbul edəcəksən.
Çarə yoxdu. Anbardan çıxıb canımı qurtarmaq üçün bir söz söyləməli idi.
– Hər işin bir qaydası vardır. İndi ki, hacının belə bir fikri vardır, mənim nə sözüm ola bilər? Amma hacı da məni abırdan salmasın, çünki biri gəlib məni anbarda görərsə, daha mən adam arasına çıxa bilmərəm, dedikdə hacı sevindi və əlavə etdi:
– Demək ki, sən razısan.
– Əlbəttə, razıyam.
– Elə isə Gülaraya razılıq ver, o, hər şeyi düzəldir, – dedi. Sonra mən düyü torbasını arxama atdıqda o kömək eləmək bəhanəsi ilə torbanı arxama qaldırdı, yenə də döşlərimi sıxdı.
Mən bayıra çıxdım. Saçım dağılmış, rəngim qızarmışdı. Aşpazxanadakılar mənə baxıb gülür və bir-birinin qulağına nə isə pıçıldayırdılar. Mən soğan doğramağa oturdum. Gülsüm mənə baxıb ah çəkdi.
– Yazıq Zeynəb, – dedi, – sənin başına gətirmək istədiklərini vaxtilə mənim rəhmətlik anamın da başına gətirmişdilər. Hacının atası anamı siğə elədi. Mən ondan doğuldum. Anam ölənə qədər aşpazxanada qulluq elədi. Mən də aşpazxanada böyüdüm. Hacı atasından sonra məni özünə bacı hesab edib evə buraxmadı. Sənə də yazığım gəlir. Bu həyasız Gülaranın sözünə baxma. O sənin kimi bir çoxlarını bədbəxt edib. Xüsusən iş belə aşkara düşdükdən sonra hacının xanımı da səni incidəcəkdir.
Mən haman gün necə işlədiyimi bilmədim. Axşam evə getdim. Kimə deyim? Cavad ağa da cavandır. Desəydim gedib bir əngəl çıxaracaqdı. Nə etmək, biz ki, hacının tayı deyilik. Heç bir söz demədim. Sabah işə gəldikdə Gülara məni anbara apardı və dedi:
– Görünür ki, sən xoşbəxtsən. Hacı səni bir könüldən min könülə sevibdir. Bu gün deyirdi ki, «onun dərdindən yata bilmirəm». İndi bunu bir sən biləcəksən, bir də mən, bir hacı, bir də Allah. Sənin heç işin yoxdur. Mən özüm hər şeyi düzəldərəm.
Mən cavab verməzdən əvvəl çox düşündüm. Nə cavab verim? Çıxsam ac qalacağıq. Qalsam da abrım gedəcəkdir.
Bir qədər sükut etdim.
– Eybi yoxdur. Mən də yerdə göyərməmişəm. Mənim də qohum-qardaşım vardır. Onlarla məsləhətləşərəm, – dedim.
Gülara tələsik soruşdu:
– Bəlkə, onlar razı olmadılar, onda necə olsun?
– Razı olarlar. Onlar məni hacıdan artıq kimə verəcəklər?
– İndi ki, belədir, eybi yoxdur. Amma tez olsun, çünki hacı məni tələsdirir.
Bir neçə gün də «bu gün-sabah» deyə yola verdim. Günün birində Cavad ağanın bacıları və anası Hökumvara yonca və qazayağı yığmağa gedəcəkdilər. Məcidi tapşırmağa adam tapmadım. Yanımca işə aparmağa məcbur oldum, çünki bir gün əvvəl onlar yoncaya gedəndə Məcidi də aparıb uşağı soyuğa vermişdilər.
– Onlar yoncanı nə üçün yığırlar?
– Qaynadıb, duzlayıb yeyirlər. Amma yoncanı da yığmağa zəmi sahibləri qoymur. Hər kəs getsə, oğurlamalıdır. Özü də gecədən getməlidir. Bunun üçün də uşağı onlara qoşmaq heç də mümkün deyildi.
Çarəsiz qalıb uşağı yanımca apardım. Birinci həyətdən ikinci həyətə keçəndə hacının xanımı uşağı yanımda gördü. Tələsik bir halda:
– Ay qız, o kimin uşağıdır? – deyə soruşdu. Mən isə cavabımda:
– Bacımın uşağıdır. Ağladı, əl çəkmədi. Yanımca gətirməyə məcbur oldum.
Daha dinmədi. Keçib işə getdim. Ürəyim çox rahatsız idi. Uşağı gözdən qoymurdum. Bir söz danışacağından və işin üstü açılacağından qorxurdum. Hərçənd uşağa tapşırmışdım. Amma yenə də ürəyim sakit olmurdu.
Biz Gülara ilə anbara getmişdik. Qayıdanda Məcidi Şərəfnisənin qucağında gördüm. Uşaq danışırdı.
Şərəfnisə ondan soruşdu:
– Kimin oğlusun?
– Cavad ağanın.
– Atan nə iş görür?
– Mücayibdir.
– Nənəyin adı nədir?
– Zeynəb!
– Haradadır?
Məcid barmağı ilə məni göstərdi.
– Odur, bax! Əlində torba gedir.
Mən özümü itirmişdim, nə olacağını bilmirdim. Hər halda xanımı aldatmağımın yaxşı nəticə verməyəcəyini bilirdim. O günü işlədim. Səhər tezdən işə gəldim. Gülara üstümə çığırıb dedi:
– Əl-ayağa dolaşırsan. Bir iş də bacarmırsan. Yediyin xörəyə dəyməzsən.
Bu sözü eşitdikdə bütün aşpazxana xalqı altdan-altdan gülürdü, çünki onlar məsələnin nə yerdə olduğunu anlayırdılar. Mən quruyub qalmışdım. Hacı da gəlib aftafanı götürdü, mənə acıqlı baxıb getdi.
Mən də heç bir iş görmürdüm. Gülara mənə iş vermirdi. Bir azdan sonra Şərəfnisə gəlib məni aşpazxanadan çağırdı. Mən xanımın yanına gedəndə, o, yanını pəncərənin arasına qoyub oturmuşdu. İki arvad dalında durub onun saçlarını hörürdü. Məni görən kimi başqa söz demədi:
– Çıxart köynəyi qoy yerə. Mən dedim ki, ev qulluqçusu heç vaxt nəcib olmaz. Məni aldatdın. Səni bu evdə qoymaq olmaz, çıxart köynəyi!
Bir söz demədim. Aşpazxanaya qayıdıb verdikləri köhnə köynəyi çıxartdım. Çarşaba büründüm. Amma yenə də ətim görünürdü, çünki çarşabım yırtıq idi. Köynəyi götürdüm. Bayıra çıxanda dalımca ağlayanlar da vardı, gülənlər də vardı. Hacının sevgili siğələri mənə gülürdü. Hacının bacılığı Gülsüm isə ağlayırdı. Mən çıxanda Gülsüm məni səslədi:
– Zeynəb bacı, gəl qabı da apar. Burada qoyma! – dedi.
Yemək gətirmək üçün apardığım saxsı qabı qoltuğuma vurub daha arxaya baxmadım. Köynəyi xanımın qulluqçusu Şərəfnisəyə verdim. Getdikdə xanımın səsini eşitdim:
– Get, səni Səttar xan geyindirsin. Bizə mücahid arvadı lazım deyil.
Evə gəldim. Heç zad yox idi. Məcidə Cavad ağanın bacıları qaynanmış ot yedirmişdilər. Cavad ağaya aparmağa bir şey yoxdu. Səngərə əliboş getdim. Bütün əhvalatı söylədim. Çox ağladım. Cavad ağa məni sakit etdi. «Dünya belə qalmaz» deyə təsəlli verdi. Yoldaşlarına kifayət qədər yemək gətirmişdilər. Onlar ikimizi də doyurdular. Bir parça çörək də Məcid üçün gətirdim.
Zeynəb bacı bunları danışdıqdan sonra əlini masaya vurub sözünə davam etdi:
– İndi Allaha şükür olsun ki, həyatdan çox razıyam. Heç narazılığım yoxdur. Bir narazılığım varsa, o da Hacı Mehdi kimi adamların inqilabçı adını daşımasıdır.
– Zeynəb bacı, mən də ümid edirəm ki, bunlar düzələcəkdir. Həmişə belə qalmaz.
Zeynəb bu söhbətində mənim heç ümid etmədiyim və inana bilmədiyim bir çox şeyləri mənə xəbər verdi. Ninanın bütün dediklərini təsdiq etməyə məcbur oldum.
Məcid yuxulamışdı. Aparmaq mümkün deyildi. Nina Zeynəbi yanında saxlamaq istəyirdi. Zeynəb bunu rədd etmək üçün bəhanə gətirirdi.
– Bəlkə, gecənin bir zamanı Cavad ağa evə gəldi. Məni evdə görməsə acıqlanar. Xüsusən Məcidi neçə gündür ki, görməyibdir. Heç də yaxşı olmaz.
Məcidi yuxudan oyatmağa məcbur olduq. Onu təzədən yedirdik. Sakit olandan sonra Zeynəb bacı onu dalına alıb evlərinə apardı.
Biz Nina ilə danışıb Təbriz qadınlarının nə qədər bacarıqlı və fikriaçıq olduğunu təsdiq edirdik.
Mən ayağa durub getmək istədikdə Nina dedi:
– Müharibəni xarici düşmənə açmaqdansa, daxildə inqilabçı adı ilə öz xəyanətini pərdələmək istəyən hacı mehdilərə açmaq lazımdır.
Bir həftədir ki, qaradağlıların hücumu davam edir. Top güllələri səngərlərin altını üstünə çevirir. Xaraba və yanmış evlərin sayı get-gedə artır. Hər tərəfdə bir cəhənnəm nümunəsi görmək olar. İnqilabçıların səngərindən tüfəng səsləri çox az atılırdı. Səngərləri yalnız bombalarla saxlamaq mümkün olurdu. Səngərlərin qarşısında qaradağlı ölüləri bir-birinin üstünə qalanırdı. Qaradağlılar hər bir hücumda tələfat verib çəkilirdi. Səngərlərdə canlı qüvvə çoxdu. Patron və bombadan korluq çəkilmirdi. Dörd gündən bəri rahat olmaq və evə qayıtmaq mümkün olmamışdı.
Axşam saat doqquzda bir azca vaxt tapıb Ninanı görmək üçün getdim. Nina çox qəmgin oturmuşdu. Məcid də ona söykənib divanın üstündə yatmışdı.
Oturdum. Ninadan əhval soruşdum, ah çəkərək sözə başladı:
– Dünən saat beşdə Zeynəb Cavad ağaya yemək aparıb daha qayıtmayıbdır. Bilmirəm onun başına nə iş gəlibdir? Yazıq uşaq onsuz aram tutmur.
Mən işin həqiqətini deməyə məcbur oldum:
– Nina, hazırda Zeynəb bacının və yainki mənim özümün də bir gündə yox, bir dəqiqənin içində tələf ola biləcəyimiz təəccüblü iş deyil. Atılan top mərmilərinin açdığı tufanın ağzından qurtarmaq çox çətindir.
Ninanın gözləri doldu. Ağlaya-ağlaya soruşdu:
– Allah eləməsin. Bəlkə də, Zeynəbin başına bir iş gəlmişdir?
– İnqilab edən xalqın qurban verəcəyi şübhəsizdir. Dünən saat altıda Zeynəb və Cavad ağanı öz yoldaşları isə yemək yedikləri yerdə top gülləsi havaya sovurmuşdur. Bədənlərini ayırmaq mümkün olmadı. Hamısını bir yerdə basdırdıq.
Ninanın gözləri yaşardı. Balaca Məcidi qucaqlayıb öpdü.
Minasyanın qadını Şuşanik xanım da gəlib bunu eşitdi. Çox təəssüf etdi.
Sabah Təhminə xanıma xəbər verib balaca Məcid üçün bir qulluqçu tapdıracağımı Ninaya vədə etdim.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-tebriz-qadinlari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qundaqda ikən bir qızı ad eyləmişəm mən,Nazlı bəbədən könlümü şad eyləmişəm mən.
QadınlarDüşmüşdülər çoxdandı bu sevdaya qadınlar,Seçdirdi özün kənddə də şuraya qadınlar.
«Şərqi-Rus» qəzetinəGözüm, dur xabi-qəflətdən, çıxıb gün aşikar oldu,Bəhəmdulla şəbi-yəlda gedib nisfi nahar oldu!
Xabi-qəflətDur, ey qafil yatan könlüm, oyan bu xabi-qəflətdən,Sənə yoxdur səmər hərgiz bu bica istirahətdən!
Başqa şairlərin şeirləri
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Feraqı qismət edib çərxi-kəcmdar mənəFeraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı