Səhifə 2 / 4 · 25%

– Ürəyə yol tapmağın bir sənət olduğunu indəyə qədər bilmirsinizmi?

– Yox.

– Mən o sənəti sizə öyrətsəm, siz mənim dediklərimə əməl edərsinizmi?

– Söz verirəm. Mən sizin sərəncamınızdayam.

– İndi mənə qulaq asınız. Ürəyi gözdən oxumaq lazımdır.

– Çox gözəl, bunu bildim. Siz buna qarşı məndən nə tələb edirsiniz?

– Tələb edəcək cürətim yoxdur. Rica edəcəyəm.

– Yerinə yetirməyə hazıram.

– Siz, xanımın Hacıya necə ərə getdiyini, bu xoşbəxtliyə sizin necə səbəb olduğunuzu mənə təfsilatı ilə söyləyiniz.

– Kiçik bir şərtin yerinə yetirilməsi ilə mən Hacının xanımla evlənməsinin heyrətli romanını sizə söyləyəcəyəm.

– O şərt nədən ibarətdir?

– Siz öz ürəyinizi mənə verəcəksiniz.

– Xanımın icazəsindən sonra.

– Zənnimcə, xanım buna icazə verər. Mən də özümü dünyanın ən xoşbəxt bir insanı hesab edərəm.

– Bu sizi xoşbəxt edəcəksə, mən də xoşbəxtliyə mane olmaram. Sizə bu barədə səmimi söz verirəm, lakin mənim bir şərtim də vardır: siz o şərtlərin hamısına əməl etmək üçün mənə səmimi söz verməsəniz, mən də öz sözlərimin həyata keçirilməsi üçün səmimi söz verməyəcəyəm.

– Deyin görüm, şərtiniz nədir?

– Sevginin tələb etdiyi bütün hərəkətlər, ancaq xanımın icazəsi ilə və mənim hazırlanıb kimnaziyaya girdiyim gündən başlanmalıdır. O zamana qədər bu günkü vəziyyəti davam etdirməliyik. İndi məni təəccübləndirən bir cəhət vardır ki, onu sizdən soruşmaq istərdim.

– Soruşun, hər bir şərtə razıyam!

– Siz məni doğrudan da sevirsiniz, yoxsa bir ev xidmətçisi kimi mənimlə əylənmək istəyirsiniz?

– Sevirəm! Ürəkdən sevirəm! Dəlicəsinə sevirəm!

– Bu heç də inanılacaq bir şey deyildir. Mənim burada imtahanlara hazırlandığımın tarixi olduqca qısadır. Bu az müddətdə bir qızı bu dərəcədə səmimi sevmək mümkündürmü?

– Az müddət deyil! Bu sevginin tarixi uzundur... bu sevgi siz xanımın yanına qulluqçu girən gündən başlanmışdır. Təəssüflər olsun ki, mən sizin qədər gənc deyiləm.

– Bunda təəssüf ediləcək heç bir şey yoxdur. Zənnimcə yaşlı kişilərin ailəyə qarşı səmimiyyəti daha yüksəkdir.

– Siz bunu təqdir edirsinizmi?

Jenya utanmış kimi üzünü pəncərəyə çevirdi:

– Bəli, təqdir edirəm, — dedi.

Mixaylovski:

– Sizin fikriniz xanımınızınkından dəfələrlə yüksəkdir. Xanımınız əvvəlcə belə bir fikirdə deyildi. O, Hacının sevgisini bir necə illərin əziyyətindən sonra qəbul edə bildi. Bu işdə hamıdan artıq mən əziyyət çəkdim və gözəl nəticələr də əldə elədim. Mən Hacının işini düzəltdim, Hacı da bunun əvəzində mənə atalıq elədi, məni xoşbəxtliyə çatdırdı. Hazırda mən qubernatorun sağ əli hesab olunuram. Hacı cənabının yanında da bir sözüm iki deyil. Mən indi Bakının mənsəb sahibləri içərisində, cənab qubernatordan sonra birinci adamlardan biri sayılıram. Mən çox arzu edərdim ki, əldə etdiyim bu səadətdən sizin də payınıza bir hissə düşəydi. Siz gələcək həyatın nemətlərini mənim vasitəmlə mənimsəmiş olsaydınız.

Mən doğrusunu deyirəm. Sizi gördüyüm gündən bəri öz səadətimi sizinlə tamamlamaq qərarına gəlmişəm. Həmişə də bunun üzərində fikirləşirəm. Lakin bu fikirlər olduqca yorucudur. Bu ağırlığı ancaq sizin bir kəlmə sözünüz mənim üzərimdən götürə biləcəkdir. Mənim ölümdən əvvəl cənnət həyatı keçirməyimin başlıca vasitəsi siz ola bilərsiniz. Sonra, sizdən bir ricam da vardır, o da bundan ibarətdir: məni çox da yalvarmağa məcbur etməyiniz.

Mixaylovski bunu söylədikdə Jenya gülərək:

– Bunların heç birisi olmayacaq, — dedi, — lakin siz də mənim dediklərimə əməl etməlisiniz. Siz məni dərsi bitirənə qədər rahat buraxmış olsanız, mən sözümü geri götürməyəcəyəm. Sevgi tələblərini ifa etməklə dərslərin tələblərinə cavab vermək mümkün deyildir. Ümumiyyətlə təhsildə qızların sevgi işi ilə məşğul olması zərərlidir. Təhsilimi müvəffəqiyyətlə bitirməyim özü də sizin üçün bir şərəfdir; mən səviyyə cəhətincə sizə layiq bir qadın kimi hazırlanmalıyam.

Mixaylovski bu sözlərin hamısına inandı, onun ürəyində heç bir şübhə qalmadı.

– Sizə və sizin qədər əziz olan namusuma and içirəm ki, sizin iradəniz xaricində heç bir hərəkət etməyəcəyəm! İndi isə siz məni «sən» deyə çağırmalısınız, mən o sözdən də mənəvi ləzzət alacağam.

– Yox! O vaxta hələ çox qalmışdır. Sizi «sən» deyə səsləmək ancaq həyatın şəkli dəyişdikdən sonra mümkündür.

İndi siz Hacının xanımı nə yolla aldığını danışınız...

– Hacının arvadı çoxdandı vəfat eləmişdi. O, hər kəsi də ala bilməzdi, özünə layiq bir qız axtarırdı. Xanım o zamanlar qız idi. Onun böyük bacısı Hacının oğlunda idi. Xanım öz bacısının yanına tez-tez gəlir, bəzən aylarla qalıb dərsə hazırlanırdı. Hacı qızı çox sevirdi, çünki xanım qızlığında təsvirə gəlməz bir gözəl idi. Bu sevgiyə iki maneə var idi: əvvələn Hacının gəlini, ikincisi də, xanım dağıstanlı bir gəncə nişanlanmışdı. Qızın atası və anası da buna razı deyildi. Lakin bu son maneəni Hacı özü həll elədi, çox da asanlıqla həll edə bildi. Xanımın atası Ərəblinski banklara borclu idi, veksellərin vaxtı keçirdi, banka girov qoyulmuş əmlakının hamısı əldən gedirdi. Hacı Ərəblinskinin banklara olan bütün borcunu verdi və mülkləri öz əlinə keçirdi. İş bununla bitmədi. Bu borclardan əlavə, Hacı qızın atasına onun qaytara biləcəyindən daha böyük miqdarda yeni borc verdi. O, yumşaldı, çünki bütün ailənin səadəti qızın Hacıya ərə getməsindən asılı idi.

Hər şey öz yerində idi. Hacı nə oğlunun etirazına baxır, nə də gəlininin küsməsilə hesablaşırdı. Hacının fikri məsələni qıza nə cür qandırmaq və nə cür razı salmaq üzərində gedirdi. Bu sözü qıza açıq demək üçün heç kəsdə cürət yox idi.

Jenya tələsik soruşdu:

– Bəs sonra necə oldu?

– Siz mənə söz veriniz ki, bunların heç birisini xanıma söyləməyəcəksiniz.

– Buna vicdanımla söz verirəm. Bir də siz bunu bilməmiş olmazsınız, xanımla söhbət etməyə heç kəsin ixtiyarı yoxdur. Ev qulluqçuları ancaq onun suallarına cavab verdiyi zaman danışa bilər. Siz söhbətinizi davam etdiriniz. O barədə arxayın ola bilərsiniz.

Mixaylovski sözünə davam etdi:

– Sizin xanımınız, dərs barəsində olduqca tənbəl və qabiliyyətsiz idi. İmtahanların heç birisini lazımi qədər verə bilmirdi. Aldığı qiymətlərin hamısı pul və gözəllik müqabilində olurdu. Bacısı, ata-anası onun yaxşı hazırlanması uğrunda əllərindən gələn qədər əmək sərf edirdilər. Mən də, Kutilevski də xanımın hazırlanması uğrunda olmayan zəhmətlər çəkirdik. Buna baxmayaraq, xanım yenə də səhlənkarlıq, tənbəllik və soyuqqanlılıq göstərirdi. Xanımın başlıca məşğuliyyəti nişanlısından gələn məktublara cavab yazmaq idi. O, bəzən nişanlısına gündə üç, bəlkə dörd məktub yazardı, gündə də başqa-başqa hallarda çəkilmiş bir necə şəklini paketə qoyub nişanlısına göndərərdi. Mən də, Kutilevski, xanımın xatirinə toxunmamaq üçün, onun oxuması barəsində bacısına yalan məlumat verməkdən yorulmuşduq. Buna görə də xanım bizim xatirimizi həddindən artıq istəyirdi. Xanım xüsusən mənə çox yaxın idi. Bəzən başqalarına deyə bilmədiyi dərdini mənə söyləyirdi. Mən onun atasının vəziyyətini çox yaxşı bilirdim. O, varidatı dağılmış bir mülkədar idi. Buna baxmayaraq xanımın redikülündə bəzən min, bəlkə bir az da artıq pul olurdu. Pul xərc etməkdə qənaət nədi — bilməzdi. Hər dəyərsiz şeyi dəyərli qiymətə alardı. Mən onda bu qədər pulu görürkən həmişə şübhələnirdim; yəqin edirdim ki, Hacı xanımın cib xərcliyi üçün həddindən artıq pul buraxır. Nəhayət, bir gün Hacı məni axşam çayına çağırdı. Mən axşam saat yeddidə Hacı Zeynalabdın Tağıyevin evinə getdim. İçəri girməyimə heç kəs mane olmadı — əlimdə çağırış kağızı var idi. Yuxarı qalxıb böyük salonun qabağında durdum, qulluqçular vasitəsilə Hacıya sifariş göndərdim. O, məni iş otağına çağırtdırdı. İçəri girəndə orada «Kaspi» mətbəəsi müdirini və Bakıda məşhur gəmi sahiblərindən Rəsulovu gördüm. Hacı məni görən kimi:

– Xoş gəlib, səfa gətirmisiniz! — dedi. — Cənab müəllim, əyləşin. Sizinlə çox uzun, çox da mühüm bir söhbətim vardır.

Bununla Hacı yanında olanların getməsi üçün siqnal verdi. Otaqdakılar vidalaşıb getdilər. Bir Hacı, bir də mən qaldıq. İçəri girməyə heç kəsə icazə verilməmişdi. Yalnız zəngi vuranda çay verən qız içəri girirdi.

Hacı sözünü bu cür başladı:

– Mən kiçik xanım haqqında bəzi məlumat əldə etmək üçün sizi öz yanıma çağırmışam.

– Buyurun, — dedim, — hər nə məlumat lazımsa verə bilərəm.

– Kiçik xanımın oxuması necə gedir?

– Həqiqəti söyləmiş olursam, onun dərsə heç bir marağı yoxdur.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

İlk görüşlər

Mənzil etdiyim bu məhəllə inqilab qəhrəmanlarından Bağır xan Saların nüfuz məntəqəsidir. Burada onun hərbi qərargahı, mübarizləri, cəbbəxana və silahları yerləşdirilmişdir. Gecə Qafqaz sosial-demokratlarını tapmaq mümkün olmadı. Onların Hərbi İnqilab Şurası ətrafında toplandıqlarını, Səttar xanla işlədiklərini eşitdim.Mən bunlarla görüşməzdən əvvəl inqilabın yerli rəhbərlərilə görüşmək istəyirdim. Onların bu inqilab haqqındakı fikirlərini öyrənmək, gələcəkdə işləri düzgün qurmaq üçün daha mühüm idi.

6 dəq
Siqətülislam

Mən hamıdan əvvəl Siqətülislamla görüşməklə maraqlanırdım. Onun nə məqsədlə inqilaba tərəfdar olduğun öyrənmək, doğrudan da, mənim üçün çox maraqlı bir iş idi.Mən Siqətülislamın məzhəb və təriqət mübarizəsində birincilik qazandığını, başına bir çox müridlər toplamaqla mirzə Həsən müctəhid kimi məşhur lotu ilə baş-başa vurduğunu bilirdim.

8 dəq
İran mülkədarının evində

Bizi Hacı Əliqulu xanın qəbul otağına apardılar. Qardaşı oğlu Əsədulla xan əmisinin xəstə olduğunu və hazırda bizimlə görüşməyə gələcəyini xəbər verdi.Xan xüsusi otağından çıxdı. Çox yavaş-yavaş yeriyirdi. Bizimlə görüşdü. Xəstə olduğunu, hazırda həkimin ona morfi vurduğunu, yalnız bununla da hərəkət edə biləcəyini söylədi.

3 dəq
Səttar xan

Biz saat üçdə Səttar xanın qapısında durmuşduq. Qapıçılardan biri icazə almaq üçün içəri getmişdi. Bir neçə dəqiqədən sonra icazə verildi.Səttar xan bizi görən kimi çox şadlandı. Birinci sözündə:

2 dəq

Başqa şairlərin şeirləri