Səhifə 1 / 3

İngilis generalı Mərkəzi Kaspi Diktaturası üzvlərindən aldığı etiraz məktubu barəsində London və Bağdad ilə müzakirə apardıqdan sonra Bakını boşaltmağın təxirə salınmasını qət etdi.

İngilislər Almaniya-Fransa çəbhəsindəki dəyişikliklər və Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxması ilə əlaqədar olaraq, Bakının türklərə təslimini təxirə salmağa qərar verdilər. Zira Bolqarıstanın Türkiyə-Almaniya ittifaqından çıxaraq müttəfiqlərin təkliflərini qəbul ilə ayrıca sülh müqaviləsi imza etməsi, İstambula quru yolu açmış olacaq və bununla da müttəfiqlərin qoşunu İstambula girə biləcəkdi.

İngilislər bu məsələnin həyata keçməsini tələsdirdilərsə də, türklər də tələsərək, Bolqarıstan müttəfiqlərdən ayrılmamış Bakı məsələsini bitirmək istədilər. İngilislər Bolqarıstan məsələsinə ümid bağlamayıb, türklərin mərkəzdə məğlub olmasına inanmasaydılar, sentyabrın 14-də deyil, avqust ayının 31-də Bakını boşaldacaq və İrana çəkiləcəkdilər. Lakin Türkiyə mərkəzdə, ingilislərin Bakıdakı məğlubiyyətindən çox sonra məğlub oldu. Sentyabrın 14-də türklər çoxdan bəri davam edən Bakı məsələsinə son qoymaq istədilər.

Ayın 13-də Mərkəzi Kaspi Diktaturası üzvləri axşamdan başladıqları iclası, səhər saat dördə qədər davam etdirdilər.

Nuri paşa və Mürsəl paşanın hücum əmri qoşun hissələrinə xəbər verildiyi vaxt, diktatura üzvləri də növbətlə nitqlər deyir və öz-özlərini alqışlayırdılar.

Sentyabrın 14-də səhər saat dördə, Bakını titrədən dəhşətli top gurultuları iclasa yekun vurmuş oldu. İclas bitmişdi, hərbi nazir Baqratuni baş komandan Dukaçiyevdən bu telefonaqramı aldı:

«Türklər səhər saat dördə, Volçı-Vorotdakı hissələrimizə şiddətli hücum etdilər. Bir neçə təkrar hücumlar nəticəsində düşmən Volçı-Vorotu almaqla çəbhəni yarmağa müvəffəq oldu. İndi bütün möhkəm təpələr düşmənin əlindədir. Düşmən mövqeləri ilə şəhərin arasındakı məsafə dörd kilometrdən artıq deyildir. Türk piyadaları, toplarını yeni aldıqları mövqelərdə yerləşdirməkdədirlər. Hazırda onlar böyük bir qüvvətlə hücum etməkdə və sol qanadımıza təzyiq etməkdədirlər. Müharibə xətti mərkəzi düşmən əlindədir. Buna da səbəb ingilislərin Şimali Stafford alayının çəkilməsi olmuşdur.

Biz səhər saat səkkizdə bütün qüvvəmizi toplayaraq, türklərin hücumunu dayandırmağa müvəffəq olduq və Bakı qoşunu iki dəfə qəhrəmançasına əks hücum etdisə də düşməni mövqelərindən çıxarmaq mümkün olmadı.

Gələcək əmrinizə müntəzirəm!

General Dukaçiyev».

Bakı, 14 sentyabr. Saat 11—22 dəqiqə.

Hərbi nazir dəstəyi götürüb hökumət üzvlərini səsləmək və məsələni müzakirə etmək istədisə də, müvəffəq olmadı. Çünki onlar şeylərini yığışdırmaq və körpüyə qaçmaq üçün hazırlaşırdılar.

Hökumət idarələrində heç kəs yox idi. Nazirlərdən başlamış kiçik polis məmurlarına qədər hamı canının qeydinə qalmışdı. Müharibə şiddətlə davam edirdi. Türk toplarının külləsi İnkiltərə ərkani-hərbi yerləşən «Yevropa» otelinə düşməkdə idi. Generalın əmrinə görə ərkani-hərb təcili surətdə gəmiyə köçdü. Lakin bir dəqiqə keçmədən ərkani-hərbin yerləşdiyi gəminin ətrafına top küllələri düşməyə, suda coşqun dalğalar və dəhşətli tufanlar yaratmağa başladı.

Leyla və başqaları şəhər içərisindəki vəziyyəti tez-tez Türkiyə ərkani-hərbinə xəbər verirdi.

Şəhəri başlı-başına buraxıb qaçmaq haqqındakı qərar qəti idi. Lakin bunu yerli xalqa bildirmək və qoşunları qaranlıq düşmədən hissələrdən geri qaytarmaq şəhərdə başsızlıq törədəcək və ingilislərə qarşı daxili üsyan yarada biləcək idi. Bunun üçün də İnkiltərə hərbi komandanlığı görkəm üçün şəhərə gəzmə qoşun dəstələri çıxarıb daxili asayişi bərpa etməklə bütün hərbi ləvazimatı səfərə hazırlamağa başlamışdı. Qoşun hissələri və çəbhədəki bölüklər isə gecə saat 10-da, hava qaranlıqlaşdığı vaxt gəmilərə çəkiləcəkdi.

General bir gün əvvəl «Abo» və «Kursk» gəmilərinin İngiltərə qoşunlarını İrana daşımaq üçün hazır olmasına əmr vermişdi. Şəhər içərisində dolaşmaq çox da qorxulu deyildi. Çünki türklərin top atəşi müəyyən mövqeləri döyməkdə idi. Buna baxmayaraq küçələrdə çox az adam tapılırdı.

Küçə dükanlarından başqa hər yer qapalı idi. Ermənilər türklərin, türklər də ermənilərin qorxusundan küçələrə çıxa bilmirdi.

Yerli ermənilər neçə gündən bəri gəmilərlə İrana və Türküstana köçürdü. Lakin bu, yoxsullar üçün mümkün deyildi, çünki onlar nə pul tapa bilir və nə də gəmiyə oturmağa imkan tapırdılar. Erməni işçi və kəndlilərini daim öz xain məqsədlərinə qurban etməyə çalışan erməni burjuaziyası və onların nökərləri—daşnaq rəhbərləri Bakını çoxdan tərk edib getmiş və erməni yoxsullarını sultan ordusunun «mərhəmətinə» tapşırmışdılar.

Dörd ay ərzində dörd üsuli-idarə dəyişən Bakı, yaxın gələcəyi qarşılamağa hazırlaşarkən Mərkəzi Kaspi Diktaturası üzvləri də özünün 44 günlük hökumətinə məxsus arxivini və bolşeviklər əleyhinə söylənən nitqlərin stenoqramını böyük bir torbaya yığıb tarixi sənəd kimi özlərilə aparmağa hazırlaşırdılar. Türkiyə ərkani-hərbi böyük və kiçik zabitlərinin, paşaların və şəhər komandanlığının düşəcəyi binalar vaxtında müəyyən edilmiş və telefonla Türkiyə ərkani-hərbinə bildirilmişdi.

Şəhərdə çörək tapılmırdı. Ordunu təmin üçün əsas hazırlıq Mərdəkanda görülürdü. Hacının bağında başqa şeylərlə bərabər çörək də bişirilmişdi. Hacının şəhərdəki evində isə paşaların şərəfinə ziyafətə hazırlıq gedirdi.

Mart hadisəsindən sonra Bakı bağlarına çəkilən xalq, şəhərə köçmək üçün araba tutur və şeylərini toplayırdı. Yerli burjua mətbuatı da gündəlik ahəngini dəyişir, ingilislərin mədhinə məxsus səhifələrdə, Alman-Türkiyə silahının qələbəsinə dair poemaları dərc edirdi.

Şeyxülislam saqqalına xına yaxır, mollalar üst-başını düzəldir, məscidlərin həsirləri üzərinə gözəl xalçalar salınır, şəhər içərisindəki müsavatçılar isə milli komitənin Gəncədən Bakıya köçməsi intizarını çəkirdi.

İngilislər Bakıdan çıxarkən, həbsxanada saxlanan 26 Komissar haqqında qəti tədbir görmüşdülər. Ordunu köçürmək üçün hazırlanmış «Abo» və «Kursk» gəmilərindən başqa bir də «Türkmən» gəmisi hazırlaşırdı. Bu gəmi 26 Komissarı və cəllad kimi onların başı üstə dayanan bir dəstə ingilisi, menşevik, eser və daşnaqı Krasnovodskiyə götürəcək idi.

İngilislər, Çaparidze, Şaumyan, Məşədi bəy, Fioletov və onların yoldaşlarının Zakaspi çöllərində məhv edilməsi məsələsini Tiq-Çonsona və onun başındakı adamlara tapşırmışdı. Onlar həbsə alınmış Bakı bolşeviklərinin Aşqabad və Orta Asiyada ingilislərin rəhbərliyi ilə işləyən əli qanlı sosialistlərə, sadovskilərin həmməsləklərinə hədiyyə aparmağı qərara almışdı.

Bu məsələ kommunaya sadiq qalan və neft buruqları arasında gizli çalışan işçilərin iclasında müzakirə edilirdi. Lakin 26-ları ingilislərin pəncəsindən qurtarmaq üçün heç bir vasitə mövcud deyildi. Bakı proletariatı Moskva və Həştərxanla əlaqə saxlamaq və işçiləri təşkil etmək, bununla da gələcəkdə Bakı proletarlarının qalib gəlməsinə çalışmaqdan başqa bir qərar çıxara bilmədi.

Bakı bolşevikləri ən əvvəl, xəstə cəhətlərin islahına çalışmağı qərara aldı ki, burada vəzifə: işçilərin siyasi-sinfi düşüncəsini artırmaq, onlara menşevik və eserlərin xəyanətini bildirmək, Bakı proletariatının internasional birliyini qüvvətləndirməkdən ibarət idi.

Bir sıra sinfi şüuru zəif olan işçilərin həqiqi xətti-hərəkətdən ayrılmasını və kor-korana olaraq düşmənlərə yardım göstərməsini nəzərdə tutmaqla, gizli fəaliyyətə keçən Bakı bolşevikləri, həbsxanadakı rəhbərlərdən aldıqları məktubları rəhbər tutub gələcək mübarizə yollarını təyin etməyə qərar verdi.

Bakı işçilərinin vəziyyəti olduqca ağır idi. Onlar Bakı Kommunasını itirdiyi, açıq fəaliyyət imkanlarından məhrum olduğu zamanda, öz qarşısında ciddi mübarizə tələb edən yeni hadisələr görürdülər.

Bu gün, ya sabah sultan ordusu şəhərə girir, heç şübhə yoxdur ki, onlar da şəhərdəki bolşevikləri təqib etməkdən, şəhərdə səpilmiş milli ixtilaf toxumlarının göyərməsinə, əvvəlkindən daha artıq alovlanmasına çalışmaqdan boyun qaçırmayacaqdı. Türklərin dalınca əksinqilabi «müsavat» hökumətinin aparatı və işçilərin qardaşlığını pozmaq üçün düzəlmiş təşkilatı Bakıya gəlməyə hazırlaşırdı.

Sentyabr ayının 14-də Bakı işçiləri belə bir çətin vəziyyət qarşısında idilər.

Azərbaycan işçiləri arasında işləmək, Azərbaycan kəndlilərinə öz düşmənlərini yaxşı tanıtmaq və yenicə təşkil olunmağa başlayan bəy-xan və istismarçılar hökumətini ifşa etmək, Rusiya işçilərinin qardaşlıq yardımına istinadən «müsavata» və onun arxalandığı qüvvələrə qarşı amansız mübarizə açmaq 26 Komissarın Bakı işçilərinə son tapşırığı idi.

Axşam saat 6-da Raya, Vahan, Heydər, Pavluşa, Jenya, Məhəmməd, Əsgər, Qulu iclasdan çıxıb Vahanın evinə yığıldılar. Onlar Esterin təcili məktubunu oxudular:

«Əzizim Raya! Vəziyyət aydınlaşdı. Bu gecə saat 12-yə qədər şəhərdə bir nəfər də ingilis qalmayacaqdır. Çəbhələr saat 10-da tərk ediləcəkdir. Şəhərdə qalan və indiyə qədər bir tərəfə gedə bilməyən bolşeviklərin siyahısı tutulur. Raya, 26 Komissarın ailəsini də böyük təhlükə gözləyir! Onlar çıxıb bir tərəfə getməlidirlər.

Atam isə məni Keyvortun əlinə verməyi və özü ilə bərabər İrana aparmağı qət etmişdir. Mən isə sənin dediyin kimi hər şeyi hazırlamışam. Axşam saat 10-da sizi gözləyəcəyəm.

Ester».

Bakı, 14 sentyabr.

Raya məktubu oxuduqdan sonra başını çevirib divardakı saata baxdı və üzünü yoldaşlarına çevirib dedi:

– Yoldaşlar, vaxtdır! Bir çox yoldaşları türk paşalarının əlindən qurtarmaq üçün ixtiyarımızda olan iki-üç saatın bir dəqiqəsini belə itirməməliyik.

Onlar saat səkkizdə şəhərə getmək üçün Vahanın evindən çıxdılar.

Leyla bir saatdan bəri oturub düşünürdü. Onun zehnini məşğul edən iki mühüm məsələ idi. Biri özünün Türkiyə casusu və Türkiyə tərəfdarı olduğunu son saatlara qədər ingilislərə bildirməməyə çalışmaq, ikinci isə, Esteri həbsə almaq və onun vasitəsilə də Rayanı və onun birləşdiyi bolşevikləri ələ gətirməkdən ibarət idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

IX. Sui-qəsdin ifşa edilməsi

Bugünkü iclasa Şaumyan hamıdan sonra gəldi. O, yenə də portfel götürmüşdü. Bu portfeli o, ancaq fövqəladə və mühüm iclaslarda əlinə alardı.Şaumyan stulda oturan kimi menşeviklər və eserlər oturan stulları gözdən keçirtdi. Menşevik və eserlərin hamısı öz yerini tutmuşdu, yalnız bir nəfərin yeri boş idi. Sovet üzvlərindən gəlməyənlər çox az idi. Çünki Şaumyanın mühüm bir məsələ barəsində çıxışda bulunacağı bütün siyasi partiyaların fraksiyasında danışılmışdı. İvanovun həbs edilməsinə baxmayaraq yenə də eser və menşevik rəhbərləri Rayanın ətrafından çəkilməmiş və Sovet hökumətinə qarşı başladıqları bu sui-qəsdin Raya tərəfindən kəşf edildiyini xəyallarına belə gətirməmişdilər. Buna görə də bugünkü iclasda Raya da menşeviklərlə bərabər iştirak edirdi.

4 dəq
X. Məktublar

Leyla xanım iki məktub aldı. Məktubun birisi Bakı milyonçusu hacı Zeynalabdın Tağıyevdən, ikincisi Türkiyə ordusu ərkani-hərbindən idi. Məktubların ikisi də mühüm idi.Leyla xanım çox düşündü ki, «məktubların hansını əvvəlcə oxuyum». Əvvəlcə Türkiyə ərkani-hərbindən gəlmiş məktubu oxumağa qərar verdi. Çünki bu məktub Leyla xanımın Türkiyə ərkani-hərbinə göndərdiyi mühüm bir məktuba cavab olmalı idi.

5 dəq
XI. Hacının bağında

Leyla xanım hacının evinə köçmüşdü, lakin hacı ilə Bakıda görüşmək mümkün deyildi. Çünki hacı da başqaları kimi Mərdəkana köçmüş və öz bağında yerləşmişdi.Hacı Leylanın məktubundan sonra ona ikinci bir məktub göndərib Mərdəkanda, onun şərəfinə düzəlmiş ziyafətə gəlməsini xahiş etmişdi.

12 dəq
XII. Raya oğurlandı

Bu gün Leyla xanım Rayanı hacının evində düzəltdiyi nahara dəvət etmişdi, naharda Leyla və Rayadan başqa heç kəs yox idi. Yeməyə başlamazdan əvvəl, Leyla xanım yaşadığı möhtəşəm, milyonçu evini Raya xanıma təqdim etdi, özünün nə qədər möhtərəm sayıldığını bir daha söylədi.Yenicə süfrəyə oturmuşdular. Xadimə gəlib:

7 dəq

Başqa şairlərin şeirləri