Avqustun 31-də başlanmış və ingilislərin tam məğlubiyyəti ilə qurtarmış qanlı müharibə, indiyə qədər tərəddüdlə danışılan ricət məsələsini çox qəti qoymuş oldu. Beş saat davam edən bu qanlı müharibə ingilislərin Bakı haqqındakı arzularını sabun köpüyü kimi puç etdi. Türklərin hücumu həm sağ, həm də sol cinahın böyük tələfatla çəkilməsinə səbəb oldu.

Tam bu həlledici müharibə zamanında Bakı müdafiəsinin nə vəziyyətdə olduğunu yoxlamaq üçün Bağdaddan gələn general Liyuin də Bakıya varid olmuşdu.

Top güllələrinin və şrapnellərin qəliz dumanları cəbhə ufuqundan çəkilməmiş, general Liyuin, general Denster-Vili, bir neçə nəfər ərkani-hərb zabitini yanına alıb, türklərin və ingilislərin tutduqları mövqeləri nəzərdən keçirtdi.

Yenicə qayıtmışdılar, general Liyuin plaşını çıxarmadan, cəbhə haqqındakı fikrini söylədi:

– Bakını müdafiə ümidləri tamamilə faydasızdır; ingilis qoşunlarını Bakıdan təcili surətdə çıxarmaq lazımdır. Müharibəni davam etdirmək, ingilis qoşunlarını qırdırmaq və düşmənə şəhəri silah gücünə almaq üçün və intiqam almaq üçün bəhanə vermək deməkdir. İndi türklərin tutduğu mövqe ingilislərin və yerli qoşunların hücumuna imkan verməyən mövqelərdir. Yerli qoşun və ingilis qoşunları nə qədər qüvvətli olur-olsun, onların başladıqları hər bir əks-hücuma müvəffəqiyyətsizliyə uğramış olacaqdır. Bakı əski Şərq şəhəridir, barrikada müharibələri üçün olduqca əlverişlidir. Türkləri şəhərin içərisinə çəkib onlara qəti zərbə vurmaq və püskürtmək də mümkündür. Lakin yerli xalqın ruhu buna imkan verməz.

Biz düşmənlə vuruşduğumuz yerdə, yerli xalqın arxadan bizə hücumu mümkündür. Onda bizim şəhər içərisindəki müharibəyə sərf etdiyimiz vaxt, qoşunların və bizim dostlarımızın şəhərdən çəkilmək imkanını azaldır. Buna görə də yersiz qan tökməmək üçün, türklərlə müharibəni dayandırmalıyıq. Bu müharibə müttəfiqlərin ümumi qələbəsinə qədər dayandırılmalıdır. Çünki müttəfiqlərin qələbəsi şübhəsizdir. Mən əvvəldən də Bakı səfərinə tərəfdar deyildim. Çünki bütün məsələlər Almaniya cəbhəsində həll ediləcəkdi.

Siz, bu gündən etibarən məsuliyyəti öz üstünüzdə qoymamaq üçün ingilis qoşunlarının Bakıdan çıxmalı olduğunu Mərkəzi Kaspi hökumətinə xəbər verməlisiniz. Qoy onlar öz başlarının qeydinə qalsınlar. Qoy bizim qoşun çəkilən yerləri öz yerli qüvvələrilə doldursunlar.

General Liyuin sözünü bitirdikdə, Denster-Vilin ağzındakı trubkadan qalxan tüstü artıq ona Qaraşəhərdəki zavod bacalarından çıxan tüstülərin verdiyi nəşəni vermirdi. Bakı neftini ingilislər əlinə keçirmək üçün xüsusi tapşırıqla Hindistandan çağırılan və yol uzunu düşündüyü planları həyata keçirməyə imkan tapa bilməyən general, çubuq tüstüsündə ancaq öz taleyinin şərəfsiz təsadüflərini görür və sıxılırdı. Sanki halqalanıb çubuqdan qalxan tüstü, ingilis hərislərinin ağzı qədər genişlənir və generala istehzalı gülüşlər yağdırırdı. General dişində tutduğu bu çubuğu avqustun 18-də saat 18—12 dəqiqədə Bakı limanında ikən tam başqa şəkildə görmüşdü.

Müştüyü Bakı-Batumi neft kəmərinə, başı Qaraşəhər və Ağşəhər neft və mazut çənlərinə bənzəyən çubuq, 13 gün əvvəl Bakı neftini sorub Denster-Vilin qarnına doldurmaqla ona nəşə verirdi. Bu gün isə qəliz tüstülər ilə generalın ümidsizlik və həsrətlərdən doğan ahlarını andırırdı.

General ayın 18-də London və Bağdada göndərdiyi teleqramın məzmununu bir daha xəyalından keçirtdi:

«18 avqust, 18—12 dəqiqə.

İngiltərə bayrağı altında üzən «Prezident Kryuker» gəmisi, Eyfel qülləsinə bənzəyən minlərcə neft buruqları yanından keçib neft şəhərinə yanaşmaqdadır...»

Generalın dalğın göz bəbəkləri məğlubiyyətdən qorxmuş gözlərinin halqasında. Xəzər limanından cənuba doğru hərəkətə hazırlaşan «Prezident Kryuker» gəmisi üzməyə başlamışdı.

General Londona və Bağdada vurduğu teleqramdan birini də xatırladı:

«Dünyada Xəzər dənizi birincidir ki, orada İngiltərə bayrağı daşıyan gəmi üzməmişdi».

Bu düşüncələr təsirindən general trubkanı stol üzərinə ataraq qələmi əlinə alıb yazdı.

«Mərkəzi Kaspi Diktaturası divani-rəyasətinə

Həşəmətli cənablar! Bu gün Bağdaddan yeni təşrif gətirmiş general Liyuin cənabları ilə bərabər hərb cəbhələrini gəzib vəziyyəti gözdən keçirtdik. Cənab generalın Bakının müdafiə haqqındakı fikrini demək və gələcək məsələlər barəsində məsləhətləşmək üçün əlahəzrətlərin «Yevropa» otelinə təşrif gətirmələrini rica edirəm. Vaxtı itirməmək üçün əlahəzrətləri bir saatdan sonra oteldə gözləyəcəyəm.

Denster-Vil».

Bakı, 31 avqust.

Mərkəzi Kaspi Diktaturası üzvləri tez gəlmişdilər. Müşavirəyə Sadovski, Elçiyan, Ayollo, Velonts və diktaturanın hərbi naziri general Baqratuni gəlmişdi.

Diktatura bu müşavirədən müsbət bir nəticə gözləmirdi, üzvlər, generalın xeyir xəbər verməyəcəyini əvvəldən bilirdilər.

Generalın mindiyi maşının siqnalı eşidildi, bir dəqiqə sonra o, adəti üzrə qısa və sürətli addımlar ilə salona girdi. O, hamı ilə əl verib görüşdükdə barmaqlarındakı kiçik damarlar saat əqrəbi kimi döyünür və dəhşətli xəbərlər söyləyirdi. General sözə başladı:

– Çox təəssüf edirəm ki, əlahəzrətləri təmin edəsi bir söz deyə bilməyəcəyəm. Mən dünən, Bağdaddan yeni təşrif gətirmiş general Liyuin ilə hərb cəbhələrini gəzdim. Biz belə bir qərara gəldik ki, Bakının müdafiəsi işi ümidsizdir, çünki 31-də olan beş saatlıq müharibə, Bakının taleyini türklərin xeyrinə həll etdi.

Bundan sonra müharibəni davam etdirmək mümkün deyildir. Buna görə də mən, əlahəzrətlərə kəmali-təəssüflə xəbər verməliyəm ki, şəhərin müdafiəsini davam etdirmək, insanları qırdırmaqdan başqa bir nəticə verməyəcəkdir. Hər vuruşmada mənim saldatlarımın qəhrəmanlığına baxmayaraq, türklər üstün gəlirlər.

Mən artıq öz saldatlarımın qanı tökülməyə imkan verməyəcəyəm. Bu gecədən etibarən qoşunlarımı Bakıdan çıxaracağam. Bunu sizə xəbər verməkdən məqsədim odur ki, vaxt ikən, biz boşaltdığımız mövqeləri, siz öz qüvvənizlə möhkəmlədəsiniz. Mən məsləhət görürəm ki, növbə ilə nitq deməyi buraxınız, cürbəcür qətnamələr çıxarmağı atınız, bu saatda türklərin yanına sülh nümayəndəsi göndəriniz.

Siz təcili surətdə türklərin nə şəraitlə sülh edəcəyini soruşarsınız. Ancaq bununla da siz qadın və uşaqları şəhərdən çıxara bilərsiniz.

Generalın bundan sonrakı sözlərini Mərkəzi Kaspi Diktaturası üzvləri eşidə bilmədilər. Çünki onların bəziləri qorxusundan, bəziləri də acığından çaşmış və özündən çıxmışdı. Ancaq hərbi nazir Baqratuni özünü toplayıb danışdı:

– Mən ingilislərin, elə də bizim çıxılmaz vəziyyətdə olduğumuzu bilirəm və cənab generalın bütün dediklərini təsdiq edirəm. Onu da demək istəyirəm ki, ingilislər çəkildikdən sonra yerli qoşun onları əvəz edə bilməyəcəkdir. Çünki hər kəs ağzını bir tərəfə tutub gedir. Bolşeviklər iş başından çəkildikdən sonra yerli qoşunun intizamı tamamilə pozulmuşdur. Bunlara baxmayaraq mən cənab generaldan rica edirəm ki, Bakını boşaltmaq işində çox da tələsməsinlər.

General bu sözlərə cavab da vermədi. Mərkəzi Kaspi Diktaturası üzvləri yenə də növbətlə nitq deməyə başladılar. General bu nitqləri dinləmədi. Ancaq:

– Mən gedirəm,—dedi,—siz yaxşı fikirləşin.

General çoxdan çıxıb getmişdi. İclasdakı menşevik, eser və daşnaq nümayəndələri kefləri istəyən qədər danışırdı. Hər kəs öz bildiyini danışırdı. Danışmaq bacarmayan və sözü olmayanlar isə əl qaldırıb söz alır və:

– Mən də filan ağanın dediyinə şərik oluram—deyirdi.

Bəziləri də şüar atırdı:

– Biz Bakını son damla qanımıza qədər müdafiə edəcəyik, yaşasın Mərkəzi Kaspi Diktaturası!

Bir neçə saatdan sonra ingilis generalı Denster-Vil iclasın nəticəsini bilmək üçün təkrar maşına oturub iclasa gəldi.

Hələ nitqlər davam edirdi. Yenə də hökumət qəti bir qərara gəlməmişdi. Nəhayət, iclas uzun çəkdiyi üçün hərbi nazir Baqratuni danışdı:

– Ağalar! Danışıqlara nəhayət verməliyik. Burada eşitdiyimiz sözləri dönə-dönə eşitmişik. Yaxşı olardı ki, bu günkü iclasda bir qərar çıxaraydınız.

Baqratuni sözü qəti qoyduqdan nitqlərin vaxtı qismən qısaldıldı. İki kərə danışanlara üçüncü kərə söz verməmək qərara alındı. Hamısı sözünü bitirdikdən və bir sözü on dəfə təkrar etdikdən sonra ingilis generalına bir etiraz məktubu yazmağı qərara aldılar. Məktubu düzəltmək Sadovski və Ayolloya tapşırıldı.

Velonts isə tez-tez stenoqrafçılara müraciətlə deyirdi:

– Sizə bir daha tapşırıram ki, danışılan sözlərin bir kəlməsi də stenoqramdan düşməməlidir, çünki bu günkü iclasda danışılanlar tarixi və məsuliyyətli sözlərdir.

Baqratuni dedi:

– Bu sözlər yüzlərcə iclasda deyilənlərin təkrarıdır! Bu günkü iclasın stenoqramı əvəzinə, istədiyiniz iclasın stenoqramını ala bilərsiniz.

İclasdakıların heç birisinə yerindən qalxmaq imkanı vermədilər, çünki Ayollonun təklifinə görə ingilis generalına yazılan etiraz məktubu, ümumi iclasda oxunmalı və səsə qoyulmalı idi.

Məktub yazılıb bitdi. Onu oxumaq məsələsi üzərində də uzun-uzadı mübahisə getdi. Axırda hərbiyəçilər acıqlanıb getmək istərkən, Sadovski dedi:

– Ağalardan xahiş edirəm, əyləşsinlər. Məktubu oxumaq məsələsini səsə qoyacağam!

Əyləşdilər. Oxumaq üçün iki nəfər namizəd göstərdilər. Ayollo və Velontsu səsə qoydular, təkliflərin ikisi də bərabər səs aldı. İki nəfər də bitərəf qaldı. Yenə də mübahisə qızışdı. Bu sırada ingilis generalı bir daha telefonla nəticəni soruşdu. Lakin məktubu oxumaq üçün heç bir kəsdə cürət yox idi. Çünki Mərkəzi Kaspi Diktaturası üzvləri bir-birinə inanmır və ingilislərə qarşı etiraz sözünü dilə gətirməyə cürət etmirdilər. Məktubun yarısını Ayollo, yarısını Sadovski oxumalı oldu:

«Cənab general! Biz sizinlə hərbi müqavilə bağladıqda, Bakının, eləcə də müttəfiqlərin mənafeyi uğrunda, öhdəmizə məsul bir vəzifə aldıq.

Bizim sizinlə ittifaq bağlamağımız bolşeviklərlə olan əlaqəmizə çox pis təsir etdi.

Biz bolşeviklərin qoşun, ərzaq və silah yardımından məhrum olduq. Biz Rusiyanın yardımını istəmədik. Çünki Avropada sülh və salamatlığı təmin etmək və Brest-Litovsk müqaviləsi kimi təhqiredici bir müqaviləni ləğv etmək, almanların hərbi planlarını pozmağa çalışmaq üçün ingilislərlə ittifaq bağlamaq lazım idi.

Hazırda cənab generalın türklərə təslim olmaq təklifini, bizim ingilislərlə olan ittifaqımızı pozduğu və Bakını təhlükə altında qoyduğu üçün biz bu təklif münasibətilə, məsuliyyəti öhdəmizdən atırıq.

Mərkəzi Kaspi Diktaturası».

Bakı, 31 avqust.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qarətlər

Bir neçə gündən bəri gələcək müharibələri şəhərin xaricində aparmaq üçün Bağır xan və Səttar xanla müzakirə aparırdıq.Top və tüfəng güllələri altında qalan şəhərin bir gün iğtişaş qaldıracağından və düşmənə təslim olacağından qorxurduq. Bundan başqa, müharibənin şəhər xaricində getməsi yaxın kəndlərdən Təbrizə yeməli şeylərin gətirilməsinə də imkan verə bilərdi, çünki yaxın kəndlərin yolu açılacaqdı. Camaat köçüb gedirdi. İçəridə yaşamaq qorxulu idi. Rus konsulu da işlərə müdaxilə etmək üçün bəhanə axtarırdı. Rus təbəələrinə rus himayəsində olanlara dəyən hər 5 qəpiklik zərər üçün konsul böyük bir macəra törədirdi.

17 dəq
Məclisdə

Əncüməndə Tehran ordusunun Vasmınc, Maku ordusunun isə Təbriz ətrafında məşhur Səhlan kəndinə gəlməsindən danışırdılar.Maku ordusu Səhlan kəndinə girən kimi bütün taxıl və otu yandırmışdı. Bunların Təbriz içərisinə gətirilməsi haqqında əncüməndə dəfələrlə məsələ qoymuş, keçirə bilməmişdik.

5 dəq
Ninaya qarşı şübhələr

Mən içəri girdikdə Ninanın nəyi isə tələsik qoltuğuna soxduğunu gördüm. O özünü itirmişdi. Məni görərkən kitabçanı qoynundan çıxardı.Ona iki kitabça vermişdim. Biri firqənin proqramı, ikincisi isə «Bolşeviklər kimdir və nə deyirlər?» adlı bir əsərdi.

3 dəq
Siyasi dərnək üzvləri

Bir neçə gündən bəri Nina çox qəmli görünürdü. Onu bir gün ağlayarkən gördüm. O, daima öz dərdini və onu kədərləndirən hadisəni məndən gizləməyə çalışırdı.Dərdini mənə bildirməmək üçün məni görərkən gülüşlərlə qarşılayır və şadlığı ifadə edə biləcək söhbətlər başlayırdı. Lakin bu, yenə də əvvəlki Ninanı, nəvazişli, şad və sevincli Ninanı əvəz edə bilmirdi. Mən də çox yorğun idim. Nədənsə, kiçik Məcidin tərbiyəçisi Səltənət də bu gün gəlməmişdi. Nina haraya isə getməli idi. Məcid nahar yeməyindən sonra yatmışdı. Uşağı tək buraxmaq mümkün deyildi. Mən orada bir az rahat olmağı, həm də Nina qayıdınca evə, uşağa qarovul çəkməyi qərara aldım. Nina otağına girdi. Bir azdan sonra tamamilə qara paltarlarını geyib matəmli bir qız kimi vidalaşıb getdi. Şübhələndim. Nədənsə, bu qədər inandığım, ölüm-dirim meydanında əlbir işlədiyim qızdan tez-tez şübhələnirdim. Bu şübhə məni yatmağa qoymadı. Nə qədər o tərəf-bu tərəfə çevrildimsə, yenə məni yuxu aparmadı. Getmək mümkün deyildi, uşağı buraxa bilmirdim. Durub paltarımı geydim. Çayı hazırladım. Oxumağa bir şey axtarırdım. Kitabları araşdırırdım. Ninanın əvvəldə sevdiyi və Təbrizə gələrkən mənə göstərdiyi «Üç tüfəngli» adlı kitabı gördüm. Kitabı araladım. Əvvəlcə şəkillərini gözdən keçirmək istədim. Əsərin qəhrəmanlarını oxuyurdum. Ninanın bu qəhrəmanlarla nə qədər maraqlandığını düşünürkən məndə o qəhrəmanlara qarşı bir sevgi oyanırdı, çünki mənim sevdiyim qız, vaxtilə onları sevirdi.

8 dəq

Başqa şairlərin şeirləri