Həyətdə sızlayır Eldar şamları,Dinləyəni kimdi, anlayanı kim...O ana, o bacı, ömrün baharıƏlçatmaz olubdur, Nəbi müəllim!

Quruyur həyətdə ağaclar tək-tək,Qəlbimi göynədən vida səsidir.Ata yurdlarını kimsəsiz görməkDünyanın ən qəmli mənzərəsidir.

Əlində əsirik xatirələrin,Qar yağır, ağardır ömrümüzü qış.Keçmişlə arada uçurum dərin,Geriyə dönməyə körpü qalmamış.

Bu ağac dirildi, bu ot dirildi,Ancaq hamısının üzündə kədər.Evlər sahibinin kölgələridir,Sahibi getdisə yetimdi evlər!

Çiçəklər bacıtək ürəyi çəkir,Ürəyi günəşlər yer əsiridir.Bu evlər adicə ocaq deyil ki,Ana nəfəsinin heykəlləridir.

Yaş artır – hey dolur boşalır gözlərÇığırlar yol olub qayıdır yurdaDöyür pəncərəni İllər-SahillərVətən də burdadı, Qürbət də burda

Bir az unutqandı millət neynəyək,Bu gün aldığını sabah unudurŞeir də bağçada əkilən çiçəkQoxlayıb atmaq da yer qanunudur.

Şairələr – dünyanın ilk səyyahları,Bu yer nemətləri ona oyuncaqŞairələr, dünyanın söz allahlarıAna həvəsinin quludur ancaq!

Xırdalan, 30.I.1992

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar