Səhifə 3 / 3 · 67%

Raya, Vahan və Heydər birlikdə içəri girdi. Vahanın anası Şuşanik xala onları qarşılayıb soruşdu:

– Bəs balam harda qaldı?! Bəs Esteri gətirmədinizmi?

Bu halda qapı açıldı, Ester də Əminə ilə bərabər evə girdi. Şuşanik xala yüyürüb onun boynunu qucaqladı. Ester də, Şuşanik xala da ağladı.

Raya Esterin əlindən tutub Vahanın əlinə verdi və dedi:

– İndi nə doktor Araratyan, nə Hamazasb, nə Avetisov, nə ingilis generalı və nə də miralay Keyvort vardır. İndi bir Vahan, bir də Ester var! Yaşayın, uşaqlığın zəngin xatirələri ilə gəncliyi idraklı və şüurlu bir surətdə yaşadınız!

Rayanın gözü yaşardı, qayıdıb Əminəni öpdü:

– Təəssüf ki, sənin xoşbəxtliyini görmədən gedirəm!—hamı onun üzünə heyrətlə baxdı.

Vahan isə onun əlini əlinə alaraq dedi:

– Hara gedirsiniz? Belə qorxulu zamanda sizi heç bir tərəfə buraxmayacağam!

Raya əlini atıb çamadanını götürdükdə Ester yüyürüb onu tutdu:

– Söylə, Raya, söylə! Hara gedirsən?

– Tiq-Çonsonun yanına! İyirmi altı Komissarın aparıldığı yerə! Tarixin qanlı romanını yazmaq üçün!

Raya çamadanını qapıda duran faytona qoyub özü də oturdu.

Rayanın faytonu küçələrdən ötdüyü vaxt ingilislərin son gəzmə qoşun dəstələri də şəhəri tərk edib körpüyə çəkilirdi.

Küçələrdə heç kəs görünmürdü. Qaçanlar qaçmış, evində qalanlar isə qapıları bağlayıb sabahın nə xəbərlə açılacağını gözləyirdi. İngilis saldatları yalnız sahil küçələrini müdafiə edir və hər tərəfdən axıb gələnlərin vəsiqələrini yoxlayaraq, körpüyə buraxırdı.

Rayanın oturduğu fayton körpü qapısında dayanarkən gəmilər də üçüncü siqnalı verirdi.

Raya faytondan düşərək çamadanını götürdü və qapıya yanaşaraq mayor Leyin qarşısında durdu.

Mayor Ley əvvəlcə Rayanı tanımadı və soruşdu:

– Xanım nə istəyir?

Raya çamadanı mayor Leyin yanındakı ingilis saldatına uzadaraq:

– Al bunu, cənab Tiq-Çonsonun yanına apar!—dedikdə mayor Ley onu tanıdı və əskəri nizam alaraq:

– Xanım buyura bilər!—deyə yol açdı.

Tiq-Çonson əllərini dalında daraqlayıb miralay Sondersla danışır və «Türkmən» gəmisinin dənizə çıxıb-çıxmaması haqqında məlumat alırdı.

Sonders dedi:

– «Türkmən» gəmisi yarım saat əvvəl yola düşmüşdür.

Tiq-Çonson öz ovucunda bir əl duydu və tələsik dönüb baxdıqda, Rayanı görüb heyrətlə soruşdu:

– Əcəba, siz Şimali Qafqazdan gəldinizmi?!

– Mən Şimali Qafqaza getməmişdim.

– Bəs harada idiniz?

– Həbsə alınmışdım!

– Harada?

– Bakı varlılarından Ağabala Quliyevin evində.

– Sizi kim və nə üçün həbsə almışdı?

– Türkiyə casusları!

– Casusları?

– Bəli, casusları! Mən məsələni sizə müfəssəl danışacağam.

Rayanın çamadanını Tiq-Çonson göstərdiyi kayuta apardılar, Tiq-Çonson Rayanın məsələsini təcili generala xəbər verdi, general gəlib onun əlini sıxdı və çəkdiyi əziyyətlərə görə ona təsəlli verməyə başladı. Rayanın yanındakılar arasında miralay Keyvort da vardı. O, Esteri gözləyirdi və tez-tez:

– Gəlmədi! Yubandı!—deyə körpünün qapısına baxırdı.

Miralay Sondersin həyəcanı daha artıq idi, çünki Leylanı köçürmək məsələsini general ona həvalə eləmişdi. Generalın özü də tez-tez gəlib soruşurdu ki, Leyla xanım harada qaldı? Doktor Araratyan dəli olmaq və özünü dənizə atmaq dərəcəsinə gəlmişdi. O, generala müraciətlə:

– Rica edirəm, gəminin beş dəqiqə təxir etməsinə icazə verəsiniz. Qızım qaldı, mən onu burada buraxıb gedə bilmərəm.

General icazə verdi, lakin nə Leyla, nə də Esterdən xəbər çıxmadı.

Tiq-Çonson Rayanın əlindən tutub pilləkənlərdən gəmiyə qaldırdığı vaxt, doktor Araratyan da bir ayağı körpüdə, bir ayağı da pilləkəndə dayanmışdı.

Gəmilərin lampaları keçdi. Çünki Bakıdan qaçan ingilislər, «Ərdəhan» hərbi gəmisinin onları topa tutacağından qorxurdu. General balkonda durub son dəfə Bakıya baxır və öz-özünə deyirdi:

– Bakıdan heç bir şey apara bilmədim! Lakin hər şeydən qiymətli olan bolşevik rəhbərlərini aparıram...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

IX. Sui-qəsdin ifşa edilməsi

Bugünkü iclasa Şaumyan hamıdan sonra gəldi. O, yenə də portfel götürmüşdü. Bu portfeli o, ancaq fövqəladə və mühüm iclaslarda əlinə alardı.Şaumyan stulda oturan kimi menşeviklər və eserlər oturan stulları gözdən keçirtdi. Menşevik və eserlərin hamısı öz yerini tutmuşdu, yalnız bir nəfərin yeri boş idi. Sovet üzvlərindən gəlməyənlər çox az idi. Çünki Şaumyanın mühüm bir məsələ barəsində çıxışda bulunacağı bütün siyasi partiyaların fraksiyasında danışılmışdı. İvanovun həbs edilməsinə baxmayaraq yenə də eser və menşevik rəhbərləri Rayanın ətrafından çəkilməmiş və Sovet hökumətinə qarşı başladıqları bu sui-qəsdin Raya tərəfindən kəşf edildiyini xəyallarına belə gətirməmişdilər. Buna görə də bugünkü iclasda Raya da menşeviklərlə bərabər iştirak edirdi.

4 dəq
X. Məktublar

Leyla xanım iki məktub aldı. Məktubun birisi Bakı milyonçusu hacı Zeynalabdın Tağıyevdən, ikincisi Türkiyə ordusu ərkani-hərbindən idi. Məktubların ikisi də mühüm idi.Leyla xanım çox düşündü ki, «məktubların hansını əvvəlcə oxuyum». Əvvəlcə Türkiyə ərkani-hərbindən gəlmiş məktubu oxumağa qərar verdi. Çünki bu məktub Leyla xanımın Türkiyə ərkani-hərbinə göndərdiyi mühüm bir məktuba cavab olmalı idi.

5 dəq
XI. Hacının bağında

Leyla xanım hacının evinə köçmüşdü, lakin hacı ilə Bakıda görüşmək mümkün deyildi. Çünki hacı da başqaları kimi Mərdəkana köçmüş və öz bağında yerləşmişdi.Hacı Leylanın məktubundan sonra ona ikinci bir məktub göndərib Mərdəkanda, onun şərəfinə düzəlmiş ziyafətə gəlməsini xahiş etmişdi.

12 dəq
XII. Raya oğurlandı

Bu gün Leyla xanım Rayanı hacının evində düzəltdiyi nahara dəvət etmişdi, naharda Leyla və Rayadan başqa heç kəs yox idi. Yeməyə başlamazdan əvvəl, Leyla xanım yaşadığı möhtəşəm, milyonçu evini Raya xanıma təqdim etdi, özünün nə qədər möhtərəm sayıldığını bir daha söylədi.Yenicə süfrəyə oturmuşdular. Xadimə gəlib:

7 dəq

Başqa şairlərin şeirləri