Səhifə 1 / 3

Həmədanın məşhur mülkədarı sayılan Əmiri-Əfxəmin hərəmxanasında mühüm bir təbəddülat olmuşdu. Hər kəs, «hərəmxanaya yeni bir qız gətirilmişdir» deyə danışırdı.

Hərəmxana xidmətçilərinin dediyinə görə, yeni gətirilən qız, Əmiri-Əfxəmin özü üçün yox, böyük oğlu Səndüddövlə üçün gətirilmişdi. Hər halda Əmiri-Əfxəmin hərəmləri buna inana bilmirdi. Çünki Əmiri-Əfxəm heç bir vaxt gözəl və tərifli bir qızı əlindən buraxmazdı.

Hərəmlərin hər biri qızı görməyə çalışır və işin həqiqətini öyrənməyə tələsirdi, lakin buna heç birisi nail ola bilmirdi, çünki yeni gətirilən qızı ancaq Mirzə Loğman həkim və bir də Əmiri-Əfxəmin özü görə bilirdi. Qızın yeməyi təzə təşkil olunmuş mətbəxdə bişirilir və yeni çağırılan xidmətçilər vasitəsilə aparılırdı. Əmiri-Əfxəm yeni gətirilən qız üçün başqa bir həyət ayırmışdı, oraya hərəmlərin və xidmətçilərin buraxılması qadağan edilmişdi. Qızın əl-ayağı buzlamış və özü də soyuqlamışdı. Mirzə Loğmanın onu sağaltmaq üçün çəkdiyi zəhmətlər, yavaş-yavaş səmərə verir və Leyla xanım özünü yaxşı hiss etməyə başlayırdı. Leyla birinci kərə gözünü açdığı zaman, indiyə qədər görmədiyi və «Min bir gecə» romanında təsadüf etdiyi bir hərəm otağını gördü.

Onun yatdığı yorğan-döşək, bir çarpayıda deyil, ipək bir xalçanın üstündə açılmışdı.

Evin divarları zərli boyalarla boyanmış, taxçaların hər birisində bir padşahın təsviri çəkilmişdi. Hər tərəfə baxdı. Fətəli şahın uzun saqqalını, Nadir şahın həris və doymaq bilməyən gözlərini və Nəsrəddin şahın uzun və kəşidə bığlarını gördü.

Divarlarda «Bəhram-Gur»un şikarı, Xosrov və Şirinin məşiqələri, evin tavanında isə çılpaq və qanadlı qız şəkilləri bir-birinin yanına düzülmüşdü.

Məxmər döşəklər, ipək çarşablara bağlanmış rəxtxablar, taqlarda düzülən kasa-boşqablar, yuxarı başdakı taxçada qoyulan qəlyanlar, ipək qotazlı pərdələr, «müqəddəslər»in şəkillərindən ibarət tablolar və sairləri gördükdə Leylanı heyrət götürdü və harada olduğu haqqında düşünməyə başladı. Onun yatacağından bir az kənarda, döşəyin üzərində bardaş qurub əyləşən bir adam qəlyan çəkirdi. Leyla uzun dəqiqələr onu nəzərdən keçirtdi, bu adam hərəmxananın sahibi, onun təşkilatçısı və Həmədanın məşhur mülkədar və sərvətdarı sayılan Əmiri-Əfxəm idi.

Əmiri-Əfxəm qəlyanı sümürüb tüstüsünü burnunun deşiklərindən çıxardığı zaman, sanki bir hovuzun ortasında qoyulmuş meymun heykəlinin burnundan su tökülürdü, onun yekə başı qırxılmış, alnı qısa və dərin çizkili, üzü qırxılmış, bığları uzun, buğda sünbülü kimi sarı və seyrək, arıqlamış buxağı saqqa quşunun boğazı kimi tuluqlaşmış, qəlyan sümürməkdən gözlərini qan basmış və qarnı dalısına yapışmışdı. Leyla heyrətli gözləri ilə onu nəzərdən keçirdikdən sonra öz-özünə dedi: «Ax, aman allahım, mən nərədəyəm!»

Əmiri-Əfxəm qəlyanının qəmişini ağzından çıxararaq:

– Sizin təşrifiniz, öz evinizdədir,—dedi. Xudavəndi-aləmə çox şükür olsun, xanımı ölümdən qurtara bildik. İndi isə bütün var-dövlət və bu otaqlar xanımın ixtiyarındadır, bəndənin özü də xanımın ixtiyarındadır. Xanımın bəndəyə hər nə ki fərmayişi olmuş olsa, cabəca olunacaqdır. Göydə allah, yerdə də Mirzə Loğman xanıma şəfa verdi.

Leylanın vücudu birdən-birə titrədi, o qorxusundan yorğanı başına çəkərək bir daha Əmiri-Əfxəmin üzünə baxmadı. Nahar vaxtı idi. Leyla xanımın xidmətinə təyin edilmiş Pəricahan xanım Leyla xanımın naharını bir məcməyidə gətirdi.

Bu gün birinci kərə Əmiri-Əfxəmin özü də Leyla xanımın otağında nahar etmək istəyirdi. Lakin Leyla xanım başını yorğanın altından çıxarmadı.

Əmiri-Əfxəm bir neçə dəqiqə oturub nahar məcməyisinə baxdı və sonra da Leyla xanımın yatdığı yerə baxaraq ayağa qalxdı:

– Pəricahan, özün bilirsən ki, nə etmək lazımdır!—deyə yanlarını basa-basa eşiyə çıxdı.

Pəricahan xanım Leylanın yorğanını başından qaldırıb:

– Naharın soyudu,—dedi,—dərdin mənim canıma düşsün, dur! Dur naharını ye! Dur, bir də sən ağanın qəlbini sıxma. O səni evdəki xanımlarının hamısından artıq sevir, bütün Həmədan şəhəri sənin ixtiyarındadır. Allah öz nemətlərini sənə qismət eləyibdir. Ağa səni öz gözü kimi sevir. Gözünə qurban olum, dur, dur naharın soyudu.

Leyla başını yorğanının altından çıxarıb soruşdu:

– Mən haradayam? O kimdir? Sən nəçisən?

– Gözünə qurban olum, allı-güllü qız. Sən indi bütün Həmədan şəhərinin sahibi Əmiri-Əfxəm kimi bir kişinin xanımısan. Bu evlər sənin öz evindir. Mən də ki, sənin qulluqçunam. Sənin ağrın mənim ürəyimə düşsün.

Leyla başqa bir söz demədi, ancaq bir kərə:

– Dur get!—dedi.—Bir də bu cür sözləri danışma! Mənim yanıma da gəlmə.

Pəricahan xanım durub getdi. Leyla gözlərini qapayıb Kirmanşahdan çıxdığı və yolda quldurların əlinə düşdüyünü bir-bir xatırlayaraq düşünürsə də, buradan nə cür qurtaracağını bilmirdi.

Əmiri-Əfxəmin hərəmləri bir-biri ilə çoxdan bəri danışmırdı. Leyla xanımın hərəmxanaya gətirilməsi hərəmxana xalqının barışması və uyuşmasına səbəb oldu.

Onlar çoxdan bəri ümumi salona daxil olmamışdı, çünki on iki nəfərdən ibarət olan hərəmin heç biri o birisini görmək istəmirdi, lakin Leyla xanım hərəmxanaya gətirildikdən sonra, onlar bu barədə bir-birlərilə danışaraq bu barədə tədbir aramağa və həqiqəti öyrənməyə çalışır və barışırdılar. Bu gündən nahar yeməyindən sonra Əmiri-Əfxəmin baş hərəmi Qəndnabat xanım ümumi salona keçərək, öz həmişəki yerində, yuxarı başdakı məxmər döşəyin üstündə oturub qolunu yastığa söykədi və xidmətçisi Fatməbəyim xalanı çağırıb sifariş verdi:

– Bu saatda gedib mənim çalıb oxuyanlarımı çağırarsan, qəlbim çox tutulubdur. Yasa ki, batmamışam. Mən çəkilib öz otağımda oturanda, bəzi ağzıköyçəklər deyir ki, Qəndnabat xanım qocalıbdır. Sən olasan imam Hüseynin qəbri, Fatməbəyim xala, doğrusunu söylə, mənim nəyim qocadır?

Fatməbəyim xala Qəndnabat xanımın cavabını verməmişdən qabaq yüyürüb qapıya və pəncərəyə baxaraq qayıtdı, başını Qəndnabat xanıma tərəf uzadaraq dedi:

– Dünyada gözəl bir can vardır ki, o da Əmiri-Əfxəmin evindədir. Ay başına dönüm, bu nə sözdür dilinə gətirirsən? Sənin nəyin qocadır? Hələ sənin bu evə gəlin gəldiyin 30 il deyil.

Qəndnabat xanım bu sözdən ürəkləndi, durub aynanın qabağına keçdi, öz-özünə danışmağa başladı:

– Hər nə deyirlər desinlər,—dedi,—mənim özümün də gözüm vardır. Cavan ilə qocaya təfavüt qoya bilərəm. Allaha şükür gözlərimə baxanda özümün də qanım qaynayır. Mən bu gözlərin mislini xanımların heç birisində görmürəm, elə mənim ağzımı və dodaqlarımı götürsəm yenə də baxanda adamın qarnı doyur, mənim kimi gözəlləri şəkildə çəkəndə, baxanlar deyir ki, bu gözəllikdə ancaq şəkil ola bilər. Əmiri-Əfxəmin özü də deyir ki, Qəndnabat xanım bir dənə idi, onu da xudavəndi-aləm mənə qismət elədi. Mən əbəs yerə özümə xor baxıram, bir halda ki, bir gün əvvəl Əmiri-Əfxəmin özü dedi ki, «sən mənim evimin ziynətisən». Bəs mənim boy-buxunuma nə deyirsən? Hərəmlərin hansı birisində bu cür boy-buxun vardır? Barmaqlarımın hər birisi bir qanfetdir.

Qəndnabat xanım bu sözlərdən sonra saçlarını aralayıb gözdən keçirməyə başladı, saçlar sünbül kimi ara-sıra yetişməyə, bozarmağa başlamışdı. Doğrudan da bir çoxlarını düşündürən və həftələrcə yuxusuzluğuna səbəb olan gözlər də öz oynaqlığını itirmiş və şadlıqlara səbəb olan göz bəbəklərindən də ümidsizlik və həsrətlər yağmaqda idi. Damqan püstəsinin dəymişini andıran dodaqlar da Qəndnabat xanımın xatırladığı gənclik dodaqları deyildi, onlar artıq ağ mərmərdən düzəlmiş bir heykəlin dodaqları kimi xəndəsiz və cansız bir surətdə baxırdı.

Qəndnabat xanımın ərə getdiyindən 30 il keçdiyinə və yaşının 44 ilə çatdığına baxmayaraq çox qoca görünürdü, çünki ər evində olduğu gündən bəri onun qəlbinə hər il bir böyük yara dəymişdi, Əmiri-Əfxəm hər il onun üstünə gənc bir qız və gözəl bir qadın almışdı.

Qəndnabat xanım güzgü qarşısında bir çox sözlər dedikdən və öz tənasübi-əndamı haqqında tərif yağdırdıqdan sonra yenə də əvvəlki fikrinə qayıtdı. O artıq güzgü qarşısında hazırkı zamanını deyil, gənclik günlərini gördüyünü xatırlayaraq:

– Ah! O zamanlar olsaydı!—dedi və qayıdıb döşəyin üstündə oturdu, o Əmiri-Əfxəmin başqa qadınları kimi hərəm həyatının ağırlığını çəkə bilmir və Əmiri-Əfxəmin tələbatına cavab verə bilmirdi; onun ruhunu oxşamağı və öz tərəfinə cəlb etməyi bacarmırdı.

Əvvəllər hər on iki gündə bir kərə Qəndnabat xanımın otağına gələn Əmiri-Əfxəm, indi ayda və ya yarımda bir kərə də gəlmirdi, çünki Qəndnabat xanım Əmiri-Əfxəmə başqa qadınlar verdiyi nəşəni verə bilmirdi. Qəndnabat xanım nə kəklik kimi qəhqəhələr yağdırmağa, nə köbəkdən yuxarı duran ipək köynəyi geyib onun qarşısında oynamağa, nə də onun dodaqları altında bir aktrisa kimi inildəyib nazlanmağa və ilan dəymişlər kimi qıvrılmağa, nə də ələnərək Əmiri-Əfxəmi yalvartmağa həvəsi yox idi.

Qəndnabat xanımın çalıb-oxuyanları içəri girdi. Qəndnabat xanım isə sanki düşüncələr dənizindən suyu süzülə-süzülə çıxıb məxmər döşəyin üstündə oturmuşdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Arşak Surenyans

Mən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu.Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu.

15 dəq
Çar kazakları mərsiyəxanlıqda

Təbrizdə din hərəkatının gurultusu bir neçə gün davam etdi. Camaatın yanında mövhumat əleyhinə danışmaq mümkün deyildi. Təbriz ziyalılarından bəziləri bu hərəkatın əleyhinə danışdıqları üçün ölümcül halda döyülmüş və müctəhidlərin yanına aparılmışdı. Buna görə də, biz təcili iclas çağırdıq və bu iclasda din və mövhumat əleyhinə, bir kəlmə də olsa, küçələrdə danışmamağı qərara aldıq.Rus və ingilis konsulxanaları bizim dini hərəkata qarşı apardığımız mübarizəyə qarşı əks-hücuma keçmişdi. Bizim məqbərə və ziyarətgahları, məscid və mərsiyəxanları nüfuzdan salmaq təşəbbüsümüzə qarşı ingilis və rus konsulxanaları çox təsirli bir tədbirlə meydana çıxmışdılar. Təbriz xalqını tanımaq mümkün deyildi, onlar inqilab dövrünü keçirən təbrizlilərə bənzəmirdi: onlar yenə də orta əsrə aid mövhumatın donunu geymişdilər. Söhbətlər axirətdən, behiştdən, cəhənnəmdən, imamdan, peyğəmbərdən, məscidlərdən və moizədən idi.

5 dəq
Şeyx Əbdüləzəlin nümayəndəsi

İngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.

8 dəq
Sərdar Rəşidin son günləri

Tehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman-1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi.

6 dəq

Başqa şairlərin şeirləri