İngilis missiyası köçüb Həmədana getdikdən sonra Biçeraxov da nəqliyyat işlərini düzəltməyə və öz dəstəsini yola çıxarmağa hazırlaşırdı.

Biçeraxovla ingilislərin müqavilənaməsi rəsmi şəklə salınmasa belə, məsələlər tamamilə danışılıb qurtarmışdı.

İngilislərlə görüşdükdən sonra Biçeraxovun maliyyə məsələsi də düzəlməyə başlamışdı.

Biçeraxov Kirmanşahdan Həmədana köçmək istədiyi zaman, Kirmanşahda qalmış Baratov saldatlarını, xüsusən zabitlərdən bir çoxunu öz dəstəsinə qəbul edirdi. Bütün bu hərəkətlər Biçeraxovun gələcəkdə hərbi hərəkata girişəcəyini göstərirdi. Ordudan geri qalanlar və öz məmləkətinə getmək istəməyənlər səhərdən axşama qədər Biçeraxov ərkani-hərbi yerləşən binanın qarşısını kəsib özünü qeyd etdirirdi.

Saldatlar ümumi ordu qanunu üzrə, zabitlər isə xüsusi müqavilələrlə Biçeraxovun dəstəsinə daxil olurdular.

Martın birində verilən xəbərdarlığa görə Biçeraxovun dəstəsi ayın yeddisinə qədər Kirmanşahı boşaltmalı idi, çünki bu gün ingilislərin Bağdad qarnizonunun kiçik bir hissəsi Kirmanşaha gələcək və Biçeraxovun boşaltdığı şəhəri işğal edəcəkdi.

İngilislərlə Biçeraxov arasındakı sazişə görə, Biçeraxov, İran torpaqlarını, İran hökumətinə deyil, ingilislərə təhvil verməli idi.

İngilislər bu plan vasitəsilə Bağdaddan Bakıya qədər olan uzun məsafəni öz əllərində saxlayacaq, Bakıda alman-türk ordusu ilə müharibəyə girişəcək, ingilis qüvvələrinin arxasını təmin edəcəkdilər.

Martın 7-də səhər saat beşdə, Leyla xanım və Savlayevi Həmədana aparası maşın, yerevanlı Kəblə Cəlilin qapısında durub siqnal verirdi.

Maşında Leyla xanım, Savlayev və bunlarla iki nəfər kazak oturmuşdu.

Maşın hərəkət etdiyi zaman hələ gün çıxmamışdı. Kürdüstan gecəsinə məxsus qış ayazları ağlayır dı, kiçik buz parçalarından ibarət olan göz yaşlarını, ağ kəfənə bürünmüş xaraba şəhərin köksünə tökürdü.

İqtisadiyyat, siyasət, mədəniyyət və mənəviyyatca ölmüş şəhər, çar ordusu təpikləri altından çıxdığı günü, ingilis cahankirlərinin ayağı altında tapdanacağını hiss edərək, son nəfəsini çəkirdi.

Küçələrdə kimsə yox idi, nə tacirləri bazara daşıyan, nə də karvansaralardan çöllərə peyin aparan uzunqulaqlar küçələrdə görünürdü. Hamamlardan, qüsl edib dua oxuya-oxuya çıxanlardan və gəlib-gedəndən pay istəyən dilənçilərdən başqa heç kəs yox idi. Dilənçilər soyuqdan barmaqlarını ağzına soxub hovxurur, ayağının birini qaldırıb, birini qoyurdu.

Savlayevin maşını, Bəhram şahın zamanından qalmış xaraba şəhərin yanından keçdikdə, buzlanmış at çəmdəklərindən bir şey qopara bilməyən ac köpəklər, maşının dalınca hürürdü.

Maşını təqib edib hürən köpəklər sanki bununla: «Rədd olun, çar köpəkləri! Ölkədə gəmirmək üçün sümük də qoymadınız!»—deyirdi. Köpəklər maşından əl çəkmirdi.

Maşın, qədim sarayın xaraba kərpicləri üzərində yürüdüyü zaman, yenə də köpəklər yüyürür və hürürdü. Nəhayət, Savlayev mauzerini çəkib köpəklərdən ikisini vurdu, bununla da çar istilası tarixinin son səhifəsi bitdi.

Kirmanşahda adi bir hal almış vəba və taun xəstəliyi nəticəsində genişlənmiş böyük bir qəbiristan bitmək bilmirdi. Maşın yürüdükcə üzərinə qar düşmüş mərmər baş daşları da sanki kəfəni başında qalxan ölülər kimi, Savlayevə gülərək deyirdi: «Gedin, canilər! Siz hər yerə ölüm, fəlakət aparırsınız!»

Maşın Kirmanşah çayı körpüsünü kəsib Bisütun dağlarını salamlamaq üçün sürətlə yürüyürdü. Hava qaşqabağını sallamışdı. Sanki yeni bir hadisə üçün hazırlaşırdı.

Şofer maşını Bisütun dağındakı qədim yazılı daşın yanında saxladı. Leyla başını maşının pəncərəsindən çıxarıb, yüzlərcə qalib və məğlubları ötürən daş rəsmləri gözdən keçirtdi. Miladdan qabaq yazılmış bu daşın nədən ibarət olduğu barəsində düşündü.

Savlayevin maşını, Həmədandan Kirmanşaha gələn dəvə karvanlarına Bisütunda təsadüf etdi. Karvan xalqı irəli getməyi məsləhət görmədi. Bisütunda, Şahabbas karvansarasında düşüb, gecəni qalmağı məsləhət gördülər. Çünki qabaqda qar, tufan başlamışdı.

Savlayev gecə orada qalmağa cürət etmədi. Çünki şimaldakı kürd kəndləri əvvəldən də çar ordusuna tabe olmurdular. Xüsusən Biçeraxov ordusu Kirmanşahdan çəkildikdən sonra kürdlər yollarda hökmranlıq edirdilər. Savlayev güman edirdi ki, onlar Biçeraxov dəstəsinin son hissələrinə qoşulub qorxulu yollardan keçəcəkdi. Lakin Savlayevin gümanı düz çıxmadı. Dəstənin son hissəsi gecə saat dörddə yola düşüb Kənkavərə getmişdi. Onları yaxın telefon məntəqələri vasitəsilə dayandırmaq və yaxud kömək üçün yola bir qədər atlı çıxarmaq da mümkün deyildi. Çünki son dəstə hərəkət etdiyi zaman telefon məntəqələrini də təsviyə edib aparatları aparmışdılar. Savlayev nicatı irəli getməkdə görürdü.

Maşın türklər tərəfindən partladılmış və ruslar tərəfindən təmir edilmiş əski körpünü ötərək Bisütunu arxada buraxdı. Maşın sürətlə getdikcə, irəlidə şiddətlənməkdə olan qarlı tufana yaxınlaşırdı.

Baratov ordusu tərəfindən düzəldilmiş Qəzvin—Kirmanşah şose yolu vasitəsilə getmək çox da çətin deyildi. Lakin Kirmanşahdan başlayaraq Həmədana qədər şiddətli qar yağması, 165 kilometr yolu bir gün ərzində getmək ümidini vermirdi. Qar şiddətlə yağırdı. Böyük və qanlı müharibələr meydanı kəsilmiş «səhnə» dairəsi, osmanlı və çar ordusu tərəfindən əldən-ələ keçərək dağılmış kəndlər, qalın qar yorğanına bürünüb uyuyurdu.

Örtüsüz pəncərələr, tüstüsüz bacalar ağzını açaraq, xarabalıqlar yaradan cahankir ordulara dastan oxuyurdu. Qarlı küləklər, səhərdən axşama qədər gəlib-gedən karvanların izini itirmiş və şose yolundan bir əsər qoymamışdı. Şofer Safonov maşını Kənkavərdə saxladı və dedi:

– Cənab miralay, irəli getmək qorxuludur. Kənkavərdə gecələməkdən başqa çarəmiz yoxdur.

Savlayev boyun qaçırmadı. Çünki qalın kürklərin içərisində olduğuna baxmayaraq, Bağdadın ilıq havasında bəslənmiş Leyla xanım donmaq üzrə idi. Leyla xanım da Kənkavərdə gecələməyi məsləhət görürdü. Lakin burada gecələmək, maşındakıları soyuqdan müdafiə etsə də, ölümdən müdafiə edə bilməyəcəkdi. Çünki kazak dəstəsinin son hissəsi Kənkavərdə olduğu zaman, başıpozuqluq edərək evlərə soxulmuş, xalqı talan etmişdi. Buna görə də yerli camaat silaha sarılıb üsyan etmiş və kazakları qovub Kənkavərdən çıxarmışdı.

Bu xəbər Savlayevi çıxılmaz vəziyyətdə qoydu. O, nə edəcəyini bilmirdi. Geri qayıtmaq da mümkün deyildi. O bir az düşünərək Safonovu səslədi:

– Sür, oğlum! Bizi görmək istəməyən yerli xalqın əlində ölməkdənsə, qar altında ölmək məsləhətdir.

Texnika ilə acıqlı təbiət mübarizəyə başladı. Gecənin qaranlığında geniş düzləri bürümüş qardan başqa heç bir şey görünmürdü. Kənkavər artıq arxada buraxılmışdı. Qalın və arası kəsilməz qarları, şiddətli küləklər müşayiət etməkdə idi. Külək maşının ətrafında qar təpələri düzəldirdi.

Maşın hərəkət etməkdən aciz idi. Maşının parlaq fənarı üzərinə un və toz qonmuş dəyirman lampası kimi saralmaqda idi. Fənarların üzünü qar bürümüşdü.

Mart tufanları, sanki İran kəndlisinin kürəyini minlərcə qamçı və tüfəng qundağı ilə əzən və İraqı İngiltərə cahankirlərinə yedirmək üçün qanlar tökən, minlərcə kəndləri xaraba qoyan Baratov, Biçeraxov və Savlayevlərə qarşı intiqam deyə bağırırdı. Maşındakıların hamısı can qeydinə qalmışdı. Leyla xanım donur və titrəyirdi. Sağdan, soldan və qarşıdan bir neçə güllə açıldı. Maşın hərəkətini azaldaraq dayandı. Leyla maşında uzandı. Savlayev şoferi səslədi:

– Nə üçün saxladın?! Sür, qorxma!—Maşın yerindən tərpənmədi. Safonov başını rula söykəyib həmişəlik yatmışdı. Çünki maşını qarət etmək istəyənlər əvvəlcə şofer Safonovu vurmuşdular. Hər tərəfdən güllə açılırdı. Leyla kürkü başına çəkərək uzandığı vaxt, Savlayev və iki nəfər də kazak maşından düşərək atışmağa başladılar.

Atışma fayda vermədi, çünki maşına hücum edən dəstələr, qaranlıqdan və qar tufanlarından istifadə etməyi bacarırdılar. Kazakların ikisi də vuruldu. Savlayev isə yaralı olduğuna və yerindən hərəkət edə bilməməsinə baxmayaraq mauzer güllələrini yağış kimi yağdırırdı. Quldurlar ölən kazakların silahını və paltarını soyaraq, maşına yaxın gəldikdə, bir qızın uzandığını gördülər. Maşını qarət etdilər və Leylanı da apardılar.

Səhər saat 12-də Kirmanşahdan Həmədana gedən bir ingilis avtomobili yaralı Savlayevi maşında kürkə bürünmüş tapdı.

Leyladan xəbər yox idi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri