“Yalançı Dilşad”
Səhifə 4 / 4 · 75%
“Heyf olsun bu gözəl qıza, bu gecə o qoca xəlifənin qoynunda olacaqdır. Xəlifə heç vaxt bu gözəllikdə qızı öz əlindən buraxmaz”.
Bunun üçün də deyilənlərə görə, qız xəlifənin hüzuruna aparıldığı zaman qorxusundan qəlbi çırpınırmış. Qızı xəlifənin hüzuruna aparan gün fitr bayramı imiş. Xəlifə Bağdad əyanları və şahzadələri üçün böyük bayram ziyafəti düzlətmiş imiş. Ziyafətə Bağdadın məşhur oxuyub-çalanlarından bir çoxları dəvət edilmiş imiş.
Xəlifənin nədimi Əbüldar məktəb qurtaran qızın gətirildiyini xəbər verir. Xəlifə qızın hüzura gətirilməsinə əmr verir. Məclisdə olanlar musiqinin və oxuyan qızların səsini unudub ancaq o qızın gözəlliyinə baxırmışlar. Məclis əhlinin hamısı bir-birlərinə dönüb:
“İndiyə qədər hələ Bağdad şəhəri belə gözəl görməmişdir” – deyərək, bir-birinin qulağına pıçıldayırmış. Xəlifə qızı görərkən:
“Sübhanallah, bu necə bir xariqədir” – demiş və qızdan soruşmuşdu:
– Sənin adın nədir?
Qız demişdi ki, adım – Dürrədir.
Xəlifə irəli gəlib demişdi ki:
– Öz adını yarımçıq demə! Sənin adın Dürrətülbağdaddır.
Xəlifə icazə verdikdən sonra qız oturur. Xəlifə ona əmr edir ki, öz öyrəndiklərini çalıb-oxusun.
Qız elə oxuyub, elə çalmışdı ki, xəlifə və xəlifə məclisindəkilər özünü unutmuşdu.
Xəlifə qalxıb onun alnından öpmüş və demiş ki, səni azad etdim. Sən cariyə olmaqdansa, musiqi müəllimliyində olmalısan, sən orada hamıdan artıq fayda verə bilərsən. Sonra da xəlifə ona böyük bir qəsr, mal və dövlət bağışlamışdı. Xəlifə ona həmişə deyirmiş ki, “qızım, mənim üçün bir az oxu!”.
Qız onun ehsanlarının bərəkətindən Bağdad şəhərinin ən varlı qızlarından idi. Bağdadda onun səsini eşitmək üçün minlərcə dirhəm qızıl xərcləyənlər var idi. Lakin onu bədbəxt etdilər. O, gözəl bir gəncə nişanlanmışdı. Gənc olduqca igid və varlı bir gənc idi. Bütün Bağdad gəncləri ona həsəd aparırdı. Nəhayət, Qahirübillah xəlifənin qardaşı oğlunun tapşırığı ilə haman oğlanı aldadıb Mədain xərabələrini görmək üçün səyahətə apardılar və orada onu boğub Dəcləyə atdılar, ölüsü də tapılmadı. O zamandan bəri haman qızın səsini eşidən olmayıbdır. Bu gecə xanım oxuduqda, mən o bədbəxt qızın səsini xatırladım. Ah, Bağdad bir daha elə oxuyan görəcəkdirmi?..
Qoca sözünü bitirdikdə Fəxrəddin qadına sual verdi:
– Qocanın dedikləri doğrudurmu?
– Tamamilə doğrudur. Əlavəyə ehtiyac yoxdur. Bu dastanı Bağdadda eşitməyən yoxdur.
– Əcəba, haman Dürrətülbağdad sizsinizmi?
– Bəli, o bədbəxt sənin qarşında oturmuşdur. Sən elə bilmə ki, mən şadlığımdan oxudum. Bu gecəki Dəclə səyahətini bədbəxt ərimin xatirəsinə düzəltmişdim, çünki əziz qonaq tamamilə mənim məhv olan ərimə bənzəyir. Ona görə də mən bir neçə saatlıq keçmişlərə qayıtmaq istədim.
Fəxrəddin qadına sual verdi:
– Əriniz ərəbmi idi?
– Xeyr, nə ərəb, nə də fars idi. O, Arandan Bağdada hərbi xidmət üçün gəlmiş bir gənc idi.
– Adı xatirinizdədirmi?
– Əlbəttə xatirimdədir. Onu heç unutmaq olurmu? Bədbəxtin adı Sədrəddin idi.
Fəxrəddin ağladı və qadının alnından öpərək:
– O mənim qardaşım idi, o mənim böyük qardaşım qəhrəman Sədrəddin idi, – dedi.
Qadın heyrətlə onun üzünə baxaraq:
– Əcəba, sən Fərğanəli Ömər xan deyilmisən?
– Xeyr, mən azərbaycanlı Fəxrəddinəm.
– Fəxrəddin?
– Bəli, Fəxrəddin.
– Onun özü mənə Fəxrəddin adında kiçik qardaşı və Sənubər adında anası olduğunu söyləməmişdi.
Fəxrəddin bir daha ağlayaraq:
– Bəli, yazıq qadın indi də onun yolunu gözləyir, – dedi.
Birlikdə evə qayıtdılar. Fəxrəddin ona öz qəlbini açdı və nə üçün gəldiyini söylədi.
Qadın isə bir az fikirləşdikdən sonra:
– Süsən xanım xəlifənin evindədir. Mən ona tərbiyə verirəm. Dilşad isə digər qızlarla bərabər Fənhasın tərbiyəxanasındadır. Süsənlə görüşmək mümkündür. Lakin Dilşad olan yerə getmək üçün təzə xəlifənin icazəsi lazımdır; çünki oradakı cariyələrin hamısı xəlifələrə və şahzadələrə məxsusdur.
Fəxrəddin fikrə getmişdi. Daha danışmırdı. Nəhayət, qadın sükutu pozaraq yavaşdan dedi:
– Sənin bir qədər ehtiyatlı olmağın lazımdır. Mən iki gün bundan əvvəl xəlifə sarayında eşitdiyim xəbərin mənasını ancaq indi anlaya bildim. Sən Dilşadı axtarmaq üçün Xüld qəsrinə getmişdinmi?
– Bəli, getmişdim.
– Sənin ölən xəlifənin nəvəsi Qətibə xatunla nə kimi haqq-hesabın vardır?
– Mənim onunla heç bir işim yoxdur.
– Səndən də başqa bir azərbaycanlı Bağdadda gəlmişdirmi?
– Böyük bir heyət gəlmişdir. Heyətin sədri də mənəm.
– İndi məsələ aydındır. Mən sarayda olarkən xəlifənin kiçik qızı Aliyeyi Ülya mənə pıçıldadı ki, guya Azərbaycan heyətinin sədri Xüld qəsrinin ətrafında dolaşır, Atabəy Məhəmmədin qadını Qətibə xatunu öldürmək istəyir, buna görə də səndən çox rica edirəm ki, o tərəflərdə dolanma! De görüm onlar sənin yanına kimi göndərmişlər?
– Onun cariyəsi gəlib, məni Dilşadla görüşdürmək üçün təşəbbüs etdiyini xəbər verdi.
– Sən əmin ol ki, onlar səni məhv etmək istəyirlər. Bu sirri bir kimsəyə açma, çünki məni sarayın sirlərini satmaqda müttəhim edə bilərlər. Lakin yanına gələn qadından qorx, onun təklif etdiyi yerlərə ayaq basma! Onlar hər nə deyirsə yalandır. Dilşad sarayda deyildir.
Bu sözlərdən sonra Fəxrəddin Səba xanımın bir daha onu aldatdığını yəqin etdi və qadına təşəkkür etdi.
Kitabxana.az · https://kitabxana.az/works/ordubadi-yalanci-dilsad
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hacı Səməd xan konsula məktub yazdırmaq üçün məni öz yanına dəvət eləmişdi. Gecə saat 12-də oradan çıxdım, faytonçumuz Balaqurban məni orada gözləyirdi.Evə gəldim. Məşədi Kazım ağa məni şam yeməyinə gözlədiyini söylədi. Həsənağa da burada oturub məni gözləyirmiş.
Ninanın ad günüNinanın ad gününü təbrikə gedənlər saat üçdə mənim mənzilimdə olmalı idi. Məşədi Kazım, onun gəlinləri Töhfə, Sənubər, Tütünçüoğlu və Həsənağa getməyə hazırlaşmışdı. Faytonlar qapıda bizi gözləyirdi.Həyətə düşmək üzrə idik. Qapıda başqa bir fayton dayandı, faytonçumuz Balaqurban yüyürərək gəldi:
İntibahnamələrƏmir timçəsindən keçdiyim zaman Həsənağaya rast gəldim. O mənə yanaşaraq:– Anam, sizi təcili surətdə çağırır, – dedi.
İraida oğurlandıBugünkü iclasda xalça fabriklərində iş aparmaq məsələsi müzakirə edilirdi. Mən bütün küstar sənaye müəssisələrinin təşkili məsələsini də gündəlik müzakirə sırasına keçirdim.Bu vaxta qədər bizim xalça fabriklərindən başqa heç bir müəssisə ilə əlaqəmiz yox idi.
Başqa şairlərin şeirləri
Tərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Ala gözlü nazlı dilbərAla gözlü nazlı dilbər,Nur yağıbdı qabağından.
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Qəzəl: Gülzari-məlahətdə gözüm bir gülə düşdüGülzari-məlahətdə gözüm bir gülə düşdü,Ruxsari ara xali-siyəh sünbülə düşdü