(Yaralı şairin dəftərçəsindən)

Ala çinar! Şeir yazdım sinənə,Xatirimdən silinməmiş o yenə...Görən indi o yazılar qalırmı?Oxuyanlar məni yada salırmı?

Ala çinar! Duyan varmı de səni?Kim yazları məskən edir kölgəni?De, yanına şən diləklə kim gəlir?Kim kölgəndə şeir yazıb dincəlir?

Ala çinar! Yazıq anam – baxtı kəmBilirdi ki, mən səninlə həmdəməm...İndi hər gün qara salıb başına,Axşam-səhər dolanırmı başına?!

Ala çinar! Bir niskilim var mənim,Yeddi yerdən yara aldı bədənim,Min keçiddə ölüm kəsdi yolumu,Döyüşlərdə itirdim bir qolumu,Mən ölsəm də alınacaq qisasım, –Təki sənin bir budağın sınmasın!..

Ala çinar! Qanın vardır qanımda,Üzüm ağdır, utanmaram yanında...Heç demədim, əyri yollar haçadır, –Əyilmə ki, mənim başım ucadır!..

Ala çinar! Heç demədim dağ-dərə,Hara gəldi, sinə gərdim səngərə...Qoy mərmilər dik başını əyməsin,Mənə dəysin, yarpağına dəyməsin!

Ala çinar! Xəbər vermə anama,Mən ölürəm...sən ah çəkib ağlama!Yenə bəzən tovuz kimi sərbəsər,Sən bəzənsən, gəlin-qızlar bəzənər...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri