Yaxın sirdaş kimi, əziz dost kimi,Qolunu boynuma saldı bu yerlər.Mənim bu nisgilim vardı əzəldən,Oxşayıb könlümü aldı bu yerlər!

Göylərə uçsam da bağlıyam yenəƏziz doğma yurda, doğma Vətənə...Min eldə min nemət dadmışam, mənə –Şəkərdi bu yerlər, baldı bu yerlər!

Aşıq eldən alır öz nəfəsiniGəldim eşitməyə elin səsini;Könlümün dil açan kəmənçəsini,Zərif əllərilə çaldı bu yerlər!

Obanın, oymağın sordum yaşını,Dağlar təzim edib əydi başını.O dəm alim kimi çatıb qaşını,Dərin xəyalata daldı bu yerlər!

Vidadi xanlardan görmədi kərəm,Vaqifə dağ çəkdi burda min sənəm.Öldü qoç Koroğlu, öldü xan KərəmSinəsi kədərli qaldı bu yerlər!

Kim minir Qazağın dilboz atını,Götürür toyların şal xalatını...Şeirin, sənətin mükafatını,Hər zaman hər yanda aldı bu yerlər.

Qazax, 5 yanvar, 1938

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən