Yenə yaz fəsli gəlib, göylər üzü durnalanıb,Ölməyib şükr ola millət baharaycan dolanıb.

Kiminin artığı itdən də qalıb artıq olub,Kiminin qab-qacağı zövq ilə dibdən yalanıb.

Belə bir qalmaqalın axırı qalmaqçün imiş,Demişəm qalma, qalıb manqalı qaldan qalanıb,

Cücərib yerdə qutablıq, kasıba şövq gəlib,Otu gördükdə ağızlar tamahından sulanıb.

Uduzub bağban o gün ki, bağa yadlar daraşıbMədəni meyvələrin cinsinə cırlar calanıb

Qarabağın maralı çöldə, çadırlarda ikən,O maral gözlü bulaqlar kədərindən bulanıb.

Elə bildim tökülən qanları qızlar unudub,Demə ki, qanı çəkiblər üzə, üz almalanıb.

İçəri şəhr düşəndən bəri yadlar əlinə,Teymurun könlü də. Pünhan, bax o gündən talanıb.

20 mart 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar