Məni bir zülfi-mişkinin qəmi aşüftəhal eylər
Məni bir zülfi-mişkinin qəmi aşüftəhal eylər,Gətirsə nəkhətin badi-səba dəfi-məlal eylər.
Qalıbdır bəstəri-möhnətdə dil, vəslin dilər yarın,Görün bu zəfi-talələ necə fikri-məhəl eylər.
Sərasər xəlqi-aləm cümlə müştaqi-cəmalındır,Göz açmaz kimsə, gün hərçənd izhari-cəmal eylər.
Mən öldüm həsrətindən bir büti-çeşmi-çəpəndazın,Qətili-tiri-müjgandır deyin, hər kim sual eylər.
Qılır əğyar ilə seyri-çəmən sərvi-sərəfzarım,Şikəstə Zakiri hər yerdə, görsə, payimal eylər.
Kitabxana.az · https://kitabxana.az/works/zakir-meni-bir-zulfi-miskinin-qemi-asuftehal-eyler
← → düymələri ilə keçid, R — təsadüfi şeir