Bu elin halına hər gün baxasan, ağlayasan,Bu ilin qalına hər gün baxasan, ağlayasan.

Açılıb sinədə gül qardaşının gülləsinə,Bu gülün alına hər gün baxasan, ağlayasan.

Güləsən, güldürəsən, şairi-pünhan olasan,Bu telin çalına hər gün baxasan, ağlayasan.

Gözümün yaşı ilə çıxdı canım, sal tək üzər,Bu selin salına hər gün baxasan, ağlayasan.

İrəvan xalını vurdu Bakıda «zil qara»ya,Bu zilin xalına hər gün baxasan, ağlayasan.

Cocuğun üst-başına, pir olanın göz yaşına,Bu şilin lalına hər gün baxasan, ağlayasan.

Qələmi zəhr tökən, kəlmələri zəhlə tökən,Bu dilin balına hər gün baxasan, ağlayasan.

Özün alim olasan, xortuma quyruq deyəsən,Bu filin dalına hər gün baxasan, ağlayasan.

O gün olsun ki, Baba, xalqın əlindən tutasan,Bu əlin falına hər gün baxasan, ağlayasan.

2 dekabr 1998. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət