Dilimizdə itə bağlı çoxlu ifadələr işlənir. Məsələn «it günündə yaşayırıq» «it yiyəsini tanımır», «it itin aağını basmazh» «itin yadına daş salma», «it aparan olsun» və s. Güzəranımız itin güzəranına yaxınlaşdıqca, bu ifadələr leksikonumuza daha çox daxil olur. Və «it insanın dostudur» deyimi, tədricən «İt Azərbaycan xalqının günüdür»ifadəsinə çevrilir.

Bütün bu fikirlər məni «it günündə» rədifli bir şer yazmaq ehtiyacında qoydu. Və yazdım.

Dövrə ümid eylədik, dövran da it günündə,

Alim də it günündə, nadan da it günündə.

Şer geniş oxucu kütləsi tərəfindən bəyənildi. «ANS» televiziyasının «Qulp» verilişi tərəfindən lentə alındı. Amma efirə nə vaxt gedəcəyi barədə məlumat verilmədi.

Dəfələrlə özümə söz verirəm ki, yazanda ağlıma gələni yazım. Yazıb qurtarandan sonra görürəm ağlıma gələni yox, ağzıma gələni yazmışam. Özü də məhkəmələrin belə fəqan etdiyi bir dövrdə. Bu şer kasıblar tərəfindən bəyənilsə də dövlətlilər və özünü dövlətli kimi göstərmək istəyənlərin heç də xoşuna gəlmirdi. Çünki mən orada ucdantutma hər şeyin və hamının it günündə olduğunu yazmışdım. Dediyim odur ki, qabağından yeməyənlər ki var (bir azdan onların da qabağında boş qabdan başqa bir şey qalmayacaq) onların məni məhkəməyə verəcəklərindən qorxurdum. Deyə bilərdilər ki, sənin ixtiyarın nədir ucdantutma hamını it gününə salasan. Hələ alimlərin çoxunun xəbəri yoxdur ki, mən onların təkcə güzəranlarının yox, alimliklərinin də it günündə olduğunu nəzərdə tutmuşam. Mənə müdafiə şansı verən son beytim idi ki.

İtim, gəl dur önümdə, gəl başına dönüm də,

Sən Pünhanın günündə, Pünhan da it günündə.

deməklə bütün təhqirləri öz üzərimə götürdüm. Mən başıbəlalı hardan biləydim ki, məni məhkəməyə elə bu beytin üstündə verəcəklər. Onu yazanda əlim quruyaydı!

Mənim Ankara şəhərində Nazim Geray adlı bir dostum var. Çox imkanlı adamdır. (Mənim kasıb olmağımın məsələyə dəxli yoxdur) Bir neçə il bundan əvvəl dostumun qonağı oldum. Onun heyvanlara olan dərin rəğbətini eşitmişdim, amma görməmişdim. Gördüm. Nazim bəy didərgin, sahibsiz itləri hər gün yeməklə təmin edirdi. Uzun illər idi ki, bu artıq onun üçün vacib bir işə çevrilmişdi. Mən bunun şahidi oldum və bir ay ərzində bu vəzifəni demək olar ki, özüm yerinə yetirdim. Yeməklərin bişirilməsi üçün ayrıca mətbəx, ayrıca qab-qacaq var idi. Onlar yalnız pişiklərə və itlərə aid idi. Gecələr qablara xörək töküb düşürdük şəhərin küçələrinə və bu qabları itlərin illərdən bəri öyrəndikləri yerlərə qoyurduq. Xörəklərin ərzağını «Ulus» adlanan yerdən alırdıq. Bura ən böyük ticarət mərkəzi idi. İtlərin ərzağı çox vaxt əti farş üçün çıxarılmış toyuqlardan və mal dilindən ibarət olurdu. Günlərin bir günü qayıdıb ona dedim ki, Nazim bəy, bilsəniz, Azərbaycanda bu it xörəyinə möhtac nə qədər insan var, onlara kömək əli uzatmaq, sizin itlərə etdiyiniz yardımdan daha ali olmazdımı? O mənə cavab verdi ki, mən sahibsiz, didərgin itlərə yemək verirəm. Çünki onlara hökumətdən ayrıca yardım ayrılmır. Yurd-yuvasından didərgin düşmüş insanlara isə yerli hökumət və həm də dünya ölkələri tərəfindən yardım göstərilir. Dedim: bəs siz necə nail olursunuz ki, bu itlərin payını sahibi olan itlər gəlib yemirlər. Dedi, it itliyi ilə hiss eləyir ki, həmin yeməklər sahibsiz itlər üçün qoyulub və ona toxunmurlar...

Deyəsən, əsas mətləbdən bir az aralı düşdüm. Bəli, söhbət o yerdə qaldı ki, yazdığım son beytə görə məhkəməyə düşəcəyimə inanmırdım. Mənim yoldaşlarım bəzən mənzillərdə elektrik təmir işləri götürüb işləyirdilər. Mən heç vaxt onlarla getmirdim. Çünki mantyor olsam da, çox bacarığım yox idi. Nədənsə bu dəfə getdim. Mənzil Azadlıq prospektində yerləşirdi. Ev yiyəsi tənha və varlı-hallı bir qadın idi. Yoldaşlarım mənə divarlarda məftil çəkmək üçün «kanavka» açmağı tapşırıb, çıxıb getdilər. Bir qədər çaşqınlıq içində idim. Çünki heç vaxt özgə evində işləməmişdim. Nə isə... işə başladım. Ev sahibi məndən bir az aralı divanda oturmuşdu. Əlindəki almanı soyub dilim-dilim nimçəyə düzürdü. Mən bunu görüncə, yanımdakı stolun üstündən alətləri bir az kənara itələdim ki, qadın nimçəni qoya bilsin və yenə divarı çapmağa başladım. Ev sahibi iki dəfə kimi isə çağırdı. Otaqda ikimizdən başqa heç kəs yox idi. Və birdən yan otaqdan ağır-ağır çıxan yekə bir it gördüm. Qorxumdan divara qısıldım. Heç beləsini görməmişdim. Boyda məndən bir az balaca idi. Gedib divanda ev sahibinin yanında oturdu. Ev sahibi alma dilimlərini ehmalca götürüb onun ağzına qoyurdu. Heç almayeyən it görməmişdim. İt almanı elə iştahla yeyirdi ki, lap atzımın suyu axırdı. Amma mənə heç təklif edən-zad yox idi. Nimçə üçün düzəltdiyim yerə pərt-pərt baxırdım. Üzümü onlara tam çevirmirdim ki, deyərlər görməmişdir, yəqin alma istəyir. Amma gözümün ucu ilə baxırdım. İtin üzündən lap adamlıq yağırdı. Ev sahibi isə itin biri idi. Sir-sifətini elə turşutmuşdu ki, ondan heç nə istəməyəsən. İt almanı yeyib qurtarandan sonra qadın mətbəxə keçib, içi yeməklə dolu bir padnos gətirdi. Yenə öz qabaqlarına qoyub, itlə birlikdə yeməyə başladılar. İlahi, bu röya idimi? Matım-qutum qurumuşdu. İt də çörəyə yaxılmış kürü yeyərmi? Dünyada necə işlər var imiş, ay Allah! Bu səhnədən gözlərimə duman çökdü. Mənə elə gəldi ki, yavaş-yavaş huşumu itirirəm.

Birdən-birə yüzlərlə əl, o qoca qadına tərəf uzandı. Mən bu əlləri kinolarda faşist düşərgələrində görmüşdüm. Bu əllər arıq, çubuğa dönmüş cocuq əlləri idi. Hamı «ay nənə, bizə də ver», «ay nənə, qurbanın olum, bizə də ver», «ay nənə, nə olar qoy biz də sənin itin olaq». Göz yaşlarımın istisi yanağımı yandırdı. Xülyadan oyandım. Yox dedim, cəhənnəm olsun bu iş. Sabahdan gəlməyəcəyəm. Ev sahibi durub televizoru yandırdı. «ANI»dən «Nəzər nöqtəsi» verilişi gedirdi. Qurtarmaq üzrə idi. Ondan sonra «Qulp» verilişi başlamalı idi. Başladı. «Lirikadəftəri» yazılandan sonra mən ekranda göründüm. İşin tərsliyindən «İt günündə» şerini bu gün verirdilər. Mən şeri oxuduqca, ev sahibi gah ekrana, gay mənə, gah da itə baxırdı. Hər beytin sonunda it mırıldayırdı. Ev sahibi də nə isə mır-mıra oxşayan bir şey eləyirdi. Aradan çıxaq istəyirdim. İşlər şuluq idi. Divara sürtünə-sürtünə qapıya sarı hərəkət eləyirdim ki, it gedib qapının ağzzında oturdu. Məni soyuq tər basmışdı. Özümü itirmişdim. Şer zəhrimar da qurtarmaq bilmirdi. Həhayət, son beyti deyəndə ki, «Sən Pünhanın günündə, Pünhan da it günündə» ev sahibi qayıtdı ki, səni məhkəməyə verəcəyəm. Mənim itim alma yeyir, qırmızı kürü yeyir, bəy balası kimi dolanır, sən də başlamısan ki, sən Pünhanın günündə. Yox, mütləq səni məhkəməyə verəcəyəm. Dedim, xanım, başına dönüm, məni bu yoxsul günümdə işə salma. Onsuz da... Sözüm ağzımda qaldı. İt məni süpürləmişdi. Gözlərimi açanda gördüm ki, behş-altı həkimin əhatəsindəyəm. Heysiz uzanmışdım. Həkimlərdən biri soruşdu:

–Siz «ANS»də çıxış edən Kərbəlayi Baba Pünhan deyilsiniz?

Mən, bərəlmiş gözlərimi ona dikib:

– hav, hav, – dedim.

Həkimlər bir-birinə baxdılar. Elə bildilər ki, dəli olmuşam. İt kimi hürürəm. Amma mən «hava yastığı» istəyirdim. havam çatışmırdı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira