Başqanı başdan-başa düzdürmüşəm,Sanki qaranı aşa düzdürmüşəm.

Zərli yalanla, palanı bükmüşəm,Sonra palanı «hoş»a büzdürmüşəm.

Kim ki, mənimçün diləyib baş-daşı,Onları bir-bir daşa düzdürmüşəm.

Düzləri çox dizlərə çökdürmüşəm,«Səcdə»ni sanma xoşa düzdürmüşəm.

Mənlə rəqabət aparan bəy hanı,Bəy sözün öndən quşa düzdürmüşəm.

Kəbleyiyəm, Məşhədiyəm, Hacıyam,Amma arağı xaşa düzdürmüşəm.

Kəbədə Həccər daşını öpmüşəm,Kubədə, daşlar, başa düzdürmüşəm.

Yerli yerində boranı əkmişəm,Yayda boranı, qışa düzdürmüşəm.

«Malboro», «Kemel» mənə reklam olub,Şərq şəhərində «SŞA»a düzdürmüşəm.

Qaşları bir-bir tökülür, tacımın,Yəqin o başdan boşa düzdürmüşəm.

Əlli tüküm qaldı başımda mənimTükləri uyğun yaşa düzdürmüşəm.

Sözləri gözdür bu Baba Pünhanın,Odlu diliyçün, maşa düzdürmüşəm.

1 sentyabr 1999. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri