Dövri-quldardan bu yana qul olanlar qul qalıb,Pullulardan pul qalıbdır, çullulardan çul qalıb.

Bir dayım Xalq Cəbhəsiydi, bir dayım da kommunist,Cəbhəçi çöpdən də nazik, kommunist gombul qalıb.

Ta tutub başdan-başa alver bu Azərbaycanı,Un gəlir xaricdən, amma tarlada məhsul qalıb.

Eşq dərdi öldürübdür yazığı – biçarədir,Haykanuşdan sonra heç evlənməyibdir, dul qalıb.

Xoş təbəssüm, şən gülüş qaçqın düşüb eldən tamam,El deyib Segah acından, indi də Zabul qalıb.

«Bib-bib»in «Cipp»indən şeç əskik deyil, ey ərköyün,El görür bədxərcliyindən ki, atandan pul qalıb.

Gah boğurlar bir-birin, söhbət edirlər gah şirin,Valla kim-kimdəndi, kim-kimdir bu iş məchul qalıb.

Yetmiş il susdurdular, dindim tutub basdırdılar,Ol qədər susdum ki, gördüm tuti dil yoxsul qalıb.

Heç siyasətdən başım çıxmır fəqət qəlbim duyur,Xaricə kim sərf edir, ölkəmdə o konsul qalıb.

Pünhanı dişlərsə it, mütləq olar it «otravit»,Çün acı gündən bu cismində acı məhlul qalıb.

2 iyul 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən