Canavar nəslinə sərf etdi dumanlıq QarabağKi, ola onlara hər dəmdə yavanlıq Qarabağ.

Qarabağ atlarının keçdiyi dağlar-dərələr,Erməni eşşəyinə oldu samanlıq Qarabağ.

İrəvan xanlığını zəbt eləməkdənsə qaçıb,Bakıda qurmağa gəldik təzə xanlıq Qarabağ.

Bu ona, o biri buna, bu biri ona, o birinə bu,Belə zəncirlə gedir hökmi-rəvanlıq Qarabağ.

Çəkməsək gərçi Tumanyanın əyindən tumanın,Fatıya olmayacaq yoxsa tumanlıq Qarabağ.

İki əqrəbdən asılmış yekə kəfkir kimiyik,Gah o yanlıq oluruq, gah da bu yanlıq Qarabağ.

Dəhşətinlə Baba Pünhana əzablar verdin,Həsrətinlə sovuşub ötdü cavanlıq Qarabağ.

21 iyul 2002

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən