Əsilli qız gəlin gələr-gələr ocağı yandırar.Əsilsizin ki, əsli yox, bayır-bacağı yandırar.

Oğul gərək çəpər ola, gəlin – ana arasına,Əgər çəpər alov tuta, o bağ bu bağı yandırar.

Oğul verərsə arvadın ayağına, anasını,Bu dərd ilə ölən ana, qəbirdə ağı yandırar.

Qızı alanda yaxşı bax, anası gər xanımdır, al,Xanım qızı xanım olar, sönən çırağı yandırar.

Alanda dürr al söyün, gəlin dayağıdır öyün,Əgər olarsa ərköyün, tavada yağı yandırar.

Gəlin ki, bihəya olar, əri saralmamış solar,İçi-içində od salar, çölü-qırağı yandırar.

Sizə gülüş verən sözüm, qubarıdır bu Pünhanın,Gözündə yaşlar olmasa, qələm varağı yandırar,

3 aprel 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri