Nə var - nə yox soruşma çox, nə var onun nəvarıdır,Mənim evimdə qar yağır, bahar onun baharıdır.

Xuda mənim məkanımı yazıb dəniz kənarına,Nədəndi boş sular mənim kənar onun kənarıdır.

Əkil odur, bəkil odur, şəkil odur, vəkil odur,Əlil mənəm, zəlil mənəm ssenar onun ssenarıdır.

Yuxumda gördüm ölmüşəm, qəbir də ki, "platnı"du,Pul olmadı girim yerə, bazar onun bazarıdır.

Pıçıldayıb Səbayeli, qulağma gizli söz dedi,İmam gəlincə döz dedi diyar onun diyarıdır.

Qarabağım üzük qaşı, üzük-üzük olub daşı,Oyun böyükdü biz naşı, qumar onun qumarıdır.

Dili qübarlı bir ana, dəvaya gəldi vermədin,Anan qübardan ölsə bil, qübar onun qubarıdır.

Alıb Baba tüfəngini, atır sözün qəşəngini,Dəyib qaçırtsa rəngini, şikar onun şikarıdır.

15 yanvar, 2002

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar