Sən, ey imkan sahibi, bir paçkə «şirvan kəsginən»,Alginən üç-dörd qoyun, bayramda qurban kəsginən.

İsmayıl qurbanıdır bu, qoç kəsib qanın axıt,Bir də bu torpaqlar üstə, axmasın qan kəsginən.

Binəva qaçqınlara köçkünlərə, bikəslərə,Hər cür imkansızlara ət payla, ehsan kəsginən,

Gərçi nazirsən, kəsib qurban yedirtmə nazirə,Nazirin qurbanlarıyçün bir cüt heyvan kəsginən.

Niyyət et, mıxlandığın ustul da mıxlansın yerə,Laxlasa ustul əgər, heç olmaz imkan kəsginən.

Hər günün bir hökmü var, «Məhşər»də hər gündən biri,Gəlməmiş Sahib-Zamandan hökmü fərman kəsginən.

Pünhanın dildən səvayı kəsməli yox heç nəyi,Kəs, o qurbandır sənə, ancaq ucundan kəsginən.

15 may 1996. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən