Bir zamanlar biz əsiri-eşqi-Məcnun olmuşuq,İndisə bir fahişə mislində məlun olmuşuq.

Milli Məclis göz yumubdur qız-gəlin iqbalına,Ac yetimlər, göz yaşın tökdükcə pozğun olmuşuq.

Nakişi məmurlar üçün sübhəcən rəqs etmişik,Körpəyə dərman-dava almaqla məmnun olmuşuq.

«İstiribtiz» oynadıb, alman, fransız, türk bizi,Biz müsəlman qızları, xaricdə məcun olmuşuq.

Qaş çəkib «ər»lər, bizə «qudbay» deyib, «bay-bay» deyib,Biz Dubayda ahu-ceyran, evdə meymun olmuşuq.

Almışıq pulnan satın «şanlı» vətən kömrükçüsün,Xalqa bir çirkab ikən, çirkaba sabun olmuşuq.

Ac tifillər qupquru təxt üstə tutmuşkən qərar.Biz isə pərqu döşəklər üstə məskun olmuşuq.

Ta gedib torpağımız, əldən düşüb əxlaqımız,Vermişik hər iksini, dövlətdə Harun olmuşuq.

Kimsə bu mövzuya illərlə toxunmaz, ar bilər,Yaxşı ki, Pünhan, sənin şerində mövzun olmuşuq.

4 noyabr 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən