Fəqir bağında yel əsib, xəzan xəzana söykənib,Vəkil bağında aş bişib, qazan qazana söykənib.

Gülüm solub güman ölüb, yaman qalıb yanan ölüb,İçimdə bir cahan ölüb, azan azana söykənib.

Sazım təzə, sözüm təzə, düzün sözü girib gözə,Deyəndə Yadigar məzə, ozan ozana söykənib.

Sən ey Firona mədh yazan gələndə Sahib öl, uzan,Görərsən onda qorxudan pozan pozana söykənib.

Cibində gəzdirib Quran, cibiyçin amma qan soran,Kiloda yüz qram vuran mizan mizana söykənib.

Baba, bir az da yazma sus, yazır müsəlman həm urus,Qələm ucuz, varaq ucuz, yazan yazana söykənib.

10 may 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri