Günüm hayana bilmirəm gedib nurlana-nurlana,Yarım əsrdi günsüzəm günüm qarlana-qarlana.

Gələndə səslə gəlmişik, öləndə səssiz ölmüşük,Xeyir güdüb şər əkmişik, bitib xarlana-xarlana.

Atıb bizi tutub özün, görüb məni udub sözün,Əməlləri tutub gözün, qalıb korlana-korlana.

Gəlir qabaqda fırtına, çanaqlılar girib qına,Həna deyil həmən həna, çıxar zorlana-zorlana.

Özün yaman salıb tora, düşüb şirin sudan şora,Gedir cəhənnəmə gora, gedir korlana-korlana.

Bu can da haqqı axtarır, cahan da haqqı axtarır,Nahaqda haqqı axtaran qalar fırlana-fırlana.

Həyatda zülmdü insana, ölüm həyatdı Pünhana,Varım yoxlana-yoxlana, yoxum varlana-varlana.

9 may 1997. Bakı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri