Bakını tərk et
Bakı yerliçilik bilməyibHeç vaxt.Açıb qucağını öz millətinəYaraşdırmayıbdır o boyda paytaxtBu cılız söhbəti xasiyyətinə.
Əzəldən olmayıb bir ehtiyacıHaralısan - deyə sorğu-suala.Tapan burda tapıb burda əlacı,Yetən burda yetib əqlə-kamala.
Burda babəklərin ayaq izi var,Nəsimi Bakıdan ötüb Hələbə.Bakıda ərsəyə çatıb çobanlar...Burda alim olub kasıb tələbə.
“Bakı”... Azərbaycan... işığa bir bax!”
Bu ki söz sənəti, bu ki şe’rdi.“Şərqin ilk günəşi burdan doğacaq”Şair Səməd Vurğun doğru deyirdi.
Vətən torpağının iki daşınıÇalsam bir-birinə çaxmaq daşı təkOnda itirəcək millət başını,İtən başımıza od töküləcək.
Bakı küçələri qana batanda...Bakılı, şəkili qanı qarışdı...Tanklar əzib töküb, qırıb çatandaBir-bir xalqımızdan pasport soruşdu?!
Qərənfil yağışı!.. nə qiyamət söz,Bu söz tarixlərdə yaşayacaqdır.Qərənfil bu gün də közərir köz-köz...Bu köz tarixlərdə yaşayacaqdır.
İnsan ümmanında tabutlar üzdü,Bakıda qovuşdu ümmana ümman.Azadlıq bayrağı əllərdə gəzdi,
Bayraq qan... tabut qan... qərənfilim qan.
Qəzəbli-qəzəbli süzürəm ancaqBakıda dolaşan veyilləri də.Ay allah, əl açıb dilənir uşaq,Süzürəm pəhləvan veyilləri də.
El-elə sığışar. nə olar, sığsın!El gücü-sel gücü ayrı nağıldı.Fərari ağlını başına yığsın!Bu nə kişilikdi, bu nə ağıldı?!
Cəbhədən qaçanı ev dəftərinəYazmayın! - qışqırar əsil Bakılı.Kim dolub Bakının küçələrinəTanımır belə bir nəsil Bakılı.
Döyüşçü libaslı dələduz cavan,Bir yol heç olmasa qospitala get.Get, hal-əhval soruş, bir yaralıdan,Elə qospitaldan Bakını tərk et.Elə qospitaldan cəbhələrə get!
Ey meydannan qaçan, hanı qeyrətin?Qoltuq ayrı şeydir, yaxın ayrı şey.Bakı pənahıdır bütün millətin,Pənah ayrı şeydir... axın ayrı şey...
2 noyabr, 1992.
Kitabxana.az · https://kitabxana.az/works/qabil-bakini-terk-et
← → düymələri ilə keçid, R — təsadüfi şeir