Köçü yurda düşəndə gəlib qonşularBaşlayarlar işə, söz ata-ata.Çubuqlar sancılar, çətən qoşular,Bir büsat qurular bircə saata.

Durar alaçığın üzü arana,Yanlığı naxışlı, üstü boz keçə.Bürünsə büsbütün dağlar borana,Lüzum da görünməz ocağa-peçə.

Ya da gün şığısa, yansa ot-çiçək,Dəyişib soyuyar elə bil iqlim.Tikilib, bəzənib necə də göyçək –Dirəyi göy budaq, divarı kilim.

Qotazlar, butalar örtüb tavanı,Döşəmə ağ-sarı çiçəklə dolu.Burda şirin mürgü tutar insanıQavaltək döyəndə dəyəni dolu.

Yatmazsan həvəsdən səhərə kimiSazın sədasını burda dinləsən.Sevmiş “Koroğlu”nu, sevmiş “Dilqəmi” –Əhsən babaların qəlbinə, əhsən!

Alaçıq! Alnıaçıq ev sahibidir –Olar ürəyincə hər nə istəsən.Nəsillər dincəlib, yenə dincəlir –Əhsən babaların zövqünə, əhsən!..

Kapron çadır da var, girsən istidəPaltarlı-palazlı çimib çıxarsan.Buludlu havada, günbatan vədə,İstəsən içindən buz da yığarsan.

Görməyib dincliyə bir rahat guşə,Səfalı dağlardan edərsən acıq;Çadırdan çıxanda taparsan nəşə,Alsa qucağına səni alaçıq.

Birisi təzədir, birisi qədim,Qəlbimə yad deyil hər iki duyğu –Yenini də necə mən tərif edimYerində deyilsə isti-soyuğu?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri