I

Sahil qəşəng, gəzməli...
Burda hər əyləncə var.
Göy hovuzu üzməli,
Çəməni qəlbi oxşar.

Asma tramvay ilə
Dağ parkına çıxan kim,
Sərgilərə, kinoya
Tamaşaya baxan kim...

Dolu olur bütün gün
Nişangahın qabağı.
Həvəskarlar öyrənir
Burda nişan almağı:

Gəlib keçir şəkillər,
Sərrast götür nişanı.
İstəyirsən qurdu vur,
İstəyirsən dovşanı...

Tülkü güdür kəkliyi,
Dərhal atasan gərək.
Ayı ötür, tüfəngin
Tətiyini tez ol, çək!..

Fəxrəddin də buraya
Gəldi hər axşam çağı.
Atasından öyrəndi
O da nişan almağı.

Ovçulartək çoxunu
Uydursa da özündən –
Bəzən olur doğrudan,
Quşu vurur gözündən...

II

Bir gün dedi: “Atacan,
Apar məni də ova,
Lap doğruçu tülkünü
Ovlaram qova-qova.”

Səhər açılmamışdan
Onlar yola düşdülər.
Qar yağmışdı... meşədə
Soyuqdan büzüşdülər.

– Gözlə, gedim çıl-çırpı
Yığım, ocaq qalayaq.
Özün də hazır dayan,
Hənirti duydum bayaq...

– Arxayın ol, çıxanı
Vuracağam başından. –
Uşaq yekə danışdı
Öz balaca yaşından.

Nəzər salıb ətrafa
Ovçu kimi boylandı.
Bu vaxt nəsə kolluqdan
Çıxıb bir an dayandı...

Tüfəng dərhal açıldı,
Ata səsə yüyürdü...
Tülkü bilib atdığı
Gördülər ki, cüyürdü.

Həm də bu ilki bala...
Qanı axmışdı nələr –
Açılmışdı elə bil
Qarda qızıl lalələr,

Çabaladı, töyşüdü:
Açıb yumdu gözünü.
O günahsız heyvanın
Yaş bürüdü üzünü.

Ata gəlib cüyürün
Yarasını bağladı.
Oğlu dura bilməyib
Hönkür-hönkür ağladı...


Əfsanəydi bu sözlər
Uydurub şair-ata,
Balasının əlindən
Çıxmamışdı bir xata.

Baş tapmıram, qalmışam
Başıma döyə-döyə –
Fəxrəddinim qanına
Qəltan oldu bəs niyə,
Bəs niyə?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri